Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-332/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 61082,11 manat borc və 400 manat mediasiya rüsumu olmaqla, cəmi 61482,11 manat borc məbləğinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün isə 4,50 (dörd manat əlli qəpik) manat məbləğində xidmət haqqı ödəməlidir. İddiaçı MMC Cavabdeh MMC-ni həmin müqaviləyə əsasən 10 avqust 2022-ci il tarixindən 10 avqust 2023-ci il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Belə ki, sözügedən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil xx.xx.2023-cü il tarixli 448323 nömrəli elektron qaiməyə əsasən 14395,41 manat dəyərində, xx.xx.2023-cü il tarixli 221076 nömrəli elektron qaiməyə əsasən 13896,27 manat dəyərində, xx.xx.2023-ci il tarixli 113279 nömrəli elektron qaiməyə əsasən 12568,77 manat dəyərində, xx.xx.2023-cü il tarixli 961757 nömrəli elektron qaiməyə əsasən 13442,86 manat dəyərində, xx.xx.2023-cü il tarixli 978685 nömrəli elektron qaiməyə əsasən 7471,17 manat olmaqla, ümumi dəyəri 61082,11 manat dəyərində xidmət göstərilmişdir. İddiaçı MMC-nin xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, bu günədək ƏDV daxil olmaqla 61082,11 manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən hər növbəti ayın ilk 10 (on) günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməzdən öncə iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin prosesdə iştirak etməməsi səbəbilə iddiaçıya Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02002 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 427.3, 442.1, 445.8, 447.1, 448.1, 445.7, 449.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə YMM/2022/08/010 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə aşağıdakı xidmətləri göstərməlidir: a) sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi; b) göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu; c) icraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi; d) xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə 10 avqust 2022-ci ii tarixdən 10 avqust 2023-cü il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən xidmətlər, şifahi (o cümlədən, telefon vasitəsilə, lakin bununla məhdudlaşmayaraq) və yaxud yazılı şəkildə, haldan asılı olaraq sifarişçinin ərazisində və ya ərazisindən kənar yerdə yerinə yetirilə bilər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bir nəfər üçün nahar yeməyi ƏDV xaric 4,50 manat məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməlidir.
8. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 978685 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7471,17 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin sentyabr ayı üçün iaşə xidməti qeyd olunmuşdur.
9. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 961757 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17289,36 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin may ayı üçün iaşə xidməti qeyd olunmuşdur.
10. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 113279 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12568,77 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin iyun ayı üçün iaşə xidməti qeyd olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 221076 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13896,27 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin iyul ayı üçün iaşə xidməti qeyd olunmuşdur.
12. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 448323 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14395,41 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin avqust ayı üçün iaşə xidməti qeyd olunmuşdur.
13. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 737731 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15149,43 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin aprel ayı üçün iaşə xidməti qeyd olunmuşdur.
14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********/633997835 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ38AİİB******************** nömrəli hesabına 12000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı EBDE737731, EBDG 961757 nömrəli elektron qaiməyə əsasən olaraq qeyd edilmişdir.
15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ38AİİB******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq EBDE737731 nömrəli elektron qaiməyə əsasən qeyd edilmişdir.
16. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən EBDE seriyalı, 737731 nömrəli elektron qaimə üzrə 900 manat məbləğində ödəniş edilmişdir.
17. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən EBDE seriyalı, 737731 nömrəli və EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə 2160 manat məbləğində ödəniş edilmişdir.
18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 932 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 210 manat məbləğində ödəniş edilmişdir.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
23. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 61082,11 manat borcun cavabdehdən tutulması təşkil edir.
24. Əvvəla qeyd olunmalıdır ki, işin müəyyən olunan hallarından göründüyü kimi, tərəflər arasında bağlanan xidmət müqaviləsi üzrə catering (yemək) xidmətlərinin şifahi (telefon vasitəsilə və s.) və yaxud yazılı şəkildə sifarişçinin ərazisində və ya ərazisindən kənar yerdə yerinə yetirilə bilməsi imkanı nəzərdə tutulmuşdur. Müqavilə ilə xidmət haqqı və xidmətlərin dəyərinin hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməsi qaydası nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə müqavilədə qeyd edilən xidmətlərin göstərilməsini təmin etmiş, tərəflər arasında yaranan praktikaya əsasən hər ay üçün göstərilmiş xidmətlərə müvafiq cavabdehə elektron qaimələr göndərilmiş və həmin qaimələr əsasında da cavabdeh tərəfindən müvafiq ödənişlər edilmişdir. Həmin hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qamələr və həmin elektron qaimələr üzrə edilən ödəniş sənədləri (hazırkı mübahisəyə aidiyyatı olmayan elektron qaimə və ödəniş sənədləri) ilə öz təsdiqini tapır.
25. Hazırda iddiaçı məhkəməyə 5 elektron qaimə (xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 978685 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 961757 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 113279 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 221076 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 448323 nömrəli elektron qaimə) təqdim edərək, həmin qaimələrdən yalnız biri üzrə (EBDG seriyalı, 961757 nömrəli) qismən ödəniş edildiyini, qalan 4 qaimə üzrə isə ödənişlərin edilmədiyini bildirərək, həmin qaimələr üzrə ödənilməmiş qalan 61082,11 manat borcun cavabdehdən tutulmasını xahiş etmişdir.
26. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMCdən 60710,41 manat (altmış min yeddi yüz on manat qırx bir qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Belə ki, işin hallarından göründüyü kimi, mübahisəli 5 qaimə üzrə ƏDV daxil ümumi məbləğ 65620,98 manat (55611 manat əsas, 10009,98 ƏDV məbləği) təşkil edir. EBDG seriyalı, 961757 nömrəli qaimə üzrə cavabdeh tərəfindən qismən ödəniş edilmişdir. Həmin qaimə üzrə ödənişlər bəzi hallarda başqa bir, hazırkı mübahisəyə aidiyyatı olmayan elektron qaimə (xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 737731 nömrəli elektron qaimə) ilə birlikdə edilmişdir. 737731 nömrəli qaimə üzrə məbləğ 15149,43 manat (12838,50 manat əsas, 2310,93 manat ƏDV məbləği) təşkil edir. İddiaçı bildirmişdir ki, 737731 nömrəli qaimə üzrə ödəniş tam həyata keçirilmiş və həmin qaimə üzrə cavabdehin borcu yoxdur. Ödəniş sənədlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 737731 nömrəli qaimə üzrə əsas məbləğdən 5000 manat, xx.xx.2023-cü il tarixdə isə 2 qaimə - EBDE 737731, EBDG 961757 nömrəli elektron qaimələr üzrə 12000 manat məbləğində ödəniş edilmişdir. İki ödəniş sənədi üzrə məbləğ 17000 manat (5000+12000=17000) edir. Həmin məbləğdən EBDE 737731 nömrəli elektron qaimə üzrə olan əsas borc məbləğini çıxaraq qalan 4161,5 manat (17000-12838,50=4161,5) məbləğ EBDG 961757 nömrəli elektron qaimə üzrə əsas məbləğdən edilmiş ödəniş kimi nəzərə alınmalıdır.
28. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə aid çıxarışlardan göründüyü kimi, EBDE seriyalı, 737731 nömrəli elektron qaimə üzrə 900 manat və EBDE seriyalı, 737731 nömrəli, EBDG seriyalı, 961757 nömrəli elektron qaimələr üzrə 2160 manat məbləğində ƏDV ödənişi edilmişdir. Ümumi ödənilən 3060 manat (900+2160=3060) məbləğdən EBDE seriyalı, 737731 nömrəli e-qaimə üzrə olan 2310,93 manat ƏDV məbləğini çıxaraq qalan 749,07 manat (3060-2310,93=749,07) məbləğ hazırkı mübahisəyə aid EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə edilən ƏDV ödənişi kimi nəzərə alınmalıdır.
29. Beləliklə, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə ödənilən ümumi məbləğ 4910,57 manat (4161,5+749,07=4910,57), qalıq borc məbləği isə 12378,79 manat (17289,36-4910,57=12378,79) təşkil edir.
30. Beləliklə, təqdim olunan 5 qaimə üzrə ümumi borc məbləği 60710,41 manat (7471,17+12568,77+13896,27+14395,41+12378,79=60710,41) təşkil edir.
31. Beləliklə ümumi borc məbləğini təşkil edən 60710,41 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, borcun tutulmasına dair iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır.
32. Eləcə də, iddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
33. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 60710,41 manat (altmış min yeddi yüz on manat qırx bir qəpik) əsas borc və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 61110,41 manat (altmış bir min yüz on manat qırx bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova