Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3615/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, subyektiv hüquq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 41-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 341 450 manat əsas borcun, 38750 manat cərimə borcunun və 670,2 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı ASC (əvvəlki "xxxx" ASC) Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2012-ci il 30 oktyabr tarixli 41-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 387 500 manat olan sutkada 60 ton quş əti emalı avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlığın dəyərindən 23 000 manat məbləğdə ilkin ödəniş aparmış, qalan 364 500 manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə hazırkı dövrədək 364 500 manat ödənilməli olduğu halda, cavabdeh tərəfindən 23 050 manat məbləğində ödəniş aparılmış və 341 450 manat məbləğində borc qalmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borclu olduğu məbləği ödəməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında başlanmış müqavilənin 5.4-cü maddəsinə əsasən bu müqavilənin 5.1.1 – 5.1.4-ci bəndlərində göstərilən hallardan biri baş verdikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir və Lizinq alandan avadanlığın dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafiki üzrə hazırkı dövrədək olan borcun məbləği 341 450 manat və hesablanmış cərimənin məbləği 38 750 manat təşkil etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 445.2.1, 748-1.12.4-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, hazırkı müqavilə üzrə hüquq və vəzifələr Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməmişdir.
7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək, əmlakdan gəlir əldə edə bilmədikləri üçün ödənişin edilmədiyini, lizinq obyektinin satılması yolu ilə borcun ödənə biləcəyini bildirdi.
8. Məhkəmənin baxış iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 hazırkı müqavilə üzrə portfelin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmədiyini, tələb hüququnun İddiaçı Açıq Səhmdar Cəmiyyətində qaldığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, "xxxx" ASC (lizinq verən qismində) ilə cavabdeh arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli 41- LA/12 nömrəli lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, "xxxx" ASC qiyməti 387 500 manat olan sutkada 60 ton quş əti emalı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə vermək şərti ilə 10 il müddətinə lizinqə verməyi, cavabdeh isə texnoloji avadanlığın dəyərindən 23000 manat məbləği əvvəlcədən, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödəniş qrafinə əsasən lizinq ödənişlərinin 2012-ci ilin İV rübündən başlayaraq, 2022-ci ilin İİ rübünədək ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2012-ci il tarixli təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Hesabdan çıxarış məlumatına əsasən cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə 23000 manat (ilkin ödəniş), xx.xx.2013-cü il tarixdə 1000 manat, xx.xx.2013-cü il tarixdə 4000 manat, xx.xx.2014-cü il tarixdə 1000 manat, xx.xx.2014-cü il tarixdə 1000 manat, xx.xx.2014-cü il tarixdə 800 manat, xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 14750 manat olmaqla ümumilikdə 46050 manat ödəniş edilmişdir.
13. İddiaçı 30 oktyabr 2012-ci il tarixli 41-LA/12 nömrəli lizinq müqaviləsi üzrə qalıq lizinq ödənişlərinin cəminin – 341 450 manat məbləğində pulun tutulmasını tələb edir.
14. Cavabdeh maddi çətinliklərlə bağlı ödənişləri edə bilmədiyini, lizinq avadanlığının satılması yolu ilə lizinq ödənişlərinin icra edilə biləcəyini bildirir.
15. Məhkəmə əvvəla iddiaçının subyektiv hüququnun mövcudluğu ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsi kimi müəyyən edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi təsbit edilmişdir.
17. Həmin Fərmanın 3.1 və 3.2-ci bəndlərinə əsasən, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasının təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
18. Göründüyü kimi, adıçəkilən Fərmanla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi qərara alınsa da, konkret olaraq həmin hüquq və öhdəliklərin siyahısı, qalıq portfellə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
19. Hazırda iddiaçı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 30 oktyabr 2012-ci il tarixli 41-LA/12 nömrəli lizinq müqaviləsi üzrə hüquq və vəzifələrin sonuncuya ötürülmədiyini, iddiaçının portfelində qaldığını təsdiq edirlər. Belə olan halda, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olduğunu hesab edir.
20. Məhkəmə mübahisənin həlli üçün lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
21. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
23. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
24. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
25. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
26. Məhkəmə cavabdehdən tutulmalı lizinq ödənişlərinin məbləği ilə bağlı qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarını ödəniş cədvəli ilə müqayisəli təhlil etdikdə aydın olur ki, cavabdeh tərəfindən ümumilikdə 46050 manat ödəniş edilmiş, 341 500 manat ödənilməmiş borc qalmışdır.
27. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
32. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 30 oktyabr 2012-ci il tarixli 41-LA/12 nömrəli lizinq müqaviləsi üzrə 341 450 manat əsas borc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
33. İddiaçı 38750 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
34. 30 oktyabr 2012-ci il tarixli 41-LA/12 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
35. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, Lizinq alan tərəfindən bu müqavilənin 5.1.6-cı bəndində göstərilən hala yol verildikdə Lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyala keçirir. Lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gccikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir.
36. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən, Lizinq alan 5.2-5.4-cü bəndlərin tələblərini yerinə yetirmədikdə Lizinq verən bir tərəlli qaydada bu müqaviləni ləğv edir və Texnoloji avadanlığı, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərcləri, vurduğu zərərin və Texnoloji avadanlığın dəyərinin 10 %-i məbləğində cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
40. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə (hesabdab çıxarışa əsasən) olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
41. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 17000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 17000 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
43. İddiaçı həmçinin ödənilmiş 670,2 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 670,2 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 630 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli 41-LA/12 nömrəli avadanlıqların lizinqə verilməsi barədə müqavilə üzrə 341450 manat əsas borc, 17000 manat cərimə məbləği olmaqla ümumilikdə 358450 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 630 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova