Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3363/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: saxlama müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X4 Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialından 7.524 (ƏDV daxil) manat əsas borcun, 1.504 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 179,55 manat pulun, qətnamə icra olunan günə kimi hər ay 600 (altı yüz) manat məbləğində icarə haqqının və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "X4 Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialı arasında 121/22 saylı, xx.xx.2022-ci il tarixli Müqavilənin şərtlərinə əsasən “Tapşıran” “Saxlayıcı”nın sifarişi əsasında “Tapşıran”a məxsus malların saxlanılması üçün özünün sahibliyində olan saxlanc anbarının bir hissəsini “Tapşıran”nın istifadəsinə verməyi, “Tapşıran” isə saxlanc anbarını öz istifadəsinə götürüb bunun müqabilində Müqavilədə müəyyən olunmuş məbləğ və qaydada (aylıq 600 manat) “Saxlayıcı”ya icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə əsassızca zəbt etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 7.524 (ƏDVdaxil) manat təşkil etməkdədir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-ci il tarixli, 121/22 saylı Müqavilənin 5.4-cü bəndinə əsasən saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün aylıq saxlama haqqının 1% miqdarında cərimə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 13.106 manat cərimə məbləği təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈20 %-i həcmində, yəni cəmi 1.504 manat dəbbə pulu tələb edilməkdədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 823.1-ci madəsinə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. - 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. - 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialı arasında 121/22 saylı, xx.xx.2022-ci il tarixli malların anbarda saxlama müqaviləsi imzalanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən saxlayıcı sifariş əsasında tapşıranın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, tapşıran isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə saxlanca verilmiş malları saxlayıcının ünvan 1 ünvanında yerləşən anbarın 60 kv metr sahəni saxlanc anbarı kimi, 40 kv metr sahəni isə ofis istifadəsi üçün saxlanc anbarında saxlamaq barədə razılığa gəlirlər.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 1 kv.m üçün 5 manat 50 qəpik, yəni aylıq 330 manat, ofis icarəsi üçün isə aylıq 270 manat, cəmi 600 manat məbləğində müəyyənləşdirilir.
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış saxlama müqaviləsindən irəli gəlir.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə saxlama xidmətinin göstərilibgöstərilməməsidir.
16. İş materiallarına əlavə olunmuş, hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdeh tərəf 121/22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya 5.400 manat məbləğində borcu olduğunu aktı imzalamaqla təsdiq etmişdir.
17. Bundan başqa, işə əlavə edilmiş, EBEC seriyalı, 107431 nömrəli, xx.xx.2024cü il tarixli, dəyəri 1.416 manat, EBDY seriyalı, 562423 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 708 manat, EBDW seriyalı, 768839 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 600 manat, EBDU seriyalı, 583128 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDS seriyalı, 270438 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDQ seriyalı, 076265 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDN seriyalı, 851019 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDL seriyalı, 536768 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDJ seriyalı, 354119 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDH seriyalı, 358922 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat, EBDF seriyalı, 150907 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 600 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
18. Sadə riyazi hesablama ilə hesabladıqda elektron qaimələrdəki məbləğlərin cəmi 7.524 manat təşkil edir.
19. Hazırda, iddiaçı tərəf cavabdehin müqavilə üzrə 7.524 manat məbləğində ödənilməmiş borcunu tələb edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
21. Məhkəmə hesab edir ki, elektron qaimələrdə qeyd olunmuş xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmiş və cavabdehin saxlama haqqını ödəmək öhdəliyi yaranmışdır.
22. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya da, etirazını bildirməmiş və qeyd edilmiş borcdan hər hansı bir məbləğin ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir.
23. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 7.524 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
24. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 380 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
27. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 72 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
29. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 74,2 (7.524x5/100=376,2(1 il üçün), 376,2/365=1,03068(1 gün üçün), 1,03068x72=74,2 (72 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, 113 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.
31. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 99,78 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.524 (yeddi min beş yüz iyirmi dörd) manat, cərimə borcu üzrə 380 (üç yüz səksən) manat olmaqla, cəmi 7.904 (yeddi min doqquz yüz dörd) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialından tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 74 (yetmiş dörd) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialından tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 99 (doxsan doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Filialından tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov