Məhkəmə qərarları › İş №e-2-2(113)-3508/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3508/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3508/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı "müqavilə üzrə ödənilməmiş borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, pul tələbi) X6 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən tərəflər arasında bağlanılmış 30/23 nömrəli müqavilə üzrə 2378,88 manat və ödənilmiş 121,96 manat dövlət rüsumunun, ümumilikdə 2500,84 manat pul vəsaitinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1İnstitutuna müraciət edilərək, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən 6,23 ha torpaq sahəsində tikilən yaşayış kompleksinin ərazisində inşa olunan 1 və 2 saylı yaşayış binalarının 3-5-ci mərtəbələrinin tikintisində istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında 30/23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 10652,80(On min altı yüz əlli iki manat 80 qəpik ) manat olan 30/23 nömrəli müqavilə üzrə 10652,80 (On min altı yüz əlli iki manat 80 qəpik) manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 442, 448-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia tələbini 2378,88 manat məbləğində qəbul edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı" Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında bağlanmış 30/23 nömrəli xx.xx.2023-cü il tarixli sınaq işlərinin aparılmasına dair müqavilənin predmetindən görünür ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən 6,23 ha torpaq sahəsində tikilən yaşayış kompleksinin ərazisində inşa olunan 1 və 2 saylı yaşayış binalarının 3-5-ci (+ mansard) mərtəbələrinin tikintisində istifadə olunan betonun 7 və 28 gün bərkimə müddətində və konstruktiv elementlərdə naturada 28 gün bərkimə müddətində möhkəmliyinin, təqdim edilən armaturun və ehtiyac olduğu halda inşaat məhlullarının, eləcə də digər tikinti materiallarının və məmulatların fiziki- mexaniki göstəricilərinin təyin edilməsini «İcraçi» öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən 3.1. Yaşayış binalarının 3-5-ci (+ mansard) mərtəbələri üzrə cəmi sınaq sahəsi - 6269,04 m2'dir, o cümlədən:Bina-1 (3, 4 və 5-ci mərtəbələr) üzrə - 2375,32 m2; Bina-2 (3, 4 və 5-ci mərtəbələr) üzrə - 3893,72 m2; Sınaq işlərinin qiyməti hər 1 (bir) m2 sınaq sahəsi üçün - 1,44 AZN (bir manat, 44 qəpik) dəyərində razılaşdırılır və bu müqavilənin 2.1. bəndi üzrə ümumi qiyməti (ƏDV-siz) - 9027,42 manat təşkil edir,ƏDV-18% 1624,93 manat cəmi:10652,35 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Sifarişçi” bu Müqavilənin 2.1-ci bəndi üzrə görüləcək sınaq işlərinə görə “İcraçı”nın hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər “İcraçı” tərəfindən yerinə yetirildikdən sonra “Sifarişçi” onları təhvil-qəbul aktı ilə qəbul edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 2.1-ci bəndi üzrə müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır. Müqavilənin 3.6-cı bəndinə əsasən “İcraçı” tərəfindən “Sifarişçi”yə 2 (iki) nüsxədə təqdim olunmuş təhvilqəbul aktı 3 (üç) iş günü müddətində təsdiq olunaraq, 1 (bir) nüsxəsi “İcraçı”ya təhvil verilməlidir. Təhvil-qəbul aktı təsdiq edilib qeyd olunan müddətdə təqdim edilmədikdə sınaq işləri qəbul edilmiş hesab olunur və “Sifarişçi” ödənişin həyata keçirilməsini öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli 30/23 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 603/23 nömrəli xx.xx.2023-cü il tarixli Yoxlama sınaq işlərinin təhvil-qəbulu üçün akta əsasən Bakı şəhəri, Gəncə səhəri,Azərbaycan Bayrağı küçəsində yerləşən 1 və 2 saylı yaşayış binalarının 3-5- ci(+mansard) mərtəbələrinin tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəriciləri yoxlanılmış, görülən işlərin dəyəri 10652,35 manat müəyyən edilmiş və "xxxx" MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli 30/23 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 2040/23 nömrəli xx.xx.2025-ci il tarixli Yoxlama sınaq işlərinin təhvil-qəbulu üçün akta əsasən Bakı şəhəri, Gəncə səhəri,Azərbaycan Bayrağı küçəsində yerləşən 1 və 2 saylı yaşayış binalarının 3-5- ci(+mansard) mərtəbələrinin tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəriciləri yoxlanılmış, görülən işlərin dəyəri 2378,88 manat müəyyən edilmiş və "xxxx" MMC tərəfindən təhvil alınmışdır. 22 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 30/23 saylı müqavilə üzrə sınaq işlərinə görə ümumi ƏDV-18% daxil olmaqla 10652,80 manat dəyərində müqavilə bağlanıb. xx.xx.2025-ci il tarixədək həmin müqavilə üzrə ödəniş olunmayıb. Sifarişçinin görülmüş işlərə görə (ƏDV-18%)-ilə birlikdə - 10652,80 manat borcu qalıb. xx.xx.2025-ci il tarixli ***-*******-8 saylı ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən dövlət büdcəsinə 121,96 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2023-cü il tarixli 30/23 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq, cavabdehin yerinə yetirdiyi tikinti-quraşdırma işlərində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyaların layihəyə uyğunluğunun müəyyən etməyi öhdəsinə göstərməyi, cavabdeh isə görülmüş işlərin və xidmətlərin dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, 2378,88 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (elektron qaimə, xidmətlərin göstərildiyini təsdiqləyən aktlar) da təsdiq olunur. Həmçinin cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında həmin məbləği qəbul etmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə avtokran xidmətinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 2378,88 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2378,88 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43,79 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2378 (iki min üç yüz yetmiş səkkiz) manat 88 (səksən səkkiz) qəpik pul vəsaiti və ödənilmiş 43 (qırx üç) manat, 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı S.Ə.Dadaşov adına ElmiTədqiqat və Layihə-X1 İnstitutunun xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar