Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-332/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçının inzibati binasının qoşulu olduğu kanalizasiya xətlərində yaranan mütəmadi problemin birdəfəlik həll edilərək tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasının təmin edilməsi və 100 manat mediasiyaya dair xərcin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçının inzibati binasının qoşulu olduğu kanalizasiya xətlərində yaranan mütəmadi problemin birdəfəlik həll edilərək tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasının təmin edilməsi və 100 manat mediasiyaya dair xərcin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2011-ci il tarixində bağlanmış 051080 saylı Müqaviləyə əsasən, cavabdeh iddiaçıya su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri göstərir. Artıq 1 ildir ki, iddiaçının inzibati binasının (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 5A) qoşulduğu kanalizasiya xəttində tez-tez problemlər yaranır, belə ki, kanalizasiya xəttinin tutulması nəticəsində çirkab sular iddiaçının kritik avadanlıqlarının yerləşdiyi otaqların divarlarından içəri süzülür və yalnız təxirə salınmaz tədbirlər nəticəsində yarana biləcək ciddi zərərlərin qarşısını almaq olur. Bu barədə dəfələrlə cavabdehin qaynar xəttinə və Nəsimi Sukanal idarəsinə şikayətlər edilmişdir. Bununla yanaşı cavabdehə 11 oktyabr 2021-ci il, 27 yanvar 2022-ci il və 10 may 2022-ci il tarixlərində yazılı müraciətlər edilmişdir. Baxmayaraq ki, cavabdehin 23 fevral 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, kanalizasiya xəttlərinin tutulma ehtimalı olan hissələri yeniləri ilə əvəzlənəcəkdir, bununla bağlı ilk tədbir yalnız 7 ay sonra sentyabr ayında həyata keçirilməyə başlamışdır, lakin başa çatdırılmamışdır. Cavabdeh 5 sentyabr 2022-ci il tarixində keçirilən ilkin mediasiya sessiyası barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmiş və 16 sentyabr 2022-ci il tarixində problemi həlledə bilməyəcəkləri barədə məktub göndərmişdir. Cavabdeh öz məktubunu belə əsaslandırmışdır ki, qeyd olunan kanalizasiya xətlərinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyi üçün kanalizasiya xətlərinin dəyişdirilməsi mümkün deyil və yalnız İdarənin qəza-bərpa briqadası tərəfindən mexaniki üsulla təmizləmələr aparıla bilər. Problemin birdəfəlik həllindən imtina iddiaçı üçün qəbuledilməzdir. İddiaçının əməkdaşı gündəlik olaraq kanalizasiya xəttinə nəzarət etmək məcburiyyətində qalır. Payız və qış aylarında yağışlı və qarlı havalarda vəziyyət daha da pisləşir və bir neçə saatda bir xəttə nəzarət etməli olurlar və problem yarandığı təqdirdə Nəsimi rayon Sukanal İdarəsinin briqadasını cəlb etmək kifayət qədər vaxt aparır. İddiaçı cavabdehin kanalizasiya xətlərinin dəyişdirilməsi və problemi birdəfəlik həll etməkdən imtinasını əsassız hesab edir və cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdən tutulması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçıya məxsus həmin tikili qanunsuz tikilidir. Çıxarışın necə alınmasını bilmir, amma həmin inşa edilmiş tikili tikilən zaman icazə alınmalı idi. Bu səbəbdən cavabdeh həmin tikilini qanunsuz tikili hesab edir. Həmin boru inşa edilmiş binanın aşağı hissəsindən keçir. O zonaya müdaxilə etmək çox çətindir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 01 iyun 2011-ci il tarixli 051080 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair Müqavilədən görünür ki, cavabdeh iddiaçının tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı, cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli EH-02/3-21 saylı məktubundan görünür ki, inzibati binanın kanalizasiya xəttinin qoşulduğu ümumi xəttin yüklənməsi səbəbindən baş verən tutulmalar İdarənin qəza-bərpa briqadası tərəfindən açılmış və müxtəlif mənşəli məişət tullantılarından təmizlənmişdir. Buna baxmayaraq ərazidəki kanalizasiya xətlərinin baxış quyuları da təmizlənmiş və digər hissələrində isə profilaktik tədbirlər görülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli EH-02/3-200 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən Milli-Kart MMC-nin inzibati binasına yerində keçirilmiş baxış zamanı inzibati binanın qoşulduğu kanalizasiya xəttlərində baş verən tutulmalar araşdırılmış və belə bir qənaətə gəlinmişdir ki, sözügedən ünvanın mövcud kanalizasiya xətlərinin tutulma ehtimalı olan hissələri yenisi ilə əvəzlənsin. Bunun da icrası yaxın vaxtlarda nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli EH-02/3-552 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasına yerində keçirilmiş baxış zamanı İdarənin qəza-bərpa briqadası tərəfindən sözügedən ünvanın zirzəmisinə yığılmış çirkab suları xüsusi su soran maşınlar vasitəsilə çəkilmiş, o cümlədən kanalizasiya xəttlərinin tutulma ehtimalı olan hissələri müxtəlif mənşəli məişət tullantılarından təmizlənmiş və digər hissələrində isə profilaktik tədbirlər görülmüşdür. Hal-hazırda İddiaçı MMC-nin inzibati binasının mövcud kanalizasiya xətlərinin istismarındakı bütün problemlər öz həllini tapmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli EH-02/3-751 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasına yerində keçirilmiş baxış zamanı sözügedən ünvanın mövcud kanalizasiya xəttinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsi məlum olmuşdur. Bu da xətlərin dəyişdirilməsi üçün qazıntı işlərinin aparılmasını qeyri-mümkün edir. Məcburiyyət qarşısında qalıb yalnız xəttdə tutulmalar olanda İdarənin qəza-bərpa briqadası tərəfindən mexaniki üsulla təmizlənir və digər hissələrində isə profilaktik tədbirlər görülür. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2011-ci il tarixli 051080 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair Müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçının tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı, cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.3-cü bəndinə əsasən tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasının təmin edilməsini cavabdehdən tələb etmək iddiaçının hüququdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasının təmin edilməsi) tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 5A ünvanında yerləşən iddiaçının inzibati binasının qoşulduğu kanalizasiya xətti mütəmadi tutulur, nəticədə çirkab sular iddiaçının inzibati binasının divarlarından içəri süzülür. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh yalnız kanalizasiya xətlərini təmizləməklə kifayətlənmiş, lakin görülən təmizləmə tədbirləri nəticə verməmiş və hazırda da sözügedən nöqsan kanalizasiya xəttində qalmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli EH-02/3-200 saylı məktubunda mövcud kanalizasiya xətlərinin tutulma ehtimalı olan hissələrinin yenisi ilə əvəzlənməli olmasını bildirsə də, bununla bağlı hər hansı tədbir görməmişdir. Halbuki, 01 iyun 2011-ci il tarixli 051080 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair Müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı qarşısında tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasının təmin etməyi öhdəlik götürmüşdür. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Bundan başqa, məhkəmə cavabdehin nümayəndəsinin istinad etdiyi tikilinin qanunsuz olması barədə dəlilinə münasibətdə qeyd edir ki, göstərilən dəlilin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Çünki, cavabdeh, iddiaçı ilə həmin tikiliyə dair müvafiq müqavilə bağlamış və həmin müqaviləyə əsasən həmin tikilini su ilə təmin etməyi və ondan axan tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasını təmin etmək öhdəliyini götürmüşdür ki, bu öhdəlik də cavabdeh tərəfindən mülki qanunvericiliyin tələblərinə əsasən icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı inzibati binasının qoşulu olduğu kanalizasiya xətlərində yaranan nöqsan birdəfəlik həll edilərək tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılması təmin edilsin. 100 manat mediasiyaya dair xərc Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-332/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-332/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver