Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3369/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, BSC/TR/2604 nömrəli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən cavabdehdən 2832 (iki min səkkiz yüz otuz iki) manat məbləğində əsas borc, 301,61 (üç yüz bir manat altmış bir qəpik) manat cərimə və 141,6 manat (bir yüz qırx bir manat altmış qəpik) əldən çıxmış fayda olmaqla, cəmi 3275,21 manat (üç min iki yüz yetmiş beş manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra - sifarişçi) ilə İddiaçı MMC (bundan sonra - icraçı) arasında xx.xx.2023-cü il tarixli, BSC/TR/2604 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən ona (sifarişçiyə) mühasibatlıq və kadr xidmətləri göstərir, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanılmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi icraçıya hər ay üçün əlavə razılaşma ilə müəyyənləşdirilmiş məbləğdə aylıq xidmət haqqı ödəyir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 1 saylı əlavə razılaşmaya əsasən sifarişçi icraçıya aylıq 1200 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən göndərilmiş 27 oktyabr 2023-cü il tarixli, EBDR 460404 nömrəli elektron-qaimə üzrə 708 (yeddi yüz səkkiz) manat; 29 noyabr 2023-cü il tarixli, EBDT 749641 nömrəli elektron-qaimə üzrə 708 (yeddi yüz səkkiz) manat; 27 dekabr 2023-cü il tarixli, EBDW 128972 nömrəli elektron-qaimə üzrə 708 (yeddi yüz səkkiz) manat; 06 fevral 2023-cü il tarixli, EBDY 205634 nömrəli elektron-qaimə üzrə 708 (yeddi yüz səkkiz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə ödənilməli idi. 06 fevral 2024-cü il tarixində tərtib edilmiş üzləşmə aktına əsasən "xxxx" MMC tərəfindən 9192,20 (doqquz min yüz doxsan iki manat iyirmi qədik) manat ödənişdən 6360,20 (altı min üç yüz altmış manat iyirmi qəpik) manat ödəniş edilmiş, hazırda "xxxx" MMC-nin İddiaçı MMC-yə 2832 (iki min səkkiz yüz otuziki) manat borcu vardır. Həmçinin müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödəməli məbləğin 0.1%-i miqdarında cərimə ödəyir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən ödənişlər hər xidmət ayının ilk 10 (on) təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilməli idi. Müqavilənin 0.1% (sıfır tam onda bir faiz) miqdarında cərimə müəyyən edilmiş bəndinə əsasən xidmət haqqınının ödənilməsi gecikdirildiyi üçün xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin İddiaçı MMC-yə 301,61 (üç yüz bir manat altmış bir qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Qeyd edilən müqavilə üzrə yaranmış 2832 (iki min səkkiz yüz otuz iki) manat məbləğində əsas borc məbləğinin ödənilməsi üçün "xxxx" MMC-yə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və 2832 (iki min səkkiz yüz otuz iki) manat məbləğində vəsaitin 3 iş günü ərzində ödəməli olduğu bildirilmişdir. Bundan əlavə, şirkət sahibkarlıq fəaliyyəti göstərir. Xidmət haqqının vaxtında ödənilməməsi sahibkarlıq fəaliyyətinə mənfi təsir görsədir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd edilən maddəni rəhbər tutaraq hesab edirik ki, "xxxx" MMC İddiaçı MMC-yə əldən çıxmış faydaya görə 141,6 (bir yüz qırx bir manat altmış qəpik) manat əlavə ödəniş etməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.3, 430.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə BSC/TR/2604 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə icraçının müəyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri (əməkdaşları) vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq, kadr xidmətlərinin göstərir, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı müqaviləyə 1 saylı Əlavə Razılaşmada müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icra olunacaq xidmətlərin siyahısı bu müqaviləyə 1 saylı Əlavə Razılaşmada müəyyənləşdirilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmətlərin icrasına bu müqavilənin 2.2.3-cü maddəsində qeyd olunan sənədlərin və digər məlumatların rəsmi qaydada icraçıya verilməsi və sifarişçi tərəfindən təyin olunmuş koordinatorun verdiyi sifarişlər əsasında həyata keçirilir. Koordinator verilən sifarişlərin mahiyyətini müəyyən etməli və mühasibatlıq və kadr sahəsi ilə bağlı sifarişləri “Mühasibatlıq işləri üzrə koordinator”a və “Kadr işləri üzrə koordinator”a müqavilə ilə nəzərdə tutulmuş qaydada yönəltməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi icraçıya hər ay üçün Əlavə Razılaşma ilə müəyyənləşdirilmiş məbləğdə aylıq xidmət haqqı ödəyir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0.1% (sıfır tam onda bir faiz) miqdarında cərimə ödəyir.
8. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BSC/TR/2604 nömrəli xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixli, 1 saylı Əlavə Razılaşma bağlanmışdır. Sözügedən əlavədə icraçı tərəfindən sifarişçiyə göstəriləcək mühasibatlıq və kadr xidmətləri barədə tərəflər razılığa gəlmişlər. Sözügedən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460404 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 708 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 749641 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 708 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 128972 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 708 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 205634 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 708 manat (ƏDV daxil) təşkil edir.
13. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-xx.xx.2024-cü il tarixli qarşılıqlı hesabların vəziyyəti barədə üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 2832 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, BSC/TR/2604 nömrəli xidmət müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən ona (sifarişçiyə) mühasibatlıq və kadr xidmətləri göstərir, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.
18. İddia tələbinin bir hissəsini "xxxx" MMC-dən 2832 manat məbləğində əsas borcun tutulması təşkil edir.
19. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, BSC/TR/2604 nömrəli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən 2832 (iki min səkkiz yüz otuz iki) manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sənədlərlə (üzləşmə aktları, elektron qaimələr və s.) öz təsdiqini tapır.
20. Bundan əlavə iddiaçı cavabdehdən 301,61 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 140 (yüz qırx) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin edilməməlidir.
22. İddia tələbinin digər hissəsini cavabdehdən əldən çıxmış faydaya görə 141,60 manat məbləğində pulun tutulması təşkil edir. İddiaçı iddia tələbinin göstərilən hissəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir.
23. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
24. Təqdim olunmuş elektron qaimələrdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460404 nömrəli elektron qaimə üzrə gecikmə - 6 ay, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 749641 nömrəli elektron qaimə üzrə gecikmə - 5 ay, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 128972 nömrəli elektron qaimə üzrə gecikmə - 4 ay, xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 205634 nömrəli elektron qaimə üzrə gecikmə - 3 ay təşkil edir. Müvafiq olaraq xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460404 nömrəli elektron qaimə üzrə - 17,70 manat, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 749641 nömrəli elektron qaimə üzrə - 14,75 manat, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 128972 nömrəli elektron qaimə üzrə - 11,80 manat, xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 205634 nömrəli elektron qaimə üzrə - 8,85 manat olmaqla, ümumilikdə 53,10 manat (əlli üç manat on qəpik) təşkil edir. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 53,10 manat (əlli üç manat on qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
25. Eləcə də, iddiaçı 53 manat ödənilmiş dövlət rüsununun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
26. Məhkəmə ödənilmiş tələblərin məbləğində mütənasib olaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,70 manat (qırx səkkiz manat yetmiş qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli, BSC/TR/2604 nömrəli mühasibatlıq və kadr xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən 2832 (iki min səkkiz yüz otuz iki) manat əsas borc, 140 (yüz qırx) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 53,10 manat (əlli üç manat on qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,70 manat (qırx səkkiz manat yetmiş qəpik) olmaqla, cəmi 3073,80 manat (üç min yetmiş üç manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova