Məhkəmə qərarları › İş №e-2-2(113)-3264/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3264/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3264/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə və xidmət müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2304 manat 67 qəpik məbləğində borcun və 73 manat 05 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2377 manat 72 qəpik məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - İddiaçı və ya İcraçı) ilə Cavabdeh (bundan sonra - Cavabdeh və ya Sifarişçi) arasında 13 fevral 2024-cü il tarixli, AES207 nömrəli alqı-satqı və xidmət müqaviləsi (bundan sonra - Müqavilə) bağlanılmışdır. Müqavilənin predmeti taxtabəndin qurulması, sökülməsi və icarəsidir. Müqavilənin 4-cü bölməsinə əsasən ödəmə şərtləri X1 (Əlavə 1) ilə müəyyən edilir. Ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ödəniş gününə müəyyən edilən Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə həyata keçirilir. Həmin Protokolun 2-ci bəndinə əsasən Sifarişçi, ona kontragentləri tərəfindən aralarında bağlanmış əqdlər üzrə üzərində götürülmüş öhdəliklərin icra edibedilməməsi və ödənişlərin həyata keçirib-keçirilməməsi səbəblərindən asılı olmayaraq, İcraçı tərəfindən imzalanmış hesab-faktura təqdim olunduqdan sonra ƏDV xaric müəyyən məbləği anans şəklində, qalıq məbləği isə 30 (otuz) təqvim günü ərzində İcraçıya etməlidir. Cavabdeh İddiaçının xx.xx.2024-cü il tarixli, P********** nömrəli hesabfakturasında və xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturasında (seriya MT 2304, nömrə 0027 4697) qeyd olunmuş məbləği İddiaçıya tam həcmdə ödəməmişdir. Cavabdehin İddiaçıya qarşı borcu 2 304 (iki min üç yüz dörd) manat 67 (altmış yeddi) qəpik təşkil edir. Cavabdehin İddiaçıya qarşı borcu 2 304 manat 67 qəpik təşkil edir. İddiaçı tərəfindən Müqavilənin 12.1-ci və 12.2-ci bəndlərinin müddəları və müvafiq olaraq məhkəməyə qədər nizamlama (pretenziya) qaydası riayət edilmişdir. Cavabdeh İddiaçının pretenziyasına cavab verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 675, 700.1, 700.3, 752.1, və 754.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Qarşı tərəfdən icarəyə material götürdüyünü, eyni zamanda işçi verildiyinə görə xidmət göstərildiyini, icarə haqlarını öncədən ödədiyini, lakin materialı zavoddan çıxarda bilmədiyinə görə təhvil verə bilmədiyini bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış 13 fevral 2024-cü il tarixli, AES207 nömrəli alqı-satqı və xidmət müqaviləsindən görünür ki, Müqavilənin predmeti taxtabəndin qurulması, sökülməsi və icarəsidir. İcraçı Malları və Xidmətləri təchiz edir, Sifarişçi isə həmin Malları və Xidmətləri bu Müqavilənin müddəalarına əsasən qəbul edir. Malların və görülən işlərin qiymətləri bu Müqaviləyə 1 saylı Əlavədə qeyd edilmişdir. Müqavilənin 2.1-cü bəndinə əsasən, icraçı bu Müqaviləyə Əlavəyə əsasən müəyyən olunmuş şərtlər əsasında və müddətdə Malları təchiz etməyi və Xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən,Sifarişçi tərəfindən bu Müqavilənin və ona Əlavələrin şərtlərinə uyğun olaraq edilmiş ödənişi qəbul edir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Bu müqavilə üzrə İcraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri, ödəmə şərtləri, bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1 (Əlavə 1) ilə müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən,Ödəniş Azərbaycan Respublikası Milli Bankı tərəfindən ödəniş gününə müəyyən edilən Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə həyata keçirilir. Ödəniş forması: nağdsız qaydada bank köçürülməsi yolu ilə həyata keçirilir. Müqavilənin 6.1-ci bəndinə əsasən, “İcraçı” bu müqavilədə müəyyən olunmuş işlərin icrasının zamanında yerinə yetirməməsi halında, digər tərəfə ümumi müqavilə dəyərinin 10%-dən çox olmamaq şərti ilə, hər icra olunmayan gün üçün müqavilə dəyərinin 0.1 %-i qədər cərimə ödəməlidir. 13 fevral 2024-cü il tarixli, AES207 müqaviləyə 01 saylı Əlavə X1ndan müəyyən olunur ki, tərəflər razılaşdılar ki, Müqaviləyə Əlavə üzrə görüləcək işlərin dəyəri aşağıdakı cədvəldə göstərilmiş qiymətlərə uyğun hesablanacaqdır. Cədvəldə təqdim olunan qiymətlər bazar ertəsi - cümə günləri, 8 saatlıq iş üçün nəzərdə tutulmuşdur. № Təsvir Ölçü Saatlıq qiymət, vahidi ABŞ dolları

1. Taxtabənd üzrə sahə rəisi (quru, saatlıq tarif, gündüz saat növbəsi) 12,63

2. Taxtabəndçi (quru, saatlıq tarif, gündüz növbəsi) saat 5,96

3. Taxtabənd üzrə inspektor (saatlıq tarif) saat 14,44

№ Təsvir Ölçü Saatlıq qiymət, vahidi ABŞ dolları

1. İskələ materiallarının icarəsi, ton gün 1.70 Yuxarıda qeyd olunan qiymətlərə ƏDV daxil deyildir. Sifarişçi ona, onun kontragentləri tərəfindən aralarında bağlanmış əqdlər üzrə üzərində götürülmüş öhdəliklərin icra edib-edilməməsi və ödənişlərin həyata keçirib-keçirilməməsi səbəblərindən asılı olmayaraq, İcraçı tərəfindən imzalanmış hesab-faktura təqdim olunduqdan sonra ƏDV xaric 2900 ABŞ dolları ekvivalentində ödənişi avans şəklində, qalıq məbləği isə 30 (otuz) təqvim günü ərzində İçracıya etməlidir. Hesab - faktura imzalanmış günlük vaxt vərəqinə uyğun olaraq təqdim olunacaq. MT2403 seriyalı, 00274697 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3927,62 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2404 seriyalı, 00260510 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4194,44 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Fevral 2024-cü il tarixli, AES207 nömrəli müqavilənin icrası üzrə Taxtabəndin qurulması, sökülməsi və icarəsi üzrə hesabata əsasən 1957,94 ABŞ dolları məbləğində işlər görülmüşdür. 13 fevral 2024-cü il tarixli, AES207 nömrəli müqavilənin icrası üzrə Taxtabəndin qurulması, sökülməsi və icarəsi xx.xx.2024 - xx.xx.2024 dövr üzrə hesabata əsasən 2090,95 ABŞ dolları məbləğində işlər görülmüşdür. 15 fevral 2024-cü il tarixli, 24AES0216-01 nömrəli, yol qaiməsinə əsasən, ümumi 14,9 ton olan müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. 16 fevral 2024-cü il tarixli, 24AES0216-02 nömrəli, yol qaiməsinə əsasən, ümumi 25,78 ton olan müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı və xidmət müqaviləsi imzalansa da, faktiki olaraq qarışıq formada icarə və xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış 13 fevral 2024-cü il tarixli, AES207 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə əlavədə yerləşən razılaşma protokolunda göstərilən taxtabəndçi, sahə rəisi və inspektor xidmətini yerinə yetirməyi və iskələ materiallarını icarəyə verməyi, cavabdeh isə göstərilmiş xidmətləri və icarə obyektlərini qəbul edib müqavilə ilə müəyyən edilmiş xidmət haqqını və icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş xidməti göstərsə və icarə obyektini icarəyə versə də, cavabdeh tərəfindən xidmət haqqı və icarə haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi və icarə haqqını qəbul etsə də, şərtləşdirilmiş məbləği tam ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (təhvil-təslim aktı, elektron qaimə) da təsdiq olunur. Həmçinin cavabdehin nümayəndəsi də borcu qəbul etmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1 və 700.1-ci maddələrinə əsasən cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının və icarə haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə xidmətinin göstərildiyini və iskələnin icarəyə verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək xidmət haqqını və icarə haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin və icarə haqqının ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2304,67 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,05 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2304 (ikimin üç yüz dörd) manat 67 (altmış yeddi) qəpik pul vəsaiti və ödənilmiş 73 (yetmiş üç) manat 05 (beş) qəpik dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar