Məhkəmə qərarları › İş №e-2-2(113)-3672/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3672/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3672/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: servis xidməti, nəzarət-kassa aparatı, müqavilə azadlığı, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və icraatın gedişində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 49 ay xidmət haqqı üçün 294 manat və qeydiyyatdan çıxma aktına görə 35 manat olmaqla ümumilikdə 329 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə “Merkuri 130 F-01” markalı nəzarət-kassa aparatına (bundan sonra NKA) xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi NKA-nı qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. 2.2. Həmin qərara əsasən tərəflər arasında xx.xx.2019-cu il tarixdə 62400 nömrəli aktla müqavilə imzalanmış və NKA qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyicisi hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. 2.3. Vergi ödəyici olan cavabdeh həmin öhdəliyini xx.xx.2019-cu il tarixdən xx.xx.2023-ci il tarixədək yerinə yetirməmiş, 2019-cu ildən 2 ay, 2020-ci ildən 12 ay, 2021ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ay üçün ödəniş edilməmişdir. Ümumilikdə cavabdehin NKA üçün 49 aya görə abunə borcu 294 manat təşkil edir. Qeydiyyatdan çıxma aktı üçün də 35 manat pul məbləği ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385, 386, 425, 442, 445.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3672/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Cavabdeh iddiaya etiraz təqdim edərək rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki: 5.1. iddia tələbinin əsası qismində çıxış etdiyi iddia edilən müqavilə əslində bağlanmayıb. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilədən görünür ki, həmin müqavilə təhrif edilmiş bir “sənəd”dir. Həmin müqavilənin tarixi 2016-cı il olduğu halda, tarixin üzərində qələm vasitəsilə 2019-cu il yazılmış və təhrif edilmişdir. Həmçinin həmin müqavilə onun əslinin skanı deyil, hər hansı texniki üsulla hazırlanıb məhkəməyə təqdim olunmuş kağız parçasıdır. Digər tərəfdən müqaviləni cavabdehin direktoru imzalamayıb. İndiki halda həmin müqavilə cavabdehin direktoru tərəfindən imzalanmadığı üçün müqavilə bağlanmış sayılmır. 5.2. Digər məsələ ondan ibarətdir ki, iddiaçı tərəfindən məhkəməyə EBDU seriyalı 353426 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilib və həmin qaimədə qeyd edilib ki, ödənilməli olan məbləğ 49 ay üzrə 294 manat təşkil edir. Həmin qaimə iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən elektron qaimə tamamilə əsassız olduğu üçün xx.xx.2023-cü il tarixdə onlayn kargüzarlıq sistemi vasitəsilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılıb və həmin sistemdə qeyd edilib ki, “qaimədə qeyd olunan xidmət olunmayıb. Yanlış məlumatdır”. İddiaçı həqiqətən də təqdim etdiyi elektron qaimədə göstərilən xidməti cavabdehə göstərməyib və buna görə də həmin elektron qaimə əsassız olduğu üçün geri qaytarılıb. 5.3. Həmçinin iddiaçı borc məbləğinin yaranmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Belə ki, xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı, müvafiq hesab-fakturalar və digər zəruri sənədlər məhkəməyə təqdim edilməyib. İddiaçının məhkəməyə təqdim etdiyi və müqavilə adlandırdığı, lakin təhrif olunmuş və cavabdeh tərəfindən imzalanmamış “kağız parçası” və əssasız olduğu üçün ləğv edilən elektron qaimədir. Göründüyü kimi, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları heç bir sübutla təsdiq edə bilmir və məqsəd yalnız və yalnız əssasız varlanmaqdır.

6. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı, 407.2-ci maddələri göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2024-cü il tarixli iclasında iddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti əsl İddiaçı (bundan sonra İddiaçı MMC) ilə əvəz olunmuşdur.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmənin hazırlıq iclasında iştirak edən əsl olmayan iddiaçının nümayəndələri Nümayəndə və X2 xidmət müqaviləsinin əvvəlcə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlandığını, daha sonra isə İddiaçı MMC ilə yeni xidmət müqaviləsinin bağlandığını bildirdi və hazırkı tələb İddiaçı MMC ilə bağlanan xx.xx.2019-cu il tarixdə 62400 nömrəli müqaviləyə əsaslandığından “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl iddiaçı ilə əvəz olunmasını etiraz etmədiklərini bildirdilər. Məhkəmənin suallarına cavab olaraq X2 bildirdi ki, nəzarət kassa aparatını “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata aldırsa da, xidməti İddiaçı MMC göstərmişdir.

10. Cavabdehin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı 2019-cu ilin noyabr və dekabr, 2020-ci ilin 12 ayı, 2021-ci ilin 12 ayı, 2022-ci ilin 12 ayı və 2023-cü ilin 11 ayı üzrə “yaranmış” borc məbləğinin ödənilməsini tələb edir. Bu işə iddia müddəti tətbiq edilməlidir və bu halda 2019-cu ilin noyabr və dekabr, 2020-ci ilin 12 ayı, 2021-ci ilin ilk 5 ayı üzrə iddia müddəti ötürülmüşdür və bu səbəbdən də iddia rədd edilməlidir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İş materiallarında olan **********862400 nömrəli nəzarət-kassa aparatının qeydiyyata alınma aktından görünür ki, “Merkuri 130F-01” markalı 00226066 zavod nömrəli NKA iddiaçı tərəfindən Cavabdeh MMC-yə (VÖEN: **********) məxsus təsərrüfat subyektində - ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdən istismara verilmişdir.

16. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə bağlanmış 62400 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC (STXM) ilə Cavabdeh MMC (istehlakçı) arasında NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq istehlakçı “Merkuri 130F-01” markalı 00226066 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.

17. Müqavilənin 2-ci bəndinə əsasən STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktublardan görünür ki, “Merkuri 130F-01” markalı 00226066 zavod nömrəli NKA-nın tapılması barədə Bakı Şəhəri Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

19. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 62400 nömrəli müqaviləyə əsasən xx.xx.2019 – xx.xx.2023-cü il tarixləri əhatə edən 49 ay üçün ödənilməli xidmət haqqı 294 manat təşkil edir. Həmçinin görünür ki, NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat borcun olduğu qeyd olunmuşdur.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən “Merkuri 130F-01” markalı 00226066 zavod nömrəli NKA cavabdehə məxsus təsərrüfat subyektində - ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdən istismara verilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 62400 nömrəli NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq cavabdeh “Merkuri 130F-01” markalı 00226066 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi iddiaçıya tapşırmış, iddiaçı isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüş, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün cavabdeh tərəfindən iddiaçıya hər NKA-ya görə aylıq 6 manat məbləğində vəsait ödənilməsi razılaşdırılmışdır. Həmçinin müəyyən olunur ki, “Merkuri 130F-01” markalı 00226066 zavod nömrəli NKA itirilmiş, xx.xx.2021-ci il tarixə tapılmamışdır.

21. İddiaçı bildirir ki, 00226066 zavod nömrəli NKA-ya görə xx.xx.2019 – xx.xx.2023cü il tarixləri əhatə edən 49 ay üçün xidmət haqqını təşkil edən 294 manat ödənilməmişdir. Həmçinin NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat pulun tutulmasını xahiş edir.

22. Cavabdeh iddianın rədd olunmasını xahiş edir və bildirir ki, NKA-ya xidmət göstərilməmiş, həmçinin hazırkı tələb üçün iddia müddəti ötürülmüşdür.

23. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruridir.

24. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: - 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. - 4.4-cü bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır. - 8.1-ci bəndinə əsasən istifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. - 8.3-cü bəndinə əsasən istifadəçinin vəzifələri: nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək və s. - 1.4.5-ci bəndinə əsasən operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. - 7.2-ci bəndinə əsasən istifadəçilər tərəfindən NKA-nın bu Qaydalara uyğun istismar edilməsini təmin etmək və bu Qaydaların tələblərinin pozulması faktları aşkar edildikdə Nazirliyə məlumat vermək; nəzarət mexanizmi qurğusuna müvafiq proqram servislərinin və sertifikatın yazılmasını (“inisializasiya”, avtorizasiya) təmin etmək; NKAnın istismarı zamanı yaranmış problemlərin təhlilini həyata keçirmək və onların aradan qaldırılması barədə İstifadəçinin məlumatlandırılmasını təmin etmək; NKA-ya dair texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşdırılmasını təmin etmək; istifadəçilərə NKA-dan istifadə qaydalarını öyrətmək; xidmət göstərdiyi NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmasını dövri olaraq rübdə 1 dəfədən az olmamaqla yoxlamaq, işlək vəziyyətdə olmasını təmin etmək və Nazirliyə bu barədə məlumat vermək; istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək; servis-texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq; NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan bütün əməliyyatlar zamanı təqdim edilən məlumatların tamlığını, düzgünlüyünü, konfidensiallığını təmin etmək; NKA-nın istismarı üçün İstifadəçi tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlamaq; servis-texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmazlıqları, istifadəçilərin təklif və iradları barəsində məlumatların yığılmasını, təhlil olunmasını və bu məlumatların Komissiyaya təqdim olunmasını təmin etmək; nasaz NKA-nı dəyişdirmək üçün qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın 20 faizi həcmində ehtiyata malik olmaq; istifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparmaq və s. Operatorun vəzifəsidir.

25. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın tələblərinə əsasən hazırkı iş üzrə iddiaçı NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən Operator, cavabdeh isə malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan NKA-nın istifadəçisidir. Qeyd olunan Qaydaya əsasən Operatorun və NKA-nın istifadəçisinin üzərinə dövlət reyestrinə daxil edilmiş NKA-ya servis texniki və təmiri xidməti göstərməsi barəsində müqavilələr bağlamaq vəzifəsi qoyulmuşdur. Qaydalara nəzər yetirdikdə aydın olur ki, qeyd olunan xidmətin məzmunu ilə bağlı tələblər həmin Qaydalarda ətraflı təsbit olunmuş və xidmət NKA-nın işləkliyinin təmin edilməsi və nəzarətin həyata keçirilməsinə yönəlmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə istinad olunan Qaydaların tələblərinə uyğun xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlanan zaman Nazirlər Kabinetinin ləğv olunmuş Qərarına istinad olunsa da, müqavilənin məzmunundan və işin hallarından aydın olur ki, müqavilə NKA-ya xidmət göstərilməsi ilə bağlı operator və istifadəçi arasında bağlanmış müqavilə olmuşdur.

27. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Məhkəmə qeyd edir ki, iddiaçı xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş edir. Mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

31. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

32. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddələri təşkil edir.

33. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

34. Hazırkı iş üzrə iddiaçı qeyd olunan normaların tələblərinə uyğun olaraq hüququnu realizə edir, göstərdiyi xidmətlərin dəyərini tələb edir.

35. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaya etirazında tələb olunan dövründə (2019-cu ilin sentyabr ayından 2023-cü il noyabr ayınadək) xidmət göstərilmədiyinə istinad etsə də, NKA-nın cavabdehə məxsus təsərrüfat subyektində istismara verilməsi, NKA-ya xidmət göstərilməsi ilə bağlı müqavilə bağlaması, cavabdehin NKA-nın itirilməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət etməsi iş materialları ilə öz təsdiqini tapır. Qanunvericiliyin tələbinə əsasən isə NKA-nın işləkliyini təmin etmək və nəzarətin həyata keçirilməsinə şəraitin yaradılması üçün operatorun xidmətindən istifadə etmək NKA istifadəçisinin vəzifəsidir. Belə olan halda, 2019-cu ilin sentyabr - 2021-ci ilin sentyabr ayları üzrə NKA-ya xidmət göstərilmədiyinə dair cavabdehin etirazı əsassızdır.

36. Məhkəmə xidmətin göstərildiyi müddət və tutulmalı xidmət haqqı məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən “Merkuri 130 F-01” markalı 00226066 zavod nömrəli NKA-nın tapılmadığı məlum olmuşdur. Belə olan halda iddiaçının 2021-ci ilin sentyabr ayından etibarən cavabdehdə olmayan NKA-ya xidmətə görə pul tələb etməsi əsassızdır. Ona görə də iddiaçı cavabdehdən xidmət haqqının ödənilməsini 2019-cu ilin sentyabr - 2021-ci ilin sentyabr ayları üzrə tələb edə bilər.

37. Bu mənada göstərilməlidir ki, cavabdeh NKA itirilənədək xidmət haqqının ödənildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

38. Cavabdeh 2021-ci ilin sentyabr ayınadək olan dövr üzrə xidmət haqqının ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini tam yerinə yetirə bilməmişdir.

39. Qeyd olunanlara əsasən və xidmət göstərilən dövrün 2019-cu ilin sentyabr - 2021-ci ilin sentyabr aylarını əhatə etdiyini nəzərə alan məhkəmə hesab edir ki, xidmət haqqı olaraq 00226066 zavod nömrəli NKA-ya görə 144 manat (24 ay x 6 manat = 144 manat) pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

41. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

42. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

43. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2).

44. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

45. Məhkəmə qeyd edir ki, yuxarıda xx.xx.2019-cu il tarixdə 62400 nömrəli müqavilə üzrə sonuncu dəfə xidmətin 2021-ci ilin sentyabr ayında göstərildiyi müəyyən olunduğundan və müqavilənin bağlandığı andan həmin tarixədək tərəflər arasında öhdəlik münasibətinin davamlı xarakteri nəzərə alındığında 2021-ci ilin sentyabr ayından hesablanmaqla xidmət haqqının tələb edilməsi üçün üç illik iddia müddətinin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edildiyi tarixə (xx.xx.2024-cü il) başa çatmadığı aydın olur.

46. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

51. Məhkəmə qeyd edir ki, NKA-nın qeydiyyatdan çıxarılması üçün 35 manat pulun tutulması hissəsində iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda NKA-nı qeydiyyatdan çıxarmaq səlahiyyəti vergi orqanına həvalə edilmiş, Operatorun belə bir hüququ nəzərdə tutulmamış, öhdəsinə belə bir vəzifə qoyulmamışdır. Belə olan halda iddiaçının qeyd olunan pulu tələb etməsinin hüquqi əsası yoxdur.

52. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixdə 62400 nömrəli xidmət müqaviləsi üzrə 144 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

53. İddiaçı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə iddianın qiyməti 1000 manatadək olduqdan hər bir halda ödənilməli dövlət rüsumunun 30 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli xidmət müqaviləsi üzrə 144 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar