Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3707/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10500 manat əsas borcun, 525 manat gecikdirmə faizinin, məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat ödəniş olmaqla, ümumilikdə 11469 (on bir min dörd yüz altmış doqquz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə Cavabdeh arasında 29 mart 2024-cü il tarixindəmövcud borcun etirafı haqqında müqavilə bağlanmış və cavabdeh ümumilikdə 11900 (on bir min doqquz yüz) manat borc məbləğini 30 aprel 2024-cü il tarixindən başlayaraq, 30 avqust 2025-ci il tarixinə qədər hər ay 700 (yeddi yüz) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh yalnız ilk iki ay (2024-cü ilin aprel və may ayları) üzrə ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində ödəniş etmiş, bundan sonra müqavilə şərtlərinə əməl etməmiş və aylıq ödənişlərini dayandırmışdır. Qeyd edək ki, hazırda cavabdeh tərəfindən 10500 (on min beş yüz) manat əsas borc ödənilməmişdir. Odur ki, iddiaçı X3 ödənilməmiş 10500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Müqavilənin 2.5-ci maddəsinə əsasən, borclu bu Müqavilə ilə etiraf etdiyi borcu birbaşa borc verənə və ya onun səlahiyyətli nümayəndəsinə ödəyə bilər. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən, borclu bu müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi və ya lazımınca icra etmədiyi halda bunun nəticəsində borc verənə vurduğu maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Həmçinin, sözügedən müqavilənin 2.8-ci bəndinə əsasən, borclu tam zəmanət verir ki, bu müqavilənin 1-ci bəndində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Eləcə də, həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilənin icrası ilə əlaqədar Borc verən tərəfindən heç bir əlavə və (və ya) bildiriş verilməsi tələb olunmur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olumuş sənədlərdən müəyyən olunur ki, iddiaçı X1 Cavabdeh arasında 29 mart 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə imzalanmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən yaranmış borcun tərəflərin sahibkarlıq fəaliyyətindəndən irəli gəlməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə , iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizənin surəti və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. **********90 saylı qəbz üzrə ödənilmiş 124 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3707/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3707/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver