Məhkəmə qərarları › İş №e-2-2(113)-3723/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3723/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3723/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 39176 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 212 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Karatas Muhammet (icraçı) ilə Cavabdeh MMC-nin direktoru X1 (sifarişçi) arasında 05 may 2021-ci il tarixində “KTTX 17/0521” №- li xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus nəqliyyat vasitələrin təmir xidmətlərini eləcə də zəruri ehtiyat hissələrlə təmin edilməsini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilərək sifarişçiyə 39176.00 manat dəyərində xidmət (iş, mal) verilməyi təsdiqlənmişdir. Həmin mallar sifarişçiyə müxtəlif tarixlərdə, yəni xx.xx.2021-ci il tarixində 5062 manat dəyərində, xx.xx.2021-ci il tarixində 2548.80 manat dəyərində, xx.xx.2021-ci il tarixində 10856 manat dəyərində və xx.xx.2021-ci il tarixində isə 20709 manat dəyərində xidmət (iş, mal) göstərilmiş və həmin tarixlərdə malların təhvil alınması barədə sifarişçi tərəfindən müvafiq olaraq EBBC 385276 nömrəli, EBBD 270941 nömrəli, EBBG 408979 nömrəli, EBBH 540939 nömrəli elektron-qaimələr imzalanmışdır. “KTTX 17/0521” №-li xidmət müqaviləsi 1 (bir) il müddətinə bağlanmışdır. Göründüyü kimi iddiaçı xidmət müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, borclu isə müqavilənin tələblərini pozaraq 39176.00 manat dəyərində xidmət göstərilməsinə baxmayaraq iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə Cavabdeh MMC-dən müqavilənin icrası, borcun qaytarılması tələb edilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq uzun müddətdir ki, icra etməkdən qəsdən yayınmışdır. Eyni zamanda cavabdeh hüquqi şəxsin qanunsuz hərkətləri iddiaçı hüquqi şəxs İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə həddindən çox mənfi təsir göstərir. Odur ki, nəticədə məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Yuxarıda qeyd edilən 39176.00 manat məbləğində pul 3 il müddətdir ki, gecikdirilir. Odur ki, 39176.00 manat məbləğində pulun 3 il gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi olmaqla cəmi 5876,40 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə cavabdeh tərəfindən ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 389.1, 397.1, 399.1, 405.1, 425.1, 439.3, 442, 567, 600.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşılıqlı üzləşmə aktının sonradan təqdim edilməsinin səbəbi, həmin sübutun iddiaçıda olmadığı, cavabdeh tərəfindən sonradan iddiaçıya təqdim edilməsi olmuşdur. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli müqavilədən görünür ki, İcraçı Sifarişçiyə məxsus nəqliyyat vasitələrin təmir xidmətlərini eləcə də zəruri ehtiyat hissələrlə təmin edilməsini həyata keçirir, Sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini İcraçıya ödəyir. Xidmətlərin həcmi, icra müddəti, dəyəri və digər şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də tərəflər arasında razılaşdırılır. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətlər sifarişçi tərəfindən təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyəri, eləcə də ödəniş şərtləri həmin xidmətlər həyata keçirilməzdən əvvəl tərəflərin imzaladıqları Əlavə(lər)də müəyyən edilir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində icraçının göstərdiyi xidmətlər nəticəsində yaranmış qüsurlar haqqında Sifarişçi İcraçıya bildiriş verməlidir. Bildiyişdə qüsurların aradan qaldırılması üçün ağlabatan məsuliyyət müddəti göstərilir. Müqavilənin 10.1 və 10.2-ci bəndlərinə əsasən müqavilənin imzalandığı gündən qüvvəyə minr və 1 il müddətində qüvvədədir, müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər hər-hansı biri 1 ay əvvəlcədən digər tərəfə yazılı qaydada xəbərdarlıq edərək müqaviləyə vaxtından əvvəl xitam verə bilər. EBBH seriyalı, 540939 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 20709 manat, EBBG seriyalı, 408979 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10856 manat, EBBC seriyalı, 385276 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 5062,20 manat, EBBD seriyalı, 270941 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 2548,80 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 15 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə qalıq borcu 39176 manat təşkil etmişdir. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 05 may 2021-ci il tarixli GMB.2021.A107 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 3256,80 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 05 may 2021-ci il tarixli GMB.2021.A108 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1805,40 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 29 may 2021-ci il tarixli GMB.2021.A144 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1982,40 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 26 may 2021-ci il tarixli GMB.2021.A143 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 566,40 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 23 iyun 2021-ci il tarixli GMB.2021.A241 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1982,40 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 09 avqust 2021-ci il tarixli GMB.2021.A242 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 7032,80 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 11 avqust 2021-ci il tarixli GMB.2021.A245 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1840,80 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 05 may 2021-ci il tarixli KTTX 17/0521 nömrəli xidmət müqaviləsi üzrə 03 sentyabr 2021-ci il tarixli GMB.2021.A272 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 20709 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC xx.xx.2023-cü il tarixinə İddiaçı MMC qarşısında 39176 manat kreditor borcunun olduğunu qəbul etmişdir. 20 may 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 212 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş eqaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin təhviltəslim aktları, qarşılıqlı üzləşmə aktı ilə də cavabdehin iddiaçıya 39176 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 39176 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 39176 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 212 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 39176 (otuz doqquz min yüz yetmiş altı) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 212 (iki yüz on iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar