Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3621/2023 29.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və icarə müqavilələri üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla, 156.607,71 manat pul vəsaitinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində 10/20-4 saylı Alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə 01 saylı xx.xx.2020-ci il və 02 saylı xx.xx.2020-ci il tarixli Əlavə razılaşmalar tərtib edilmişdir. Adı çəkilən müqaviləyə əsasən, “Satıcı” (İddiaçı ASC) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmada qeyd olunan malları “Alıcı”ya (Cavabdeh MMC) satır, “Alıcı” isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı”ya ödəyir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə müvafiq olaraq, müqaviləyə əsasən “Alıcı” sifariş olunan malların dəyərini “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı və qaimə-fakturanı aldıqdan sonra 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, mallar “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” 10 iş günü ərzində malın dəyərinin 100% həcmdə ödəniş etməlidir. Qeyd olunmalıdır ki, cavabdehin sifarişi əsasında cavabdehə təqdim edilmiş mal-materiala görə 2021-ci il üzrə (xx.xx.2021 EBAX467810,xx.xx.2021 EBAX716674, xx.xx.2021 EBAY050265, xx.xx.2021 EBAY812955, xx.xx.2021 EBAZ077360, xx.xx.2021 EBAZ214596, xx.xx.2021 EBA2521257, xx.xx.2021 EBBB235338, xx.xx.2021 EBBC868123) verilmiş elektron hesab-fakturalar əsasında cavabdehin şirkətimizə 39.862 manat əsas borcu, 7.175,16 manat ƏDV borcu, ümumilikdə isə 47.019,16 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında yuxarıda adı çəkilən müqavilələrdən savayı, xx.xx.2020-ci il tarixində 19/20 saylı Müqavilə də bağlanmışdır. Həmin müqaviləyə əsasən, “İcraçı” (İddiaçı ASC) balansında və istifadəsində olan yük avtomobillərini icarəyə verməyi, öz hesabına sürücülərlə təmin etməyi və “Sifarişçi”nin (Cavabdeh MMC) Azərbaycan Respublikası ərazisində işlərini həyata keçirməyi, “Sifarişçi” isə bunun qarşılığında “İcraçı”ya bu müqavilənin 2-ci maddəsində qeyd edilən icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər yük avtomobili üçün aylıq icarə haqqını 4.300 AZN (ƏDV xaric) olaraq müəyyən edir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 31/2020 saylı xx.xx.2020-ci il tarixli və 19/20 saylı xx.xx.2020-ci il tarixli Müqavilələr üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlərin təhvil-təslim aktları tərəflər arasında təsdiq edilsə də, həmin görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehin ünvanına 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında müxtəlif elektron hesab-fakturalar göndərilsə də, həmin işlərin dəyərini təşkil edən cəmi əsas borc 92.856,35 manat, ƏDV borcu 16.714,2 manat və ümumilikdə 109.570,55 manat borc məbləğləri ödənilməmiş qalmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixində AVİS kabinetinə elektron olaraq, həmçinin yazılı olaraq qeydiyyat ünvanına sürətli poçt vasitəsi ilə pretenziya məktubları göndərilərək, göstərilənləri nəzərə alaraq, 156.607,71 (ƏDV daxil) borcunun 10 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixində alqısatqı müqaviləsi və həmin müqaviləyə 01 və 02 saylı Əlavələr imzalanmışdır. Müqavilə və ona əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. Müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” (İddiaçı ASC) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmada qeyd olunan malları “Alıcı”ya (Cavabdeh MMC) satır, “Alıcı” isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı”ya ödəyir. 1.2-ci bəndinə əsasən malların adı, növü, çeşidi, tərkibi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur.
12. Müqavilənin 5.1-ci bəndinə müvafiq olaraq, müqaviləyə əsasən “Alıcı” sifariş olunan malların dəyərini “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı və qaimə-fakturanı aldıqdan sonra 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir.
13. Həmin müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, mallar “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” 10 iş günü ərzində malın dəyərinin 100% həcmdə ödəniş etməlidir.
14. Bundan başqa, işin digər müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 31/2020 saylı, xx.xx.2020-ci il tarixli və 19/20 saylı, 04.082020-ci il tarixli icarə müqavilələri bağlanmışdır.
15. 31/2020 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviəsinin 1.1-ci maddəsinə əsasən “icraçı” (Teteka Transport” Açıq Səhmdar Cəmiyyəti) ona məxsus olan və cədvəl 1-də əks olunmuş texnika və ya avadanlıqları “sifarişçi”yə icarəyə verir, sifarişçi (Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti) isə onları təyinatı üzrə istifadə edib, “icraçı”ya icarə haqqı ödəyir.
16. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı texnika və ya avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında görülmüş işlərin təhviltəslim aktı tərtib olunur, imzalanır, möhürlənir.
17. Müqavilənin 3.6-cı bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir.
18. 19/20 saylı, 04.082020-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən “icraçı” (Teteka Transport” Açıq Səhmdar Cəmiyyəti) balansında və istifadəsində olan yük avtomobillərini icarəyə verməyi, öz hesabına sürücülərlə təmin etməyi və “sifarişçi”nin (Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti) Azərbaycan Respublikası ərazisində işlərini həyata keçirməyi, sifarişçi isə bunun qarşılığında icraçıya icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər yük avtomobili üçün aylıq icarə haqqını 4300 manat (ƏDV daxil deyil) olaraq müəyyən edir.
19. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ödəmələr hər növbəti ayın 15-dən 30-dək icraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.
20. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək cavabdehin hər üç müqavilə üzrə ödənilməmiş 156.607,71 manat borcunun qaldığını bildirmişdir.
21. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət bildirməmişdir.
22. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi və icarə müqaviləsindən irəli gəlir.
23. İlk növbədə, qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini, icarə müqavilələri üzrə xidmətlərin göstərildiyini sübutetmə vəzifəsi satıcı, eyni zamanda, icarəçi olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.
24. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir.
25. İddiaçı tərəf alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilməsini təsdiq edən sübutlar kimi iş materiallarına aşağıdakı elektron qaimələri (müqavilənin 5.1-ci bəndi ilə razılaşdırılmış qaydada) əlavə etmişdir: 1.xx.xx.2020-ci il tarixli EBAS seriyalı 659097 nömrəli dəyəri 26 461,74 manat, 2.xx.xx.2020-ci il tarixli EBAN seriyalı 872666 nömrəli dəyəri 57 702 manat, 3.xx.xx.2021-ci il tarixli EBAX seriyalı 716674 nömrəli dəyəri 26 820,22 manat, 4.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 050265 nömrəli dəyəri 1982,40 manat, 5.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 812955 nömrəli dəyəri 6279,96 manat, 6.xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 077360 nömrəli dəyəri 3642,66 manat, 7.xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 214596 nömrəli dəyəri 5947,20 manat, 8.xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 521257 nömrəli dəyəri 3672,16 manat, 9.xx.xx.2021-ci il tarixli EBBB seriyalı 235338 nömrəli dəyəri 14193,04 manat, 10.xx.xx.2021-ci il tarixli EBBC seriyalı 868123 nömrəli dəyəri 9279,52 manat, 11.xx.xx.2021-ci il tarixli EBAX seriyalı 467810 nömrəli dəyəri 18 040,31 manat.
26. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 174 021,21 manat təşkil edir.
27. İddiaçı tərəf icarə müqavilələri üzrə xidmətlərin göstərildiyini təsdiq edən sübutlar kimi iş materiallarına aşağıdakı elektron qaimələri əlavə etmişdir: 1.xx.xx.2020-ci il tarixli EBAN seriyalı 872328 nömrəli dəyəri 10620 manat, 2.xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 767860 nömrəli dəyəri 74773,39 manat, 3.xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 767507 nömrəli dəyəri 30359,69 manat, 4.xx.xx.2020-ci il tarixli EBAS seriyalı 657394 nömrəli dəyəri 42417,46 manat, 5.xx.xx.2020-ci il tarixli EBAS seriyalı 655823 nömrəli dəyəri 2738,78 manat, 6.xx.xx.2020-ci il tarixli EBAT seriyalı 836273 nömrəli dəyəri 9555,64 manat, 7.xx.xx.2020-ci il tarixli EBAV seriyalı 107980 nömrəli dəyəri 7835,20 manat, 8.xx.xx.2021-ci il tarixli EBAW seriyalı 003259 nömrəli dəyəri 16735,94 manat, 9.xx.xx.2021-ci il tarixli EBAX seriyalı 466209 nömrəli dəyəri 18402,10 manat 10.xx.xx.2021-ci il tarixli EBAX seriyalı 467051 nömrəli dəyəri 17920,66 manat, 11.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 504273 nömrəli dəyəri 18520,10 manat, 12.xx.xx.2021-ci il tarixli EBAY seriyalı 503989 nömrəli dəyəri 9243,73 manat,
13. xx.xx.2021-ci il tarixli EBAY seriyalı 934177 nömrəli dəyəri 4603,18 manat,
14. xx.xx.2021-ci il tarixli EBAY seriyalı 933950 nömrəli dəyəri 3177,74 manat,
15. xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 635622 nömrəli dəyəri 12465,13 manat,
16. xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 635266 nömrəli dəyəri 10157,05 manat,
17. xx.xx.2021-ci il tarixli EBBB seriyalı 236860 nömrəli dəyəri 13784,37 manat,
18. xx.xx.2021-ci il tarixli EBBB seriyalı 236471 nömrəli dəyəri 5235,27 manat,
19. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 952060 nömrəli dəyəri 10224,70 manat,
20. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 951339 nömrəli dəyəri 4465,12 manat.
28. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 327.294,45 manat təşkil edir.
29. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən əsas borc məbləği üzrə iddiaçıya 292.125,43 manat məbləğində pul ödənmişdir.
30. Bundan başqa iş materiallarında olan qəbzlərdən görünür ki, 2020-2021-ci illərdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında olan müqavilə münasibətləri üzrə ƏDV borcu üzrə 52.582,52 manat pul ödənmişdir.
31. Göründüyü kimi, cavabdeh ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişləri etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin elektron qaimə üzrə həyata keçirilməsini qəbul etmişdir.
32. Belə olan halda, Məhkəmə iddiaçı tərəfindən elektron qaimələrdə göstərilmiş malların verildiyini və xidmətlərin göstərildiyini əsaslı hesab edir.
33. Eyni zamanda, malların və xidmətlərin təhvil verilməsi iş materiallarına əlavə edilmiş TTK-FA 05/21-1, TTK-FA 05/21-2, TTK-FA 01/21-3, TTK-FA 01/21-2, TTK-FA 01/21-1, TTK-FA 02/21-1, TTK-FA 02/21-2, TTK-FA 03/21-1, TTK-FA 03/21-2, TTK-FA 04/21-2, TTK-FA 04/21-1 saylı təhvil-qəbul aktları ilə də, öz təsdiqini tapır.
34. Bundan başqa qeyd edilməlidir ki, ödəniş qəbzlərində göstərilmiş olan ödəniş məbləğlərinin məhz hansı müqavilə üzrə ödənildiyini müəyyən etmək mümkün olmamış və cavabdeh tərəf də, bu barədəhər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, hər üç müqavilə üzrə vahid məbləğdə pul tutulmalıdır.
35. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə alqı-satqı müqaviləsi və icarə müqavilələri üzrə ümumilikdə 501.315,66 manat (174 021,21+327 294,45=501 315,66) məbləğində mal və icarə müqaviləsi üzrə xidmət təqdim etmiş, cavabdeh tərəfindənisə 292.125,43 manat (əsas), 52.582,52 manat (ƏDV) olmaqla, cəmi 344.707,95 manat ödəniş edilmiş və nəticədə cavabdehin ödənilməmiş 156 607,71 (501 315,66-344 707,95=156 607,71)manat borcu qalmışdır.
36. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 156 607,71 manat pulun tutulması hissəsində əsaslıdır və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ƏDV daxil 156.607,71 manat pul tutulmalıdır.
37. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli icarə müqavilələri üzrə ƏDV daxil 156.607 (bir yüz əlli altı min altı yüz yeddi) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov