Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3491/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü il 1 sentyabr tarixli OL-039-24 nömrəli müqaviləyə əsasən 18000 (on səkkiz min) manat və 2024-cü il 7 oktyabr tarixli OL-055-24 nömrəli müqaviləyə əsasən 12000 (on iki min) manat, ümumilikdə 30000 (otuz min) manat borcun və 180 (bir yüz səksən) manat dövlət rüsumunun, cəmi 30180 (otuz min yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2024-cü il 1 sentyabr tarixli OL-039-24 nömrəli və 2024-cü il 7 oktyabr tarixli OL-055-24 nömrəlikənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqavilələrə əsasən 3 ədəd JD- 9970 markalı pambıqyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam şəkildə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2024-cü il 1 sentyabr tarixli OL-039-24 nömrəli müqaviləyə əsasən 27000 (iyirmi yeddi min) manat öhdəliyindən 9000 (doqquz min) manat məbləğində ödəniş yerinə yetirilmiş və 18000 (on səkkiz min) manat məbləğində borcu qalmış, 2024-cü il 7 oktyabr tarixli OL-055-24 nömrəli müqaviləyə əsasən 12000 (on iki min) manat öhdəliyindən heç bir ödəniş yerinə yetirməmiş və 12000 (on iki min) manat məbləğində borcu qalmışdır. Beləliklə, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd edilən müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 30000 (otuz min) manat məbləğində yerinə yetirmədiyi borc öhdəliyi mövcuddur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.2-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Kazımov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə heç bir ödəniş edilməmişdir. Hazırda lizinq obyektləri cavabdehin sahiblik və istifadəsindədir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, yazılı ərizə yazıb məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2024-cü il tarixli OL-039-24 nömrəli müqaviləyə əsasən lizinq verən balansında olan kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinq alanın istifadəsinə verir.
8. Müqavilənin 1.3-cü bəndinə əsasən istifadəçi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ödənişi 50%-ni avans, digər 50%-ni isə xx.xx.2024-cü il tarixindən gec olmayaraq istifadəyə verənə ödəyir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən texnikaya mülkiyyət hüququ iddiaçıya məxsusdur. Bu müqavilənin qüvvədə olduğu müddətdə lizinq alan (istifadəçi) texnikadan müvəqqəti istifadə hüququna malikdir.
10. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2024-cü il tarixli OL-055-24 nömrəli müqaviləyə əsasən lizinq verən balansında olan kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinq alanın istifadəsinə verir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən istifadəçi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ödənişi 50%-ni avans, digər 50%-ni isə xx.xx.2024-cü il tarixindən gec olmayaraq istifadəyə verənə ödəyir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən texnikaya mülkiyyət hüququ iddiaçıya məxsusdur. Bu müqavilənin qüvvədə olduğu müddətdə lizinq alan (istifadəçi) texnikadan müvəqqəti istifadə hüququna malikdir.
13. xx.xx.2024-cü il tarixli akta görə JD-9970 nömrəli, buraxılış ili 2017 olan (şassi, zavod nömrəsi 25199) pambıq kombaynı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt iddiaçı və cavabdehin möhür və imzaları ilə təsdiq edilmişdir.
14. 04.10.2024-cü il tarixli akta görə JD-9970 nömrəli, buraxılış ili 2018 olan (şassi, zavod nömrəsi 30437) pambıq kombaynı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt iddiaçı və cavabdehin möhür və imzaları ilə təsdiq edilmişdir.
15. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə xx.xx.2024-cü il tarixli OL-039-24 nömrəli müqavilə üzrə cavabdehin borcu 18000 manat təşkil edir.
16. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə xx.xx.2024-cü il tarixli OL-055-24 nömrəli müqavilə üzrə cavabdehin borcu 12000 manat təşkil edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli OL-039-24 nömrəli və xx.xx.2024-cü il tarixli OL-055-24 nömrəli izinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələr ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilələrin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmiş, OL-055-24 nömrəli izinq müqaviləsi üzrə 12000 manat, OL-039-24 nömrəli lizinq müqaviləsi üzrə 18000 manat borcunu hazırkı günədək ödəməmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
21. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli OL-055-24 nömrəli və xx.xx.2024-cü il tarixli OL-039-24 nömrəli izinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, OL-055-24 nömrəli müqavilə üzrə 12000 manat, OL-039-24 nömrəli müqavilə üzrə 18000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 180 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən OL-055-24 nömrəli müqavilə üzrə 12000 manat, OL-039- 24 nömrəli müqavilə üzrə 18000 manat məbləğində pul, 180 manat dövlət rüsumu, ümumilikdə 30180 (otuz min bir yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova