Məhkəmə qərarları › İş №e-2-2(113)-353/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-353/2025

05.12.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-353/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “xxxx X2 ve Satıs Ticaret” A.S-nin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi cəlb edilməklə) əmtəə nişanından istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmtəə nişanlarından qanunsuz istifadə edilməsi, əmtəə nişanlarından istifadənin qadağan edilməsi, kompensasiya tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “xxxx X2 ve Satıs Ticaret” A.S-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi cəlb edilməklə) əmtəə nişanından istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “xxxx X3 ve Satış Ticaret” A.S.” Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadənin Cavabdeh qadağan olunması, o cümlədən Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, ev xx sahə ünvanında yerləşən mağazanın girişindən, reklam lövhələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının sökülməsi, “İnstagram”, “TikTok” sosial şəbəkədə və Google Maps-da (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə “Trendyol” və «brendyol” söz nişanları və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması; iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 (əlli min) manat kompensasiya və məhkəməyə müraciət etmək üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx X2 X6 A.S. şirkəti (“İddiaçı”) 2009-cu ildə yaradılıb və kommersiya fəaliyyətini e-ticarətə yönəlmiş bazar yeri kimi həyata keçirən www.trendyol.com hər növ məhsul çeşidinin genişliyi ilə həm istehlakçılar, həm də müvafiq sektor arasında yüksək səviyyədə tanınır. Hazırda iddiaçının TÜRKPATENT və ÜƏMT (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) qarşısında bir çox ticarət nişanı qeydiyyatı və müraciətləri var. E-ticarət saytı olaraq fəaliyyətini “marketplace” modeli ilə həyata keçirən Trendyol sürətlə böyüyərək Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından birinə çevrilib və Azərbaycanda, Fars körfəzi ölkələrində və Avropa Birliyində fəal şəkildə fəaliyyət göstərir. Trendyol geyim, elektronika, ev əşyaları, kosmetika, idman məhsulları və daha bir çox kateqoriyada geniş bir məhsul çeşidini təqdim edir və bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır. İddiaçı Türkiyənin ən böyük onlayn alışveriş platformasıdır və Avropa Birliyində, Fars körfəzi ölkələrində və Azərbaycanda da fəal şəkildə fəaliyyət göstərir - onun Azərbaycandakı müəyyən fəaliyyəti Azərbaycanın aparıcı biznes qrupu olan “Pasha Holding” ilə birgə fəaliyyət haqqında müqaviləyə əsaslanır. İddiaçı geyim, məişət malları, elektronika, kosmetika və s. kimi demək olar ki, hər bir kateqoriyada geniş çeşiddə məhsullar təklif edir. İddiaçı həm də Azərbaycanda da qeydiyyata alınmış və mühafizə olunan “trendyol” Nr. İR-1408341 (cls.14,18,24,25), “trendyol.com” Nr. İR-1392848; “trendyol kolleksiyası” Nr. ******* kimi bir çox əmtəə nişanlarının sahibidir. İddiaçı Madrid sistemi vasitəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası ərazisində və dünyanın bir çox başqa ölkələrində qorunan “trendyol” söz işarəsinin və “Trendyol Collection”, “Trendyol.com” və digər əmtəə nişanlarının sahibidir (bundan sonra “İddiaçının Əmtəə Nişanları”). “Trendyol” dominant elementi olan iddiaçının X5 Təsnifatının 14, 18, 24, 25 və 35-ci sinifləri üzrə qorunur. İddiaçının “trendyol” əmtəə nişanı dünya miqyasında (xüsusilə fəaliyyət göstərdiyi ölkələrdə) əhəmiyyətli dərəcədə tanınma səviyyəsinə çatmış və Türkiyə Patent və Əmtəə Nişanları Bürosunda geniş tanınmış əmtəə nişanı kimi qorunmuşdur. Aparılan araşdırma nəticəsində aşkar edilmişdir ki, fərdi sahibkar Cavabdeh (“Cavabdeh”) ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazasındakı adında və fiziki dükanın girişində iddiaçının “Trendyol” əmtəə nişanından istifadə etməyə başlamışdır. İddiaçının "Trendyol" ticarət nişanından istifadə edərək, cavabdeh tərəfdən “İnstagram” profil hesabının istifadə edilməyə başlandığı müəyyən edilmişdir. Hesabın “Story” bölməsindən də görünür ki, 2024-cü il 7 iyun tarixində baş tutmuş dükanın açılış mərasimində aparıcı Zaur Kamal, müğənni Türkan Vəlizadə və sosial şəbəkələrdən məşhurluq qazanan bir sıra şəxslər da iştirak etmişdirlər. Açılışla bağlı paylaşımlar və dükanın açılış tədbirində də iddiaçının "Trendyol" ticarət nişanından istifadəsi bariz şəkildə görünür. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu ünvanlanandan sonra cavabdeh fiziki dükanın girişində mağazanın adında bir hərif dəyişikliyi edərək, “Brendyol” söz işarəsindən istifadə etməyə başlamışdır. Sözsüz ki, bu, iddiaçıya məxsus “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar söz işarəsidir. Qeyd etmək vacibdir ki, cavabdehə pretenziya göndərilənə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət verilənə qədər cavabdeh dükanın fiziki girişində “Trendyol” söz işarəsindən qanunsuz şəkildə istifadə edirdi. Bundan əlavə, Cavabdeh müştərilərin cəlb edilməsi üçün “TikTok” sosial şəbəkədə səhifə açmışdır https://www.tiktok.com/@brendyol_mastaga. Həmçinin Cavabdeh öz mağazasının adını “Google Maps” axtarış sistemində “Trendyol Maştağa” kimi qeydiyyata almaqla öz biznesinin görünməsini daha da artırır. “Trendyol” adı daxil olmaqla, "Trendyol Baku" və/və ya müxtəlif ifadələri axtarışa verdikdə, mağazanın fiziki ünvanı “Google Maps”, “Waze” kimi axtarış sistemlərində də görünür. Belə istifadənin nümunəsi aşağıda verilmişdir: “Google Maps” axtarış sistemindən https:Elektron ünvan ,49.9083567,12z?entry=ttu. Bu, açıq şəkildə Trendyolun Azərbaycanda fiziki mağaza açdığı təəssüratını yaratmağa çalışır. Aydındır ki, bu cür istifadə orta istehlakçı tərəfindən iddiaçının fiziki mağazalar və filialları açmaq və idarə etmək meyli kimi qəbul edilir. Üstəlik, bu fakt müştərinin bununla bağlı aldığı şikayət və suallarla da təsdiqlənir. Əmtəə nişanları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər qadağandır. Cavabdeh həm iddiaçının dominant elementi olan “Trendyol” əmtəə nişanından, həm də həmin Əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar «brendyol” söz nişanından istifadə etməsi əmtəə nişanının qeydiyyatından və iddiaçının digər əqli mülkiyyət hüquqlarından asılı olan hüquqların pozulmasına səbəb olur. Yuxarıda qeyd edilənlərlə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məsələnin sülh yolu ilə həllini gecikdirməklə məşğuldur. İddiada göstərilmiş işin faktiki hallarını müvafiq normalar üzərindən təhlil edərək görmək mümkündür ki, cavabdeh iddiaçıya məxsus “Trendyol” söz işarəsi və ona qarışdırılacaq qədər oxşar “Brendyol” söz işarəsindən dükanın adında, fiziki girişində, sosial şəbəkələrində və məkan axtarış sistemlərində istifadə etmiş və yararlanmış, bununla da iddiaçının əmtəə nişanı üzərində sahiblik etdiyi hüquqlarını ciddi şəkildə pozmuşdur və ona əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 34-cü maddəsinə əsasən, hüquq sahibi vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 1000 (min) manatdan 50000 (əlli min) manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 34-cü maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının iddia tələbini cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi və vurulmuş ziyanın və çəkilmiş xərclərin əvəzinin ödənilməsi təşkil etmişdir. Qeyd edilir ki, iddiaçının öz iddia ərizəsilə cavabdehə qadağan edilməsini xahiş etdiyi hərəkət və ya hərəkətsizliklər hal-hazırda davam etməməkdədir. Belə ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və dərhal qeyd edilən nöqsanlar aradan qaldırılmışdır. Bununla yanaşı isə, mağazadan həmin lövhələr sökülmüşdür. İddiaçının öz iddia tələbi ilə müəyyən hərəkətlərin qadağan edilməsi və ya müəyyən hərəkətləri cavabdehlərin məcburi icra etməsi üzrə digər tələbləri (əmtəə nişanı materiallarının “TikTok” sosial şəbəkəsində, “Youtube” video hostinqində və “Google Maps”də (Google Xəritələr) yığışdırılması ilə bağlı bildirilir ki, videolar və sosial səhifələr cavabdehə aid deyildir. Belə ki, hazırda mağazada “Brendyol” yazısı və qrafik təsvirdən ibarət nişanından istifadə edilir. Əlavə olaraq qeyd edək ki, tərəfimizdən həmçinin sözügedən əmtəə nişanı üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Ekspertiza Mərkəzinə müraciət edilmişdir və müraciət icradadır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən və hüquqazidd hesab etdiyi hallar hal-hazırda mövcud deyildir və iddia tələbi əsassızdır. Pretenziya qaydası qanunvericiliklə nəzərdə tutulmuş mübahisələrin məhkəməyə qədər nizamlanma vasitəsidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu üzrə tələblər tam icra edilmiş və mübahisə həll edilmişdir. Bu səbəbdən də iddiaçının hazırda eyni mübahisə üzrə məhkəməyə müraciət etməsi, hesab edilir ki, məhkəməyə qədər nizamlanma vasitələrinin hüquqi məqsədlərinə zidd olmuşdur. İddiaçı öz iddia ərizəsi ilə həmçinin ona vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə cavabdehdən 50000 (əlli min) manat və məhkəməyə müraciət etmək üçün 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 50240 (əlli min iki yüz qırx) manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Qeyd edilir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün üç şərtin məcmu halında mövcudluğu zəruridir: • törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı). Qeyd edilən hər üç meyara əsasən bildiririk ki, hazırki iş üzrə: -İddiaçının tələbləri cavabdeh tərəfindən məhkəmədən kənar qaydada aradan qaldırılmışdır və ümumiyyətlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır; -Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamış və sonuncu barəsində iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, normada konkret olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsindən bəhs edilir. Lakin iddiaçı hər hansı formada əmlakından məhrum olması və ya zədələnməsi, bir sözlə real zərərə məruz qalması barədə sübut təqdim etməmiş və zərəri yuxarıda qeyd edilən normaya əsasən formal olaraq qiymətləndirmişdir. Qeyd edilən 2 (iki) meyarın (törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması və törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması) mövcud olmaması isə 3-cü meyarın (ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- AR MPM) 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq və AR MPM-in 154.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. xxxx X2 X6 A.S. şirkətinin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iş üzrə mülahizələr ünvanlanmışdır. Həmin mülahizə ilə qeyd edilmişdir ki, göründüyü kimi, iddia ərizəsində cavabdehdən iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edilir. Bu tələb təsadüfi deyil, bilavasitə “Azərbaycan Respublikasının Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən irəli gəlir. Həmin maddədə aşağıdakılar müəyyən edilmişdir: “Əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri‐qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.” Bu müddəadan açıq şəkildə görünür ki, qanunverici hüquq sahibinə iki alternativ müdafiə vasitəsi təqdim edir: 1. Vurulmuş ziyanın və çəkilmiş xərclərin tam həcmdə ödənilməsi, əgər ziyan dəqiq hesablanıb sübut edilə bilirsə; 2. Ziyanın və xərclərin əvəzinə – 1000–50000 manat arası kompensasiya, əgər ziyanın dəqiq hesablanması mümkün deyilsə və ya praktik olaraq çətindirsə. Əmtəə nişanı qeyri-maddi nemət olduğuna görə, ona dəymiş ziyanın dəqiq pul ifadəsində hesablanması çox vaxt real mümkün olmur. Brend nüfuzu, istehlakçıların çaşdırılması, bazar mövqeyinin zəifləməsi kimi nəticələrin dəqiq maliyyə dəyəri müəyyən edilə bilmədiyi üçün kompensasiya mexanizmi qanunverici tərəfindən məhz bu məqsədlə nəzərdə tutulmuşdur. Bu hüquqi yanaşma təkcə Azərbaycana məxsus deyil. Eyni mexanizm Rusiya Federasiyası Mülki Məcəlləsində (maddələr 1252 və 1515, 1245‐ci, 1263, 1326) də mövcuddur. Məcəllə ilə intellektual fəaliyyətin ayrı‐ayrı nəticələri və ya fərqləndirmə vasitələri üçün nəzərdə tutulmuş hallarda, müstəsna hüququn pozulması zamanı hüquq sahibi vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi əvəzinə həmin hüququn pozulmasına görə pozuntu törətmiş şəxsdən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Kompensasiya, hüquq pozuntusu faktının sübuta yetirilməsi şərti ilə tutulur. Hüquqlarının müdafiəsi üçün müraciət edən hüquq sahibi ona vurulmuş ziyanın məbləğini sübut etməkdən azaddır. Kompensasiyanın məbləği bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda, pozuntunun xarakterindən və işin digər halları nəzərə alınmaqla, ağlabatanlıq və ədalətlilik tələbləri əsasında məhkəmə tərəfindən müəyyən edilir.” Göründüyü kimi, həm Azərbaycan, həm də Rusiya qanunvericiliyində tam identik hüquqi məntiq tətbiq olunur: əgər ziyanın dəqiq hesablanması mümkün deyilsə, hüquq sahibi məhkəmə tərəfindən təyin edilən kompensasiyanı tələb edə bilər. Mövcud iş üzrə isə cavabdehin pozuntu fəaliyyətinin miqyası xüsusilə genişdir: cavabdeh özünü guya Maştağada “rəsmi distribütor”, “rəsmi tərəfdaş” kimi təqdim edir; “Trendyol” və ona qarışdırılacaq dərəcədə oxşar «brendyol” söz nişanı ilə böyük həcmdə (bir il ərzində cavabdeh tərəfindən əhaliyə ******* manatdan artıq dəyərə mallar təqdim edilib) malların satışını həyata keçirir (Dövlət Vergi Xidmətindən cavab məktubu); istehlakçılar malların mənşəyi və kommersiya mənbəyi barədə çaşdırılırlar; iddiaçının işgüzar nüfuzu və reputasiyası ciddi zərər görür ona görə ki: (i) İstehlakçılar aldadıla bilər: müştərilər cavabdehin mağazasını Trendyolun rəsmi təchizatçısı hesab edir və bu, onları məhsulların mənşəyi barədə açıq şəkildə çaşdırır; (ii) Keyfiyyətsiz xidmət və ya məhsul Trendyola aid edilir: Cavabdehin təqdim etdiyi malların keyfiyyəti, satış sonrası xidmət və qaytarma prosedurları Trendyolla heç bir bağlılığı olmadığı halda, istehlakçılar bunu Trendyol-un xidməti kimi qiymətləndirirlər; (iii) Mənfi rəylər və şikayətlər faktiki olaraq iddiaçıya yönəlir: cavabdehin xidmətində yaranan narazılıqlar və ya öhdəliyin pozulması müştərilər tərəfindən iddiaçının reputasiyasına yazılır və bu şikayətlər sosial şəbəkələrdə, Google Maps-də və digər platformalarda məhz Trendyolun adı ilə əlaqələndirilir; (iv) Elektron ticarət platformasının brend dəyəri aşağı düşür: Trendyol rəqəmsal platformadır və onun əsas dəyəri müştəri etibarı, alıcıların təhlükəsizlik hissi və brendin qlobal tanınmasıdır. Fiziki mağaza tərəfindən nişanın bu cür sui-istifadəsi brendin strukturuna və reputasiyasına birbaşa zərər vurur; (v) Trendyolun biznes modeli pozulur: Trendyol rəsmi satıcı seçimlərini ciddi qaydalar əsasında həyata keçirir. Cavabdehin bu cür qanunsuz istifadəsi rəsmi tərəfdaşlıq modelini devalvasiya edir və digər satıcılara da qanunsuz istifadə üçün presedent yaradır; (vi) İddiaçının işgüzar nüfuzuna etibar zədələnir: istehlakçılar Trendyolun brendindən istifadə edən mağazanı görərkən onun rəsmi tərəfdaş olduğunu düşünür, nəticədə platformanın brend üzərində nəzarəti itirdiyi təəssüratı yaranır ki, bu da iddiaçının bütün bazar reputasiyasına birbaşa zərər vurur. Belə şəraitdə vurulmuş ziyanın dəqiq pul məbləğində hesablanması mümkün deyil, çünki söhbət qeyri-maddi hüquqa – əmtəə nişanının nüfuzuna və reputasiyasına vurulan zərərdən gedir. Bu səbəbdən iddiaçı Qanunun 34-cü maddəsinə uyğun olaraq 50.000 manat kompensasiya tələb edir. Bu məbləğ isə həm pozulmuş hüququn bərpasına xidmət edir, həm də gələcək pozuntuların qarşısının alınması üçün çəkinmə mexanizmi rolunu oynayır. Əks halda, belə hüquq pozuntularının təkrarlanması üçün cavabdeh üçün heç bir real maneə qalmayacaq. İddia tələbində göstərildiyi kimi, cavabdeh tərəfindən “Trendyol” əmtəə nişanının və ona qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanının istifadəsi tam şəkildə dayandırılmalı və həmin nişanlar bütün daşıyıcı vasitələrdən silinməlidir. Əmtəə nişanı yalnız mağazanın girişində, lövhələrdə və reklam vasitələrində deyil, həm də cavabdeh tərəfindən satılan fiziki məhsulların üzərində istifadə edilir. Bu hal yeni əldə edilən fotoşəkillərdən açıq şəkildə görünür: məhsul müştəriyə təqdim edilərkən “Trendyol” əmtəə nişanı olan qutu və qablaşdırma istifadə olunur. Bu isə əmtəə nişanının açıq və davamlı surətdə yayılması deməkdir. Eyni zamanda başqa qutularda və qablaşdırmalarda “Brendyol” söz nişanından da istifadə edilir. Bundan əlavə, cavabdeh tərəfindən istifadə olunan müxtəlif çap olunmuş materiallarda — qiymət və barkod etiketlərində, alış-veriş paketlərində, reklam xarakterli çap məhsullarında və digər fiziki daşıyıcılarda - “Trendyol” və “Brendyol” nişanlarının istifadəsi mümkündür. Məhz buna görə iddia tələbində “çap olunmuş materiallar” ifadəsini geniş və ümumi formada göstərmişik, çünki pozuntunun hansı daşıyıcılarda baş verdiyi əvvəlcədən tam siyahılaşdırıla bilmir. Bundan əlavə, cavabdeh mağazası sosial şəbəkələrdə də bu nişanlardan istifadə edir: TikTok səhifəsinin linki tərəfinizə təqdim olunur https://www.tiktok.com/@brendyolmastaga. İnstagram səhifəsinin linki təqdim olunur https://www.instagram.com/brendyolmastaga. Google Maps (Google Xəritələr) xidmətində mağaza “Trendyol Maştağa” kimi qeyd olunmuşdur - bunun screenshotu da əlavə edilir. Bu səbəbdən iddia tələbində dəqiq olaraq göstərilir ki, cavabdehə məxsus İnstagram, TikTok hesablarında, habelə Google Maps platformasında mağazaya dair səhifələrdə “Trendyol”, “Brendyol” və onlara qarışdırılacaq dərəcədə oxşar digər əmtəə nişanlarının istifadəsi tam şəkildə yığışdırılmalıdır.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və məhkəməyə ünvanlanmış mülahizədə qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Əvvəli məhkəmə iclasında cavabehin nümayəndəsi və vəkili etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.

9. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən "xxxx" Şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla qeyd edilmişdir ki, 1241532, 1392848, 1408341, ******* nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində “xxxx X4 ve Satış Ticaret A.S.” (ünvan: Maslak Mahllesi, Büyükdere Caddesi (Spine Plaza) №243, İç kapı № 19 Sarıyer, İstanbul (TR) şirkətinin adına qeydiyyata alınmışdır. Məktuba qoşma kimi əlavə edilmiş Beynəlxalq reyestr məlumatlarından təsdiqlənmiş çıxarışlardan müəyyən olunur ki, məktubda qeyd edilmiş nömrələr “trendyol” əmtəə nişanları kimi qeydə alınmışdır.

10. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından göründüyü kimi, “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.” adına “trendyol.com” (beynəlxalq əmtəə nişanı nömrəsi – 1241532) əmtəə nişanı xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. Qeydiyyatın yenilənmə/bitmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir.

11. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından göründüyü kimi, “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.” adına “trendyol.com” (beynəlxalq əmtəə nişanı nömrəsi – 1392848) əmtəə nişanı xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Qeydiyyatın yenilənmə/bitmə tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir.

12. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından göründüyü kimi, “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.” adına “trendyol” (beynəlxalq əmtəə nişanı nömrəsi – 1408341) əmtəə nişanı xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Qeydiyyatın yenilənmə/bitmə tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir.

13. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından göründüyü kimi, “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.” adına “trendyol collection” (beynəlxalq əmtəə nişanı nömrəsi – 1597945) əmtəə nişanı xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Qeydiyyatın yenilənmə/bitmə tarixi xx.xx.2030-cu il müəyyən edilmişdir.

14. Alış-veriş zamanı təqdim edilən kassa-əməliyyat qəbzlərindən görünür ki, vergi ödəyicisinin adı kimi Cavabdeh adı və ticarət mərkəzinin ünvanında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 v. xx sahə, mağaza adı kimi “Brendyol” qeyd edilmişdir.

15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, @brendyolmastaga İnstagram səhifəsinin Google Maps tətbiqində ünvanı kimi “Trendyol Maştağa” qeyd edilmişdir. Eyni zamanda mağazada satışa çıxarılmış malların üz qabığında və ya etiketlərində “Trendyol Maştağa” qeyd edilmişdir.

16. İddiaçı tərəfindən məhkəməyə tələbin sübutu qismində digər fotoşəkillər də təqdim edilmişdir.

17. İş materiallarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş Cavabdeh (VÖEN: **********) gəlirləri barədə müvafiq məlumatlar və “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S. şirkətinin ticarət qeydiyyatını təsdiq edən şəhadətnamələr əlavə edilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S. şirkətinin nümayəndəsi və vəkili Bəşirova Emilə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilən rəyə əsasən əmtəə nişanı kimi istifadə olunan qeydiyyatdan keçirilməmiş “Brendyol” işarəsi “xxxx X4 ve Satış Ticaret A.Ş” hüquqi şəxsə məxsus ƏXBT-nin 03, 14, 18, 24, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “Trendyol” əmtəə nişanı ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir.

19. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının təxirə salınması haqqında qərara əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə müvafiq sənəd və məlumatların əldə edilməsi zərurəti və haqqında iş qaldırılan fiziki şəxs Cavabdeh işə baxılma iclasında iştirakının təmin edilməsi məqsədilə işə baxılması təxirə salınmışdır.

20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan patent və X1 Mərkəzi tərəfindən Qeydiyyatdan keçirilmiş “TRENDYOL”əmtəə nişanlarının “BRENDYOL” işarəsi ilə oxşarlığının müəyyən edilməsi barədə verilmiş ekspert rəyindən qeyd olunur ki, 1. Geyim, ayaqqabı, çantalar və digər aksesuarların satışı məqsədilə istifadə olunan qeydiyyatdan keçirilməmiş “BRENDYOL” işarəsi “xxxx GRUP xx." (TR) hüquqi şəxsə məxsus ƏXBT-nin 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “TRENDYOL” əmtəə nişanları ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir. 2. Qeydiyyata alınmış "TRENDYOL” əmtəə nişanının sahibinin razılığı olmadan həmin nişanının əhatə etdiyi 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətləri əhatə edən oxşar “BRENDYOL” işarəsindən ticarətdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir və qeydə alınmış “TRENDYOL” əmtəə nişanına dair hüquqların pozulması sayılır.

21. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.”-yə aid “Trendyol” söz işarəsindən istifadəsi “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.”-nin əmtəə nişanı hüquqlarını pozduğuna görə Cavabdeh mağazasında hazırkı adı ilə fəaliyyət göstərilməsinin qarşısının alınması və dərhal sadalananalar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, mağazaların girişlərində, reklam löhvələrində, çap olunmuş materiallarda və fiziki olaraq məhsullarda olan və “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S.”-nin əmtəə nişanları ilə əhatə edilən bütün mal və xidmətlər ilə əlaqəli müvafiq olaraq “İnstagram” kimi sosial şəbəkələrdə “Trendyol” əmtəə nişanının və ya oxşar hər hansı bir markanın istifadəsinin dayandırılması xahiş edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). 25-ci maddəsinə əsasən “Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibinin razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.” 26-cı maddəsinə əsasən “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.” 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

24. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

26. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı xarici hüquqi şəxsdir və hazırkı məhkəmə yaranmış mübahisəyə baxmaqda beynəlxalq səlahiyyətə malikdir və hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunvericilik normaları (iddiaçı da ərizəsində Azərbaycan Respublikasının qanunvericilik normalarına istinad etmişdir) tətbiq olunur.

27. İşin hallarından göründüyü kimi, xarici hüquqi şəxs olan iddiaçı xxxx X2 X6 A.S. şirkəti kommersiya fəaliyyətini e-ticarətə yönəlmiş bazar yeri kimi həyata keçirən www.trendyol.com hər növ məhsul çeşidinin genişliyi ilə həm istehlakçılar, həm də müvafiq sektor arasında tanınır. İddiaçının bir çox ticarət nişanı qeydiyyatı mövcuddur. E-ticarət saytı olaraq fəaliyyətini həyata keçirən “Trendyol” Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından biridir və Azərbaycanda da fəal şəkildə fəaliyyət göstərir. Trendyol geyim, elektronika, ev əşyaları, kosmetika, idman məhsulları və daha bir çox kateqoriyada geniş məhsul çeşidini təqdim edir və bütün dünyada tanınan müxtəlif geyim markalarının məhsullarını satır.

28. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazasının adında və dükanın girişində, “İnstagram” profil hesabında və digər şəbəkələrdə iddiaçının “Trendyol” əmtəə nişanından istifadə etmişdir. Həmçinin dükanın açılış mərasimində bir sıra müğənni və aparıcılar da iştirak etmişlər və açılışla bağlı paylaşımlar və dükanın açılış tədbirində də iddiaçının "Trendyol" ticarət nişanından istifadəsi görünür. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu ünvanlanandan sonra cavabdeh fiziki dükanın girişində mağazanın adında bir hərif dəyişikliyi edərək, “Brendyol” söz işarəsindən istifadə etməyə başlamışdır.

29. İddiaçı cavabdehə qarşı bir sıra tələblər irəli sürmüşdür. İddia tələbinin bir hissəsini Cavabdeh iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadənin qadağan edilməsi və Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, ev xx sahə ünvanında yerləşən mağazanın girişindən, reklam lövhələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının sökülməsi, “İnstagram”, “TikTok” sosial şəbəkədə və “Google Maps”də (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə “Trendyol” və «brendyol” söz nişanları və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması təşkil edir.

30. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, 1241532, 1392848, 1408341, ******* nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində “xxxx X4 ve Satış Ticaret A.S.” (ünvan: Maslak Mahllesi, Büyükdere Caddesi (Spine Plaza) №243, İç kapı № 19 Sarıyer, İstanbul (TR) şirkətinin adına qeydiyyata alınmışdır. Əmtəə nişanının mühafizə statusu barədə xx.xx.2024-cü il çap tarixli reyestr məlumatlarından müəyyən olunur ki, qeyd edilən beynəlxalq əmtəə nişanları nömrələri “xxxx X4 ve Satış Ticaret A.S.” şirkəti adına “trendyol”, “trendyol collection” və “trendyol.com” əmtəə nişanları kimi qeydiyyata alınmışdır. Həmin hal və Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyata alınmış mağazada məhsulların alqı-satqısı ilə məşğul olması işin mübahisəsiz hallarını təşkil etmişdir.

31. Məhkəmə qanunvericilik normalarını, işin hallarını, işdə olan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli, “xxxx X3 ve Satış Ticaret” A.S-nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanından və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə Cavabdeh qadağan edilməli, Cavabdeh məxsus, ünvan 3 ünvanında yerləşən mağazanın girişindən, reklam löhvələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan “xxxx X3 ve Satış Ticaret” A.S-yə məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı sökülməli və “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”də Cavabdeh mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı yığışdırılmalı, qalan hissədə isə (və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadənin qadağan edilməsi hissəsi qeyri-müəyyən olduğudan) təmin olunmamalıdır.

32. Belə ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan patent və X1 Mərkəzi tərəfindən Qeydiyyatdan keçirilmiş “TRENDYOL”əmtəə nişanlarının “BRENDYOL” işarəsi ilə oxşarlığının müəyyən edilməsi barədə verilmiş ekspert rəyindən müəyyən olunur ki, 1. Geyim, ayaqqabı, çantalar və digər aksesuarların satışı məqsədilə istifadə olunan qeydiyyatdan keçirilməmiş “BRENDYOL” işarəsi “xxxx GRUP xx." (TR) hüquqi şəxsə məxsus ƏXBT-nin 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “TRENDYOL” əmtəə nişanları ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir. 2. Qeydiyyata alınmış "TRENDYOL” əmtəə nişanının sahibinin razılığı olmadan həmin nişanının əhatə etdiyi 03-cü, 14-cü, 18-ci, 24-cü, 25-ci və 35-ci sinif əmtəə və xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətləri əhatə edən oxşar “BRENDYOL” işarəsindən ticarətdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir və qeydə alınmış “TRENDYOL” əmtəə nişanına dair hüquqların pozulması sayılır.

33. Eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “xxxx Grup Danışmanlık ve İletişim ve satış Ticaret A.S. şirkətinin nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilən rəyə əsasən əmtəə nişanı kimi istifadə olunan qeydiyyatdan keçirilməmiş “Brendyol” işarəsi “xxxx X4 ve Satış Ticaret A.Ş” hüquqi şəxsə məxsus ƏXBT-nin 03, 14, 18, 24, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatdan keçirilmiş “Trendyol” əmtəə nişanı ilə fonetik və qrafik cəhətdən oxşar hesab edilir.

34. Bundan əlavə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Cavabdeh məxsus mağazada «brendyol” söz nişanı qeyd edilsə də, digər fotoşəkillərdən müştərilərə təklif edilən məhsulların üz qabığında və məhsulların etiketində “Trendyol Maştağa” qeyd edilmişdir.

35. Müəyyən olunmuşdur ki, əmtəə nişanı yalnız mağazanın girişində, lövhələrdə və reklam vasitələrində deyil, həm də cavabdeh tərəfindən satılan fiziki məhsulların üzərində istifadə edilir. Bu hal təqdim edilən fotoşəkillərdən görünür. Məhsul müştəriyə təqdim edilərkən “Trendyol” əmtəə nişanı olan qutu və qablaşdırma istifadə olunur. Bu isə əmtəə nişanının açıq və davamlı surətdə yayılması deməkdir. Eyni zamanda başqa qutularda və qablaşdırmalarda “Brendyol” söz nişanından da istifadə edilir. Bundan əlavə, cavabdeh tərəfindən istifadə olunan müxtəlif çap olunmuş materiallarda da “Trendyol” və “Brendyol” nişanları istifadə olunmuşdur.

36. Bundan əlavə, cavabdeh tərəfindən “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”də onun mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə olunması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmışdır.

37. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən cavabdehə pretenziya göndərildikdən sonra qeyd edilən əmtəə nişanlarının dəyişdirildiyini və artıq «brendyol” söz nişanından istifadə edildiyini qeyd etsə də, məhkəmə hesab edir ki, mağazanın adındakı “Trendyol” yazısının “Brendyol” yazısı ilə əvəz edilməsi mağazadakı bütün məhsulların üzərindəki əmtəə nişanlarının eyni formada dəyişdirilməsinini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

38. İddia tələbinin digər hissəsini iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 (əlli min) manat kompensasiyanın ödənilməsi təşkil edir.

39. İddiaçının bu mövqeyi ilə razılaşmaq olar ki, mövcud iş üzrə cavabdeh özünü Maştağada “rəsmi distribütor”, “rəsmi tərəfdaş” kimi təqdim etmiş, “Trendyol” və ona qarışdırılacaq dərəcədə oxşar «brendyol” söz nişanı ilə böyük həcmdə (bir il ərzində cavabdeh tərəfindən ******* manatdan artıq dəyərdə mallar təqdim edilib) malların satışını həyata keçirmiş (Dövlət Vergi Xidmətindən alınan cavab məktubu), istehlakçılar malların mənşəyi və kommersiya mənbəyi barədə çaşdırılmış, iddiaçının işgüzar nüfuzu zərər görmüş, elektron ticarət platformasının brend dəyəri aşağı düşmüşdür. İddiaçı haqlı olaraq qeyd edir ki, cavabdeh tərəfindən nişanın sui-istifadəsi brendin strukturuna və reputasiyasına birbaşa zərər vurur, cavabdehin bu cür qanunsuz istifadəsi rəsmi tərəfdaşlıq modelini devalvasiya edir və digər satıcılara da qanunsuz istifadə üçün presedent yaradır, istehlakçılar “Trendyol”un brendindən istifadə edən mağazanı görərkən onun rəsmi tərəfdaş olduğunu düşünür, nəticədə platformanın brend üzərində nəzarəti itirdiyi təəssüratı yaranır ki, bu da iddiaçının bütün bazar reputasiyasına birbaşa zərər vurur. Belə şəraitdə vurulmuş ziyanın dəqiq pul məbləğində hesablanması mümkün deyil, çünki söhbət qeyri-maddi hüquqa – əmtəə nişanının nüfuzuna və reputasiyasına vurulan zərərdən gedir. Bu səbəbdən iddiaçı Qanunun 34-cü maddəsinə uyğun olaraq 50000 manat kompensasiya tələb etmiş və qeyd etmişdir ki, bu məbləğ həm pozulmuş hüququn bərpasına xidmət edir, həm də gələcək pozuntuların qarşısının alınması üçün çəkinmə mexanizmi rolunu oynayır. Əks halda, belə hüquq pozuntularının təkrarlanması üçün cavabdeh üçün heç bir real maneə qalmayacaq.

40. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Ona görə iddia tələbi həmin hissədə də qismən təmin edilməli və ağlabatan məbləğ olaraq, eyni zamanda cavabdehin əldə etdiyi gəlirlərin miqyası da nəzərə alınaraq, 7000 (yeddi min) manat kompensasiya məbləği Cavabdeh tutularaq “xxxx X3 ve Satış Ticaret” A.S-yə ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır. Eyni zamanda nəzərə alınmışdır ki, iddiaçı tərəf pozulmuş hüququnun bərpası üçün müxtəlif orqanlara və məhkəməyə müraciət etmiş, vəkillə müqavilə bağlamış və s. və bütün bunlar üçün təbii ki, xərclər çəkmişdir.

41. Eləcə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,6 manat (otuz üç manat altmış qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx X3 ve Satış Ticaret” A.S-nin adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanından və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə Cavabdeh qadağan olunsun. Cavabdeh məxsus, ünvan 3 ünvanında yerləşən mağazanın girişindən, reklam löhvələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan “xxxx X3 ve Satış Ticaret” A.S-yə məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı sökülsün və “İnstagram”, “TikTok” sosial şəbəkələrdə və “Google Maps”-də Cavabdeh mağazasına aid səhifələrdə “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı yığışdırılsın. “xxxx X3 ve Satış Ticaret” A.S-yə vurulmuş ziyan və çəkdiyi xərclərin əvəzində 7000 (yeddi min) manat kompensasiya məbləği Cavabdeh tutularaq “xxxx X3 ve Satış Ticaret” A.S-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,6 manat (otuz üç manat altmış qəpik) Cavabdeh tutularaq “xxxx X3 ve Satış Ticaret” A.S-yə ödənilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar