Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3721/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 467.15 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 10 sentyabr 2015-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı cavabdehi bu müqaviləyə 1 saylı Əlavədəki nömrələr və telekomunikasiya xidmətləri ilə təmin edir. Cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl edərək nömrələr və rabitə xidmətləri ilə cavabdehi təmin etmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliklərə əməl etməmiş, təqdim edilmiş xidmətlərdən istifadə etsə də, xidmət haqlarını ödəməkdən yayınmışdır. Buna görə də cavabdehin iddiaçıya 390.41 manat ödənilməmiş borcu qalmışdır. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 5.İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli abunə müqaviləsinə əsasən İddiaçı MMC siyahısı bu müqaviləyə olan 1 saylı Əlavədə müəyyən edilən nömrələri və telekomunikasiya xidmətlərini abunəçiyə təmin edir. Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq Tarif Plan üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. 5.1.Hazırki müqaviləyə əsasən Abunəçi tərəfindən istifadə olunan xidmətlərin dəyəri İddiaçı-un icra olunma tarixinə qüvvədə olan mövcud Tarif Planına əsasən müəyyən olunur. 5.2 X1 uyğun istifadəsində olan Xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesabfaktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu Müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi hesab edilir. 5.3 Abunəçi, İddiaçı tərəfindən müəyyən olunan və bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq dəyişdirilənTarif Planı və Qaydalarla nəzərdə tutulan ödəniş şərtlərinin pozulmasına görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,1 % həcmində, lakin ümumilikdə 30% çox olmamaq şərti ilə cərimə ödəyir. Abunəçiyə tətbiq olunan cərimələr, onun istifadə etdiyi nömrə hesabından vəya depozit hesabından İddiaçı tərəfindən birtərəfli qaydada tutula bilər.
6. "xxxx" MMC tərəfindən verilmiş təminat məktubuna əsasən MMC ayrılan nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verilməsini təsdiq etmişdir.
7. İddiaçı MMC tərəfindən “Qızılağac LTD MMC-yə mobil rabitə xidmətinin göstərilməsi ilə bağlı ümumi məbləği 467 manat təşkil edən HK seriyalı 259667 nömrəli xx.xx.2015-ci il tarixli elektron qaimə təqdim edilmişdir.
8. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən sonuncunun həmin tarixdə ödənilməmiş 467.15 manat məbləğində borcu mövcuddur. 9.İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 467.15 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli abunə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
12. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı cavabdehi bu müqaviləyə 1 saylı Əlavədəki nömrələr və telekomunikasiya xidmətləri ilə təmin etməyi, cavabdeh xidmətlərdən istifadə müqabilində müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra erməsinə baxmayaraq, cavabdeh öhdəliyini lazımı qaydada icra etməmiş və 467.15 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
13. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını və zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 467.15 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
14. İddiaçı iddia tələbində ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 467.15 (dörd yüz altmış yeddi manat on beş qəpik) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov