Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3352/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X3 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh1ndən ƏDV daxil olmaqla 45.674,12 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227,02 manat məbləğində dövlət rüsumunun, cəmi 45.901,14 manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı) ilə Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “Borclu” və ya “Cavabdeh”) arasında borcun təsdiqinə və ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 009/2022 nömrəli Saziş (bundan sonra Saziş) imzalanmışdır. Həmin Sazişə əsasən ƏDV daxil olmaqla 51.805,41 (əlli bir min səkkiz yüz beş manat, qırx bir qəpik) Azərbaycan manatı məbləğində borcun ödənilməsi barədə öhdəlik götürülmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, 009/2022 nömrəli Sazişə dəyişiklik edilməsinə dair 09 fevral 2024-cü il tarixli Əlavə Razılaşma (bundan sonra “Əlavə Razılaşma”) bağlanmışdır. X5 ilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixinə kimi iddiaçı qarşısında ƏDV daxil olmaqla 49.445,41 (qırx doqquz min dörd yüz qırx beş manat, qırx bir qəpik) Azərbaycan manatı məbləğində borcun tam ödənilməsi barədə razılıq əldə olunmuşdur. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üsulu kimi “STP” ilə Cavabdeh1 (bundan sonra “Zamin” və ya “Cavabdeh”) arasında 09 fevral 2024-cü il tarixli, 009/2022 nömrəli “Zaminlik müqaviləsi” imzalanmışdır. Lakin cavabdehlər Əlavə Razılaşmadan irəli gələn öhdəlikləri pozmuş, borcun ödənilməsinə dair öhdəliklərini bu günə qədər icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar nəticə verməmişdir. Həmçinin, borcun qaytarılması məqsədi ilə yazılmış pretenziya məktubu əvvəlcə kağız daşıyıcıda daha sonra isə Vahid Məhkəmə Portalında elektron informasiya sistemi vasitəsilə cavabdehlərə göndərilsə də mövcud borc ödənilməmiş qalmışdır. Əlavə Razılaşmanın 3-cü bəndinə əsasən, X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və Tərəflərin möhürləri ilə təsdiq edildiyi andan qüvvəyə minir və qüvvəyə mindikdən etibarən Sazişin ayrılmaz tərkib hissəsi hesab olunur. Sazişin 5-ci bəndinə əsasən, tərəflər Saziş üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 QSC arasında 08 sentyabr 2022-ci il tarixli 009/2022 saylı borcun təsdiqinə və ödənilməsinə dair saziş imzalanmışdır. Həmin Sazişin: - 1-ci bəndinə əsasən ZZ Procurement təsdiq edir ki, onun STP-yə xx.xx.2022-ci il tarixinə borcu № 191203/08-470 nömrəli, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi və № 200312/08-584 nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla ümumilikdə 51 805,41 manat təşkil edir və ZZ Procurement 51 805,41 manat məbləğində borcun 30 iyun 2023-cü il tarixinədək STP-yə tam ödənilməsini öhdəsinə götürür. - 2-ci bəndinə əsasən STP ZZ Procurementin № 191203/08-470 nömrəli, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi və № 200312/08-584 nömrəli, xx.xx.2020ci il tarixli alğı-satqı müqaviləsi üzrə ona ödəməli borc məbləğinin ƏDV daxil olmaqla 51 805,41 manat olduğunu təsdiq edir və bu pul məbləğinin Sazişin 3-cü bəndində qeyd edilən qaydada və müddətlərdə tam ödənildiyi halda ZZ Procurementə № 191203/08-470 nömrəli, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi və № 200312/08-584 nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür. - 3-cü bəndinə əsasən ZZ Procurement ƏDV daxil olmaqla 51 805,41 manat borcun qrafiklə ( xx.xx.2022-xx.xx.2023 tarixləri arasında 10 ay müddətinə hər ay 5000 manat,sonuncu ay 6805,41 manat olmaqla) STP-yə ödəniləcəyi barədə öhdəlik götürür Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 QSC (“borclu”) və Cavabdeh1 MMC arasında 09 fevral 2022-ci il tarixli 009/2022 saylı zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən zamin borclunun STP qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və STP qarşısında Borclu ilə birgə məsuliyyət daşıyır. - 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik: STP ilə Borclu arasında bağlanılmış Borcun təsdiqinə və ödənilməsinə dair xx.xx.2022-ci il tarixli 009/2022 nömərli Saziş (bundan sonra "Saziş") üzrə ƏDV daxil 49.445,41 manatı məbləğində olan borcun (bundan sonra "Borc öhdəliyi") qaytarılması təşkil edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli xx.xx.2022-ci ii tarixli ÖÖ9/2Ö22 nömrəli Sazişə dəyişiklik edilməsinə dair Əlavə Razılaşmaya əsasən Sazişin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:ZZ Procurement Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu H tarixli 191203/08- 470 nömrəli xidmət müqaviləsi və xx.xx.2020-ci /7 tarixli 200312/08-584 nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü ii tarixinə STP-yə olan borcunun ƏDV daxil olmaqla 49.445,41 Azərbaycan manatı təşkil etdiyini təsdiq edərək sözügedən borcun 29 mart 2024-cü i i tarixindən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən verilmiş arayışa əsasən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə, alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli 009/2022 nömrəli sazişə və xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən hazırda, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən saziş üzrə cəmi ödənilməmiş 45674.12 manat məbləğində borcu qalmışdır. V. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 QSC arasında arasında 08 sentyabr 2022-ci il tarixli 009/2022 saylı borcun təsdiqi müqaviləsinə və xx.xx.2024-cü il tarixli xx.xx.2022-ci ii tarixli ÖÖ9/2Ö22 nömrəli Sazişə dəyişiklik edilməsinə dair Əlavə Razılaşmaya əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə qeyd olunan məbləğdə pul vəsaitini cavabdehin istifadəsinə verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu göstərilən müddət ərzində ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh2 MMC-nin göstərilən müqavilələr üzrə iddiaçı "xxxx" MMC-yə olan borcu 45674,02 manat təşkil edir.
16. Belə olan halda məhkəmə mübahisəli borc müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 MMC-dən 45674,02 manat tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iddiaçıya 45674,02 manat məbləğində borcunun olması tərəflər arasında baglanılmış borcun təsdiqi barəsidə xx.xx.2024-cü il tarixli və 08 sentyabr 2022-ci il tarixli müqavilələr ilə təsdiqini tapır.
17. Bununla yanaşı iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 QSC (“borclu”) və Cavabdeh1 MMC arasında 09 fevral 2022-ci il tarixli 009/2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclunun STP qarşısında yaranmış, öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və STP qarşısında Borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
18. Məhkəmə zaminin 08 sentyabr 2022-ci il tarixli 009/2022 saylı borc müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC borc müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.
19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 227,02 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
20. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 227,02 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh2 QSC və Cavabdeh1 MMC-dən 45674,12 (qırx beş min altı yüz yetmiş dörd manat on dörd qəpik) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,02 manat məbləğində pul vəsaiti cavabdehlerdən birgə qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova