Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3380/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, mediasiya xərci) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində bağlanmış xidmət müqaviləsinə əsasən 3005,60 manat məbləğində əsas, 541,01 manat məbləğində ƏDV olmaqla cəmi 3546,61 manat məbləğində xidmət haqqı borcu, habelə 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC (“İcraçı”) və Cavabdeh (“Sifarişçi”) arasında bağlanan M22/023 saylı Xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə əsasən “İcraçı”, “Sifarişçi”ni 8 nəfərlik şəxsi ofis ilə təmin etməyi, “Sifarişçi” isə aylıq 3005.6 manat+18% olmaqla xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1.17-ci maddəsinə əsasən, göstərilmiş xidmətin dəyərini Əlavə 1-də göstərilən xidmət haqqına əsasən “İcraçı”ya ödəyəcək. Müqavilənin 7.1-ci maddəsinə əsasən, göstərilən xidmətlərin aylıq həcmi Müqavilənin Əlavə 1-də göstərilən qiymətə əsasən aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində “İcraçı”ya bank hesabına köçürmə yolu ilə köçürülür. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixli M22/023 saylı müqavilə üzrə 3005.60 + 541,01 manat ƏDV məbləğində ödənilməmiş borcu yaranmışdır. Bu barədə Cavabdeh dəfələrlə məlumat verilməyinə baxmayaraq cavabdehin hələ də müqavilə üzrə 3546,61 manat borcu qalmışdır. 093760 saylı, xx.xx.2022-ci il tarixli avqust ayı üçün elektron qaimə üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Hazırkı müqavilə üzrə elektron qaimədən göründüyü kimi Cavabdeh 2022-ci ilin avqust ayı üçün 3005,60 əsas borc+ 541,01 ƏDV= cəmi 3546,61 manat xidmət haqqı borcu mövcuddur. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə, 14:00-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən İddiaçı MMC-yə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 17 aprel 2023-cü il tarixli, MŞB/12/2023-00505 nömrəli Arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının əvvəli tutulduğu andan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Göründüyü kimi azadlıqdan məhrum edildiyindən göndərilən heç bir məktub ona çatmamışdır. İddiaçı işin məhkəmədən kənar həll edilməsi üçün sadəcə formal məktublar göndərməklə kifayətlənmişdir ki, həmin məktubların heç biri nə ona, nə də ailəsinin yaşadığı ünvana çatmamışdır. Əlavə olaraq iddiaçı ilə aralarında bir neçə müqavilə bağlanmışdır ki, müqavilələrin heç biri icra edilməmiş və formal bağlanmışdır. Yəni, iddiaçının iddia etdiyi kimi həmin əmlakı faktiki icarəyə götürməmiş və istifadə etməmişdir. İddiaçı prosessual məcəllənin tələblərini formal olaraq icra etmişdir. Belə ki, pretenziya məktubunu göndərsə də, ona çatmamışdır. Əgər məlumatlı olsaydı danışıqlar vasitəsilə həll etməyə çalışardı. Əlavə olaraq iddiaçı ilə aralarında bağlanan müqavilənin müddəalarından da görünür ki, onun hüquqları kobud şəkildə pozulub, onunla yalançı əqd bağlanmışdır. Belə ki, tərəflə razılığa gəlinsə də qiymətlər baxımından ona uyğun olmamış və şifahi şəkildə müqaviləni ləğv etməyə çalışmışdır. Lakin, Nərimanov Rayon Məhkəməsinin hökümü ilə azadlıqdan məhrum edildiyindən artıq tərəfə məlumat vermək imkanı olmamışdır. İddiaçı ilə aralarında bağlanan müqavilənin elə 1-ci bəndinə nəzər yetirilsə aydın görmək olar ki, İcraçı Azərbaycan Respublikası ünvan 1 ünvanında yerləşən Əlavə 1-də göstərilmiş xidmətləri göstərməyi, Sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin İcraçı tərəfindən heç bir xidmət göstərilmədiyindən tərəfindən də xidmət haqqı ödənilməmişdir. Belə ki, müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, “LTC”-ə üzvlük qeydiyyatı icarə münasibətləri çərçivəsində deyil, təklif edilən xidmətlərdən aylıq olaraq yararlanmaq üçün əvvəlcədən ödənilmiş xidmət haqqı əsasında yaranır. Yəni müqavilənin müvafiq bəndinə əsasən tərəfindən xidmət haqqı əvvəlcədən ödənilməli idi, daha sonra isə xidmət göstərilməli idi. Həmçinin müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər arasında müqavilə imzalandıqdan sonra İcraçı tərəfindən Sifarişçiyə LTC-dən istifadə üçün “Face acces” təqdim edilir. Face Access-i əldə etdikdən sonra Sifarişçi LTC məkanına giriş icazəsinə malik olan şəxs hesab olunur. Lakin o Face Access ilə təmin edilməmiş, bu səbəbdən də xidmətlərdən istifadə etmək imkanı olmamışdır. İstifadə etmədiyi xidmətlərin haqqının tələb edilməsi qanunsuz və əsassızdır. Habelə müqavilənin Əlavə 1-də yerləşən X1 01 avqust 2022-ci il tarixli müqavilədən bəhs edilir və məhz həmin müqavilənin əlavəsi olduğu qeyd edilmişdir ki, bağlanan müqavilə 01 sentyabr 2022-ci il tarixlidir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddia tələbi tamamilə əsassızdır, qanunsuzdur və rədd edilməlidir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə təqdim olunduğunu nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 093760 saylı M22/023 saylı müqavilə əsasında verilmiş elektron qaiməyə əsasən Cavabdeh 8 nəfərlik şəxsi ofis icarə haqqına görə 3546,61 manat qeyd olunmuşdur.
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M22/023 saylı xidmət müqaviləsinə əsasən:
9. 1. Müqavilənin predmeti
10. Müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən əlavə-1 də göstərilmiş xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən “LTC”-ə üzvlük qeydiyyatı icarə münasibətləri çərçivəsində deyil, təklif edilən xidmətlərdən aylıq olaraq yararlanmaq üçün əvvəlcədən ödənilmiş xidmət haqqı əsasında yaranır.
12. 1.Xidmətlərin təsviri
13. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçini meqavilədə nəzərdə tutulan xidmətlər ilə təmin edir.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçının təmin etdiyi xidmətlər tərəflər arasında imzalanan və bu müqavilənin tərkib hissəsi sayılan “İŞQ”-nın ayrılmaz hissəsidir.
15. 3. Tərəflərin öhdəlikləri
16. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi bu müqavilə ilə aşağıdakı öhdəlikləri üzərinə götürür:
17. Müqavilənin 3.1.17-ci bəndinə əsasən göstərilmiş xidmətin dəyərini əlavə 1-də göstərilən xidmət haqqına əsasən icraçıya ödəyəcək;
18. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçının öhdəlikləri:
19. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində, bayram və istirahət günləri daxil olmaqla, günün 24 saatı ərzində “LTC”-ə maneəsiz daxil olmaq və oranı tərk etmək üçün sifarişçiyə şərait yaratmalı;
20. Müqavilənin 3.2.3-cü bəndinə əsasən müqavilənin əlavəsində göstərilmiş xidməti istifadəyə yaralı vəziyyətdə sifarişçiyə təhvil verməli;
21. Müqavilənin 3.2.4-cü bəndinə əsasən xidməti müqavilədə göstərilən icarə müddətinin başlanması tarixindən sifarişçiyə təvhil verməli;
22. Müqavilənin 3.2.5-ci bəndinə əsasən xidmət içərisində elektrik, kondisioner və isitmə sistemləri quraşdırılmış şəkildə təqdim etməlidir. Sifarişi mövcud xətlərdən əlavə elektrik xətləri və elektrik mənbələri icraçının razılığını aldıqdan sonra öz hesabına həyata keçirə bilər;
23. Müqavilənin 3.2.7-ci bəndinə əsasən kommunal xidmətlər dayandırıldığı halda onların bərpası üçün tədbirlər görməli.
24. 4. LTC-yə giriş
25. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər arasında müqavilə imzalandıqdan sonra icraçı tərəfindən sifarişçiyə LTC-dn istifadə üçün Face Acces təqdim edilir. Face Access əldə etdikdən sonra sifarişçi LTC məkanına giriş icazəsinə malik olan şəxs hesab olunur.
26. 7. Xidmət haqqı və hesablaşma qaydası
27. Müqavilənin 7.1-ci bəndinə əsasən göstərilən xidmətlərin aylıq həcmi müqavilənin əlavə 1-də göstərilən qiymətə əsasən aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində icraçıya bank hesabına köçürmə yolu ilə köçürülür.
28. 8. Müqavilənin müddəti
29. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə 1 ay müddətinə bağlanır və imzalandığı gündən qüvvəyə minir.
30. Xidmətərin göstərilməsinə dair 22/023 nömrəli müqaviləyə əlavə 1 olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 01 avqust 2022-ci il tarixli 22/023 nömrəli müqaviləyə əlavə 1-də 8 nəfərlik şəsi ofis xidməti göstərildiyi və cəmi xidmət haqqının ƏDV daxil 3546,61 manat olduğu qeyd olunmuşdur.
31. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının əvvəli tutulduğu andan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.
32. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
33. İşdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsinə əsasən cavabdehə 8 nəfərlik ofis xidməti göstərildiyi qeyd olunmuşdur. Həmçinin müqavilədə bir sıra xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, həmin xidmətlərin göstərilməsinə dair iddiaçı tərəf xx.xx.2022-ci il tarixli elektron-qaiməni məhkəməyə təqdim etmişdir.
34. Cavabdeh tərəf isə iddiaçı hüquqi şəxs tərəfindən ona hər hansı xidmət göstərilmədiyi və xx.xx.2022-ci il tarixdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edildiyini və müqavilədə qeyd edilən xidmətlərdən istifadə etmədiyini bildirmişdir.
35. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfin irəli sürmüş olduğu dəlillər əsassızdır və öz hüquqi mövqeyini aşağıdakı kimi qeyd etməyi zəruri hesab edir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasına bağlanmış müqavilə olmuş, lakin müqavilənin ayrılmaz tərkib hissəi olan əlavə1-də bir sıra ziddiyətli məqamlara yol verilmişdir.
41. Belə ki, adıkeçən əlavə 1-də 1 avqust 2022-ci il tarixli 22/023 saylı müqaviləyə əlavə kimi qeyd olunmuş, həmçinin sübut qismində təqdim edilmiş elektron qaimənin tərtib olunma tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuş, halbuki müqavilənin tarixi xx.xx.2022-ci il olmuş və müqavilənin 7.1-ci bəndinə əsasən də elektron qaimə təqdim edildiyi andan 10 gün ərzində ödənişin həyata keçirilməsi nəzərə tutulmuş, eyni zamanda qaimədə göstərilmiş xidmətin adı icarə haqqı kimi göstərilmişdir. Buna görə də məhkəmə iddiaçı tərəfin nümayəndəsini qeyd olunan ziddiyətli məqamların aydınlaşdırılması üçün dəfələrlə məhkəmə hazırlıq və baxış iclaslarına dəvət etmiş, lakin iddiaçının nümayəndəsi hər dəfə ərizə ilə məhkəməyə müraciət edərək iş üçün zəruri olan bütün sübutların məhkəməyə təqdim etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
42. Göründüyü kimi iddiaçı müqaviləni xx.xx.2022-ci il tarixdə bağlamış və xidmətin göstərilməsi tarixi kimi də həmin tarixi qeyd etmiş, həmin tarixdən sonra tərtib edilmiş hər hansı qaimə faktura məhkəməyə təqdim edilməmişdir.
43. Bundan başqa müqavilədə qeyd olunan xidmətlərin göstərilməsini və cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı sənəd-sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdehin xx.xx.2022-ci il tarixdən azalıqdan məhrum edilməsi və həmin tarixə kimi hansı xidmətlərin göstərilməsi də işin hallarından müəyyən edilmir.
44. Məhkəmə bir daha da vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2022-ci il tarixli olmaqla bir ay müddətinə bağlanmışdır, lakin iş materiallarında olan məhkəmə hökmü ilə müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən azadlıqdan məhrüm edilmişdir və beləliklə də cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilə əsasında hər-hansı xidmətdən istifadə etməsi imkanının mövcüdluğu ağlabatan hesab edilmir.
45. Digər ziddiyətli bir məqam isə xx.xx.2022-ci il tarixli elektron qaimədə ödənilməli olan məbləğin icarə haqqı kimi qeyd olunduğu, lakin tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində isə LTC-ə üzvlüyün qeydiyyatı icarə münasibətləri çərçivəsində deyil, təklif edilən xidmətlərdən aylıq olaraq yararlanmaq üçün əvvəlcədən ödənilmiş xidmət haqqı əsasında yarandığı və xidmət haqqı kimi qeyd olunmuşdur.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
48. Məhkəmə qeyd edir ki iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
49. Qeyd olunan faktlar əsasında məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxs tərəfindən müqavilə üzrə nəzərdə tutulmiş xidmətlərin göstərilməsi işdən öz təsdiqini tapmadığından hazırkı iddia tələbi təmin edilə bilməz.
50. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış xidmət müqaviləsinə əsasən 3005,60 manat məbləğində əsas, 541,01 manat məbləğində ƏDV olmaqla cəmi 3546,61 manat məbləğində xidmət haqqı borcu, habelə 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova