Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3664/2023 21.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, mütəxəssis rəyi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. “İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 sentyabr 2021-ci il tarixli, AZİ 0xx/xx/2021 nömrəli müqaviləyə əsasən 6000 manat borc, avtomobilə vurulmuş ziyana görə 4000 manat, 100 manat mediasiya xərci və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 sentyabr 2021-ci il tarixli, AZİ 0xx/xx/2021 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilədən müəyyən edilir ki, iddiaçı Mitsubishi L200, pikap, dövlət qeydiyyat nişanlı 90SC823 nömrəli avtomobili Cavabdeh MMC-nin istifadəsinə verməyi, cavabdeh isə avtomobilin aylıq xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilə üzrə aylıq xidmət haqqı 1682 manat müəyyən edilmiş və tərəflər arasında əldə edilmiş razılığ əsasında hər ay xidmət haqqından vergi xərcləri çıxarıldıqdan sonra iddiaçıya 1500 manat ödəniş olunacaqdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklərin icrası ilə bağlı 2022-ci ilin sentyabr ayında Mitsubishi L200, pikap, dövlət qeydiyyat nişanı olan 90SC823 nömrəli avtomobil işlək və saz vəziyyətdə Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin sonuna qədər hər ay nağd şəkilə 1500 manat olmaqla icarə haqqı ödəniş olmuşdur. Lakin 2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə icarə haqqı ödənişi olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən şifahi formada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Nəticədə icraə haqqı üzrə 6.000 manat borc yaranmışdır. Bundan başqa avtomobil iddiaçı tərəfindən geri alındıqdan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən avtomobil yararsız hala salınmış, nəticədə 4.000 manat məbləğində iddiaçıya ziyan vurulmuşdur. Yaranmış mübahisələrlə bağlı məhkəmədən kənar həll edilməsi məqsədi ilə yaranmış borc və vurulmuş ziyan məbləğinin ödənilməsi üçün iddiaçının həyat yoldaşı X5 tərəfindən cavabdehə telefon vasitəsi ilə müraciət olunmuşdur. Bu səbəbdən də dəfələrlə bu barədə +**********9 nömrəli “Whatsapp” proqramı tətbiqi vasitəsi ilə yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh şirkətin direktrou X6 müxtəlif vaxtlarda iddiaçının həyat yoldaşı X3 “Whatsapp” proqramı tətbiqi ilə səsli mesaj göndərərək yaranmış borc və dəymiş məbləği yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. İddia ərizəsinə əlavə edilmiş həmin “Whatsapp” proqramı tətbiqində olan mesajlardan müəyyən edilir ki, cavabdeh borcunu və avtomobilə dəymiş ziyanı etiraf etmiş, eyni zamanda müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən qəsdən yayınmışdır. Nəticə etibarı ilə cavabdeh tərəfindən heç bir ödəniş icra olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixində cavbdehə yazılı xəbərdarlıq göndərərək xəbərdar etmişdir ki, 5 gün ərzində icarə haqqı üzrə 6.000 manat borcu, avtomobilə vurulmuş ziyana görə 4.000 manat, ümumilikdə 10.000 manat borcun ödənilməsinin icra edilsin. Əks təqdirdə Bİnəqədi rayon prokurorluğuna, həmçinin məhkəməyə şikayət olunacağı və məhkəmədə çəkilən xərclərin cavabdehdən tutulacağı bildirilmişdir. Uzun müddət keçməsinə baxmyaraq cababdeh tərəfindən iddiaçıya heç bir məbləğdə ödəniş olunmamışdır. Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək, yəni mediasiya prosesinin tətbiqi barədə təklif göndərilənədək icra etməmişdir. İddia ərizəsinə əlavə edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, Mitsubishi L 200, pikap, dövlət qeydiyyat nişanı olan ** SC *** nömrəli avtomobilə 4100 manat məbləğində ziyan dəymişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatda bildirdi ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən aylıq xidmət haqqı 1682 manat məbləğində müəyyən olunmuşdu. Həmin məbləğin 182 manatı vergi xərci idi. Cavabdeh 1500 manat məbləğində pul ödəyirdi. Bununla bağlı kart da açdırmışdı. Sonradan ödənişlərdə gecikmələr oldu. Avtomobilin kasko sığortası da var idi. Ona zəng edib bildirdilər ki, maşın nasaz vəziyyətdədir. Əslində maşına 5000 manata yaxın ziyan dəymişdi. Lakin qiymətləndirmə zamanı 4000 manat müəyyən edildi. Həmin maşını ucuz qiymətə satmışdır. Cavabdehin 2022-ci ilin 4 ay, yanvar-aprel ayları üzrə ödənişləri qalmışdı. Müqavilə yoldaşının adına olsa da, hər dəfə cavabdehlə o əlaqə saxlayırdım. Bununla bağlı whatsap danışıqları da təqdim edilib. Orda Cavid adında şəxslə əlaqə saxlayırdı.Həmin şəxs direktor olmalıdır. Əvvəllər isə onun köməkçisi Vaqif adlı şəxslə danışırdı. O, hər dəfə deyirdi ki, borcu ödəyəcək. Şahid mesajları gələcəkdə sübut qismində istifadə edilməsi üçün səsli olaraq göndərirdi. Hesablaşmalar nağd aparılırdı.
III. Məhkəmə baxışının hədləri:
7.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bir tərəfdən sifarişçi qismində Cavabdeh MMC ilə digər tərəfdən icraçı qismində X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZİ0xx/xx/2021 nömrəli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçı, sifarişçinin tapşırığına əsasən bir ədəd Mitsubishi L200 Pikap markalı **-SC-*** D.N.N-lı texnika ilə işləri yerinə yetirir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. - Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçının göstərdiyi xidmətə görə ona Mitsubishi L 200 Pikap 1 saylıq iş rejimi üçün 1682 manat bütün vergilər xaric xidmət haqqı ödəyir. - 5.1-ci bəndə əsasən icraçı tərəfindən görüləcək işlərin görülmə günləri və görülən işlər sifarişçi və icraçı tərəfindən qeydə alınır və təhvil təslim aktı bu qeydiyyat əsasında tərtib edilir.
9. "xxxx" MMC tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 02-62/23 nömrəli mütəxəssis rəyindən məlum olur ki, aparılmış hesablamalar nəticəsində bu tip avtomobillərin - qəzasız, rənglənməmiş, yaxşı vəziyyətdə olduğu halda 14 aprel 2023-cü il tarixinə bazar dəyəri 20800,0 (iyirmi min altı yüz) manat təşkil edir. Mütəxəssis qarşısında qoyulmuş sual buraxılış ili 2007-ci il olan, mavi metallik rəngli, mühərrik həcmi 2.5 İ olan, “Mitsubishi L200 yük" markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı olduğundan təqdim edilmiş ototəsvirlər təhlil edilərək araşdırıldı, paytaxtın topdan və pərakəndə satış mərkəzləri, servis xidmətləri üzrə monitorinq aparıldı. Müəyyən edildi ki, fototəsvirlərdə əks edilən avtonəqliyyat vasitəsinin sol qabaq və arxa qapılarına, qapı cəftəsinə ciddi ziyan dəymişdir. Sağ qapı üzərində sayaq panel hissənin əsaslı təmir-bərpasına ehtiyac vardır. Ümumilikdə interyer və eksteryerdə cızıqlar, batıqlar müşahidə edilir ki, bu detallarda da kosmetik təmir-bərpa işlərinə ehtiyac vardır. O da məlumdur ki, təmirdən sonra əmtəə dəyərinin itirilməsi birmənalı olaraq avtonəqliyyat vasitəsinin bazar dəyərinə təsirsiz ötüşmür. Belə ki, metodologiyaya uyğun olaraq mövcud vəziyyətdə itirilmiş əmtəə dəyəri nəqliyyat vasitəsinin bazar dəyərinin 10-15% həcmini təşkil edir. Beləliklə, aparılmış hesablamalar, təhlillər və təqdim edilən fototəsvirlərə əsasən buraxılış ili 2007-ci il olan, mavi metallik rəngli, mühərrik həcmi 2.5 İ olan, “Mitsubishi L200 yük” markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə qəza nəticəsində (itirilmiş əmtəə dəyəri nəzərə alınmaqla) dəymiş zərərin məbləği 4100 manat təşkil edir.
10. X4 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə xəbərdarlıq məktubu ünvanlanaraq, 6000 manat məbləğində əsas borc, 4000 manat məbləğində dəymiş ziyana görə olmaqla, ümumilikdə 10000 manat məbləğində pulun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış AZİ0xx/xx/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının tələbi həm müqavilə üzrə icra edilməmiş öhdəliyin müqabilində 6000 manat məbləğində pulun ödənilməsindən, həm də cavabdeh tərəfindən avtomobilin yararsız vəziyyətə salınması nəticəsində 4000 manat məbləğində dəymiş ziyanın ödənilməsindən ibarətdir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZİ 0xx/xx/2021 nömrəli xidmət xidmət müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra edərək, ona məxsus Mitsubishi L 200 Pikap markalı, **-SC-*** dövlət nömrə nişanlı avtomobillə cavabdehə müvafiq xidmətlər göstərmişdir. Göstərilən xidmətin dəyəri 1 aylıq iş rejimi üçün 1682 manat, vergi xərcləri çıxılmaqla 1500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək 2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə ödənişləri həyata keçirməmişdir. Belə ki, onun hər ay 1500 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
20. Qeyd edilməlidir ki, iş materialarına əlavə edilmiş məhkəmədə şahid qismində dindirilən, eyni zamanda iddiaçının əri olan X5 ilə cavabdeh tərəf arasında „ Whatsap“ proqram tətbiqi vasitəsilə aparılan danışıqlardan məlum olur ki, cavabdeh hər dəfə borcun ödənilməsi ilə əlaqədar söz verərək, qısa zamanda ödənişi həyata keçirəcəyini bildirir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəf həqiqətən həmin yazışmalarla borcun mövcudluğu faktını təsdiqləyir. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarından da müəyyən olunur ki, qeyd olunan şəxslərin aralarında müqavilənin icra olunması ilə bağlı aparılan danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar danışıqları aparmış şəxslər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə müvafiq olaraq qanunu pozmaqla əldə edilmiş sübutların istifadəsi kimi qiymətləndirilə bilməz.
22. Bundan əlavə iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Xidmətləri” MMC tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 02-62/23 nömrəli mütəxəssis rəyindən məlum olur ki, həqiqətən də “Mitsubishi L200 yük” markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə qəza nəticəsində ziyan dəymişdir və həmin rəyə əsasən itirilmiş əmtəə dəyəri nəzərə alınmaqla dəymiş zərərin məbləği 4100 manat məbləğində müəyyən edilmişdir. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 24.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını və zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən müqavilə üzrə 6000 manat və dəymiş ziyan müqabilində 4000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
29. Məhkəmə hesab edir ki, 100 manat məbləğində mediasiya xərci və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 01 sentyabr 2021-ci il tarixli, AZİ 0xx/xx/2021 nömrəli müqavilə üzrə 6000 (altı min) manat, avtomobilə vurulmuş ziyana görə 4000 (dörd min) manat, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş 120( yüz iyirmi) manat məbləğində dövlət rüsumu, olmaqla ümumilikdə 10220 ( on min iki yüz iyirmi) manat tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlham Əhmədov