Məhkəmə qərarları › İş №e-2-2(113)-3303/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3303/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3303/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə 23434,38 manat məbləğində vurulmuş maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, əldən çıxmış fayda) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə 23434,38 manat məbləğində vurulmuş maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “BOLT Services AZ “ MMC-nin, 04 may 2023-cü il tarixində imzalanmış, müddəti bir il olmaqla “Xidmətlərin Göstərilməsi Haqqında”, 01-23 nömrəli Müqaviləni qanunsuz olaraq birtərəfli qaydada pozduğuna görə ona vurduğu 23 434,38 manat maddi ziyanın və ödənilmiş 162 manat dövlət rüsumunun, cəmi 23 596, 38 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı reklam fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə fiziki şəxs qismində 26 aprel 2023 tarixində ********** nömrə ilə uçota alınaraq VÖEN əldə etmişdir. Beləliklə, 04 may 2023-cü il tarixində, müddəti bir il olmaqla “Xidmətlərin Göstərilməsi Haqqında”, bir tərəfdən “Sifarişçi” adlanacaq cavabdeh-“BOLT SERVİCES AZ “ (VÖEN **********)Məhdud Məsuliyyətli Cəmiyyət, digər tərəfdən isə fiziki şəxs olaraq 01-23 nömrəli Müqavilə bağlamışdır. Müqavilənin predmetini, reklam dizaynının hazırlanması, çap edilməsi və quraşdırılması xidmətlərindən ibarət olmuşdur. Müqavilə şərtlərinə əsasən, fəaliyyəti razılaşdırılmış məkanda edilirdi. Xidməti, “Sifarişçi”nin verdiyi sifarişlərin yerinə yetirilməsindən ibarət olmuşdur. Yəni, “Sifarişçi”nin nümayəndəsi zəruri olan təlimat və göstərişləri verir, iddiaçı da müvafiq zəruri tapşırıqları yerinə yetirirdi. Öhdəliklərin icrasında vicdanlı münasibət əsas şərtlərdən idi. Müqavilə öhdəlikləri, tərəfindən heç bir zaman pozulmamış, keyfiyyətsiz yerinə yetirilməmiş və müddət pozuntusu halları olmamışdır. Qarşılıqlı olaraq hər şey öz qaydasında olmuşdur. Müqavilə üzrə xidmətlərin ödəmə şərtləri və qaydaları cari müqaviləyə əlavə edilməklə protokollarla müəyyə edilir, ödəmələr, Azərbaycan Beynəlxalq Bankında adıma 01 may 2023 tarixində açılmış ******************** hesablaşma hesabına ödənilirdi. Müqavilənin birtərəfli qaydada “Sifarişçi” tərəfindən pozulduğu anadək heç bir “Fors Major” hadisəsi baş verməmişdir. Müqaviləyə, qarşı tərəfə bir ay öncədən xəbər vermə yolu ilə xitam verilir. Müqavilə üzrə xidmətlərin yerinə yetirilməsi ilə bağlı mübahisələr aralarında olan danışıqlar yoluyla həll edilməli, bu olmadıqda isə müvafiq məhkəmə vasitəsilə həllini tapmalı idi. Belə xoşagələn narazıçılığı isə olmamışdır. Tərəflər arasında müqavilə şərtləri bunlardan ibarət olmuşdur. Cavabdeh-“BOLT SERVİCES AZ “ (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti, bəlli olmayan səbəblərdən və əvvəlcədən xəbər verilmədən müqaviləni birtərəfli qaydada 01 fevral 2024-üncü il tarixində pozmuşdur. Bir iş üzrə müqavilə öhdəliklərini xidmətlər yerinə yetirilib yekunlaşanadək başqa iş götürmədiyinə görə, müqaviləyə vaxtından əvvəl xitam verilən zaman zərərə düşür, əldə edəcəyi faydanı da itirir. Cavabdeh--“BOLT SERVİCES AZ “ MMC müqavilə şərtlərini pozmaqla ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu, həm də əldən çıxmış fayda kimi də dəyərləndirilir. Cavabdeh tərəfindən ona vurulan maddi ziyan və əldən çıxmış fayda, 01 may 2024 tarixinədək hesabla( 7 811,46 x 3ay=23 434,38) 23 434,38 manat təşkil edir.

3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair verdiyi etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış "Xidmətlərin göstərilməsi haqqında" 01-23 nömrəli, 4 may 2023- cü il tarixli Müqavilənin (bundan sonra - Müqavilə) 5.1-ci bəndinə əsasən İcraçı tərəfindən göstərilən xidmətlər Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cari müqaviləyə Əlavə ediləcək protokollarla müəyyən edilir. Həmin Müqavilənin 10-cu maddəsinə əsasən, İcraçı görülən işlərin nəticələrini Sifarişçiyə təqdim etməlidir. Təhvil verilməyən xidmətlərə görə ödəniş edilməyə bilər. Yerinə yetirilmiş işlərin görülməsi yazılı akt vasitəsi ilə həyata keçirilir. Akt İcraçının işlər barədə yazılı məlumatı əsasında tərtib edilir bu şərtlə ki, həmin məlumat Sifarişçinin müvafiq əməkdaşı və ya rəhbərliyi tərəfindən təsdiq edilmiş olsun. Göründüyü kimi, sifariş müvafiq protokol ilə rəsmiləşdirilməlidir. Halbuki, iddiaçının iddia ərizəsində qeyd etdiyi sifariş (sifarişlər) tərəflər arasında razılaşdırılmamış və hər hansı sifariş protokolu tərtib edilməmişdir. Həmçinin Müqavilənin 10-cu maddəsindən də göründüyü kimi, icra edilmiş işlərin nəticəsi olaraq tərəflərin arasında akt rəsmiləşdirilməlidir. Halbuki, belə bir akt (aktlar) mövcud deyil. Əlavə olaraq, İddiaçının Müqavilənin Cavabdeh tərəfindən 1 fevral 2024-cü il tarixdə birtərəfli qaydada ləğv edilməsi ilə bağlı arqumenti də əsassızdır, çünki Müqavilə cavabdeh tərəfindən ləğv edilməmişdir. Belə ki, Müqavilə 4 may 2023-cü il tarixdə 1 il müddətinə bağlanmış və 4 may 2024-cü il tarixdə də öz qüvvəsini itirmişdir (Müqavilənin 8.1-ci bəndinə uyğun olaraq). Həmçinin, Müqavilənin 8.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə Tərəf ən azı 1 (bir) ay əvvəlcədən digər Tərəfi xəbərdar etmək şərtilə ona xitam verə bilər. İddiaçı isə Müqavilənin Cavabdeh tərəfindən həqiqətən də birtərəfli qaydada ləğv edilməsini sübut edən xəbərdarlıq (bildiriş) məhkəməyə təqdim etməmişdir. İddiaçı öz ərizəsində qeyd edir ki, "Bir iş üzrə müqavilə öhdəliklərini xidmətlər yerinə yetirilib yekunlaşanadək başqa iş götürmədiyimə görə, müqaviləyə vaxtından əvvəl xitam verilən zaman zərərə düşür, əldə edəcəyi faydanı da itirirə." Etirazın birinci bəndində də qeyd edildiyi kimi, sifarişlər müvafiq protokollarla rəsmiləşdirilir. Müqaviləyə əsasən Sifarişçinin İcraçının qarşısında günlük/həftəlik/aylıq sifariş vermək öhdəliyi yoxdur. Əlavə olaraq, müqavilənin qüvvədə olduğu müddət ərzində İcraçının başqalarına xidmət gösətərə bilməməsi ilə bağlı müddəa (müstəsnalıq) da mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, Cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqə olmalıdır. İddiaçı bu səbəbli əlaqəni göstərməmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 04 may 2023-cü il tarixli, 018-23 saylı “xidmətin göstərilməsi haqqında müqaviləyə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçının göstərdiyi reklam dizaynının hazırlanması, çap edilməsi və quraşdırılması xidmətlərindən istifadə edir və icraçıya razılaşdırılmış dəyəri ödəyir.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı tərəfindən göstərilə xidmətlər qarşılıqlı razılaşmaya əsasən cari müqaviləyə əlavə ediləcək protokollarla müəyyən edilir.

10. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 ildən sonra qüvvəsini itirir.

11. Müqavilənin 8.2-ci maddəsinə əsasən müqavilə üzrə tərəf ən azı 1 ay əvvəlcədən digər tərəfi xəbərdar etmək şərti ilə ona xitam verir verə bilər. Bu müqavilənin xitam verilməsi gününüdən başlayaraq tərəflər bir-biri qarşısında bu müqavilədən irəli gələn öhdəliklərə görə müqaviləyə xitam verilən günə icra olunmammış qalmış öhdəlikər istisna olmaqla məsuliyyət daşımırlar.

12. Müqavilənin 10.2-ci bəndinə əsasən yerinə yetirilmiş işlərin görülməsi yazılı akt vasitəsi ilə həyata keçirilir. Akt icraçının işlər barədə yazılı məlumatı əsasında tərtib edilir bu şərtlə ki, həmin məlumat sifarişçinin müvafq əməkdaşı və ya rəhbərliyi tərəfindən təsdiq edilmiş olsun.

13. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

14. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı müqavilənin birtərəfli qayda cavabdeh tərəfindən pozulduğunu iddia etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə bildirir ki, müqavilənin ləğvi ilə bağlı nə iddiaçı, nə də cavabdeh biri-digərinə hər hansı bildiriş göndərilməyib, sadəcə müqavilənin qüvvədə olduğu müddətin son aylarında cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə sifariş verilməyib.

15. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərinə əsasən yalnız protokollarla rəsmiləşdirilən sifarişlər ödənilir, aylıq hər-hansı sabit məbləğin sifarişlərin olubolmasından asılı olmayaraq hər ay ödənilməsi barədə şərt müqavilədə nəzərdə tutulmamışdır. Digər tərəfdən, müqavilənin 8.2-ci maddəsinə əsasən müqavilə üzrə tərəf ən azı 1 ay əvvəlcədən digər tərəfi xəbərdar etmək şərti ilə ona xitam verə bilər. Yəni, cavabdeh tərəf müqaviləni vaxtından əvvəl ləğv etmək istəseydi belə, iddiaçıya xəbərdərlıq məktubunu göndərərək müqaviləyə birtərəfli qaydada xitam verə bilərdi və müqavilə şərtlərində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə və ya hər-hansı ay sifariş verilməməsinə görə məsuliyyət (hər-hansı məbləğin zərər və ya əvəz kimi ödənilməsi) müəyyən edən maddə mövcüd deyil. Bundan əlavə, iddiaçı qeyd edir ki, cavabdeh şirkətlə müqavilə bağladığı üçün, müqavilə müddəti bitənəcən başqa müştəriləri qəbul etmir və buna görə də ona zərər dəyməsini iddia edir. Lakin, göründüyü kimi başqa müştərilərə xidmətlərin göstərilməməsi müqavilədən gələn tələb deyil, iddiaçının öz seçimi olmuşdur və buna görə də onun əlindən çıxmış hər-hansı qazancını cavabdehdən tələb edilməsi qanunsuz və əsassız hesab edilməlidir.

16. Beləliklə, işin yuxarıda göstərilən halları ilə cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərini pozması öz təsdiqini tapmadığından iddiaçının müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasına əsaslanaraq irəli sürdüyü əldən çıxmış fayda formasında maddi zərərin əvəzinin ödənilməsi tələbi də əsassızdır.

17. Belə ki, Mülki Məcəllənin:

18. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

23. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 162 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə 23434,38 manat məbləğində vurulmuş maddi ziyan, əldən çıxmış faydanın və 162 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar