Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-347/2024 02.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 07 oktyabr 2021-ci il tarixli X-007/2021 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı müqavilənin ilk ayından etibarən müqavilə müddəti bitənədək sifarişçinin tapşırığına görə Sifarişçiyə “H AOR - 3 x Operator Buildings və 2 x Administration Buildings layihəsi” çərçivəsində “SOCAR - HAOR” və Cavabdeh MMC arasında imzalanmış “Podrat müqaviləsi” nə əsasən Layihə Planlama və Nəzarət Xidməti (bundan sonra “Xidməti”) göstərir. Aylıq Xidmətlərin alt detallarına daxildir: a) Layihənin Planlanması; b) Layihənin İzlənməsi; c) Nəzarət (Cost Control); d) Görülmüş işlərə dair hesabatların hazırlanması və təqdim edilməsi; e) Çizimlərə əsasən həcmlərin hesablanması (Quantity Survey). - 1.2-ci bəndinə əsasən sifarişçi göstərilən xidmət müqabilində Müqavilənin 4-cü maddəsi ilə müəyyən olunmuş qaydada, müddətdə və miqdarda xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. - 3.1.4-cü bəndinə əsasən xidmət haqqından əlavə müqavilədən irəli gələn işlərin həlli ilə əlaqədar tələb olunan bütün əlavə xərcləri ödəmək sifarişçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən müqavilənin 1.1-ci maddəsində qeyd olunan Xidmətə görə: a) İşin əvvəlində 5000 (beş min) manat və işin sonunda 5000 (beş min) manat olmaqla, cəmi 10000 (on min) manat ödəyir; b) Bundan başqa göstərilən xidmət müqabilində hər ay 5000 (beş min) manat məbləğində aylıq xidmət haqqı ödəyir. - 4.2-ci bəndinə əsasən sifarişçi müqavilənin 4.1-ci maddəsinin “b” alt maddəsində qeyd edilən xidmət haqqını əvvəlcədən hər ayın ilk 10 (on) təqvim günündən gec olmayaraq ödəyir. - 4.3-cü bəndinə əsasən müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 4.4-cü bəndinə əsasən icraçı tərəfindən sifarişçiyə Müqavilənin 1.1-ci maddəsində qeyd edilən Layihə çərçivəsindən və xidmətdən əlavə xidmət göstərildikdə Sifarişçi tərəfindən əlavə olaraq xidmət haqqı ödənilir. Xidmət haqqının məbləği və əlavə olaraq göstəriləcək xidmətlə bağlı digər məsələlər qarşılıqlı razılıq əsasında Müqaviləyə Əlavə ilə tənzimlənəcəkdir. - 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. - 7.2-ci bəndinə əsasən tərəflərdən hər hansı biri digər tərəfi yazılı olaraq ən az 1 (bir) ay əvvəlcədən məlumatlandırmaqla, müqavilə xitam olunmuş hesab ediləcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC-nin planlaşdırma meneceri Tunar Heydərov (Elektron ünvan 1) ilə Cavabdeh MMC-nin əməkdaşları (mailto:vugar.hajiyev@hidro-insaat.comElektron ünvan 2, mailto:Elshad.mammadov@hidro-insaat.comElektron ünvan 3 və s. mailto:Elektron ünvan 2) arasında aparılan dekabr 2022-fevral 2023-cü il tarixli e-mail yazışmalarından görünür ki, İddiaçı MMC-nin planlaşdırma meneceri Tunar Heydərov Cavabdeh MMC-yə bəzi işlər (xidmətlər) ((operator bina) layihədə bu həftə (01.01-07.01, 15.01-21.01) görülən bütün tip işlərin daxil edilməsi üçün İPMT-ə təqdim olunacaq “X2 No.62” üzrə müvafiq bölmələrin doldurulub göndərilməsi, dekabr ayı üçün OB və SSB-nin, F2-lərin niyə İPMTyə göndərilmədiyi, nə vaxt göndəriləcəyi və s. məsələlər, eləcə də müvafiq sənədlər (aktlar, hesabatlar və digər sənədlər) müraciətə qoşma edilməklə) barədə müraciətlər etmiş, eyni zamanda Cavabdeh MMC-nin səlahiyyətli əməkdaşları Cavabdeh MMC-nin digər aidiyyəti əməkdaşlarından İddiaçı MMC-nin müraciətlərindəki məsələlərin həllini tələb etmişlər.
3. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışı və hesabatdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, X-007/2021 saylı xidmət müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 10000 (on min) manat borcu mövcuddur.
4. Yanvar 2023-cü il tarixli “Yerinə yetirilmiş işlərin qəbulu” aktları (Forma 1) və xx.xx.2023-cü il tarixli 65 nömrəli həftəlik tərəqqi (irəliləyiş) hesabatından (X2 No.65) görünür ki, “Heydər Əliyev adına X4 modernizasiya və yenidənqurulması layihəsi” çərçivəsində sifarişçi Heydər Əliyev adına X6 (NEZ)/HAOR ilə podratçı X5 arasında imzalanmış HS-412/2-21 və HS-413/2-21 saylı 20 oktyabr 2021-ci il tarixli müqavilələr üzrə müxtəlif işlər (fasad, döşəmə işləri, daxili divarların üzlənməsi və boyanması, əsas girişdə hava pərdəsi və s.) yerinə yetirilmişdir.
5. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli, X-007/2021 saylı xidməti müqavilə üzrə ümumilikdə 10000 manat (ƏDV yoxdur) dəyərində xidmətlərin göstərilməsinə dair o cümlədən (yanvar ayı üzrə ödəniş olan) 5000 manat dəyərində xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 019709 saylı və (müqavilə üzrə son ödəniş olan) 5000 manat dəyərində xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 070718 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, xx.xx.2021-ci il tarixli xidməti müqavilə üzrə yaranmış borc məbləğinin 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh MMC-yə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 10 oktyabr 2023-cü il tarixdə yaranmış 10000 manat məbləğində əsas, 675,5 manat gecikdirməyə görə faiz borcu, mediasiya xərcinin əvəzi olaraq 200 manat, hüquqi xidmət xərcinin əvəzi olaraq 200 manat, ümumilikdə 11.075,5 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində X007/2021 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin 1.1-ci maddəsinə əsasən, iddiaçı müqavilənin ilk ayından etibarən müqavilə müddəti bitənədək cavabdehin tapşırığına görə cavabdehə “HAOR-3 x Operator Building və 2 x Adminsitration Buildings layihəsi” çərçivəsində “SOCAR – HAOR” və Cavabdeh MCC arasında imzalanmış “Podrat müqaviləsi”nə əsasən Layihə Planlama və Nəzarət Xidməti göstərir. Sözügedən müqaviləyə əsasən, ”Maf Group” MMC Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, 070718 nömrəli elektron qaiməyə əsasən 5000 manat dəyərində, xx.xx.2023-cü il tarixli 019709 nömrəli elektron qaiməyə əsasən 5000 manat olmaqla ümumilikdə 10000 manat dəyərində xidmət göstərmişdir. İddiaçı MMC-nin xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək 10000 manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 4.1-ci maddəsinə əsasən, Cavabdeh MMC İddiaçı MMC tərəfindən müqavilənin 1.1-ci maddəsində qeyd olunan xidmətə görə işin əvvəlində 5000 manat və işin sonunda 5000 (beş min) manat olmaqla, cəmi 10000 manat ödəməlidir. Lakin cavabdeh sözügedən müqavilənin tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Qeyd etməlidirlər ki, tərəflərindən cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş, yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. Əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 427.3, 442.1, 445.7, 445.8, 447.1, 448.1 və 449.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021ci il tarixdə X-007/2021 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə müəyyənləşdirilmiş və yerinə yetirilmiş xidmətlərin dəyəri İcraçıya ödənilmişdir. Bildirirlər ki, göstərilən xidmətlərin dəyəri tam şəkildə İddiaçı MMC-yə ödənilməsinə baxmayaraq iddiaçı göstərilməmiş xidmətə görə əlavə olaraq pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edirlər ki, iddiaçı iddia ərizəsində tələb etdiyi məbləği əsaslandırmamış və görülmüş işlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma 2 və Forma 3 sənədləri, invoys və digər zəruri mühasibatlıq sənədlərin heç birinin mövcud olmaması iddianın əsassızlığını bir daha sübut edir.
11. Cavabdeh etirazın dəlillərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 752.1, 752.3 və 753.4-cü maddələrinə istinad etmişdir. 12.Daha sonra cavabdeh etiraza əlavə verərək, qeyd etmişdir ki, iddiaçı tərəf məhkəməyə sübut olaraq yalnız sistem tərəfindən təsdiq olunan elektron qaimələrin və tərəflər arasında bağlanmış müqavilənin surətini təqdim etmişdir. Bununla da iddiaçı görülməmiş işlərlə bağlı öz iddia tələbini sübuta yetirməyə çalışmışdır. Lakin bildirirlər ki, sözügedən elektron qaimələr öz özlüyündə işlərin görülməsini birbaşa təsdiq etmir. Həmin elektron qaimələr işlərin görülməsini təsdiq edən digər sübutlarla birlikdə əlaqəli olaraq qiymətləndirilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Plenum Qərarı mövcuddur. X3 elektron qaimələrin sübut kimi qiymətləndirilməsinə dair Konstitusiya Məhkəməsi öz münasibətini bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı MMC tərəfindən qaldırılmış əsassız və qanunsuz iddia tələbinin rədd edilməsini xahiş edir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təhvil-təslim aktlarının olub-olmaması barədə məlumatı yoxdur. Aktların olmaması iddianın əsassız olmasına dəlalət etmir. Tərəflər arasında danışıqlar olub və bu danışıqlar yazışma formasında məhkəməyə təqdim edilib. Yazışmalar isə mötəbər sübut hesab edilməlidir. Bu müqavilə üzrə 90.000 manat əvəzinə cəmi 80.000 manat pul ödənilib. Bundan başqa tərəflərin razılaşması əsasında tərəflərindən əlavə xidmətlər göstərilmiş, bununla bağlı cavabdehə cəmi 12.000 manat məbləğində elektron qaimələr göndərilmiş və qaimələr əsasında 12000 manat pul cavabdeh tərəfindən ödənilmişdir. Ödənilməsini tələb etdikləri 10000 manat məbləğində xidmət haqqı ilə bağlı cavabdehə e-qaimələr göndərilmişdir. 10000 manat məbləğindən 5000 manat yanvar ayı üçün olan borcdur və 5000 manat işin sonunda ödəməli olan məbləğdir. Cavabdeh göndərilən e-qaimələri qəbul etmişdir, ləğvi ilə bağlı müraciəti olmamışdır.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil2 izahatında həmçinin bildirmişdir ki, iddiaçının elektron qaydada təqdim etdiyi yeni sənədlərlə tanış olmuşdur. Qeyd edir ki, qeyd edilən sənədlərin arasında xidmətlərin yerinə yetirilməsini təsdiq edən sənəd yoxdur. Təqdim edilən e-mail yazışmaları da birtərəfli sənəd kimi qiymətləndirilməlidir, çünki həmin e-maillara cavabdehin təsdiqedici cavabları olmayıb. Hesab edir ki, həmin sənədlərin arasında iş üçün əhəmiyyət kəsb edən hər hansı sənəd mövcud deyildir. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müəyyən xidmətlər göstərilib və göstərilən xidmətlərin dəyəri tərəflərindən ödənilmişdir. Bəli, 16 ay müddətində xidmətlər göstərilmişdir və bunun müqabiliində hər ay ödənişlər həyata keçirilmişdir. Xidmətlərin göstərilməsinin rəsimləşdirilməsi ilə bağlı bildirir ki, təhviltəslim aktları olsaydı, iddiaçı onları özü ilk növbədə təqdim edərdi. Tərəflər arasında olan işgüzar münasibətlərə əsasən işlər görüldükdən sonra e-qaimə göndərilirdi və onun əsasında ödəniş edilirdi. Əgər işlər görülsəydi yanvar ayında göndərilən e-qaimə üzrə heç olmasa cüzi bir ödəniş edilərdi. Yanvar ayı üçün onlara xidmət göstərilməmişdir və iş tamamlanmadığı üçün yanvar ayı üzrə və işin sonunda ödənilməli olan 5000 manat məbləğində pul əsaslı olaraq ödənilməmiş və ödənilməli deyil.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
20. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; - 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. - 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. - 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. - 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. - 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
23. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 oktyabr 2021-ci il tarixli X-007/2021 saylı xidmətlərin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən oktyabr 2021-dekabr 2022-ci il tarixləri arası dövrdə iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş layihənin planlanması, layihənin izlənməsi, nəzarət (Cost Control), görülmüş işlərə dair hesabatların hazırlanması və təqdim edilməsi və cizimlərə əsasən həcmlərin hesablanması xidmətləri göstərilmiş və həmin xidmətlərlə bağlı cavabdehə elektron qaimələr göndərilmişdir. cavabdeh tərəfindən isə sözügedən elektron qaimələr əsasında iş başlanarkən 5000 manat məbləğində pul vəsaiti və hər ay üçün 5000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin yanvar ayı üçün 5000 manat məbləğində xidmət haqqı və eləcə də müqaviləyə əsasən işin sonunda ödənilməli olan 5000 manat xidmət haqqı ilə bağlı elektron qaimələr göndərilmiş, lakin cavabdeh sözügedən qaimələr üzrə hər hansı ödəniş etməmişdir. Hazırda İddiaçı MMC sonuncu iki elektron qaimə üzrə ödənilməli olan 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə 2023cü ilin yanvar ayında cavabdeh tərəfindən xidmətlər göstərilmədiyindən və müqavilə üzrə işlər tamamlanmadığından yanvar ayı üçün 5000 manat məbləğində xidmət haqqının və işin sonunda ödənilməli olan 5000 manat məbləğində pul vəsaitin cavabdehə ödənilməli olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, 2023-cü ilin yanvar ayında xidmətlərin göstərilməsi və xidmətlərin tamamlanması faktlarını təsdiq etmək iddiaçı tərəfindən məhkəməyə yanvar ayında göstərilmiş xidmətlərin nəticələrinin (hesabatlar və s.) cavabdehin nümayəndələrinin rəsmi e-mail ünvanlarına (@hidro-insaat.com domenində açılmış e-maillər) göndərilməsi barədə yazışmaları və elektron qaimələri məhkəməyə təqdim etmişdir.
27. Bununla bağlı 2023-cü il yanvar ayında mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi barədə mötəbər sübutların (təhvil-təslim aktı və s.) məhkəmə təqdim edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mübahisəli müqavilə üzrə yanvar ayından əvvəlki 15 ay ərzində (oktyabr 2021-dekabr 2022-ci illər arası dövrdə) iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsi faktı işin mübahisəsiz halı olduğu halda cavabdeh həmin dövrdə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktının təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə o da təsdiqini tapır, əvvəlki aylar üzrə göstərilmiş xidmətlərin nəticələri (hesabatlar və s.) e-mail vasitəsilə cavabdehə göndərilmiş və həmin xidmətlərin dəyəri iddiaçı tərəfindən göndərilmiş elektron qaimə əsasında cavabdeh tərəfindən ödənilmişdir. Göstərilən hallar isə öz növbəsində tərəflər arasında xidmətlərin göstərilməsinin e-mail yazışmaları və elektron qaimələrlə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmasına dəlalət edir.
28. Eynilə cavabdehin xidmət müqaviləsi üzrə göstərilməli olan xidmətlər tamamlanmadığından işin sonunda ödənilməli olan 5000 manat məbləğində pul vəsaitin də ödənilməli olmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işlərin tamamlanması ilə bağlı 5000 manat məbləğində ödənişin aparılmasına dair iddiaçı tərəfindən cavabdehə elektron qaimə vurulmasına baxmayaraq iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qaiməni düzəliş üçün qaytarmamış, eləcə də həmin elekron qaiməyə dair iddiaçıya və ya Dövlət Vergi Xidmətinə hər hansı formada etiraz etməmişdir. Digər tərəfdən 2023-cü ilin yanvar ayından hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə göstərilmiş xidmətlərin tam şəkildə icra edilməməsi ilə bağlı xəbərdarlıq və ya müqavilənin ləğvi barədə bildiriş göndərilməmiş, müqavilədə nəzərdə tutulmuş xidmətlərin başa çatdırılmasını iddiaçıdan tələb edilməmiş, bundan əlavə cavabdeh iddiaya etirazında və nümayəndəsi məhkəmədə verdiyi izahatında da müqavilə üzrə hansı xidmətlərin başa çatdırılmamasını konkretləşdirməmişdir.
29. Odur ki, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeni rəhbər tutaraq hazırkı halda elektron qaimələrə digər sübutlarla (işgüzar e-mail yazışmaları və s.) birgə məcmu şəkildə qiymətləndirir və tərəflər arasında formalaşmış işgüzar praktikanı, eləcə də işin yuxarıda göstərilən diqqətəlayiq hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçı tərəfindən yanvar ayında cavabdehə xidmət göstərilməsi və bununla da müqavilə üzrə göstərilməli olan xidmətin yekunlaşması öz təsdiqini tapır.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 2023-cü ilin yanvar ayında göstərilmiş xidmətlərə görə 5000 və işin sonunda 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 10000 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 675,5 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür.
32. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin xidmət müqaviləsinə əsasən 10.000 manat məbləğində xidmət haqqının ödənilməsini 12 aya yaxın müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir illik müddət üçün illik 5 faiz hesabı ilə 500 məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 122,02 manat təşkil edir.
35. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
36. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07 oktyabr 2021-ci il tarixli X-007/2021 saylı xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 10.000 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 500 manat məbləğində faiz olmaqla cəmi 10500 manat, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva