Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3492/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun nümayəndəsi Nümayəndə, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istismar xərci üzrə 20.767 manat, enerji təchizatı və kommunal xidmətlər üzrə borc 26.723,62 manat olmaqla, cəmi 47.490,62 manat debitor borcun, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərcinin və 33 manat dövlət rüsumunun iş üzrə Cavabdeh MMC-dən tutularaq Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodu ilə Cavabdeh MMC arasında münasibətlər “Birgə fəaliyət haqqında” bağlanmış xx.xx.2009-cu il tarixli, 161 nömrəli (daha sonralar xx.xx.2011-ci il tarixi, 68 saylı müqavilə ilə əvəz edilib) və “Enerji təchizatı və kommunal xidmətlər üzrə” xx.xx.2009-cu il tarixli, 56 nömrəli müqavilələr üzrə yaranmışdır. Cavadeh tərəfindən öhdəliklərin vaxtında və tam yerinə yetrilməməsi səbəbi ilə onun xx.xx.2012-ci il tarixə debitor borcu birgə istifadəyə verilmiş əmlakdan əldə edilən gəlirə görə 20767.00 manat və enerji təchizatı və kommunal xərclərə görə 26723.62 manat olmaqla, cəmi 47490.62 manat təşkil etmişdir. Birgə fəaliyyətdən əldə edilmiş gəlirə, həmçinin enerji təchizatına və kommunal xərclərə görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, “Bidgə fəaliyət haqqında” xx.xx.2009-cu il tarixli, 161 nömrəli, həmçinin 01.9.2011-ci il tarixli 68 saylı Müqavilənin 2.2-ci bəndinə əsasən, Cavabdeh MMC hər ay 926.27 manat (ƏDV daxil1093.00 manat) istismar xərcini hər ayın əvvəlindən 10 gün müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödənilməlidir. Lakin istismar xərci də tam ödənilmədiyindən xx.xx.2012-ci il tarixə cavabdehin Zavoda ƏDV daxil 20767.00 manat debitor borc yaranmışdır. “Enerji təchizatı və kommunal xidmətlər üzrə” xx.xx.2009-cu il tarixli, 56 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh MMC hər hesabat ayından sonra 10 gündən gec olmayaraq xəcləri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödəməlidir. Lakin enerji təchizatı və kommunal xidmətlər üzrə borc tam ödənilmədiyindən cavabdehin xx.xx.2012-ci il tarixə iddiaçıya ƏDV daxil 26723.62 manat debitor borcu yaranmışdır. Yekun olaraq müqavilələr üzrə cəmi borc (20767.00 manat + 26723.62 manat) 47 490.62 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iddiaya etirazını bildirmiş və iddia müddətinin keçdiyini qeyd edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli, 161 nömrəli bundan sonra xx.xx.2011-ci il tarixli “Birgə fəaliyyət haqqında” və xx.xx.2009-cu il tarixli, 56 nömrəli “Enerji təchizatı və kommunal xidmətlər üzrə” müqavilələr bağlanmışdır.
9. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2011-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin məzmununa diqqət yetirildikdə aydın olur ki, qeyd edilmiş müqavilələr üzrə cavabdeh zavodun karbon qazı və buxara olan tələbatını ödəmək üçün zavod ərazisində olan karbon qazı istehsal sahəsini işlətməyi öz üzərinə götürmüşdür.
10. Müqavilənin 2.2-ci bəndindən göründüyü kimi Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna istismar xərci olaraq aylıq 1.093 manat ödəməyi öhdəsinə götürmüşdür.
11. Digər xx.xx.2009-cu il tarixli, 56 nömrəli “Enerji təchizatı və kommunal xidmətlər üzrə” müqavilə isə Cavabdeh MMC-nin fəaliyyət göstərən zaman istifadə etdiyi kommunal ödənişlərin ödənilməsi ilə bağlıdır.
12. Məhkəmə qeyd edir ki iddia ərizəsindən də, göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən borc məhz 2012-ci ilin dekabr ayındək yaranmış borcudur.
13. İş materiallarında olanCavabdeh MMC tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanlanmış 2014-cü ilin dekabr ayında verilmiş və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmş məktubdan görünür ki, Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna 2010-2012-ci illər ərzində zavoda istifadə haqqı, istismar və kommunal xidmətlərə grə cəmi 47.490,62 manat borcunun olduğunu etiraf etmişdir.
14. Həmçinin iş materiallarında olan xx.xx.2015-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna 47.490,62 borcunun olduğunu etiraf etmişdir.
15. Ona görə də, Məhkəmə hesab edir ki, həqiqətəndə 2012-ci ilin dekabr ayınacan cavabdehin ödənilməmiş cəmi 47.490,62 borcu qalmışdır.
16. Belə olan halda, Məhkəmə hesab edir ki, bundan sonra cavabdehin iddia müddətinin keçməsi barədə ərizəsinə qiymət verilməlidir.
17. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
18. İşdən də göründüyü kimi, iddiaçının tutulmasını tələb etdiyi borc məbləği 2012ci ilin dekabr ayınadək olan tarixi əhatə edir və cavabdeh tərəfindən sonuncu dəfə borcun etiraf edilməsinə yönəlmiş hərəkət xx.xx.2015-ci il tarixli üzləşmə aktını imza edilməklə edilmişdir.
19. İddiaçı isə mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixində yəni, qeyd edilmiş borcun hesablandığı tarixdən təxmini 11 il sonra, sonuncu etiraf edici hərəkətdən isə 8 il sonra edilmişdir.
20. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik münasibətləri məhz müqavilə əsasında yarandığından Mülki Məcəllənin müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilməlidir.
21. Göründüyü kimi, borcun hesablandığı və cavabdeh tərəfindən edilmiş sonuncu etiraf edici hərəkət tarixindən qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçmişdir.
22. İddiaçı tərəfin isə Məhkəmə iclasında səsləndirdiyi 2015-ci ildən 2020-ci ilədək borcun tələb edilməsi ilə bağlı pretenziya məktublarının göndərilməsi iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas vermir.
23. Beləliklə iddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
24. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov