Məhkəmə qərarları › İş №e-2-2(113)-3272/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3272/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3272/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, illik 5%) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 55.569,22 manat əsas borcu, 6.037,08 manat ƏDV borcu, həmçinin 2310 manat (beş ay üçün vurulmuş ziyana görə pul məbləği) məbləği, eləcədə məhkəməyə ödənilmiş dövlət rüsumu xərci olmaqla, cəmi 64.198,05 manat məbləğ tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 18 oktyabr 2022-ci il tarixli 18/10/22 nömrəli və 18 oktyabr 2023-cü il tarixli 18/10/23 nömrəli Xidmət Müqaviləsi şərtlərinə əsasən, icraçı Sifarişçiyə hazırkı Müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələri ilə nəzərdə tutulan xidmətləri göstərməyi, Sifarişçi isə bu Müqavilənin ödəniş şərtləri əsasında bu malları qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu Müqaviləyə əsasən, xidmətlər Sifarişçiyə təhvil verildikdən sonra, onların dəyəri tam olaraq İcraçının hesabına köçürülməlidir. Beləliklə bu müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə Sifarişçi ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək. İcraçı qarşısında 55.569,22 manat əsas borc, 6.037,08 manat ƏDV daxil olmaqla cəmi 61.606,30 manat məbləğində borcu yaranmışdır. Qeyd edir ki, iddiaçı tərəf icraçı olaraq bu müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişdir. Lakin,cavabdeh olan Sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözləməyinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq xx.xx.2023-cü il tarixindən başlayaraq artıq 5 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır. Qeyd edir ki, 2023-cü ilin 27 oktyabr tarixinə Mərkəzi Bankın uçot faiz dərəcəsi 9.0% olmuşdur. Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilən 21, 439 və 449-cu maddələrinin tələbləri nəzərə alınmaqla əsas borc məbləğindən əlavə 2310 AZN məbləğində vurulmuş zərərin əvəzi də İddiaçı ödənilməlidir. Beləliklə, İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 55.569,22 manat əsas borc, 6.037,08 manat ƏDV borcu, 2310 manat (beş ay üçün vurulmuş ziyana görə pul məbləği) olmaqla, cəmi 63.916,30 manat borcu qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq əsas borc məbləğindən əlavə illik 5% ilə hesablanmış 1283.45 AZN məbləğində vurulmuş zərərin əvəzin tələb etmiş (61.606,30 * 5 % = 3080.31 AZN : 12 = 256,69 AZN (bir ay üçün vurulmuş ziyana görə pul məbləği), 256,69 AZN * 5 (ay) = 1283.45 AZN (beş ay üçün vurulmuş ziyana görə pul məbləği)), Cavabdeh MMC-dən 55.569,22 manat əsas borcun, 6.037,08 manat ƏDV borcunun, həmçinin 1283.45 manat (beş ay üçün vurulmuş ziyana görə illik 5% ilə pul) məbləğin, eləcədə məhkəməyə ödənilmiş dövlət rüsumu xərci olmaqla, cəmi 63.171,50 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 439.3, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinin predmetindən görünür ki, xidmət göstərənin mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində xidmət verilməsi təşkil edir. Bu xidmət müqaviləsi bir il ərzində müqavilənin istinad nömrəsi ilə tərtib olunan və ya tərtib olunacaq bütün xidmət formaları üçün qüvvədə hesab olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir. İcraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. İcraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil alınır. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə 1 ay günlük xidmət haqqı 4300 AZN manat müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Müqavilənin 4.3-ci bəndinə əsasən hesablaşma Azərbaycan manatı ilə aparılacaq. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanıb və imzalandığı andan qüvvəyə minir. “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinin predmetindən görünür ki, xidmət göstərənin mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakə digər məlumatlar xidmət formasında göstərilən texnikanı bu müqavilədə müəyyən edilən şərtlər daxilində xidmət verilməsi təşkil edir. Bu xidmət müqaviləsi bir il ərzində müqavilənin istinad nömrəsi ilə tərtib olunan və ya tərtib olunacaq bütün xidmət formaları üçün qüvvədə hesab olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir. İcraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. İcraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil alınır. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə 1 (ay) günlük xidmət haqqı 4300 AZN manat müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Müqavilənin 4.3-ci bəndinə əsasən hesablaşma Azərbaycan manatı ilə aparılacaq. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanıb və imzalandığı andan qüvvəyə minir. EBDV seriyalı, 430409 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2562,28 manat, EBDL seriyalı, 218207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4892,74 manat, EBDR seriyalı, 993221 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4644,13 manat, EBDR seriyalı, 992866 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5255,21 manat, EBDR seriyalı, 991910 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4130 manat, EBDU seriyalı, 161641 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 4483,99 manat, EBDU seriyalı, 161260 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2212,50 manat, EBDU seriyalı, 159010 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2718,21 manat, EBDJ seriyalı, 277626 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4494,07 manat, EBDN seriyalı, 717295 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5074 manat, EBDQ seriyalı, 125714 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5074 manat, EBDQ seriyalı, 125825 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3097,50 manat, EBDQ seriyalı, 125953 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3362,99 manat, EBDY seriyalı, 913646 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5627,66 manat, EBDY seriyalı, 913826 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 7942,29 manat İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə 1 saylı Əlavə olan X1 görünür ki, Cavabdeh MMC və İddiaçı 10X089 dövlət qeydiyyat nömrəli Ekskavatorun istifadəsi üçün 1 aylıq xidmət haqqı cəmi 4300 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə Əlavə olan 07 sentyabr 2023-cü il tarixli X1 görünür ki, Cavabdeh MMC və Mehralıyev X3-CAT 303.5 Model 10 markalı AZ10X-147 dövlət qeydiyyat nişanlı texnikanın istifadəsi üçün 1 aylıq xidmət haqqı cəmi 4484 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə Əlavə olan 07 sentyabr 2023-cü il tarixli X1 görünür ki, Cavabdeh MMC və İddiaçı Verdene-Bomag BW 138AD markalı texnikanın istifadəsi üçün 1 aylıq xidmət haqqı cəmi 4130 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə Əlavə olan 18 oktyabr 2023-cü il tarixli X1 görünür ki, Cavabdeh MMC və Mehralıyev X2 istifadəsi üçün 1 aylıq xidmət haqqı cəmi 5074 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə Əlavə olan 16 yanvar 2024-cü il tarixli X1 görünür ki, Cavabdeh MMC və Mehralıyev X3-CAT 336D Model 10 markalı AZ10X-147 dövlət qeydiyyat nişanlı texnikanın istifadəsi üçün 1 aylıq xidmət haqqı cəmi 10000 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə Əlavə olan 12 yanvar 2024-cü il tarixli X1 görünür ki, Cavabdeh MMC və Mehralıyev X3 Caterpillar 324D markalı 10BA073 dövlət qeydiyyat nişanlı texnikanın istifadəsi üçün 1 aylıq xidmət haqqı cəmi 8000 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 05 iyul 2023-cü il tarixinə əsasən təhvil-təslim aktına əsasən iyun ayı üçün Ekskavator ilə 4494,07 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 02 avqust 2023-cü il tarixli təhvil-təslim aktına əsasən iyul ayı üçün Ekskavator ilə 4892,74 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 06 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən avqust ayı üçün Ekskavator ilə 5074 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 10 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən sentyabr ayı üçün Ekskavator ilə 5074 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 10 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Verdene-Bomag BW 138AD markalı texnika ilə 3097,5 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2022-ci il tarixli 18/10/22 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 10 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator-CAT 303.5 Model 10 markalı texnika ilə 3362,99 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-ci il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 02 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Verdene-Bomag BW 138AD markalı texnika ilə 4130 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 03 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator ilə 5255,21 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 03 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator-CAT 303.5 Model 10 markalı texnika ilə 4644,13 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 03 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator-CAT 303.5 Model 10 markalı texnika ilə 4483,99 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator ilə 2718,21 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-ci il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Verdene-Bomag BW 138AD markalı texnika ilə 2212,5 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 19 dekabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator-CAT 303.5 Model 10 markalı texnika ilə 2562,28 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 16 fevral 2024-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator Caterpillar 324D 10BA073 markalı texnika ilə 5627,66 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli 18/10/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 16 fevral 2024-cü il tarixli təhvil-təslim aktına əsasən Ekskavator Caterpillar 324D 10BA073 markalı texnika ilə 7942,39 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır; İddiaçı ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində 814,50 manat, xx.xx.2023-cü il tarixində 720 manat, xx.xx.2023-cü il tarixində 627,48 manat, xx.xx.2023-cü il tarixində 1449 manat, xx.xx.2023-cü il tarixində 1315,79 manat, xx.xx.2023-cü il tarixində 1431 manat, xx.xx.2023-cü il tarixində 2533,50 manat ödəniş edilmişdir. 29 aprel 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 282 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt təhvil-təslim aktları və e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 55569,22 manat məbləğində əsas borc və 6037,08 manat ƏDV məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1283,45 manatın da cavabdehdən tutulmasını tələb etmişdir Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən keçən müddəti və 55569,22 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və illik 5% ilə hesablanmış 1283,45 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Bundan başqa məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, təmin olunmuş iddia tələbinə mütənasib olaraq 278,67 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 18 oktyabr 2023-cü il tarixli 18/10/23 nömrəli xidmət müqaviləsinə əsasən 55569,22 manat əsas borc, 6037,08 manat ƏDV borcu, 1283,45 manat faiz borcu olmaqla, ümumilikdə 62889 (altmış iki min səkkiz yüz səksən doqquz) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti, habelə 278 (iki yüz yetmiş səkkiz) manat 67 (altmış yeddi) qəpik məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar