Məhkəmə qərarları › İş №e-2-2(113)-364/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-364/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-364/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış əsas borca görə 9.112,70 manat, dəbbə puluna görə 455,64 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 110 manat olmaqla, cəmi 9.567,84 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, HİS 38-21 saylı xidmət müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən müqavilənin 2.2-ci bəndinin tələbləri pozulmuş, nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etiraz etdiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, HİS 38-21 saylı xidmət müqaviləsi imzalanmışdır.

8. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı ("xxxx" MMC) bu müqavilə ilə müəyyən olunmuş qaydada tibb xidmətlərini göstərməyi, sifarişçi (Cavabdeh MMC) isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür.

10. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı hər ay yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında sifarişçiyə hesabfaktura və elektron qaimə-faktura təqdim edir. Sifarişçi hesab-fakturanı və elektron qaimə fakturanı aldıqda, 30 təqvim günü ərzində ödənişi həyata keçirir.

11. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə iddiaçı tərəfin cavabdehə müvafiq olaraq tibb xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

12. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

13. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehə 23 yanvar 2023-cü il tarixədək xidmət göstərildiyini, 2022-ci ilin dekabr ayı üçün ƏDV xaric 4.573,6 manatlıq xidmət göstərildiyini, qeyd edilmiş məbləğdən 1.265 manat ödəniş edildiyini, 2023-cü ilin yanvar ayı üçün isə ƏDV xaric 5.803,6 manatlıq xidmət göstərildiyini və hər hansı bir ödənişin edilmədiyini bildirdi.

15. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi iddiaya etiraz ərizəsində müqavilə üzrə müəyyənləşdirilmiş və yerinə yetirilmiş xidmətlərin dəyərinin icraçıya ödənildiyini, iddiaçının tələb etdiyi məbləği əsaslandırmadığını və görülmüş işlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini, müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma 2 və Forma 3 sənədləri, invoys, üzləşdirmə aktı və digər zəruri mühasibatlıq sənədlərin heç birinin mövcud olmadığının iddianın əsassız olduğunu sübut etdiyini, sistem tərəfindən təsdiq olunan elektron qaimələrin işlərin görülməsini birbaşa təsdiq etmədiyini, həmin elektron qaimələrin işlərin görülməsini təsdiq edən digər sübutlarla birlikdə əlaqəli olaraq qiymətləndirilməli olduğunu, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Plenum Qərarının olduğunu bildirmiş və əsassız və qanunsuz iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-göstərilməməsidir.

17. Bu baxımından həmçinin tərəflər arasında formalaşmış olan işgüzar münasibətlər də, nəzərə alınmalıdır.

18. İş materiallarından görünür ki, dekabr 2022-ci il üçün göstərilmiş olan xidmətlərə görə xx.xx.2023-cü il tarixli EBDB 514609 saylı ƏDV xaric dəyəri 4.573,6 manat olan, yanvar 2023-cü il üçün göstərilmiş olan xidmətlərə görə xx.xx.2023-cü il tarixli EBDC 764450 saylı ƏDV xaric dəyəri 5.803,6 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

19. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki ƏDV xaric məbləğlərin cəmi 10.377,2 manat edir.

20. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2023-cü il tarixli EBDB seriyalı, 514609 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 286775 nömrəli xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 125459 nömrəli elektron qaimələr üzrə cəmi 10.000 manat məbləğində ödəniş edilmişdir.

21. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən EBDB seriyalı, 514609 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 5.396,85 manat olan elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1.265 manat ödəniş edilmişdir.

22. Məhkəmə iclasında cavabdeh tərəfdən mübahisəli olmayan (yəni ödənilmiş) əvvəlki dövrlər üzrə təhvil-təslim aktının, üzləşmə aktının tərtib edilib-edilməməsi soruşulmuş, cavabdeh tərəf isə hər hansı bir təhvil-təslim aktının, üzləşmə aktının tərtib edilmədiyini bildirmişdir.

23. Məhkəmə qeyd edir ki, göründüyü kimi, tərəflər arasında işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir. Belə ki, mübahisəli olmayan (yəni ödənilmiş) əvvəlki dövrlər üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə elektron qaimələr cavabdehə göndərilmiş, cavabdeh isə göndərilmiş olan elektron qaimələr üzrə müvafiq ödənişlər etmişdir.

24. Bundan başqa da, həmçinin, mübahisəli məbləğin bir hissəsini təşkil edən dekabr 2022-ci il üçün göstərilmiş olan xidmətlərə görə xx.xx.2023-cü il tarixli EBDB 514609 saylı ƏDV xaric dəyəri 4.573,6 manat olan qaimə üzrə cavabdehin 1.265 manat ödəniş etməsi də, onu təsdiq edir ki, iddiaçı tərəfindən mübahisələndirilən dəyərdə olan xidmətlər cavabdehə göstərilmişdir.

25. Ona görə də, məhkəmə qeyd edir ki, tərəflər arasında formalaşmış olan işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirildiyindən, yuxarıda qeyd edilmiş 2 ədəd elektron qaimədə göstərilmiş xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmiş, sonuncunun isə göstərilmiş olan xidmətlərə görə pulun ödənilməsi öhdəliyi yaranmışdır.

26. Yuxarıda da, qeyd edildiyi kimi, 2 ədəd elektron qaimələrdəki ƏDV xaric məbləğlərin cəmi 10.377,2 manat edir. Belə olan halda cavabdeh tərəfindən ödənilmiş 1.265 manat pul qeyd edilmiş məbləğdə puldan çıxılmalıdır.

27. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borc üzrə 9.112,2 (10.377,2- 1.265) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia əsaslıdır.

29. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icraçı bu müqavilənin 1.2.3-cü maddəsi ilə müəyyən olunmuş öhdəliyindən hər hansı birini yerinə yetirməzsə sifarişçi xidmətlərin yerinə yetirilmədiyi hər gün üçün icraçıya 0,1 %-i dəyəində cərimə ödəyir.

30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

31. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 455,64 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

32. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01350 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 110 manat məbləğində pul Bakı 6 saylı Mediasiya Təşkilatına ödənmişdir.

33. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, HİS 38-21 saylı müqaviləyə əsasən əsas borc üzrə 9.112 (doqquz min bir yüz on iki) manat, 20 (iyirmi) qəpik, cərimə borcu üzrə 455 (dörd yüz əlli beş) manat, 64 (altmış dörd) qəpik olmaqla, cəmi 9.567 (doqquz min beş yüz altmış yeddi) manat, 84 (səksən dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar