Məhkəmə qərarları › İş №e-2-2(113)-35/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-35/2023

17.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-35/2023 17.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçısinin Cavabdeh Firmasına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçısi Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin zəbt edilmiş 32 sotundan çıxarılması və mübahisəli torpaq sahəsinin zəbt olunan 32 sotunun üzərində cavabdeh tərəfindən inşa olunan tikililərin onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətinə gətirilməklə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçısi xx.xx.1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyatına alınmaqla fəaliyyət göstərir. Vəfa” X7 əvvəllər 1992-ci ildə İddiaçı kooperativi əsasında yaradılmışdır. Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 1/22 saylı qərarı ilə Bakı şəhəri, Kirov rayon Sovetinin xx.xx.1989-cu il tarixli, 01-7/3443 nömrəli məktubuna əsasən Bakı şəhəri Kirov (Binəqədi) rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsi tikinti materiallarının istehsalı məqsədilə İddiaçı Kooperativinin istifadəsinə verilmişdir. Bakı şəhər İcraiyyə Komitəsi Baş Arxitektura-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixli, 90/16 nömrəli Akt tərtib olunaraq, İddiaçı istehsalat kooperativinə tikinti bazası üçün ayrılmış, Bakı şəhəri, Binəqədi qəsəbəsi 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsinin sərhədləri və daimi cizgiləri naturada müəyyən edilmişdir. Bundan sonra Bakı şəhər İcraiyyə Komitəsi Baş Arxitektura-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixli İddiaçı istehsalat kooperativinə ayrılmış torpaq sahəsinin Tikinti pasportu təsdiq edilmişdir. İddiaçısi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsində tikinti materiallarının istehsalı və satışını həyata keçirir. 2004-cü ilin oktyabr ayında qanuni istifadəsində olan 1.1 hektar torpaq sahəsinin 44 sotunu qarşılıqlı razılaşma əsasında Cavabdeh Firmasının təsisçiləri və X1 və istifadəsinə vermişdir. Bundan sonra Cavabdeh Firmasının təsisçiləri 44 sot torpaq sahəsində qeyri-yaşayış binası inşa etmiş və mərmər istehsalı fəaliyyəti ilə məşğul olmuşlar. Lakin sonradan, yəni 2006-cı ildən başlayaraq Cavabdeh Firmasının rəhbərliyi İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin əlavə 32 sotunu da zəbt edərək, orada əlavə tikililər inşa etməyə başlamış və depo kimi istifadə etmişdir. Bundan başqa, Cavabdeh Firması torpaq sahəsinə çirkab suları axıtmağa başlamışdır ki, bu da torpaq sahəsi və ərazinin çirklənməsinə səbəb olmuşdur. Dəfələrlə cavabdeh firmanın rəhbərliyindən zəbt etdiyi 32 sot torpaq sahəsini boşaltmağı və çirkab sularının axıdılmasının qarşısını almağı tələb etsələr də, onlar buna əhəmiyyət verməmiş və öz qanunsuz hərəkətlərini davam etdirmişlər. İddiaçı tərəf bununla bağlı Binəqədi rayon Polis İdarəsinə də şikayət ərizəsi vermişdir və RPİ-nin istintaq şöbəsində iş araşdırılmaqdadır. Hesab edirlər ki, Cavabdeh Firmasının qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdeh firma İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin 32 sotundan çıxarılmalı və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər onun tərəfindən sökülməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh Firması tərəfindən zəbt edilmiş torpaq sahəsi İddiaçısinə məxsus olan sahəyə daxil deyildir. Həmin sahə yol tərəfində olan və dövlətə məxsus torpaq sahəsidir. İddiaçı həmin sahə üzrə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Həmçinin iddia tələbini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikası uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında 24 iyun 1996-cı il tarixli, ******* saylı Şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı Kiçik Müəssisəsinə məxsusdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 788 nömrəli məktubda Bakı şəhəri X11 İcra Komitəsinin 1/22 nömrəli qərarından arxiv çıxarışı edilmişdir. Həmin qərarda qərara alınmışdır ki, 6) Kirov rayonu, Binəqədi qəsəbəsi, keçid 1288-in cənub-qərbində tikinti materialları istehsalı üçün İddiaçı koopeıativinə istehsal bazası ayırılması barədə Kirov Rayon İcraiyyə Komitəsinin (xx.xx.1989-cu il tarixli 01- 7/3443 nömrəli məktub) xahişi təmin edilsin; 14.1. Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırıqları vaxtında və qaydasında yerinə yetirilsin; 14.2. Sahə düzgün qəbul edilsin, mühafizə olunsun, sanitar vəziyyətinə nəzarət edilsin; 14.3. Ərazinin və obyektin memarlıq və planlaşdırma təşkilatının eskiz layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə iş qaydasında razılaşdırılsın; 14.4. Layihə təşkilatı tərəfindən layihə-axtarış işləri aparılarkən aşkarlanmayan mühəndis kommunikasiyalarının aşkarlanması təqdirdə, baş planın hazırlanmasına başlamazdan əvvəl çıxarılma yolunun mövcudluğu barədə müvafiq təsdiqlənməsi ilə Baş Memarlıq və Şəhərsalma İdarəsinə bildirilsin; 15) Rayon İcraiyyə Komitələrinin nəzarəti gücləndirilsin və ayrılmış ərazilərin icazəsiz ələ keçirilməsinin qarşısının alınması və sanitar vəziyyətinə nəzarət edilməsi üçün tədbirlər görülsün. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh Firmasına ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********11 nömrəli məktubda qeyd eidlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti üzərində hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi dövlətə məxsus torpaq sahəsinin satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Bununla əlaqədar bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin cənub-şərq hissəsi, 1288-ci keçid ünvanında mülkiyyətinizdə olan qeyri-yaşayış binasının yerləşdiyi 5240.0 kv.m torpaq sahəsi satın alınması məqsədilə sizə təklif olunur. Torpaq sahəsinin satın alınmasına razılıq bildirdiyiniz halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Hazırda dövlət mülkiyyətində olan torpaq sahələrinə tələbatın artması ilə əlaqədar mövcud torpaqlardan qənaətlə istifadə edilməsinin təmin edilməsi, tələbatlarından artıq və faktiki olaraq istifadə olunmayan torpaq sahələrinin geri alınması, dövlətə məxsus torpaqlardan daha səmərəli istifadəsinin təşkili məqsədi ilə onların yeni investorlara təklif olunması, torpaqların özəlləşdirilməsinin təşkili prioritet hesab olunan əsas məsələlərdir. Bir daha nəzərinizə çatdırılır ki, investorların bu bölgədə torpaq sahələrinə maraq və tələbatını, torpaq bazarında mövcud reallıqları nəzərə alaraq hazırda istifadənizdəki dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi məqsədəuyğun hesab edilir. Odur ki, bu məktubun təqdim edildiyi tarixdən 3 gün müddətində torpaq sahəsinin satın alınması üçün müraciət etməyiniz zəruridir. Göstərilən müddətdə münasibət bildirilmədikdə bu, bilərəkdən dövlət mülkiyyətində olan torpaq sahəsindən əsassız istifadə etməklə dövlət büdcəsinə zəruri daxilolmalardan yayınma kimi qəbul edilərək, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunacaqdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-06200 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/22 saylı qərarı ilə İddiaçı istehsalat kooperativinə ayrılmış torpaq sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsi Baş Arxıtektura-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1990cı il tarixdə təsdiq edilmiş Tikinti pasportunun arxiv arayışının hansı qurum tərəfindən verilməli olduğuna dair məlumatın və qeyd edilən tikinti pasportunun arxiv arayışının verilməsinə dair xx.xx.2021-ci il tarixli, H/69-190 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli Qanununun 6.9-cu maddəsinə əsasən müraciət edən şəxs müraciətində edilən təklifi və ya tələbi aydın ifadə etməlidir. Qanunun tələblərinə uyğun olaraq müraciət olunduğu təqdirdə sözügedən məsələyə baxılacaqdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarliq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-02617 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 1/22 nömrəli Qərarı ilə “Vəfa" kooperativinə ayrılmış torpaq sahəsinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin Baş Arxitektura-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixdə təsdiq edilmiş tikinti pasportunun arxiv arayışının surətinin verilməsi barədə Sizin xx.xx.2021-ci il tarixli 21/56-190 nömrəli müraciətinizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən arxiv arayışının verilməsi həyata keçirilmir. - İddiaçı tərəfindən iş materiallarına “Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İddiaçı Kiçik Müəssisəsinin ölçü cizgiləri” adlı sənəd əlavə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı istehsalat kooperativinə (indiki adı İddiaçısi) ayrılmış Bakı şəhəri, Kirov (Binəqədi) rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 0,1 ha torpaq sahəsinə dair təqdim edilmiş cizgidə dəqiq istinad nöqtələrindən məsafə göstərilmədiyi üçün sözügedən torpaq sahəsinin yerləşmə yeri və sərhədlərini müəyyən edilməsi mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsi tərəfindən tanıdılan 0,4287 ha torpaq sahəsinin ölçülərək koordinatları müəyyən edilmişdir. Cavabdeh Firmasının yerləşdiyi torpaq sahəsi 0,5215 ha təşkil edir. 1,1 ha torpaq sahəsinə dair təqdim edilmiş cizgidə dəqiq istinad nöqtələrindən məsafə göstərilmədiyi üçün 0,5215 ha sahənin bütünlüklə və ya qismən İddiaçı X10 ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini və İddiaçı Kiçik Müəssisəsinin istifadəsinə verilmiş 1,1 ha torpaq sahəsinin 0,44 ha hissəsindən əlavə 0,32 ha hissəsinin Cavabdeh Firması tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı X8 istifadəsinə verilmiş 1,1 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması iddia olunan və naturada iddiaçının nümayəndəsi tərəfindən tanıdılmış 0,32 ha torpaq sahəsi Cavabdeh Firmasının faktiki istifadəsində olan hasarlanmış və daxilində tikililər inşa edilmiş 0,5215 ha torpaq sahəsinin daxilində yerləşir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7467 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı istehsalat kooperativinə (indiki adı X12) ayrılmış Bakı şəhəri, Kirov (Binəqədi) rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1,1 ha torpaq sahəsinə dair təqdim edilmiş cizgidə dəqiq istinad nöqtələrindən məsafə göstərilmədiyi üçün sözügedən torpaq sahəsinin yeri və sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı Kiçik Müəssisəsinin faktiki istifadəsində 0,4287 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İddiaçı istehsalat kooperativinə (indiki adı X12) ayrılmış Bakı şəhəri, Kirov (Binəqədi) rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1,1 ha torpaq sahəsinin və həmin 1,1 ha torpaq sahəsindən qarşılıqlı razılaşma ilə Cavabdeh Firmasının istifadəsinə verilmiş 0,44 ha hissəsinin sənəd üzrə sərhədlərini naturada müəyyən etmək mümkün olmadığından, Cavabdeh Firmasının yerləşdiyi torpaq sahəsinin İddiaçısinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Eləcə də, İddiaçısinin istifadəsinə verilmiş 1,1 ha torpaq sahəsinin 0,44 ha hissəsindən əlavə 32 sot hissəsinin Cavabdeh Firması tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ölçü işləri nəticəsində Cavabdeh Firmasının faktiki istifadəsində 0,5215 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/22 saylı qərarı ilə Bakı şəhəri, Kirov rayon Sovetinin xx.xx.1989-cu il tarixli, 01-7/3443 nömrəli məktubuna əsasən Bakı şəhəri Kirov (Binəqədi) rayonu, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsi tikinti materiallarının istehsalı məqsədilə İddiaçı Kooperativinin istifadəsinə verilmişdir. Bakı şəhər İcraiyyə Komitəsi Baş Arxitektura-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixli, 90/16 nömrəli akt tərtib olunaraq, İddiaçı istehsalat kooperativinə tikinti bazası üçün ayrılmış, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1288-ci məhəllədə yerləşən 1.1 ha torpaq sahəsinin sərhədləri və daimi cizgiləri naturada müəyyən edilmişdir. Bundan sonra Bakı şəhər İcraiyyə Komitəsi Baş Arxitektura-Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixli İddiaçı istehsalat kooperativinə ayrılmış torpaq sahəsinin tikinti pasportu təsdiq edilmişdir. Sonradan iddiaçı istifadəsində olan 1.1 hektar torpaq sahəsinin 44 sotunu qarşılıqlı razılaşma əsasında Cavabdeh Firmasının sahibliyinə və istifadəsinə vermişdir. Halhazırda İddiaçısi, Cavabdeh Firmasının onun, yəni İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin əlavə 32 sotunu da zəbt etdiyini iddia edərək, hazırkı – Cavabdeh Firmasının İddiaçısinin sahibliyində və istifadəsində olan 1.1 ha torpaq sahəsinin zəbt edilmiş 32 sotundan çıxarılması və mübahisəli torpaq sahəsinin zəbt olunan 32 sotunun üzərində cavabdeh tərəfindən inşa olunan tikililərin onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətinə gətirilməklə geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və yuxarıda qeyd edilən məzmunda rəy verilərək, yekun olaraq İddiaçısinin istifadəsinə verilmiş 1,1 ha torpaq sahəsinin 0,44 ha hissəsindən əlavə 32 sot hissəsi Cavabdeh Firması tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə icraatının gedişində cavabdeh nümayəndəsi və vəkili iddiaçı tərəfindən iddia tələbində qeyd edilən halları təkzib edərək cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir torpaq sahəsinin zəbt olunmadığını bildirmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində iddia etdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçısindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçısindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar