Məhkəmə qərarları › İş №e-2-2(113)-336/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-336/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-336/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X4” DMCC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “X4” DMCC-yə (EMİS-də cavabdeh “X4” MMC kimi qeyd edilmişdir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” DMCC-dən İddiaçı xeyrinə 202.182,72 manat məbləğində əsas borcun və hər gecikdirilən gün üçün yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan ümumi məbləğin 0,5%-i, yəni 649.006,5 manat məbləğində pul vəsaitinin, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” ödənilmiş 400 manat xidmət haqqının, ödənilmiş 744 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “X4” DMCC ilə arasında (bundan sonra “Cavabdeh”) 2019 saylı tarif müqaviləsi və 56219 saylı 2018-ci il tarixli topdan satış müqaviləsi bağlanıb. Həmin müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən, cavabdeh həmin maddələrdə qeyd edilən otaq xərclərinin şirkət tərəfindən nağd şəkildə və ya bank köçürməsi vasitəsi ilə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürüb. Həmçinin müqavilənin şərtlərinə əsasən mehmanxana xidmət ödənişləri zamanında həyata keçirilmədiyi halda şirkətə qarşı hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5% məbləğində cərimə tətbiq olucağına dair öhdəliyi qəbul etmişdir. Qeyd olunan müqavillənin 10.1-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn istənilən mübahisəni danışıqlar yolu ilə həll etməyə səy göstərməlidir. Tərəflər qarşılıqlı razılığa gələ bilmədiyi təqdirdə mübahisəyə Azərbaycan Respublikasının aidiyyatı olan hüquqi orqanları tərəfindən baxılacaqdır. Cavabdehlə İddiaçı MMC arasında olan müqaviləyə əsasən tərəflər təsdiq etmişdirlər ki, onların qarşılıqlı öhdəlikləri müqavilənin “Tariflər” bəndində göstərilən məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq ödəniləcəkdir. Beləliklə, sifarişlər qəbul edilmiş və qaimə-faktura cavabdehə təqdim olunmuşdur. Həmin qaimə-fakturalar üzrə “X4” DMCC-nin İddiaçı MMC-yə əsas borcy 202.182,72 manat və cərimə borcu isə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5%-i, yəni 649.006,5 manat təşkil edir. Beləliklə, cavabdeh İddiaçı MMC-yə müqavilədə nəzərdə tutulan qaydada qonaqlar üçün otaq sifariş etmiş və qonaqlar otelin bütün xidmətlərindən yararlanmış, lakin bunun müqabilində öhdəliyinə düşən 202.182,72 manat əsas borcu və hər gecikdirilən gün üçün yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (621 gün) olan ümumi məbləğin 0,5%-i, yəni 649.006,5 manat cərimə borcu indiyədək ödəməyib. 09.xx.xx.2021-ci il tarixində cavabdehlə yenidən görüş keçirildi və cavabdeh İddiaçı MMC indiyədək, ümumilikdə 202.182,72 manat borcunun olduğunu etiraf və təsdiq etdi. Həmin görüşün yekunu olaraq xx.xx.2021-ci il tarixdə borc məbləğindən 17.000 manat məbləğində pul ödəyərək borcun digər hissəsini isə cari ilin yanvar ayınadək ödəyəcəyini bildirmişdir. Hazırda cavabdeh geriyə qalan 202.182,72 manat məbləğində borcunu hələ də ödəməyib. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından İddiaçı MMC-yə maliyyə vəziyyətinə və gələcək planlarına ciddi zərər dəyməkdədir. xx.xx.2022-ci il tarixdə “X4” MMC-nin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdehə qarşı pul tələbi irəli sürsə də, bu tələbini əsaslı edən hesab-faktra, qaimə, təhvil-təslim aktı və ya göstərilən xidmət və ona uyğun hesablanmış xidmət haqqını özündə əks etdirən digər sənədi məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında 2018 və 2019-cu ildə bağlanmış müqavilələrdə müvafiq xidmətlər üçün nəzərdə tutulmuş xidmət haqqı isə ümumi olmaqla Cavabdehin borcunu konkret olaraq müəyyənləşdirmir. Bu səbəbdən, İddiaçının tələb etdiyi 202.182,72 manat əsas borcun əmələ gəlmə əsası və konkret olaraq hansı xidmətlərə görə ödənilməli olması məlum deyil. Həmçinin, İddiaçının 412.451,28 manat cərimə məbləğinin ödənilməsini tələb etməsi də əsaslı deyildir. Belə ki, 2019-cu ildə bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən tərəflər onların nəzarəti altında olmayan və gözlənilməyən qarşısıalınmaz qüvvənin, məsələn, yanğın, daşqın, zəlzələ, qasırğa və digər təbii fəlakətlərin, epidemiyaların, hərbi və mülki münaqişələrin, terror aktlarının, hakimiyyət orqanlarının qərarı və tədbirlərinin ("Fors-major") təsiri nəticəsində bu müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə məsuliyyət daşımırlar. Belə olan hallarda bu Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilmə müddəti Fors-major şəraitin mövcud olduğu dövr qədər uzadılmalıdır. Müqavilənin 8.3-cü bəndində göstərilmişdir ki, fors-major şəratinin mövcudluğu və davamiyyət müddəti müvafiq ticarət palatası və ya belə halları təsdiqləməyə səlahiyyəti olan digər orqan tərəfindən verilmiş sənəd (şəhadətnamə) ilə təsdiq edilməlidir. Məlumdur ki, X1 11 mart 2020-ci il tarixli qərarı ilə COVİD-19 virusunun yayılmasını qlobal pandemiya elan etmişdir. COVİD-19 pandemiyasının yayılması ilə ən çox zərər çəkmiş sahələrdən biri də məhz turizm sahəsi olmuşdur. Müqavilənin istinad olunan maddələrini nəzərə alsalar, iddiaçının COVİD-19 pandemiyasının yayıldığı və turizm daxil olmaqla bir çox sahənin iflic olduğu dövrdə cavabdehin öz öhdəliklərini yerinə yetirə bilməməsi fors-major halı kimi qiymətləndirməli idi. Bu səbəbdən, cərimə məbləğinin hesablanması tamamilə müqavilə şərtlərinə ziddir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, İddiaçı 2018-ci ildə tərəflər arasında bağlanan müqaviləyə istinad edərək 202.182,72 manat əsas borc və 412.451,28 manat cərimə məbləğinin ödənilməsini tələb etmişdir. İddia ərizəsində isə iddiaçı həmçinin, 2019-cu il tarixdə bağlanmış müqaviləsinə istinad etmiş və əsas borc olaraq yenə 202.182,72 manat məbləği tələb etmişdir. Belə olan halda iddiaçının hansı müqavilə üzrə tələb irəli sürdüyü anlaşılan deyil və iş materiallarında da konkret olaraq borc məbləğinin miqdarını özündə əks etdirən sənədlər mövcud deyil. Digər tərəfdən, iş üzrə cavabdeh Dubay şirkəti olan "X4" DMMC olsa da, İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş tapşırığından görünür ki, ödəyən müştəri qismində "X4" MMC şirkəti çıxış etmişdir. Bu şirkət isə hazırki mübahisə və ümumiyyətlə, 2018 və 2019-cu ildə bağlanmış müqavilələr üzrə tərəf deyil. İddiaçının pretenziya məktubu da Dubayda yerləşən "X4" DMMC əvəzinə "X4" MMC-nin ünvanına göndərilmişdir. Eləcə də, iddia ərizəsində də Cavabdeh qismində "X4" DMMC göstərilsə də, Azərbaycan Respublikasında yerləşən "X4" MMC şirkətinin VÖEN-inə istinad edilmişdir. Belə olduğu təqdirdə İddiaçının hansı tərəfə qarşı tələb irəli sürməsi və borcun məhz hansı şirkətə aid olduğu aydın deyil. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə cavabdehin Dubayda yerləşən "X4" DMMC şirkəti olmasının nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən əsas borc məbləğinin, yəni 202.182,72 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə vəkil Şaiq Mirzəyev ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2023-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun olaraq cavabdehdən əsas borc məbləğinin, yəni 202.182,72 manat məbləğində borcun tutulmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “X4” DMCC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - (X5) İddiaçı MMC (otel) ilə "X4" DMCC (şirkət) arasında bağlanmış 20 dekabr 2017ci il tarixli 56219 nömrəli topdan satış tarif müqaviləsi 2018 əsasən müəyyən edilir ki, (X5) İddiaçı MMC "X4" DMCC-yə xüsusi korporativ qiymətlərlə otel xidmətləri təqdim edəcəkdir. Həmin müqaviləyə əsasən: Şərt və müddəalar Topdan satış qiymətləri müqavilə imzalandığı gündən xx.xx.2018-ci ilə kimi etibarlıdır. Qiymətlərə 18% ƏDV və 0,8 ABŞ dolları bələdiyyə vergisi (bir gecə bir qonağa) daxildir. Mehmanxana xidmət ödənişləri zamanında həyata keçirilmədiyi halda şirkətə qarşı hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5%-i məbləğində cərimə tətbiq olunacaq. Ödəniş Otaq xərcləri şirkət tərəfindən, nağd şəkildə, kredit kartı və ya bank köçürməsi vasitəsilə ödəniləcəkdir. Bütün sifarişlər girişə 2 gün qalmış tam ödənilməlidir.

9. Tənzimləyici qanun və mübahisələrin həlli Bu müqavilə və ondan irəli gələn bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə təznimlənməlidir. Tərəflər bu müqavilədən irəli gələn istənilən mübahisəni danışıqlar yolu ilə həll etməyə səy göstərməlidir. Tərəflər qarşılıqlı razılığa gələ bilmədiyi təqdirdə mübahisəyə Azərbaycan Respublikasının aidiyyəti olan hüquqi orqanlar tərəfindən baxılmalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - (X5) İddiaçı MMC (otel) ilə Jumeirah Lakes, Tower Dubai, UAE ("X4" DMCC) (şirkət) arasında bağlanmış tarif müqaviləsi 2019 əsasən müəyyən edilir ki, (X5) İddiaçı MMC Jumeirah Lakes, Tower Dubai, UAE-yə ("X4" DMCC) xüsusi korporativ qiymətlərlə otel xidmətləri təqdim edəcəkdir. Həmin müqaviləyə əsasən:

1. Şərt və müddəalar 1.1-ci bəndinə əsasən topdan satış qiymətləri müqavilə imzalandığı gündən xx.xx.2019cu ilə kimi etibarlıdır. 1.3-cü bəndinə əsasən qiymətlərə 18% ƏDV və 0,8 ABŞ dolları bələdiyyə vergisi (bir gecə bir qonağa) daxildir. 1.12-ci bəndinə əsasən mehmanxana xidmət ödənişləri zamanında həyata keçirilmədiyi halda şirkətə qarşı hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5%-i məbləğində cərimə tətbiq olunacaq.

2. Ödəniş şərtləri 2.1-ci bəndinə əsasən otaq xərcləri şirkət tərəfindən, nağd şəkildə, kredit kartı və ya bank köçürməsi vasitəsilə ödəniləcəkdir. 2.4-cü bəndinə əsasən bütün sifarişlər giriş tarixindən 1 hün əvvəl saat 15:00-dək tam ödənilməlidir.

10. Tənzimləyici qanun və mübahisələrin həlli 10.1-ci bəndinə əsasən bu müqavilə və ondan irəli gələn bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə təznimlənməlidir. 10.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn istənilən mübahisəni danışıqlar yolu ilə həll etməyə səy göstərməlidir. Tərəflər qarşılıqlı razılığa gələ bilmədiyi təqdirdə mübahisəyə Azərbaycan Respublikasının aidiyyəti olan hüquqi orqanlar tərəfindən baxılmalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 2018-ci ilin yanvar-oktyabr aylarını əhatə edən dövrləri əks etdirən hesab-fakturadan (invoice) görünür ki, (X5) İddiaçı MMC tərəfindən "X4" DMCC-yə müxtəlif məbləğlərdə otel xidmətləri göstərmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.060,60 manat məbləğində pul vəsaiti "X4" tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (1 saylı filialı) olan hesabına ödənilmişdir. xx.xx.2017-xx.xx.2018-ci illəri əhatə edən dövrü əks etdirən üzləşmə aktından görünür ki, "X4" ilə İddiaçı MMC arasında olan qarşılıqlı hesablaşmalar üzrə 481.790,87 ABŞ dolları ödənişlər edilmiş, "X4" şirkətinin İddiaçı MMC-yə son qalıq borcunun 167.753,71 ABŞ dolları məbləğində olduğu qeyd edilmişdir. Akt tərəflərin imzaları ilə təsdiqlənməmişdir. 2018-2023-cü il tarixləri arası dövrdə otel - İddiaçı MMC ilə (mailto:Logman.Aliyev@winterparkhotel.netElektron ünvan 1; Asiya.JElektron ünvan 2; Roza.RElektron ünvan 3; Azer.MElektron ünvan 4) şirkət - "X4" DMCC (Elektron ünvan 5; Elektron ünvan 6; Elektron ünvan 7) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, 2018-2019-cu illərdə sifarişçi - "X4" DMCC tərəfindən (otel) otaq rezervasiyaları (nömrələri) barədə sifarişlər verilmiş, həmin nömrələrdə yerləşmə siyahısı, sifarişlər əsasında otel - İddiaçı MMC tərəfindən sifarişçi - "X4" DMCC-yə göstərilmiş otel xidmətləri barədə aylıq hesabatlar göndərilmiş və göndərilmiş hesabatların əksər hissəsinin doğruluğu sifarişçi - "X4" DMCC tərəfindən təsdiqlənmiş, təsdiqlənməyən hissələr isə qırmızı və göy rənglə işarələnərək dəqiqləşdirilməsi üçün Kapital İnvest” MMC-yə göndərilmişdir. Hesabatların və invoysların cavabdeh tərəfindən təsdiq edilmiş hissələrinə əsasən İddiaçı MMC tərəfindən 2017-ci ilin dekabrında qruplar üzrə 26.128,16 ABŞ dolları; 2018-ci ilin yanvar ayında qruplar üzrə 31670,82ABŞ dolları; fevralında fərdi rezervasiyalar üzrə 21.069,53 ABŞ dolları, qruplar üzrə 1718 ABŞ dolları; martında fərdi rezervasiyalar üzrə 18.395 ABŞ dolları, qruplar üzrə 22.267,83 ABŞ dolları məbləğində, aprelində fərdi rezervasiyalar üzrə 13.977 ABŞ dolları, qruplar üzrə 24.038 ABŞ dolları; may ayında fərdi rezervasiyalar üzrə 9365,34 ABŞ dolları; iyun ayında fərdi rezervasiyalar üzrə 6656 ABŞ dolları, qruplar üzrə 1285 ABŞ dolları; iyul ayında fərdi rezervasiyalar üzrə 30.678 ABŞ dolları, qruplar üzrə 21.277,66 ABŞ dolları; avqust ayında fərdi rezervasiyalar üzrə 32.305,01 manat və 23.672,49 ABŞ dolları; sentyabrında fərdi rezervasiyalar üzrə 13.576 ABŞ dolları, qruplar üzrə 4095 ABŞ dolları; oktyabrında fərdi rezervasiyalar üzrə 6.114,08 ABŞ dolları məbləğində xidmət göstərilməsi müəyyən edilir. Eləcə də yazışmalardan həmçinin görünür ki, otel - İddiaçı MMC tərəfindən üzləşmə aktı tərtib edilərək sifarişçi "X4" DMCC-yə göndərilmiş və xx.xx.2018-ci il tarixində 10.000 ABŞ dolların ödənildiyini nəzərə alaraq müqavilə üzrə borcun 143.943,90 ABŞ dolları olduğu bildirilmişdir. "X4" DMCC-nin veb saytından görünür ki, @fltworld.com elektron poçt domeni şirkətə məxsusdur. İddiaçı MMC pretenziya qaydasında məktubla "X4" DMCC-yə müraciət edərək, borcun 7 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. "X4" DMCC pretenziya məktubuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla İddiaçı MMC-yə müraciət edərək, həqiqətən də İddiaçı MMC ilə "X4" DMCC arasında “Tarif müqaviləsi 2019” adlı müqavilənin bağlandığını və müqavilənin şərtlərinə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliklərini yerinə yetirdiklərini, 2019-cu ilə dair müqavilə öhdəliyinə əsasən "X4" DMCC-nin İddiaçı MMC-yə borcu olmadığını bildirmiş, bununla belə 2019-cu il üçün mübahisələndirilən borc məbləğinə dair əsasın onlara təqdim edilməsi xahiş olunmuşdur.

Əsaslandırıcı hissə:

Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Kapital İnvest” MMC ilə cavabdeh "X4" DMCC (şirkət) arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli 56219 nömrəli xidmət müqaviləsinə əsasən İddiaçı MMC xüsusi korporativ qiymətlərlə otel xidmətləri təqdim etməyi, cavabdeh "X4" DMCC isə xidmətləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən avabdeh "X4" DMCC-yə otel xidmətləri göstərilmişdir. Xidmətlərin göstərilməsi faktı cavabdehin domenində yerləşən rəsmi elektron poçt ünvanlarından göndərilmiş otel sifarişləri, eləcə də cavabdehə elektron poçt vasitəsilə göndərilmiş invoys və hesabatlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaçı tərəfindən göstərilmiş 202.182,72 manat məbləğində xidmətlərin müqabilində xidmət haqqının ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə 202.182,72 manat məbləğində borcun tutulmasına etiraz etməməsi barədə cavabdeh "X4" DMCC-nin adından "X4" MMC-nin vəkili Ş.Mirzəyevin verdiyi ərizəyə münasibətdə qeyd edir ki, vəkil tərəfindən yalnız AR-də təsis edilmiş və fəaliyyət göstərən "X4" MMC-nin nümayəndəsi və vəkili olmasını təsdiq edən sənədlər (etibarnamə və order) məhkəməyə təqdim edilmişdir. "X4" DMCC-nin adından Ş.Mirzəyevə verilmiş etibarnaməyə gəldikdə məhkəmə qeyd edir ki, həmin etibarnamənin BƏƏ-də təsis edilərək fəaliyyət göstərən şirkət tərəfindən verilməsi iddia edilsə də, etibarnamə xarici dövlətlərin rəsmi sənədləri üçün nəzərdə tutulmuş qaydada leqallaşdırılmamış, etibarnaməyə şirkətin adından imza etmiş Pərviz Musayevin səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə Ş.Mirzəyevin cavabdehin nümayəndəsi qismində işdə iştirak etməsini və təqdim etdiyi ərizənin nəzərə alınmasını mümkün hesab etmir. Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 202.182,72 manat məbləğində pul vəsaitini - ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "X4" DMCC-dən 202.182,72 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər və 743,30 manat məbləğində iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddia qiyməti 202.182,72 manat olan iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 492 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərcləri artıq olduğundan iddiaçı ödədiyi mediasiya xəırcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 92 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh “X4” DMCC-dən 202.182,72 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 92 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar