Məhkəmə qərarları › İş №e-2-2(113)-3625/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3625/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3625/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Elmi-Texniki Firmasının cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Müəssisəsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Elmi-Texniki Firmasının cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1 "xxxx" Müəssisəsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Elmi-Texniki Firması (İddiaçı ETF) cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16992 manat əsas borc, 1699 manat cərimə, vəkilə ödənilmiş 320 manat və dövlət rüsumu kimi ödənilmiş 147 manat olmaqla, cəmi 19158 (on doqquz min yüz əlli səkkiz) manat pulun tutularaq İddiaçı ETF-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" müəssisəsi (baş podratçı) ilə İddiaçı ETF (subpodratçı) arasında 1 sentyabr 2023-cü il tarixli, ÇP/MQ-230424-001/SBP- 01 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. 1 sentyabr 2023-cü il tarixli, ÇP/MQ- 230424-001/SBP-01 nömrəli subpodrat müqaviləsinə əsasən dəyəri ƏDV daxil 16992 (on altı min doqquz yüz doxsan iki) manat müəyyən edilmiş işlər görülərək, baş podratçıya təhvil verilmişdir. Borcların qarşılıqlı üzləşmə aktına əsasən "xxxx" müəssisəsinin (baş podratçı) İddiaçı firmasına (subpodratçı) ƏDV daxil 16992 (on altı min doqquz yüz doxsan iki) manat borcu vardır. İcra edilmiş işlərin dəyəri olan ƏDV daxil 16992 (on altımin doqquz yüz doxsan iki) manatın ödənilməsi üçün baş podratçıya 17 noyabr 2023-cü il tarixli elektron qaimə göndərilmiş, lakin ödəniş edilməmişdir. Hazırda qalıq borc ƏDV daxil 16992 (on altımin doqquz yüz doxsan iki) manat təşkil edir. Cavabdeh tərəfindən borc öhdəliyinin 1 (bir) ildən artıq gecikdirildiyi, müqavilənin xüsusi şərtinə əsasən hər gecikdirmə günü üçün müqavilə məbləğinin 0,1%-nin, ümumi müqavilə məbləğinin 10%dən çox olmamaq şərti ilə ödənilməli olduğu nəzərə alınsa, hal-hazırda cavabdeh iddiaçıya 1699 manat (min altı yüz doxsan doqquz) manat cərimə ödəməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən 16992 manat əsas borc + 1699 manat cərimə + vəkilə ödənilmiş 320 manat + ödənilmiş 147 manat dövlət rüsumu olmaqla, cəmi 19158 (on doqquz min yüzəlli səkkiz) manat "xxxx" müəssisəsi tərəfindən İddiaçı ETF-yə ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 387.2, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsindən 16992 manat əsas borc, 1699 manat cərimə, vəkilə ödənilmiş 320 manat və ödənilmiş 147 manat dövlət rüsumu olmaqla, cəmi 19158 (on doqquz min yüz əlli səkkiz) manat pulun tutularaq İddiaçı ETF-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, qeyd etdi ki, iddia tələbini əsas borcun tutulması hissəsində qəbul edir, lakin cərimənin tutulması hissəsində qəbul etmirlər.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı ETF ilə sifarişçi qismində “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsi arasında xx.xx.2023-cü il tarixli, ÇP/MQ- 230424-001/SBP-01 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, baş podratçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ÇP/MQ-230424-001 saylı, 24 aprel 2023-cü il tarixli müqaviləyə əsasən “ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binalarının xarici su təchizatı və kanalizasiya xəttinin tikintisi” işləri layihəsi çərçivəsində ölçüsü 900x900 mm olan paslanmayan poladdan zibiltutan səbətin hazırlanması işlərinin görülməsi məqsədilə subpodratçının 16992 (on altı min doqquz yüz doxsan iki) manat (ƏDV daxil) təklifini qəbul etmişdir; 2.2-ci bəndinə əsasən subpodratçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında podratçıdan satın alınan tikinti işləri zamanı ona aid olan işlərin yerinə yetirilməsini öhdəsinə götürür; 2.3-cü bəndinə əsasən podratçı müqavilədə-nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) subpodratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür; 5.1-ci bəndinə əsasən subpodratçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) baş podratçıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir; 5.2-ci bəndinə əsasən subpodratçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır, subpodratçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir; 8.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr podratçı tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, subpodratçı tərəfindən təqdim edilən müvafiq sənədlər əsasında (qaimələr, aktlar, digər sənədlər) ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır; 9.1-ci bəndinə əsasən subpodratçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. Subpodratçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda baş podratçıya dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir; 13.1-ci bəndinə əsasən subpodratçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), baş podratçı digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra baş podratçı müqaviləni ləğv edə bilər; 13.2-ci bəndinə əsasən baş podratçı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, Sub podratçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər; 14.3-cü bəndinə əsasən sub podratçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, baş podratçı cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləği müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra baş podratçı müqaviləni ləğv edə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, ÇP/MQ-230424-001/SBP-01 saylı müqavilənin xüsusi şərtlərinin 5-ci bəndinə əsasən müqavilə müddət bitdikdən sonrakı 6 ayadək qüvvədədir; 8-ci bəndinə əsasən müqavilə üzrə subpodratçı tərəfindən gecikmələr olduqda, hər gecikmə günü üçün ümumi müqavilə məbləğinin 0,1%-i məbləğində cərimə hesablanır. Cərimə məbləği ümumi müqavilə məbləğinin 10%-dən çox olmamalıdır; 9-cu bəndinə əsasən satınalma müqaviləsi üzrə baş podratçı tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği: Hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i cərimə məbləğinin yuxarı həddi: Ümumi müqavilə məbləğinin 10%-i.

10. xx.xx.2023-cü il tarixli, ÇP/MQ-230424-001/SBP-01 saylı müqaviləyə 1 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, subpodrat müqaviləsi üzrə İddiaçı ETF ümumi dəyəri 16992 manat olan xidmətlərin göstərilməsi öhdəliyi götürmüşdür. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ETF tərəfindən tərtib edilmiş 2023-cü ilin noyabr ayında yerinə yetirilən işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyəri haqqında arayışın məzmunundan müəyyən olunur ki, İddiaçı ETF tərəfindən ümumi dəyəri 16992 manat olan iş yerinə yetirilmişdir. Arayış tərərlərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Tərəflər arasında imzalanmış borcların qarşılıqlı üzləşmə aktının məzmunundan müəyyən olunur ki, müqavilə üzrə borcun 16992 manat təşkil etdiyi qeyd olunur. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 929722 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ETF tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16992 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, ÇP/MQ-230424-001/SBP-01 saylı subpodrat müqaviləsi qeyd edilmişdir. Qaimə xx.xx.2023-cü il tarixli, 342 nömrəli hesab-fakturaya uyğun hazırlanmışdır.

14. İddiaçı ETF tərəfindən Azərbaycan Respublikası “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə hesablanmış borcun 7 (yeddi) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, icraçı qismində İddiaçı ETF ilə sifarişçi qismində “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsi arasında xx.xx.2023-cü il tarixli, ÇP/MQ-230424-001/SBP-01 nömrəli subpodrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən baş podratçı (“İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsi) onunlala "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ÇP/MQ-230424-001 saylı, 24 aprel 2023-cü il tarixli müqaviləyə əsasən “ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binalarının xarici su təchizatı və kanalizasiya xəttinin tikintisi” işləri layihəsi çərçivəsində paslanmayan poladdan zibiltutan səbətin hazırlanması işlərinin görülməsi məqsədilə subpodratçının 16992 (on altı min doqquz yüz doxsan iki) manat (ƏDV daxil) təklifini qəbul etmişdir. Müqaviləyə əsasən subpodratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında podratçıdan satın alınan tikinti işləri zamanı ona aid olan işlərin yerinə yetirilməsini, podratçı isə müqavilədə-nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) subpodratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə üzrə icraçı-subpodratçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, sifariçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır.

18. İddia tələbinin bir hissəsini cavabdehdən 16992 manat əsas borcun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1 "xxxx" Müəssisəsindən 16992 (on altı min doqquz yüz doxsan iki) manat borc tutularaq İddiaçı ETF-yə ödənilməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla (müqavilə, ə,lavəsi elektron qaimə, üzləşmə aktı, arayış) öz təsdiqini tapır. Belə ki, tərəflər arasında borcların qarşılıqlı üzləşmə aktı imzalanmış və “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-nin "xxxx" müəssisəsi iddiaçıya 16992 manat borcunun olduğunu qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin hissədə iddianı qəbul etdiklərini bildirmişdir.

20. İddia tələbinin digər hissəsini cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1 "xxxx" Müəssisəsindən 1699 manat cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, 850 (səkkiz yüz əlli) manat müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 320 manat və dövlət rüsumu üçün ödənilmiş 147 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 140 manat (yüz qırx) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1 "xxxx" Müəssisəsindən 16992 (on altı min doqquz yüz doxsan iki) manat borc, 850 (səkkiz yüz əlli) manat cərimə, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 140 manat (yüz qırx) olmaqla, ümumilikdə 18302 (on səkkiz min üç yüz iki) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Elmi-Texniki Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar