Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-370/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" X3 Müəssisəsinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Müəssisəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20.000 (iyirmi min) manat əsas borcun, 2000 (iki min) manat məbləğində cərimənin, mediasiya təşkilatına ödənilmiş 200 (iki yüz) manatın, ümumilikdə 22.200 (iyirmi iki min iki yüz) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMHM-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 yanvar 2019-cu il tarixində İddiaçı MMHM ilə Cavabdeh MMC arasında hüquqi xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Cavabdehlə olan müqaviləyə uyğun olaraq müqavilə şərtlərinə tam ələ edilir və bu günkü günə kimi cavabdehə hüquqi xidmət göstərilməkdədir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən göstərilən hüquqi xidmət müqabilində cavabdeh tərəfindən aylıq 1200 (bir min iki yüz) manat xidmət haqqı iddiaçıya ödənilməli idi. İddiaçı ilə cavabdeh arasında olan 03 yanvar 2019-cu il tarixli hüquqi xidmət müqaviləsinin 5.2-ci bəndinə əsasən cavabdeh tərəfindən iddiaçıya aylıq olaraq xidmət haqqının 100%-i qabaqcadan ödəniş həyata keçirilməklə hər ayın 5-ci gününə qədər nağd pulla və ya iddiaçının bank hesabına köçürmə yolu vasitəsi ilə ödənilməli idi. 2021-ci ilin avqust ayından başlayaraq cavabdeh tərəfindən iddiaçıya ödəniş həyata keçirilmir. Cavabdehin tərəfindən əvvəllər ödəmələrin vaxtı-vaxtında ödənilməsinə baxmayaraq 2021-ci il avqust ayından hal-hazırkı dövrədək təqdim edilmiş elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə göstərilmiş hüquqi xidmətin ümumi dəyəri 20.000 (iyirmi min) manat təşkil etmiş və cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmaqdadır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək uzun müddətdir heç bir ödəniş olmur. Hal-hazırda cavabdehin 20 000 (iyirmi min) manat əsas borcu və müqavilənin 5.3. bəndinə uyğun olaraq (gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,1%-i həcmində, lakin ödənilməmiş məbləğin 10%-dən artıq olmamaq şərtilə) 22 000 (iyirmi iki min) manat cərimə borcu vardır. Göstərilənlərdən göründüyü kimi cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək 20.000 (iyirmi min) manat məbləğində əsas borcu və 2.000 (iki min) manat məbləğində cəriməni, cəmi 22 000 (iyirmi iki min) manatı ödəmir. 03 oktyabr 2022-ci il tarixdə borcun və cərimənin ödənilməsi tələbinə dair cavabdehə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair pretenziya məktubu göndərilsə də cavabdeh tərəfindən hər hansı bir cavab verilməmiş və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" X3 Müəssisəsi və Cavabdeh MMC arasında imzalanmış 3 yanvar 2019-cu il tarixli hüquq xidməti müqaviləsinə əsasən ərazidə, sifarişçiyə aidiyyəti olan müəssisələrdə və ya ofisdə hüquqşünas tərəfindən qanunvericiliyə dair arayışlar verilməsi, sifarişçinin tapşırığı ilə sifarişçinin adından ərizələrin, şikayətlərin və hüquqi xarakterli başqa sənədlərin layihəsinin tərtib edilməsi, qanunvericiliyə dair şifahi, yazılı arayışların verilməsi, sifarişçi tərəfindən zəruri bildiyi hallarda onun tərəfindən aparılan danışıqlarda iştirak edilməsi, sifarişçi tərəfindən isə bu müqavilədə göstərilmiş şərtlərlə xidmət haqqının hüquqşünasa ödənilməsi bu müqavilənin predmetini təşkil edir. 5.1-ci bəndə əsasən hüquqşünas tərəfindən göstərilən müvafiq hüquqi xidmətin müqabilində ödəniləcək xidmət haqqı aylıq 1200 (bir min iki yüz) manat olaraq müəyyən edilir. 6.1-ci bəndə əsasən müqavilə 3 yanvar 2019-cu il tarixindən 3 yanvar 2020-ci il tarixinədək imzalanır. 6.3-cü bəndə əsasən müqavilə müddəti bitməsinə bir ay qalmış tərəflərdən biri digər tərəfə müqavilə münasibətlərinin davam etdirilməməsi barədə bildiriş verməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. xx.xx.2022 tarixli 215OPXO223150546 nömrəli ödəniş tapşırığından məlum olur ki, 200 manat Bakı 6 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. "xxxx" X3 Müəssisəsi və Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktında xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin "xxxx" X1 kreditor borcunun cəmi məbləği 20.400 manatdır. EBBF seriyalı 876136 nömrəli xx.xx.2021 tarixli, EBBJ seriyalı 373261 nömrəli xx.xx.2021 tarixli, EBBL seriyalı 685404 nömrəli xx.xx.2021 tarixli, EBBL seriyalı 685678 nömrəli xx.xx.2021 tarixli, EBBM seriyalı 22741 nömrəli xx.xx.2021 tarixli, EBBP seriyalı 214840 nömrəli xx.xx.2022 tarixli, EBBR seriyalı 419381 nömrəli xx.xx.2022 tarixli, EBBS seriyalı 313067 nömrəli xx.xx.2022 tarixli, EBBT seriyalı 717511 nömrəli xx.xx.2022 tarixli, EBBV seriyalı 562011 nömrəli xx.xx.2022 tarixli, EBBX seriyalı 405017 nömrəli xx.xx.2022 tarixli, EBBZ seriyalı 180130 nömrəli xx.xx.2022 tarixli, EBCB seriyalı 061648 nömrəli xx.xx.2022 tarixli, EBCD seriyalı 891045 nömrəli xx.xx.2022 tarixli, EBCG seriyalı 918109 nömrəli xx.xx.2022 tarixli, EBCİ seriyalı 556753 nömrəli xx.xx.2022 tarixli, EBCK seriyalı 700338 nömrəli xx.xx.2022 tarixli elektron qaimələr üzrə 1.200 manat 3 yanvar 2019-cu il tarixli müqavilə üzrə ödənilməsi üçün "xxxx" X3 Müəssisəsi tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün göndərilmiş, elektron qaimələr təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 20.000 (iyirmi min) manat əsas borc cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçı 2.000 (iki min) manat məbləğində cərimə məbləğinin tutulmasını da tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan iddia tələbi təmin edilməli, 2.000 manat cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 20.000 (iyirmi min) manat əsas borc, 2.000 (iki min) manat məbləğində cərimə, mediasiya təşkilatına ödənilmiş 200 (iki yüz) manat, İddiaçı MMHMnin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-370/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-370/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver