Məhkəmə qərarları › İş №e-2-2(113)-3625/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3625/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3625/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “NBA Technologies İnternational” LTD-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daşıma müqaviləsi, borcun və cərimənin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri, direktor Nümayəndə və Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “NBA Technologies İnternational” LTD-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə yaranan 55000 ABŞ dolları pul vəsaiti, həmin vəsaitin ödənilməsi gecikdirildiyi üçün hesablanan 5500 ABŞ dolları dəbbə pulu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla), habelə dövlət rüsumu üçün ödənilmiş 393 manat pul vəsaitinin cavabdeh “NBA Technologies İnternational” LTDdən (LLC-dən) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2023-cü il tarixdə bir tərəfdən “NBA Technologies İnternational” LTD, direktoru Anar Şıxəliyev şəxsində, digər tərəfdən, İddiaçı, direktoru Həmidov Təmraz şəxsində AC2023065 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti “İcraçı”-İddiaçı MMC xidmət haqqı müqabilində yükü “Sifarişçi”-“NBA Technologies İnternational” LTD-nin göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı, onun göstərdiyi yük alana təhvil verməyi, “Sifarişçi” isə daşımaya görə “İcraçı”ya bu Müqavilə və İNV/2023/0901 nömrəli, 02 oktyabr 2023-cü il tarixli hesab-faktura ilə müəyyən olunan 110000 USD məbləğli xidmət haqqının 50%-i öncədən, 50%-i isə yük ünvana çatdırılmadan sonra ödənilməsindən ibarət olmuşdur. Qeyd olunan məbləğin 50 %-i 55000 USD məbləğ 04 oktyabr 2023-cü ildə köçürmə yolu ilə “İcraçı”nın bank hesabına köçürülmüşdür. Yüklər 13 noyabr 2023-cü il tarixində təyinat yerinə çatdırılmış, “Sifarişçi”nin göstərdiyi tərəfə təhvil verilmiş və bu barədə “Sifarişçi”yə dərhal epoçt vasitəsilə yazılı bildiriş verilmişdir. Yük təhvil verildikdən sonra dəfələrlə xəbərdarlıqlara baxmayaraq, “Sifarişçi” invoys üzrə nəzərdə tutulmuş məbləğin 50 %-i ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən ödəniş müddəti 30 təqvim günü təşkil edir. “NBA Technologies İnternational” LTD sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. Cavabdeh xarici hüquqi şəxs olduğundan pretenziya məktubunu elektron qaydada göndərmək qeyri-mümkün olmuş və pretenziya məktubu poçt vasitəsi 11 aprel 2024-cü il tarixdə cavabdehə göndərilmiş, müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq cavabdeh həmin məbləği ödəməmişdir.. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385.1, 386.1, 389.1, 425.2, 430.1, 442.1, 443.1, 443.3, 445.1, 445.2.1, 445.7, 462-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə bir tərəfdən “NBA Technologies İnternational” LTD, direktoru Anar Şıxəliyev şəxsində, digər tərəfdən, İddiaçı MMC, direktoru Həmidov Təmraz şəxsində AC2023065 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti İddiaçı MMC xidmət haqqı müqabilində yükü “NBA Technologies İnternational” LTD-nin göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı, onun göstərdiyi yük alana təhvil verməyi, “Sifarişçi” isə daşımaya görə “İcraçı”ya bu Müqavilə və İNV/2023/0901 nömrəli, 02 oktyabr 2023-cü il tarixli hesab-faktura ilə müəyyən olunan 110000 USD məbləğli xidmət haqqının 50%-i öncədən, 50%-i isə yük ünvana çatdırılmadan sonra ödənilməsindən ibarət olmuşdur. Qeyd olunan məbləğin 50%-i 55000 USD məbləğ 04 oktyabr 2023-cü ildə köçürmə yolu ilə “İcraçı”nın bank hesabına köçürülmüşdür. Yüklər 13 noyabr 2023-cü il tarixində təyinat yerinə çatdırılmış, “Sifarişçi”nin göstərdiyi tərəfə təhvil verilmiş və bu barədə “Sifarişçi”yə dərhal epoçt vasitəsilə yazılı bildiriş verilmişdir. Yük təhvil verildikdən sonra dəfələrlə xəbərdarlıqlara baxmayaraq, “Sifarişçi” invoys üzrə nəzərdə tutulmuş məbləğin 50 %-ni ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən ödəniş müddəti 30 təqvim günü təşkil edir. “NBA Technologies İnternational” LTD sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. Cavabdeh xarici hüquqi şəxs olduğundan pretenziya məktubunu elektron qaydada göndərmək qeyri-mümkün olmuş və pretenziya məktubu poçt vasitəsi 11 aprel 2024-cü il tarixdə cavabdehə göndərilmiş, müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı cavabdeh şirkətin tapşırığı əsasında daşımaları həyat keçirmiş, sifarişlər e-mail yazışmalarda qeyd edilirdi. Sifarişi elektron poçt vasitəsi ilə qəbul ediblər və köçürməni bank vasitəsi ilə həyata keçiriblər. Ötən iclaslarda cavabdehin digər nümayəndəsi daşımaları qəbul edirdi, lakin məbləğlə razı deyildi. Cavabdehin etirazında qeyd edilib ki, daşınma var, lakin qiymətdən narazıdırlar. Həmçinin cavabdehin digər nümayəndəsi ötən məhkəmə prosesində vəsatətlə məhkəməyə müraciət edərək “NBA Technologies İnternational” LTD ilə "xxxx" MMC-nin bir qolu olduğunu bildirmiş və cavabdeh qismində “NBA İnternational Logistics" MMC-nin çıxış etməsini tələb etmişdir. E-mail yazışmalar Günel xanımla olmuş, "xxxx" MMC-nin əməkdaşı olsa da, “NBA Technologies İnternational” LTD-nin nümayəndəsi kimi onlarla yazışıb və sifarişləri vermişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, onlar keçən il sentyabr ayında sifarişləri almış və oktyabrın ortasına kimi müqavilə üzrə öhdəliklərini tam icra etmişlər. Daha sonra müqavilə üzrə ödənilməmiş məbləği tələb etdikdə qarşı tərəf onlara bəzi arqumentləri əsas gətirərək ödənişlər edilməsindən imtina etmişdir. Cavabdeh avans ödəmiş, lakin işin təhvil olunması barədə məktub da göndərilməsinə baxmayaraq ödəniş olunmamışdır. Onlar mart-aprel ayında tərəfə pretenziya məktubu göndərmək məcburiyyətində qalmışlar. Pretenziya məktubuna cavab gəlmədiyi üçün məhkəməyə müraciət etməli olmuşlar. Ödənişi ödəməkdən imtina olunmasının səbəbi, cavabdehin öz keçmiş əməkdaşı Kamran adında şəxsə qarşı iddiaları üzrə onların şahid kimi yanlarında olmaqlarını və Kamranın əleyhinə ifadə verməklərini tələb etmələri olmuşdur. Kamranın konkret olaraq “NBA Technologies İnternational” LTD-nin və ya “NBA İnternational Logistics" MMC-nin əməkdaşı olduğunu dəqiq bilmir. Həmin dövrdə o, İddiaçı MMC-də müdir müavini vəzifəsində olmuşdur. Sifarişləri “NBA Technologies İnternational” LTD şirkətindən almışlar, tərəflər arasında müqavilə vardır. “NBA Technologies İnternational” LTD ilə yükün daşınmasına dair əvvəlcədən qiymət razılaşdırma protokolu olmuş, e-mail yazışmalarında bu barədə məsələ öz əksini tapmışdır. Onlar e-mail yazışmalarında Günel xanımla danışıqları aparmış, sifarişləri almışlar. Günel xanımı onlar “NBA Technologies İnternational” LTD-nin əməkdaşı kimi tanımışlar. Bu iki şirkətin logosu da, təsisçiləri də eynidir. Onların cavabdehə xidmət göstərilməsi ilə bağlı yazışmalarda qiymət təklifi olub, qarşı tərəf bunu təsdiqləmişdir. Həmçinin daşınan mal üzrə CMR-in verilməsi malların daşınması və təhvil verilməsi faktını təsdiqləyir. CMR-də onların və ya qarşı tərəfin möhürünün olması şərt deyildir. Yazışmaların da sonunda qeyd edilib ki, mallar təhvil verilmişdir. Günel xanım da bildirmişdir ki, geri dönüş edəcəklər, daha sonra heç bir məlumat saxlanılmamışdır. “NBA Technologies İnternational” LTD-nin birinci dəfə idi mallarını daşıyırdılar. Lakin “NBA İnternational Logistics" MMC-nin mallarını bir neçə dəfə daşımışlar və əməkdaşlıqları olmuşdur. Bu formada əməkdaşlığın davam etməməsinin səbəbi, müştəri özü bu formada istəmişdi və müştərinin razılığı onlar üçün önəmli idi. Avans ödənişini “NBA Technologies İnternational” LTD şirkəti ödəmişdi. Avans ödənişindən sonra biz malları onlara çatdırdıq. Tərəflər arasında inam və güvən var idi, buna görə məbləğ tam ödənilmədiyi təqdirdə malların hamısını təhvil vermişlər. Çünki onlar "xxxx" MMC ilə 2-3 il idi ki, əməkdaşlıq etmişlər və ödənişlərlə bağlı heç zaman gecikmə, problem olmamışdır. Cavabdehin Kamran adında əməkdaşlarına qarşı iddia tələbləri var idi, onlardan sonuncunun əleyhinə ifadə verməyi xahiş etdilər, onlar razılaşmamış, münasibətləri pisləşməyə başlamışdır. Bütün sifarişlər e-mail vasitəsilə verilirdi. Günel xanımla yazışmalarda qarşı tərəf onlardan malları kimin götürəcəyini soruşduqda, onlar həmin Çin şirkəti “VİVO Logistics”in adını qeyd edərək nümayəndələrinin həmin şirkətdən olacağını təsdiqləşmişlər. xx.xx.2023-cü il tarixli Səlahiyyət məktubundan da görünür ki, “NBA Technologies İnternational” LTD yükün daşınması “VİVO Logistics Co. LTD” şirkətinə etibar etmişdir. Qarşı tərəf həmçinin malların sığortalanmasın da tələb etdikdə onlar e-mail vasitəsilə sığortanın şərtlərini qarşı tərəfə göndərmişlər. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə etiraz təqdim edilərək qeyd edilmişdir ki, "NBA Technologies İnternational" LTD (bundan sonra - Cavabdeh) və İddiaçı arasında AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixdə daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin 2.4-cü yarımbəndində İcraçının, yəni İddiaçının Müqavilə üzrə öhdəlikləri qeyd olunmuşdur. 2.4-cü yarımbənddə sadalanan öhdəliklər İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı cavabdehə bazar qiymətlərindən həddindən artıq yuxarı qiymətlərin əks olunduğu EQF-lər təqdim etmişdir. Cavabdeh həmin qiymətlərlə aşkar şəkildə razı olmadığı üçün həmin sənədləri, göstərilən xidmətləri qəbul etməmiş və təhvil-təslim aktlarını imzalamaqdan imtina etmişdir. Müqavilənin 4.1-ci yarımbəndinə əsasən tərəflər bu Müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İddiaçının qarşı tərəfin razılaşmadığı və təhvil-təslim aktlarını imzalamadığı təqdirdə xidmət haqqı tələb etməsi, hətta şişirdilmiş qiymətlərlə tələb etməsi absurddur. Odur ki, İddiaçı MMC müqavilə münasibətlərinə zidd şəkildə hərəkət edərək Müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozduğu üçün cavabdeh ilə bağlanan AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsinin icrasından imtina edilmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək qeyd etmişdir ki, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılarkən “NBA Technologies İnternational” LTD ilə "xxxx" MMC arasında 04 fevral 2022-ci il tarixdə “partnyorluq müqaviləsinin imzalandığı müəyyən edilmişdir. Müqavilənin mahiyyətini “NBA Technologies İnternational" LTD-nin "xxxx" MMC-nin kommersiya məqsədləri üçün və "xxxx" MMC-nin tapşırığı ilə, “NBA İnternational Logistics" MMC tərəfindən müəyyən edilmiş şirkətlərlə müqavilələr bağlaması, eyni zamanda bu müqavilələrdən irəli gələn bütün hüquqi hallara görə birbaşa "xxxx" MMC-nin məsuliyyət daşıması təşkil etmişdir. Hətta həmin müqavilədə o da təsbit olunmuşdur ki, “NBA Technologies İnternational” LTDnin müqavilənin məqsədləri üçün əməkdaşlıq etdiyi şirkətlər ilə yaranan bütün mübahisələrə görə "xxxx" MMC tam məsuliyyət daşıyır. Cavabdehin nümayəndəsi Vəkil3 iddianı qəbul etməyərək qeyd etmişdir ki cavabdeh tərəfindən iddiaçıya avans məbləği qiymət razılaşdırmadan xidmətin göstərilməsinə görə köçürülmüşdür. Müqaviləyə əsasən 110000 ABŞ dollarında xidmət göstərilməli idi. Cavabdeh də ümumi dəyərə nisbətdə malların daşımasına maraqlı tərəf olduğu üçün öncədən ödəniş etmişdir. Ötən məhkəmə prosesində iddiaçının nümayəndəsi Vəkil1 qeyd etmişdir ki, cavabdeh tərəfin keçmiş nümayəndəsi malların təhvil verilməsini təsdiqləmiş, lakin cavabdeh tərəfin məbləğlə razı olmadığını bildirmişdir. Keçmiş nümayəndənin etibarnaməsində iddia tələbi ilə bağlı münasibət bildirilərkən iddianı hər hansı bir hissədə etiraf etməsinə dair hər hansı səlahiyyət verilməmişdir. Keçmiş nümayəndə etibarnamə səlahiyyətlərindən kənara çıxmışdır. Odur ki, əgər nümayəndənin etirafı olsa belə sübut qismində ona istinad oluna bilməz. Xidmət göstərilmədiyi təqdirdə ödədikləri avans məbləğin tələb edilməsi barədə o, müdafiə etdiyi tərəfdən soruşduqda bildirmişlər ki, bununla bağlı tələb irəli sürəcəklər, lakin qarşı tərəf onları məhkəməyə verdiyi üçün işin yekunlaşmasını gözləmişlər. Cavabdeh qarşılıqlı iddianın verilməsi məsələsini bilmədikləri üçün hazırlıq iclasında müraciət etməmişlər. Hansı mallar daşınılacağı barədə onun məlumatı yoxdur. “NBA Technologies İnternational” LTD və "xxxx" MMC şirkətlərinin bir-biri ilə əlaqəsi hər iki şirkətin təsisçisinin eyni şəxs olmasıdır, amma direktoru fərqli şəxslərdir. Yazışmalardan görünür ki, Günel xanım “NBA İnternational Logistics" MMC-nin əməkdaşı olmuşdur. Müqavilənin 2.1.4-cü maddəsinə görə müqavilənin məqsədləri üçün “NBA Technologies İnternational” LTD əməkdaşlıq etdiyi şirkətlər ilə danışıqlar apara bilməsinin qeyd olunması, səlahiyyətinin verilməsi müqavilənin şərtlərinin razılaşdırılıb təsdiq olunması səlahiyyətinin verilməsi demək deyildir. Əvvəlki nümayəndə “NBA Technologies İnternational" LTD-nin müqavilənin məqsədləri üçün əməkdaşlıq etdiyi şirkətlər ilə yaranan bütün mübahisələrə görə “NBA İnternational Logistics" MMC tam məsuliyyət daşıdığını bildirsə də, nümayəndə ona verilmiş etibarnamə üzrə səlahiyyətlərindən kənara çıxmışdır. CMR-in İddiaçı MMC-yə heç bir aidiyyatı yoxdur. Həmin daşımaların İddiaçı MMC-yə aid olması heç bir yerdə qeyd olunmamışdır. Cavabdeh bir çox şirkətə sifarişlər verə bilər. Lakin hansısa sənədin İddiaçı MMC-də olması cavabdehə məxsus malları həmin şirkətin daşıdığı mənasına gələ bilməz. Cavabdeh tərəfindən bu şirkətə heç bir sifariş verilməmişdir. Hazırda ödənilmiş avans məbləğinin geri qaytarılması ilə bağlı da qarşı tərəfə pretenziya məktubu göndərilmişdir. Müqavilənin predmetinə əsasən iş materiallarında sifarişçinin, sifarişini təsdiq edən, iradəsini ifadə edən heç bir göstəriş, malın daşınmasına dair hər hansı e-mail yazışmalar mövcud deyildir. Müqavilədən başqa e-sistemə əlavə edilən digər iş materialarının heç birində cavabdehin adı qeyd olunmamışdır. Təqdim edilən e-mail yazışmaları İddiaçı MMC ilə “NBA İnternational Logistics" MMC arasında aparılır. Həmçinin mülki qanunvericiliyə əsasən hər bir hüquqi şəxs mülki dövriyyədə öz adından çıxış edir, müəyyən öhdəliklər götürür, vəzifələr icra edir və bu öhdəliklərə görə özü məsuliyyət daşıyır. Təqim edilən CMR-də də yükün daşınması təsdiq edilmişdir, lakin bunun AİR Cargo MMC-yə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak etmiş əvvəlki nümayəndənin verdiyi vəsatətlə cavabdeh kimi "xxxx" MMC məhkəmə prosesinə cəlb edilməsini istəmişdir, mail yazışmalarına aydınlıq gətirilməsi məqsədilə vəsatət verilmişdir. Cavabdeh buna dair öz mövqeyini bildirmişdir və məqsədi bir çox nüanslara aydınlıq gətirmək olmuşdur, lakin iddiaçı tərəf etiraz edərək vəsatəti təmin olunmamışdır. Həmçinin qarşı tərəf iddia edir ki, cavabdeh avans olaraq ödədiyi məbləğlə bağlı heç zaman etirazını, münasibətini bildirməmişdir. Sadəcə olaraq cavabdeh tərəfin səhvi işə cinayət işi kimi baxaraq prokurorluğa şikayət etmişdir və ona görə də rədd qərarı verilmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Sifarişçi “NBA Technologies İnternational” LTD ilə İcraçı İddiaçı MMC arasında bağlanmış AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsindən görünür ki, “İcraçı" xidmət haqqı müqabilində yükü (bundan sonra “Yük" adlanacaq) “Sifarişçi"dən və ya "Sifarişçi”in göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı və “Sifarişçi”nin özünə (yük alanın hüquqlarına malikdir), onun göstərdiyi yük alana təhvil verməyi və ya gömrük rəsmiləşdirilməsini yerinə yetirməyi öhdəsinə götürür, “Sifarişçi” isə daşımaya görə "İcraçı”ya bu Müqavilə, onun əlavəsi və ya təhvil-təsmil aktı ilə müəyyən olunan məbləğdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi öhdəliklərinə yükü lazımınca qablaşdırılmış şəkildə (əgər uyğundursa) “lcraçı"ya təhvil verir; Yükün qaiməsini və müşayiətedici digər sənədləri "Daşayıcı"ya təhvil verir; Daşımaya görə bu Müqavilə ilə müəyyən edilən məbləğdə və qaydada “icraçı”ya daşıma haqqını ödəyir; Bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmamasını öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilədə xidmət haqqının ödəniş müddəti invoys və təhvil-təslim aktı təqdim olunandan sonra 30 təqvim günü təşkil edir. Hər gecikdirilən gün üçün icraçıya invoys məbləğinin 1%-i həcmində dəbbə pulu ödənilməsi şərtləşdirilmişdir. Müqavilənin 7.1-ci və 7.2-ci bəndlərinə əsasən müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisə və ixtilaflar qarşılıqlı anlaşma qaydasında dinc yolla həll edilir. Qarşılıqlı anlaşma qaydasında həll edilməyən mübahisə və ixitilafların həlli üçün maraqlı tərəf Azərbaycan Respublikasının aidiyyatı məhkəməsinə müraciət edə bilər. “NBA Technologies İnternational” LTD ilə “NBA İnternational Logistics" MMC arasında imzalanmış 04 fevral 2022-ci il tarixli Partnyorluq müqaviləsindən görünür ki, Müqavilənin predmetini tərəflər arasında əldə olunmuş razılıq üzrə partnyorluq münasibətlərinin tənzimlənməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında əldə olunmuş razılığa əsasən NBA Tech NBA Logistics-in kommersiya məqsədləri üçün və onun tapşırığı ilə NBA Logistics tərəfindən yönləndirilmiş, iqtisadi cəhətdən səmərəlilik baxımından ən uyğun qiymətlərlə xidmət göstərən şirkətlər ilə müqavilələr bağlayır. Həmin müqavilələrin şərtləri NBA Logistics tərəfindən müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən NBA Logistics-in öhdəliklərinə aid olmuşdur: Partnyorluq münasibətlərinin davamlı inkişafına dəstək olmaq, iqtisadi cəhətdən səmərəlilik baxımından NBA Tech-ə ən uyğun şirkətləri yönləndirmək, Müqavilənin məqsədləri üçün fəaliyyət göstərməkdən ötrü NBA Tech-ə zəruri məlumat və sənədləri təqdim etmək, müqavilənin məqsədləri üçün NBA Tech ilə əməkdaşlıq edən şirkətlər ilə danışıqlar aparmaq, müqavilə bağlanması, yazışmaların aparılması və proseslərin idarə olunması məqsədi ilə daşıma, gömrük rəsmiləşdirilməsi sahəsi üzrə ixtisaslaşmış işçilərini cəlb etmək, NBA Tech-in Müqavilənin məqsədləri üçün əməkdaşlıq etdiyi şirkətlər tərəfindən göstərilən xidmətlərin (xüsusilə daşıma, gömrük rəsmiləşdirilməsi və digər xidmətlər) dəyəri bazar qiymətlərindən 5% (beş faiz) və daha yuxarı olduğu təqdirdə, NBA Tech tərəfindən ödənilmiş olduqda və ya üçüncü şəxslər tərəfindən NBA Tech-dən ödənilməsi tələb edildikdə həmin xidmətlərin ümumi dəyərini NBA Logistics NBA Tech-ə və ya üçüncü şəxslərə ödəmək, NBA Tech-in Müqavilənin məqsədləri üçün əməkdaşlıq etdiyi şirkətlər ilə yaranan bütün mübahisələrə (məhkəmə və digər dövlət orqanlarının icraatında olan işlər üzrə) görə NBA Logistics tam məsuliyyət daşımaq, NBA Tech tərəfindən bağlanan müqavilələrin icrasına nəzarət etmək, müqavilə üzrə öhdəliklərini razılaşdırılmış şərtlərlə icra etmək. CMR 27092023-02 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-05 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-03 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-06 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-07 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-08 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-01 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Qishloq qurilish bank” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-04 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. CMR 27092023-04 saylı X1 görünür ki, yükgöndərəcən GRG Banking Equipment (HK) CO. LTD tərəfindən “NBA Technologies İnternational” LTD adından “Biznesin inkişafı bankı” SKB-yə Yashnabadskii rayonu, M.Ashrafiy küçəsi, 106/1 ünvanına çatdırılması üçün 14775 kq yük göndərilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığından görünür ki, “NBA Technologies İnternational” LTD tərəfindən İNV/2023/0901 saylı hesab-faktura sənədinə əsasən İddiaçı MMC-nin Kapital bank hesabına 55000 ABŞ dolları ödəniş edilmişdir. Air Cargo” MMC 110000 ABŞ dolları məbləğində göstərilmiş xidmətin dəyərinin ödənilməsi üçün “NBA Technologies İnternational” LTD-yə İNV/2023/0901 saylı xx.xx.2023-cü il tarixli hesab-faktura təqdim etmişdir. xx.xx.2023-cü il tarixli Səlahiyyət məktubundan görünür ki, “NBA Technologies İnternational” LTD tərəfindən GRG Banking Equipment (HK) Co., Limited şirkətinə xx.xx.2023-xx.xx.2023 tarixli və GRGHK-SC-2023-0623 kontrakt nömrəli yükün daşınmasını C5-Rm601, Zhonghao new Town, BanTian Sub-District, Longgang, Shenzen, P.R. Chine ünvanında rəsmi qeydiyyatda olan VİVO Logistics Co. LTD, şirkətinə etibar etmişdir. 22 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Asad AirCargo <Elektron ünvan 1> ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Günel Əhmədovaya məxsus mailto:gunel.a@nbalogistics.azElektron ünvan 2 ünvanına müraciət edərək, 8 ədəd yüklənmiş yük maşını üçün qiymət təklifi 103.000 USD təşkil etdiyi, marşrut: Çin- Qazaxıstan-Özbəkistan, tranzit müddəti təqribən 30-35 gün qeyd olduğu qeyd edilmişdir. 22 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Günel Əhmədovaya məxsus mailto:gunel.a@nbalogistics.azElektron ünvan 2 ünvanından Asad AirCargo <Elektron ünvan 1> ünvanına müraciət edərək, qiymətin təsdiqləndiyi qeyd olunmuşdur. 27 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Javid Mamedov <Elektron ünvan 3> ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Günel Əhmədovaya məxsus mailto:gunel.a@nbalogistics.azElektron ünvan 2 ünvanına müraciət edərək, prosedurlara başlamaq üçün onlara 50% avans ödəniş tələb olduğu, qalan 50% isə, Daşkənddə təhvil alındıqdan sonra ödənilməli olmasının nəzərə alınması qeyd edilmişdir. 27 sentyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Günel Əhmədovaya məxsus mailto:gunel.a@nbalogistics.azElektron ünvan 2 ünvanından Javid Mamedov <Elektron ünvan 3> ünvanına müraciət edərək, danışdıldığı kimi, tarifin təsdiqləndiyi, onun tərəfindən yükgöndərən ilə yazışmalara əlavə ediləcəyi,m alların yerləşdirilməsini təşkil edilməsi xahiş olunmuş və yenilənmiş faktura və digər sənədlər çatdıqda, təqdim edəcəyi qeyd edilmişdir. 02 oktyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, Asad AirCargo <Elektron ünvan 1> ünvanından “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Günel Əhmədovaya məxsus mailto:gunel.a@nbalogistics.azElektron ünvan 2 ünvanına müraciət edərək, bütün yük maşınları boşaldıldığını, ödəniş barədə məlumat verilməsini xahiş etdiyini qeyd edilmişdir. 03 oktyabr 2023-cü il tarixli mail yazışmasından görünür ki, “NBA İnternational Logistics" MMC-nin Logistika və Broker Departamentinin mütəxəssisi Günel Əhmədovaya məxsus mailto:gunel.a@nbalogistics.azElektron ünvan 2 ünvanından Asad AirCargo <Elektron ünvan 1> ünvanına müraciət edərək, ödənişlə bağlı svift sənədini ən qısa zamanda təqdim ediləcəyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 400 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2-ci maddəsinə əsasən qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. 854.7-ci maddəsinə əsasən qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının: 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.4-ci bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı MMC ilə “NBA Technologies İnternational” LTD arasında AC2023065 nömrəli, 28 sentyabr 2023-cü il tarixli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İcraçı müvafiq yükləri Sifarişçi tərəfindən göstərilən təyinat yerinə daşımağı və Sifarişçinin özünə və ya onun göstərdiyi yük alana təhvil verməyi və ya gömrük rəsmiləşdirilməsini yerinə yetirməyi öhdəsinə götürmüş, Sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olubolmamadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab edir ki, tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş razılaşma şərti müqavilənin 7.2-ci bəndində nəzərdə tutulduğundan Mülki Prosessual Məcəlləinin 450.1-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Cavabdeh etirazın əsası kimi “NBA İnternational Logistics" MMC-nin “NBA Technologies İnternational” LTD əməkdaşlıq etdiyi şirkətlər ilə müqavilənin məqsədləri üçün danışıqlar apara bilməsinin qeyd olunmasının müqavilə şərtlərinin razılaşdırılıb təsdiq olunması səlahiyyətinin “NBA İnternational Logistics" MMC-yə ötürülməsi mənasına gəlmədiyini, digər tərəfdən CMR sənədlərinin İddiaçı MMC-yə heç bir aidiyyatı olmadığını, daşımaların İddiaçı MMC tərəfindən həyata keçirilməsinin heç bir yerdə yazılı sənəddə qeyd edilmədiyini bildirmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş beynəlxalq əmtəənəqliyyat qaimələrində (CMR-lərdə) yükün iddiaçı tərəfindən daşınmasını təsdiq edən qeyd olmadığını, iddiaçıya heç bir sifariş vermədiklərini qeyd etsə də, həmin CMR sənədlərin görünür ki, göndərilən yüklər mal sahibi olaraq “NBA Technologies İnternational” LTD sifarişi əsasında Çin-Qazaxıstan-Özbəkistan marşrutu üzrə çatdırılmışdır. CMR-in iş üzrə iddiaçıda olması faktı dolayısı ilə malların cavabdehin göstərişi ilə üçüncü şəxsə çatdırılması halını da təsdiq edir. Çünki Mülki Məcəllənin 854.1ci maddəsinə görə əksi sübuta yetirilənədək qaimə yük göndərən ilə daşıyıcı arasında müqaviləni, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunmasını və yük alan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Həmçinin 02 oktyabr 2023-cü il tarixli mail yazışması ilə də malların şərtləşdirilmiş qaydada çatdırılması təsdiq olunur. Qeyd edilməlidir ki, iddiaçının göstərdiyi xidmətlərlə bağlı cavabdehlə deyil, "xxxx" MMC ilə yazışmaların aparılması və müqavilə üzrə şərtlərin müəyyən edilməsi, cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 04 fevral 2022-ci il tarixli Partnyorluq müqaviləsi birbaşa əlaqəlidir. Belə ki, həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən "xxxx" MMC müqavilənin məqsədləri üçün “NBA Technologies İnternational” LTD ilə əməkdaşlıq edən şirkətlərlə danışıqlar aparmaq, müqavilə bağlanması, yazışmaların aparılması və proseslərin idarə olunması məqsədi ilə daşıma, gömrük rəsmiləşdirilməsi sahəsi üzrə ixtisaslaşmış işçilərini cəlb etməyi öhdəsinə götürmüşdür. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə müqavilənin mühüm şərtlərin müəyyən edilməsi və rəsmiləşdirilməsindən sonrakı mərhələlərdə müqavilənin icrasından irəli gələn hərəkətlərin aparılmasında "xxxx" MMC-yə lazımi səlahiyyətlərini ötürmüş, müqavilə imzalanmasından sonra daşınma ilə bağlı bütün hərəkətlər (sifarişlərin verilməsi, zəruri məlumalar və s.) sonuncu ilə aparılmışdır. Göründüyü kimi iddiaçı malların sifariş olunması, qiyməti və çatdırılması ilə bağlı bütün danışıqları "xxxx" MMC-nin əməkdaşı Günel Əhmədova ilə aparmışdır. Nəzərə alınsa ki, həmin Partnyorluq müqaviləsi məhz cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmişdir, demək onda, həqiqətən iddiaçının, "xxxx" MMC vasitəsi ilə “NBA Technologies İnternational” LTD-nin sifarişlər verməsi və bütün danışıqları aparması barədə dedikləri doğrudur. Çünki həmin müqavilədə bu məsələlər bir başa qeyd edilmişdir. Həmçinin İddiaçı MMC göstərilmiş xidmətlərə görə “NBA Technologies İnternational” LTD-yə xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığı təqdim etmiş, cavabdeh tərəfindən 55000 ABŞ dolları məbləğində ödəniş edilmiş, lakin cavabdeh həmin ödənişin avans olaraq ödənildiyini, sonradan daşınma qiymətləri ilə razılaşmadıqları üçün sifariş vermədiklərini qeyd etsə də, bunu təsdiq edə bilməmiş, həmçinin keçən müddət ərzində ödədiyi məbləği geri tələb etməmişdir. Bu da o deməkdir ki, həqiqətəndə iddiaçının təklif etdiyi qiymətlə cavabdeh razılaşaraq avans ödəniş etmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini icra edərək, daşıma xidmətləri həyata keçirmiş, cavabdeh tərəfindən də iddiaçının göstərdiyi xidmətlər və qiymətlər qəbul edilmiş, buna görə də cavabdeh ödədiyi məbləği bu günə qədər geri tələb etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə iddiaçının ekspeditor olaraq daşınmaya görə muzd almaq hüququ var və o, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək daşınmanı həyata keçirdiyi üçün yük göndərən olan cavabdehdən xidmət haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə üzrə göstərilmiş daşınma xidmətinə görə 55000 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu, tərəflər arasında müqavilədən əvvəlki və sonrakı hərəkətləri və münasibətləri nəzərə alaraq məhkəmə hesab edir ki, 55000 ABŞ ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 5500 ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2750 ABŞ dolları müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında xidmət haqqının dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 393 manat dövlət rüsumunun 384,52 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “NBA Technologies İnternational” LTD-dən müqaviləyə əsasən 55000 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə hesablanmış 2750 ABŞ dolları, ümumilikdə 57750 (əlli yeddi min yeddi yüz əlli) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 384 (üç yüz səksən dörd) manat 52 (əlli iki) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar