Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3408/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və və.s” tələbi barədə ilkin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “artıq ödənilmiş pulun qaytarılması ” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: artıq ödənilmiş pulun qaytarılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və s.” tələbi barədə ilkin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 09 fevral 2005-ci il tarixli, 02 saylı qərarı ilə Bakı-Quba avtomobil yolunun sağ tərəfində “Xlor” İstehsalat Birliyinin cənub-qərbində yerləşən ərazidə metal tullantılarının tədarükü və emalı sahəsinin təşkili məqsədi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin icarəsinə verilmiş sahəsi 1.0 hektar olan torpaq sahəsindən istifadəyə görə 2023-cü ilin 01 yanvarından etibarən saxlama müddəti üçün kompensasiya kimi 4.000 manat icarə haqqının və mediasiya sessiyası ilə bağlı çəkilmiş 30 manat xərcin iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsindən 10000 manat artıq ödənilmiş məbləğ, 658,30 manat faiz olmaqla, ümumilikdə 10658,30 manat məbləğin, habelə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10000 manat məbləğin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması və bu məbləğin, eyni zamanda ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi imzalanmışdır. İcarə müqaviləsinin şərtlərinə əsasən 1 ha torpaq sahəsinin 01 iyul 2021-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək icarəsi nəzərdə tutulurdu. İcarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat razılaşdırılmışdı. 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə 16.000 manat məbləğ ödənilmişdir. Bundan xx.xx.2021-ci il tarixli bank ödənişi ilə 4.000 manat, xx.xx.2021-ci il tarixli bank ödənişi ilə 2.000 manat olmaqla, ümumilikdə müqavilədə nəzərdə tutulan 6.000 manat icarə haqqını nəzərdə tuturdu. xx.xx.2023-cü il tarixli bank ödəniş ilə 6.000 manat, xx.xx.2023-cü il tarixli bank ödənişi ilə 4.000 manat olmaqla, ümumi icarə haqqından 10000 manat məbləğində artıq məbləğ ödənilmişdi, çünki ilk əvvəldən həm Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti, həm də Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi icarə münasibətlərinin uzadılmasına maraqlı idi, tərəflər arasında ilkin şifahi razılıq var idi və bununla əlaqədar danışıqlar gedirdi.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.
5. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 700.1-ci maddəsinə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 706.1-cı maddəsinə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2-2(113)-3408/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və s.” tələbi barədə ilkin iddiası üzrə icraata xitam verilmişdir.
11. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2-2(113)-3408/2024 saylı qərardadı ilə qarşılıqlı iddia “məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10.000 manat məbləğin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması” hissəsində baxılmamış saxlanılmışdır.
12. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə digər tələblərə münasibət bildirilməlidir.
13. Məhkəmə qarşılıqlı iddianın “Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsindən 10.000 manat artıq ödənilmiş məbləğin tələb edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi arasında 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi imzalanmışdır.
15. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsinin 09 fevral 2005-ci il tarixli, 02 saylı qərara əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10.000 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir.
16. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat müəyyən edilmişdir.
17. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər bağlanır.
18. Bundan başqa iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində 106 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilənin 6.1-ci bəndindən görünür ki, icarə müddəti xx.xx.2023-xx.xx.2033-cü il müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən illik icarə haqqı 9000 manat, ümumi icarə haqqı 90.000 manat müəyyən edilmişdir.
19. Müqavilələr hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
20. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tərəflərindən 6.000 manat icarə haqqı ödənilən zaman səhv olaraq 16.000 manat pul vəsaitinin köçürüldüyünü, icarə müqaviləsi üzrə münasibətlər davam etdirildiyi üçün artıq ödənilən vəsaiti geri tələb etmədiklərini, lakin sonradan 2023-cü il tarixdə icarə haqqı məbləği artırıldıqdan sonra həmin məbləğ üzrə ödənişlər etdiklərini bildirmiş və artıq ödənilmiş 10.000 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir.
21. Cavabdeh məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan işə baxılan zaman cavabdeh tələblərinin təmin edilməsi ilə razılaşdığından və yeni qiymətlərə icarə müqaviləsi bağlamağa hazır olduğunu bildirdiyindən, onunla 27 oktyabr 2023-cü il tarixli, 106 saylı torpaq icarə müqaviləsi bağlanılaraq icarənin müddətinin 03 yanvar 2033-cü il tarixədək uzadıldığını, həmin icarə müqaviləsi üzrə illik icarə haqqının məbləğinin 9.000 manat olaraq müəyyən edildiyini, cavabdehlə bağlanılmış 27 oktyabr 2023-cü il tarixli,106 saylı torpaq icarə müqaviləsinin tərəflər arasında 09 fevral 2005-ci il tarixli,02 saylı bələdiyyə qərarı əsasında yaranmış icarə münasibətlərinin davamı olaraq bağlanıldığını, lakin həmin icarə müqaviəsi bağlanılmamışdan cavabdehdən 06 oktyabr 2021-ci il tarixdə bağlanılmış və qüvvədə olma müddəti 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmiş torpaq icarə müqaviləsi üzrə 6000 manat borcunun, 1,0 hektar olan torpaq sahəsindən istifadəyə görə 2023-cü ilin 01 yanvarından etibarən saxlama müddəti üçün kompensasiya kimi 4000 manat borcunun, eləcə də 2019-2021-ci ilin 06 oktyabrınadək torpaqdan istifadəyə görə bələdiyyəyə icarə haqqı borcunun ödənilməsinin cavabdehədən tələb edildiyini və cavabdeh də bu tələblərlə razılaşaraq borcuna uyğun olaraq 26 oktyabr 2023-cü il tarixdə ayrı-ayrılıqda dörd ödəniş etməklə müvafiq olaraq 2000 manat, 4000 manat, 4000 manat və 6000 manat, ümumilikdə 16 000 manat bələdiyyəyə olan icarə haqqı borclarını ödədiyini və bundan sonra 27 oktyabr 2024-cü il tarixdə yeni icarə qiymətləri ilə onunla bələdiyyə arasında icarənin müddətinin uzadıldığını, bu səbəbdən ərizə ilə məhkəməyə müraciət edərək tələblərinin cavabdeh tərəfindən təmin edildiyi üçün iddia tələblərindən imtina etdiyini, bu ödənişlərin artıq ödənişlər deyil, cavabdehin əvvəlki illərə görə torpaqdan istifadə üzrə bələdiyyəyə olan borcunun əvəzinə olaraq ödənilmiş ödənişlər olduğunu bildirərək qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
22. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə istinad edilməklə Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin hesabına xx.xx.2021-ci il tarixdə 4.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 6.000 manat, xx.xx.2023-cü il tarixdə 4.000 manat olmaqla, cəmi 16.000 manat ödənmişdir.
23. Məhkəmə qeyd edir ki, 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsindən də, göründüyü kimi, icarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat müəyyən edilmişdir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş (16.000-6.000) 10.000 manat məbləğində pul ona geri qaytarılmalıdır.
25. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia ikinci hissədə “658,30 manat faiz məbləğinin tələb edilməsi” hissəsində təmin edilməməlidir.
26. Belə ki, tərəflər arasında bağlanmış 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi ilə faiz məbləğinin ödənilməsi razılaşdırılmamışdır.
27. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 167 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
28. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 167 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
29. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsindən iddiaçının xeyrinə tutulmalıdır.
30. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Qarşılıqlı iddia qismən təmin edilsin. 36 saylı 06 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə artıq ödənilmiş 10.000 (on min) manat məbləğində pul Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsindən tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsindən tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov