Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3371/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "Global Technıcal Services-Azerbaijan" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi, vəkil X3, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "Global Technical Services-Azerbaijan" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 15 nömrəli xidmət müqaviləsinə əsasən ona ödənilməli olan 112664.04 manat əsas borc və 20279.52 manat ƏDV borcu olmaqla ümumilikdə 132.943,56 manat pulun və hazırki iddianın qaldırılması üçün ödənilmiş 423 manat pulun cavabdeh "Global Technical Services-Azerbaijan" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə "Global Technical Services-Azerbaijan" MMC arasında həmin müqaviləyə əlavə edilmiş Qiymət razılaşdırılması protokolunda göstərilən xidmətlərlə bağlı 15 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə, 1 və 3 nömrəli Qiymət razılaşması Potokoluna əsasən "xxxx" MMC tərəfindən Laçın rayonunda yerləşən 1 nömrəli Yataqxana üçün elektrik işləri və Laçın rayoun, 6-cı rayonda 100 yerlik Sendiviç binasının,Qazanxana daxil elektrik işləri görülmüşdür. Qeyd edilən işlərin ümumi dəyəri 307745.11 manat və ƏDV 55394.12 manat təşkil etmiş, "Global Technical Services- Azerbaijan" MMC tərəfindən e-qaimələr əsasında müəyyən məbləğlər ödənilsə də, 112664.04 manat əsas borc və 20279.52 manat ƏDV borcu bugünədək ödənilməmişdir. Bu barədə "Global Technical Services-Azerbaijan" MMC-yə dəfələrlə şifahi qaydada müraciətlər olunsa da, həmin müraciətlər bir nəticə verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində, müqavilə üzrə göstəriləcək xidmətlərin müqaviləyə əlavə şəklində tərtib olunmuş X4 əsasında tənzilmlənməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 6.1-ci bəndində müqavilə üzrə ödəmələrin Sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (hesab faktura, elektron qaimə faktura, təhvil-qəbul aktları və.s) əsasında ən qısa müddətdə, lakin 15 bank günündən gec olmamaq şərtilə aparılması nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, görülmüş işlərin dəyərinin ödənilməsi üçün cavabdehə EBCG №: 475104 xx.xx.2022 tarixli və EBBR №: 599926 xx.xx.2022 tarixli Elektron Qaimələr vurularaq müqavilə üzrə görülmüş xidmətlərin dəyəri tələb edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən Elektron Qaimələr üzrə isə hər hansı borc məbləği ödənilməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixində e-vergi üzərindən və poçt vasitəsilə yazılı formada xəbərdarlıqlar edilərək, müqavilə üzrə yaranmış 112664.04 manat əsas borc və 20279.52 manat ƏDV borcunun 3 (üç) gün müddətində "xxxx" MMC-yə ödənilməsi tələb edilsə də,cavabdeh bu tələbi yerinə yetirməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 14.2.1, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 430.1, 439.3, 442, 443, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilədə təkcə təhvil-təslim aktı ilə deyil, eyni zamanda e-qaimələr vasitəsi ilə də işlərin qəbul olunması göstərilib. Həmçinin tərəflər arasında formalaşmış işgüzar praktikada sadəcə e-qaimə vurulub və ən son 2 qaimədən başqa digər e-qaimələr əsasında işlərin dəyəri ödənilmişdir. Ən sonuncu qaimə 4 oktyabr 2022-ci il tarixinə aid olduğu üçün ən son işlər də 2022-ci ildə görülmüşdür. Borc məbləği ən son 2 qaimə üzrə yaranmışdır. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələr üzrə tərəfin borcu yaranmışdır. Qeyd edilən qaimələr üzrə heç bir ödəniş olunmamışdır. Əgər indiyə kimi hansısa işlərin qəbulunda təhvil-təslim aktı olubsa bununla bağlı cavabdeh sübut təqdim etməlidir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, etiraza səbəb olan hallarla bağlı sübutlar faktiki olaraq məhkəmə tərəfindən sübut qismində tanınmasa da, lakin onlara görülən işlər qüsurlu, natamam görülməsi səbəbindən qarşı tərəfə heç bir ödəniş olunmamışdır. Digər e-qaimələr üzrə görülən işlərlə bağlı hər zaman vaxtlıvaxtında ödənişlər olunmuşdur. İşlər hissə-hissə icra olunurdu və icra olunduqca da ödənişlər olunurdu. Ödəniş olunan işlərlə bağlı heç bir problem olmamışdır. Tərəf onu ödəniş etməsi ilə təhvil aldığını təsdiq edir. Lakin qeyd olunan hissələrə görə iddiaçı müqavilə əsasında öhdəliyinə götürdüyü işi qüsurlu görmüş və müəyyən hissədə yerinə yetirməmişdir. Bütün işləri qəbul etmirlər. Çünki icra olunmayan, kifayət qədər yaxşı icra olunan və qüsurlu icra olunan işlər olmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi vəsait əsaslı olaraq ona ödənilməmişdir. Qüsurlu və görülməyən hissə ilə bağlı məbləği həmin işlə məşğul olan şəxslər orta məbləğ hesablayaraq vəsaitin o qədər olması qənaətinə gəliblər. Tərəflər arasında rəsmi yazışmalar, müraciətlər olunmamışdır. İşlərin qüsurlu olması barədə şifahi danışıqlar olmuşdur. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh "Global Technical Services-Azerbaijan" MMC iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin hazırda vəziyyətinin qeyri stabil olduğu və müvafiq çətinliklərinin olduğunu səbəbindən müəyyən podratçılar vəziyyətdən sui-istifadə edərək, guya Cavabdeh MMC qarşıdında müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiklərini idda edərək məhkəməyə müraciət edirlər. Lakin, Cavabdeh MMC olaraq vəziyyətdən siu-istifadə edən şəxslərə qarşı əks arqumentlər mövcuddur və müvafiq aidiyyatı qurumunun qüsur aktları ilə öz təsdiqini tapmışdır. Eyni ilə İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 15 saylı müqavilə ilə nəzərdə tutulan xidmətlərində qüsur aşkar edilmişdir. Belə ki, AR Müdafiə Nazirli ilə ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 11 nömrəli və xx.xx.2021 tarixli 17 nömrəli Satınalma müqavilələrinə əsasən görülmüş elektrik, səs və data internet sistemləri işlərində bir çox qüsurlar aşkar edilmişdir. Həmin qüsurlar xx.xx.2023-cü il tarixli qüsur aktı ilə tərəflərin iştirakı ilə aktlaşdırılmışdır. Belə ki, qüsur aktında qeyd edilən keyfiyyətsiz və tam görülməyən işlər Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 15 saylı müqaviləyə əsasən icrası İddiaçı MMC həvalə edilmiş işlərdir. Qüsur aktı “Global Technical ServicesAzerbaijan” MMC-nin məsul əməkdaşı və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kəlbəcər-Laçın Rayon Mənzil-İstismar hissəsinin rəisi tərəfindən imzalanaraq öz təsdiqini tapmışdır. Beləliklə qüsur aktından da müəyyən etmək mümkündür ki, İddiaçı MMC müqavilə üzrə nəzərdə tutulan işləri lazımı qaydada və tam icra etməmişdir. xx.xx.2021-ci il tarixli 15 saylı müqavilənin: 3.2. bəndinə əsasən icraçı müqavilənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edir; 5-ci bəndində əsasən göstərilmiş xidmətlər qaiməsinə, qəbul aktına uyğun olduqda və təhvil-təslim aktı imzalandıqda qəbul edilmiş sayılır. Qeyd edir ki, görülmüş işlərdə əhəmiyyətli qüsurlar olduğu və tam yerinə yetirilmədiyi üçün səbəbindən yekun təhvil təslim aparılmamışdır. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Qeyd edilənlərdən müəyyən etmə mümkündür ki, İddiaçı MMC tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, işlər qüsurlu görülmüş və tam yekunlaşdırılmamışdır, tərəflər arasında təhvil-təslim aktının imzalanmamasıda işlərin tam yekunlaşmaması ilə əlaqəlidir. İşin qüsurlu görülməsi faktı AR Müdafiə Nazirliyinin aidiyyəti qurumunun əməkdaşı tərəfindən də təsdiq edilmişdir. Cavabdeh MMC həm müqavilə şərtlərinə həm də qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixli 15 saylı müqavilə ilə nəzərdə tutulan müqavilə məbləğinin qalıq hissəsini iddiaçıya tam ödəməməkdə haqlıdır. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: “Sifarişçi” "Global Technical Services-Azerbaijan" MMC ilə “İcraçı" "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 15 nömrəli müqavilənin predmetindən görünür ki, bu müqavilə “Sifarişçi” və “İcraçı" arasında xidmətlərin göstərilməsini, habelə əməliyyatdan irəli gələn digər münasibətləri tənzimləyir. Müqavilə üzrə göstəriləcək xidmətlər müqaviləyə əlavə tərtib olunmuş X4 əsasında tənzimlənir. Tərəflərin razılığı ilə müqavilənin icra müddəti artırıla və ya azaldıla bilər. Müqavillənin 4.1-ci bəndinə əsasən göstəriləcək xidmətlərin miqdarı və qiymətləri hər iki tərəfin möhür və imzaları ilə təsdiq etdikləri X2 əsasən təsdiqlənəcəkdir. Müqavilənin 5-ci bəndinə əsasən göstərilmiş xidmətlər bir tərəfdən təhvil verilmiş və digər tərəfdən qəbul olunmuş sayılır; göstərilmiş xidmətlər miqdarına görə qaiməsinə və qəbul aktına uyğun olduqda; təhvil-qəbul aktı imzalandıqda. Müqavilənin 6.1-ci bəndinə əsasən xidmətin icrası üçün müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçınım təqdim etdiyi sənədlər (hesab-fakura, elektron qaimə-faktura, təhvilqəbul aktları və s.) əsasında ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin 6.2-ci bəndinə əsasən sifarişçi müqavilənin yerinə yetirilməsi üçün İcraçıya müqavilənin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avans ödənişi məbləği göstərilmiş xidmətlərin müqabilində azaldılır. Müqavilənin 6.5-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin şətlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün 0.001 faiz hesablanır. Müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir xx.xx.2021-ci il tarixədək qüvvədədir. xx.xx.2021-ci il tarixli 15 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 saylı X1 Protokolundan görünür ki, "Global Technical Services-Azerbaijan" MMC və "xxxx" MMC “Laçın rayonu, 6-cı rayonda 100 yerlik sendviç binasının, Qazanxananın daxili elektrik işlərinin” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 25581,59 manat müəyyənləşdirmişlər. xx.xx.2021-ci il tarixli 15 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı X1 Protokolundan görünür ki, "Global Technical Services-Azerbaijan" MMC və "xxxx" MMC “Laçın rayonunda Yataqxana 1№ binası üçün elektrik işlərinin” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 17780,83 manat, “Laçın rayonunda Yataqxana 2№ binası üçün elektrik işlərinin” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 17780,83 manat, “Laçın rayonunda Yataqxana 3№ binası üçün elektrik işlərinin” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 20592,75 manat, “Laçın rayonunda Yataqxana 4№ binası üçün elektrik işlərinin” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 15500,87 manat, “Laçın rayonunda Briqada qərargah binası üçün elektrik, yanğın, səs sistemləri və data internet sistemlərinin” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 45943,88 manat, “Laçın rayonunda Yeməkxana binası üçün elektrik işləri” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 24987,82 manat, “Laçın rayonunda Qazanxana binasında elektrik işləri” smetası üzrə görüləcək işlərin ümumi yekun məbləği 4487,12 manat müəyyənləşdirmişlər. EBBR seriyalı, 599926 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 17907,12 manat, EBCG seriyalı, 475104 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 115036,44 manat dəyərində görülmüş işlər "xxxx" MMC tərəfindən "Global Technical Services-Azerbaijan" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Qaimə cədvəlindən göründüyü kimi "xxxx" MMC tərəfindən "Global Technical Services-Azerbaijan" MMC-yə təqdim edilmiş qaimələr üzrə qalıq debitor məbləğ 132943,56 manat qeyd olunmuşdur. "xxxx" MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, "Global Technical Services-Azerbaijan" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 3138,04 manat, xx.xx.2021-ci il tarixində 1170,68 manat, xx.xx.2021-ci il tarixində 1438,64 manat, xx.xx.2021-ci il tarixində 6081,91 manat, xx.xx.2022-ci il tarixində 6422,58 manat, xx.xx.2022-ci il tarixində 900 manat, xx.xx.2022-ci il tarixində 2731,59 manat, xx.xx.2022ci il tarixində 2121,08 manat ödəniş edilmişdir. 03 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 423 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-ci maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 184.3-cü maddəsinə əsasən hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərlə bağlı ödənişlərin edilməsi üçün cavabdehə elektron qaimələr təqdim edilmiş, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməsindən artıq iki il keçməsinə baxmayaraq, iddiaçıya görülmüş işdə yaranmış qüsurlarla bağlı cavabdeh rəsmi qaydada pretenziya ilə müraciət etməmiş, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edildikdən sonra sonuncu iclasda işlərin qüsurlu görüldüyü bildirilmişdir. Bu onu göstərir ki, iddiaçı tərəfindən müqavilədə şərtləşdirilmiş qaydada işlər qüsursuz görülmüş və cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin görülmüş işlərin dəyərinin ödənilməsiylə bağlı müqavilənin 6.5-ci bəndinə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalanmadan iddiaçı tərəfindən təqdim edilmiş əvvəlki elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Bu isə ona deməyə əsas verir ki, tərəflər arasında görülmüş işlərin qəbul edilməsi ilə bağlı artıq işgüzar münasibətlər bu qaydada formalaşmış, yəni görülmüş işlər təhvil-təslim aktı imzalanmadan elektron qaimələr əsasında qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işlər tam görülmədiyi və ya qüsurlu təhvil verildiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Bu bir daha təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlər qüsursuz olaraq qəbul edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Buna görə də iddiaçının qüsursuz icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Bundan başqa cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin qüsurlu olduğunu təsdiq edən qüsur aktlarının olmasını bildirsə də, buna dair sübutlar yalnız sonuncu məhkəmə baxış iclasında təqdim edilmiş, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasını əsaslandırmamışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə və üzərinə götürdüyü öhdəliyə görə 132943,56 manat məbləğində borcu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin və borcun ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 132943,56 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 423 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 15 nömrəli müqavilə üzrə 112664,04 manat əsas, 20279,52 manat ƏDV borcu olmaqla, ümumilikdə 132943 (yüz otuz iki min doqquz yüz qırx üç) manat 56 (əlli altı) qəpik pul vəsaiti, habelə ödənilmiş 423 (dörd yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3371/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3371/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver