Məhkəmə qərarları › İş №e-2-2(113)-348/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-348/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-348/2024 30.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 3500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 02/09 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçının göstərdiyi vergi və mühasibat sahəsində məsləhət xidmətlərinə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüş, həmçinin xidmətlərin göstərilməsinin müqavilənin tərkib hissəsi olan elektron qaimə-faktura ilə təsdiq edilməsi, xidmətlərin göstərilməsinə dair xidmət haqqının ayda 500 manat müəyyən edilməsi, müqavilənin şərtlərinin pozulması və yerinə yetirməməsi nəticəsində tərəflərin bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşımaları razılaşdırılmışdır. 2.2. Həmin müqavilə üzrə 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral və mart aylarında iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş və müqavilənin tərkib hissəsi olan elektron qaimə-fakturalar təqdim edilmişdir. İddiaçı tərəfindən xidmətlər göstərildikdən sonra təqdim edilmiş 2022-ci ilin sentyabr ayı üzrə EBCJ seriyalı 765159 nömrəli, oktyabr ayı üzrə EBCJ seriyalı 765155 nömrəli, noyabr ayı üzrə EBCJ seriyalı 765151 nömrəli, dekabr ayı üzrə EBCL seriyalı 534449 nömrəli, 2023cü ilin yanvar ayı üzrə EBCN seriyalı 569736 nömrəli, fevral ayı üzrə EBDA seriyalı 343429 nömrəli, mart ayı üzrə EBDC seriyalı 117000 nömrəli elektron qaimələr üzrə ümumilikdə 3500 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Halbuki elektron qaimə-fakturalar cavabdeh tərəfindən qəbul edilmiş və göstərilmiş xidmətlər barədə heç bir etiraz bildirilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən hər ay borcun ödəniləcəyi bildirilsə də, göstərilmiş xidmətlərin haqqı üzrə yaranmış borc ödənilməmişdir. 2.3. Ödənilməmiş 3500 manat borcun iddiaçıya 10 gün müddətində ödənilməsi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən tələb edilmişdir. Xəbərdarlıq məktubunun sonuncu tərəfindən alınmasına baxmayaraq, heç bir ödəniş edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında da cavabdeh iştirak etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, 10-1-ci və s. maddələri göstərilmişdir.

4. Mülki Prosessual Məcəllənin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli 02/09 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə vergi və mühasibatlıq məsləhətlərinin verilməsi xidmətini göstərmiş, lakin 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayına qədər olan dövr üçün heç bir ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 2023-cü ilin aprel ayından cavabdehə məktub yollanaraq xidmətlərin dayandırılacağı barədə xəbərdarlıq edilmiş və həmin ay da xidmətlər dayandırılmışdır.

6. Məhkəmənin göstərilən xidmətlərin məzmunu ilə bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, xidmətlər əsasən şifahi olaraq göstərilmişdir. Belə ki, cavabdehin nümayəndələri vergi və mühasibatlıq məsələləri ilə bağlı qarşılaşdıqları problemləri, sualları iddiaçıya bildirmiş, iddiaçının nümayəndələri həmin mövzularla bağlı izahlar vermişdir. Bütövlükdə xidmətin məzmunu vergi və mühasibatlıqla bağlı məsləhət və konsultasiya olmuşdur. Məsələn cavabdeh Naxçıvan Muxtar Respublikasında da taksi fəaliyyəti göstərməyi planlaşdırmış, muxtar respublikanın daxili vergi və mühasibatlıq qanunvericiliyi ilə bağlı, sahibkarlıq riskləri ilə əlaqədar izahlar verilmişdir. Bundan başqa aylıq və rüblük vergi bəyannamələrinin hazırlanmasında və yoxlanılmasında da iddiaçı iştirak etmişdir. Cavabdehin X1 Sistemindəki kabinetinə “Asan İmza” vasitəsilə iddiaçının əməkdaşları daxil olmuş, həmin kabinetdən bəyannamələr yoxlanılmışdır. Eyni zamanda cavabdeh müəyyən dövrlər ərzində bank hesablarından çıxarışları da iddiaçıya yollamış, daha sonra tərəflər arasında etimad münasibətləri yarandığından internet bank xidməti vasitəsilə cavabdehin bank hesablarından çıxarışları iddiaçı birbaşa əldə etmişdir. Həmçinin iddiaçı ilə cavabdehin əməkdaşlarının iştirak etdiyi vatsap qrupu olmuş, qrup vasitəsilə də cavabdehin sualları cavablandırılmışdır.

7. Cavabdehin hüquqi ünvanına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş (yerləşdirilmiş), cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmış, telefonoqram ötürülmüşdür.

8. Cavabdehin qanuni təmsilçisi Həsəni Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar xaricdə olduğundan əvvəlcə məhkəmə iclaslarının yanvar ayına təxirə salınmasını, daha sonra isə eyni səbəblərlə mart ayına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ərizələrə istinad olunan halları təsdiq edən sübut əlavə olunmadığını, cavabdehin hüquqi şəxs olduğunu, qanuni təmsilçisi iştirak edə bilmədiyi halda səlahiyyətli nümayəndəsinin iştirak edə biləcəyini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 01/09 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, «Sifarişçi» vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada vergi və mühasibatlıq sahəsində məsləhət xidmətləri göstərməyi öhdəsinə götürür (1.1). Xidmətlərin göstərilməsi Müqavilənin tərkib hissəsi olan elektron qaimə ilə təsdiq edilir (1.2). Xidmətin göstərilməsi Tərəflərin hazırkı Müqavilənin qüvvədə olduğu müddət ərzində həyata keçirilir (1.3). Vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsi müqavilənin qüvvədə olduğu müddət ərzində hər ay üzrə həyata keçirilir (2.1). «İcraçı» Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (2.2). «İcraçı»nın yerinə yetirdiyi işləri təsdiq edən elektron qaimə təsdiqləməklə (və ya sistem tərəfindən təsdiqləndikdə) «Sifarişçi» tərəfindən təhvil alınır (2.3). Vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsi üçün aylıq xidmət haqqının məbləği 500 manat müəyyən edilir (4.1). Xidmət haqqının ödənilməsi üçün «İcraçı» tərəfindən hər ay «Sifarişçi»yə elektron qaimə təqdim edilir. «Sifarişçi» elektron qaimə aldığı gündən 3 iş günü ərzində xidmət haqqını ödəməlidir. «Sifarişçi» 3 iş günü ərzində xidmət haqqını ödəmədikdə və ya tam ödəmədikdə gecikdirilmiş məbləğin hər gün üçün 1 faizi miqdarında «İcraçı»ya dəbbə pulu ödəməlidir (4.2). Hazırkı Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir (4.2). Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılır (4.3).

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCJ 765159 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) sentyabr ayı üçün 500 manat, xx.xx.2022-ci il tarixli EBCJ 765155 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) oktyabr ayı üçün 500 manat, xx.xx.2022-ci il tarixli EBCJ 765151 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) noyabr ayı üçün 500 manat, xx.xx.2022-ci il tarixli EBCL 534449 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) dekabr ayın üçün 500 manat, xx.xx.2023-cü il tarixli EBCN 569736 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) yanvar ayı üçün 500 manat, xx.xx.2023-cü il tarixli EBDA 343429 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) fevral ayı üçün 500 manat, xx.xx.2023-cü il tarixli EBDC 117000 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) mart ayı üçün 500 manat dəyərində (ümumilikdə 3500 manat) xidmətin göstərilməsi üçün rəsmiləşdirilmişdir.

14. İş materiallarına əlavə edilən və məhkəmənin baxış iclasında tədqiq edilən vatsap danışıqlarından görünür ki, vatsapda müvafiq funksionallıq vasitəsilə “Ride group – İCS” adlı qrup formalaşdırılmış, qrupda cavabdehin nümayəndəsi kimi Aysel Alməmmədova (qrup idarəçisi, ***-***-**-**) adlı şəxs, iddiaçının nümayəndələri kimi Cavid, Ramin, Nizami (məhkəmə iclasında iştirak edən nümayəndə, ***-***-**-**), “Your Ofis” (iddiaçının ofisinin ümumi nömrəsi) kimi şəxslər olmuşdur. Yazışmaların məzmununda cavabdehin nümayəndəsinin cavabdehin bank hesablarından çıxarışlar təqdim etməsi, kameral vergi yoxlaması barədə, vergi, məcburi dövlət sosial sığorta haqqı ilə əlaqədar məlumatlar soruşması, elektron vergi kabinetinə daxil olarkən qarşıya çıxan problemlərlə bağlı izahlar istəməsi, “Asan İmza” ilə bağlı suallar ünvanlaması, sürücülərin müqavilə layihələri ilə bağlı işlər barədə məlumat alması, vergi bəyannamələri ilə bağlı razılıq əldə etməsi və s. əks olunmuşdur.

15. Həmçinin cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ45PAHA40060AZNHC********** nömrəli bank hesabından xx.xx.2020 – xx.xx.2020-ci il, xx.xx.2022 – xx.xx.2022-ci il dövrlərini əhatə edən çıxarışlar iş materiallarına əlavə edilmişdir.

16. Məhkəməyə təqdim edilən X1 Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə ünvanlanmış məktubdan görünür ki, ödənilməmiş 3500 manat borcun iddiaçıya 10 gün müddətində ödənilməsi tələb edilmiş, qeyd olunan müddət ərzində borc ödənilmədikdə borcun vaxtında ödənilmədiyinə görə əldən çıxmış faydanın və dəymiş zərərin məcburi qaydada tutulması məqsədilə məhkəməyə müraciət ediləcəyi və göstərilən xidmətin dayandırılacağı cavabdehin nəzərinə çatdırılmışdır.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 sentyabr 2022-ci il tarixli 01/09 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada vergi və mühasibatlıq sahəsində məsləhət xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilə ilə xidmətlərin göstərilməsinin elektron qaimə ilə təsdiq olunması razılaşdırılmış, elektron qaimə təsdiqləndikdə və ya sistem tərəfindən təsdiqləndikdə xidmətlərin cavabdeh tərəfindən təhvil alındığı şərtləşdirilmişdir. Qeyd edilən müqavilə 2023-cü ilin aprel ayından birtərəfli qaydada ləğv edilmişdir.

18. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyəri olan 3500 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim olunmuş bütün sübutlarla tanış olmaq və iddiaya etiraz, sübutlar təqdim etmək imkanına malik olmasına baxmayaraq, xidmətlərin dəyərinin ödənilməsi və ya xidmətlərin göstərilməməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmir və iddiaya heç bir etiraz vermir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 01/09 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

28. Məhkəmə bildirir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

29. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

30. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

31. Belə ki, iddiaçı öz öhdəliklərini icra etmiş və razılaşdırılmış xidmətləri göstərmişdir. Tərəflər arasındakı razılaşmaya müvafiq olaraq xidmətlərin göstərilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli EBCJ 765159, xx.xx.2022-ci il tarixli EBCJ 765155, xx.xx.2022-ci il tarixli EBCJ 765151, xx.xx.2022-ci il tarixli EBCL 534449, xx.xx.2023-cü il tarixli EBCN 569736, xx.xx.2023-cü il tarixli EBDA 343429 və xx.xx.2023-cü il tarixli EBDC 117000 seriya və nömrəli elektron qaimələr tərtib edilmiş, xidmətlərin təhvil alınmasını qaydasına uyğun olaraq həmin elektron qaimə-fakturalar sistem tərəfindən təsdiq edilmiş (01 sentyabr 2022-ci il tarixli 01/09 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2 və 2.3-cü bəndləri), lakin cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini ödəməmişdir. Belə olan halda, iddiaçının 01 sentyabr 2022-ci il tarixli müqavilənin 4.1 və 4.2-ci bəndindən irəli gələn hüququnu realizə edərək cavabdehdən xidmət haqqını təşkil edən 3500 manat pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

38. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 3500 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01505 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

40. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-348/2024 nömrəli qərardadı ilə artıq ödənilmiş 55 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmışdır.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

43. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

44. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Belə olan halda məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 3500 (üç min beş yüz) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar