Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3318/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" QSC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2023-cü il 14 mart tarixli 12-AG/23 nömrəli müqaviləyə əsasən 4.235 manat məbləğində borcun və 66,68 manat dövlət rüsumunun, cəmi: 4.301,68 manat məbləğində pul vəsaitinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış mineral gübrələrin alqı-satqısı barədə 2023-cü il 14 mart tarixli 12-AG/23 nömrəli müqaviləyə əsasən “Satıcı” müqavilədə qeyd edilən malları “Alıcı” təhvil aldığı mineral gübrələrin dəyərini 30 gün ərzində ödəmək şərti ilə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə üzrə müəyyən edilmiş məbləğdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürməsinə baxmayaraq ödənişlər tam yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC (satıcı) ilə "xxxx" QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli 12-AG/23 saylı mineral gübrələrin alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı mineral gübrələri alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil aldığı mineral gübrələrin dəyərinin 30 gün ərzində ödəmək şərti ilə qəbul etməyi öhdəsinə götürür.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı verilən mineral gübrələrin 100 faizlik satış dəyəri olan 355.000 manat məbləği 30 gün ərzində satıcıya ödəyir.
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" ASC-nin üzərinə düşür.
16. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə 1 tonun qiyməti 710 manat olmaqla, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 003 saylı təhvil-təslim aktı ilə 27 ton, xx.xx.2023-cü il tarixli 04 saylı təhvil-təslim aktı ilə 25 ton, xx.xx.2023-cü il tarixli 6 saylı təhvil-təslim aktları ilə ayrı-ayrılıqda 25 ton, xx.xx.2023-cü il tarixli 012 saylı təhvil-təslim aktı ilə 25 ton, xx.xx.2023-cü il tarixli 016 saylı təhvil-təslim aktı ilə 75,600 ton, xx.xx.2023-cü il tarixli 020 saylı təhvil-təslim aktı ilə 25,200 ton, xx.xx.2023-cü il tarixli 025 saylı təhvil-təslim aktı ilə 50,400 ton, xx.xx.2023-cü il tarixli 25 saylı təhvil-təslim aktı ilə 27 ton, xx.xx.2023-cü il tarixli 029 saylı təhvil-təslim aktı ilə 25,200 ton, xx.xx.2023-cü il tarixli 032 saylı təhvil-təslim aktı ilə 25,200 ton, xx.xx.2023-cü il tarixli 042 saylı təhvil-təslim aktı ilə 25,200 ton, xx.xx.2023-cü il tarixli 046 saylı təhviltəslim aktı ilə 25,200 ton, xx.xx.2023-cü il tarixli 060 saylı təhvil-təslim aktı ilə 25,200 ton, xx.xx.2023-cü il tarixli 063 saylı təhvil-təslim aktı ilə 10 ton, xx.xx.2023-cü il tarixli 069 saylı təhvil-təslim aktı ilə 25,200 ton, xx.xx.2024-cü il tarixli 08 saylı təhvil-təslim aktı ilə 25 ton gübrə təhvil verilmişdir.
17. Təhvil-təslim aktları əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 953332 nömrəli dəyəri 19.170 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 954289 nömrəli dəyəri 17.750 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 953762 nömrəli dəyəri 17.750 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 953518 nömrəli dəyəri 17.750 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 953891 nömrəli dəyəri 17.750 manat, xx.xx.2023-cü il tarixli EBDC seriyalı, 679884 nömrəli dəyəri 53.676 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı, 170192 nömrəli dəyəri 17.892 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı, 659828 nömrəli dəyəri 35.784 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 952941 nömrəli dəyəri 19.170 manat, xx.xx.2023-cü il tarixli EBDD seriyalı, 840029 nömrəli dəyəri 17.892 manat, xx.xx.2023-cü il tarixli EBDF seriyalı, 430286 nömrəli dəyəri 17.892 manat, xx.xx.2023-cü il tarixli EBDG seriyalı, 390758 nömrəli dəyəri 17.892 manat, xx.xx.2023-cü il tarixli EBDH seriyalı, 145767 nömrəli dəyəri 17.892 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı, 375151 nömrəli dəyəri 17.892 manat, xx.xx.2023-cü il tarixli EBDİ seriyalı, 658985 nömrəli dəyəri 7.100 manat, xx.xx.2023-cü il tarixli EBDL seriyalı, 405660 nömrəli dəyəri 17.892 manat, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 10449701 nömrəli dəyəri 17.750 manat olan elektron qaimələr göndərilmişdir.
18. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 348.894 manat təşkil edir.
19. Hazırda iddiaçı cavabdehin 4.235 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
21. Məhkəmə, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və tərəflər arasında mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
24. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 4.235 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62,35 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.235 (dörd min iki yüz otuz beş) manat məbləğində pul "xxxx" QSC-dən tutularaq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 62 (altmış iki) manat 35 (otuz beş) qəpik məbləğində pul "xxxx" QSC-dən tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov