Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3726/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Nümayəndəliyinə qarşı xx.xx.2022-ci il tarixli, KOL-ŞU-152 saylı, xx.xx.2022-ci il tarixli, KOL-ŞU-168 saylı müqavilələr əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdehnin Azərbaycan Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X8 Sanayi ve Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən İddiaçı MMC ilə "X8 Sanayi ve Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli, 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli xidmət müqavilələrinə əsasən və müqavilələr üzrə xidmət haqqının ödənilməməsi ilə əlaqədar olaraq 112.177,54 manat, dəyən maddi zərərə görə 28.000 manat, mediasiya prosesinin xərci kimi 400 manat, iddianın verilməsinə görə dövlət rüsumu kimi 32 manat, ümumilikdə 140.609,54 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "X8 Sanayi ve Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və İddiaçı MMC 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli, 1 sentyabr 2022-ci il tarixli KOLŞU-168 nömrəli xidmət müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən, icraçı müqavilələrin 1.1-ci maddəsində göstərilən texnikaları (avadanlıqları) ilə sifarişçiyə xidmət göstərməyi, sifarişçi isə texnikalardan təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin 3.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən aylıq ödənişlərin irəliləyiş və hesab-faktura ilə əvvəlcədən ödənilməsi, ilk ayın icarə haqqısının texnikalar (avadanlıqlar) sahəyə çatdıqdan sonra 3 gün ərzində verilməsi nəzərdə tutulmuşdur. Nəzərə çatdırmaq istərdilər ki, qeyd olunan xidmət müqavilələri üzrə icraçı öz öhdəliklərini tam şəkildə icra etmiş və müqavilənin predmenti olan xidmətləri icra etmişdir. Buna baxmayaraq, sifarişçi tərəfindən müqavilə üzrə xidmət haqqı bir müddət ödənilmiş, daha sonra isə öhdəliklərini yerinə yetirməkdən yayınaraq müqavilələr üzrə yaranan xidmət haqlarını ödəməmişdir. Belə ki, şirkət tərəfindən 08 avqust 2022-ci il tarixli KOL- ŞU-152 nömrəli müqaviləyə əsasən 1-ci ay 89.900 manat, 2-ciay 73.344 manat icarə haqqı ödənmiş, növbəti ayın haqqını (müqavilə üzrə 74.000 manat) ödəmədiyinə görə isə iş dayandırılmış, bundan sonra ödənilməyən haqdan ardıcıl olaraq 31.307,69 manat və 17.076,93 manat (ƏDV xaric) ödənilmişdir. 15 günün pulu ödənilmədiyindən işin yenidən dayandırılması nəzərdə tutulsa da, 17.076,93 manat ödəndikdən sonra icraçı tərəfindən bu qərardan imtina edilmiş, bu dəfə isə borclu şirkət başqa kran gətirdiyini bildirmişdir. 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqaviləyə əsasən isə 1-ci ay 13.000 manat ( ƏDV xaric) ödənilsə də, 2 və 3-cü ay üzrə heç bir ödəniş edilməmişdir. Belə ki, hər iki Dolly texnikası üzrə işlər xx.xx.2022-ci il, avtoqaldırıcı Ssəbət texnikası üzrə isə xx.xx.2022-ci il tarixində dayandırılmışdır. "Dolly" texnikaları üzrə 2 ay 24 günlük, avtoqaldırıcı səbət texnikası üzrə 3 ay 24 günlük istifadənin haqları, KOL-ŞU-152 nömrəli müqavilə üzrə də qalan borclar hesablanmış və cavabdehə xx.xx.2023-cü il tarixində borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehin 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli müqaviləyə əsasən, 26.271,38 manat (+ƏDV), 1 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqaviləyə əsasən isə 95.906,16 manat (+ƏDV) borcunun olduğu qeyd edilmişdir. Xəbərdarlıqdan sonra onlar tərəfindən mart ayında ümumi borca münasibətdə çox az miqdarda ödəniş həyata keçirilmişdir. Ondan sonra isə heç bir ödəniş olunmamışdır. Hazırda şirkətin müqavilələr üzrə ümumi borcu 112.177,54 manat təşkil etməkdədir. Göstərilən hallardan əlavə olaraq bildirmək istərdilər ki,cavabdehin müəyyən hərəkətləri nəticəsində də İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, cavabdeh şirkətdə çalışan Abdulla və Husaməddin adlı şəxslər kranlara və şoferlərə pul verərək əlavə iş tapşırmışlar. Bu isə qəzaya səbəb olmuş, qəza zamanı isə bir Dolly texnikasına 10.000 manat məbləğdə zərər dəymişdir. Öz növbəsində Howo markalı çəkiciyə isə 12.000 manat məbləğdə zərər dəymişdir. Həmçinin, 300 tonluq kranda isə ağırlıqlar daşınarkən ağırlıqlar tırdan düşmüş, dəyən zərər isə "SBS Cranes” MMC-nin üzərinə yüklənmişdir. Bunun nəticəsində isə dəyən zərərə görə tərəflərindən "xxxx" MMC-yə 6.000 manat məbləğdə ödəniş edilmişdir. Qeyd edilən bütün bu səbəblərə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı iddia tələbini sübuta yetirməlidir. Onlara kran verilib və onlar müəyyən bir müddət krandan istifadə etmişlər. İstifadə etdikləri müddətin icarə haqqını tam ödəmişlər. Sürücülər malı cavabdeh şirkətin ərazisinə gətirirdilər. Sürücülərin sahədə qalmağı üçün yataqxanalar var idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, tərəflər arasında podrat münasibətləri yaranıb. Podratçı gördüyü işləri öz riskinə icra edir. Sifarişçi podratçının törətdiyi qəzaya görə məsuliyyət daşımır. Qəzanın törədilməsi ilə bağlı DYP tərəfindən protokol tərtib edilməmişdir və belə bir qəza olması faktı hər hansı bir sənəddə öz əksini tapmır. Təqdim edilən fotoşəkillərdə olan qəza hadisəsinin hansı sahədə baş verməsi məlum deyil. Məhkəmə gedişində hansı qaimə əsasında ödəniş edilməməsi müəyyən edilə bilmədi. Təqdim edilən qaimələr əsasında ödənişlər edilib. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (icraçı) ilə Cavabdehnin Azərbaycan Nümayəndəliyi (sifarişçi) arasında Xocavənd rayonunda bağlanmış 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 saylı xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” bu müqavilədə əks olunmuş texnika(ları) və ya Avadanlıq(ları) ilə (sürücü/operator daxil) «Sifarişçi»-yə xidmət göstərir, “Sifarişçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “İcraçı”ya xidmət haqqı ödəyir. LİEBHERR LR1300SXW Qaldırıcı Kran (300t Crawler Cranes) – aylıq (26 gün) xidmət haqqı 2.846,15 manat, saatlıq xidmət haqqı 284,62 manat. Bakı-X9 (tək tərəf) - 15.900 manat Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən icraçı texnika(lar) üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “Görülmüş işlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. 3.3-cü bəndinə əsasən aylıq ödənişlər irəliləyiş və hesab-faktura ilə əvvəlcədən ödəniləcək. İlk ayın icarə haqqı texnika(lar) sahəyə çatdıqdan sonra 3 gün ərzində veriləcək. Əvvəlcədən ödəniş olduğu üçün işlənməmiş və ya əlavə işlənmiş günlər/saatlar olarsa, növbəti ayın ödənişində hesablanacaqdır. Texnika(lar) sahədə aktiv işləməyə başlayanda əmək haqqı da başlayır. 4.1.2-ci bəndinə əsasən texnika(lar) və/və ya avadanlıq(lar) istismar olduğu müddətdə onlara “Sifarişçi” tərəfindən qəsdən ziyan vurularsa, “Sifarişçi” ziyana görə məsuliyyət daşıyır. 4.1.3-cü bəndinə əsasən sifarişçi texnika(lar) və/və ya avadanlıq(lar)a yanacaqdan dolayı vurulmuş ziyana görə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvədədir və o gündən etibarən 3 (üç) ay təşkil edir. 5.2-ci bəndinə əsasən müqavilənin davamlılığı tərəflərin razılığı əsasında eyni şərtlərlə, xidmət müqaviləsində qeyd olunan şərtlər daxilində avtomatik olaraq uzadılmış hesab olunur. 6.1-ci bəndinə görə görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın markası, modeli göstərilməklə, iş günlərinin (saatların) sayı, aylıq xidmət məbləği və yekun məbləğ göstərilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC (icraçı) ilə Cavabdehnin Azərbaycan Nümayəndəliyi (sifarişçi) arasında Xocavənd rayonunda bağlanmış 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 saylı xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” bu müqavilədə əks olunmuş texnika(ları) və ya Avadanlıq(ları) ilə (sürücü/operator daxil) «Sifarişçi»-yə xidmət göstərir, “Sifarişçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “İcraçı”ya xidmət haqqı ödəyir. Yəhərli Dartıcı və X5 (Dolly) – qeydiyyat nömrəsi ** JR ***, aylıq xidmət haqqı 26 gün) 15.000 manat, günlük (10 saat) xidmət haqqı 576,92 manat, saatlıq xidmət haqqı 57,69 manat. Yəhərli Dartıcı və X5 (Dolly) – qeydiyyat nömrəsi ** JC ***, Avtoqaldırıcı Səbət -** CA ***, aylıq xidmət haqqı (28 gün) 5.500 manat, günlük xidmət haqqı 196,43 manat, saatlıq xidmət haqqı 19,64 manat. Qiymətlərə ƏDV daxil deyildir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən icraçı texnika(lar) üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “Görülmüş işlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. 3.3-cü bəndinə əsasən aylıq ödənişlər irəliləyiş və hesab-faktura ilə əvvəlcədən ödəniləcək. İlk ayın icarə haqqı texnika(lar) sahəyə çatdıqdan sonra 3 gün ərzində veriləcək. Əvvəlcədən ödəniş olduğu üçün işlənməmiş və ya əlavə işlənmiş günlər/saatlar olarsa, növbəti ayın ödənişində hesablanacaqdır. Texnika(lar) sahədə aktiv işləməyə başlayanda əmək haqqı da başlayır. 4.1.2-ci bəndinə əsasən texnika(lar) və/və ya avadanlıq(lar) istismar olduğu müddətdə onlara “Sifarişçi” tərəfindən qəsdən ziyan vurularsa, “Sifarişçi” ziyana görə məsuliyyət daşıyır. 4.1.3-cü bəndinə əsasən sifarişçi texnika(lar) və/və ya avadanlıq(lar)a yanacaqdan dolayı vurulmuş ziyana görə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvədədir və o gündən etibarən 3 ay təşkil edir. 5.2-ci bəndinə əsasən müqavilənin davamlılığı tərəflərin razılığı əsasında eyni şərtlərlə, xidmət müqaviləsində qeyd olunan şərtlər daxilində avtomatik olaraq uzadılmış hesab olunur. 6.1-ci bəndinə görə görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın markası, modeli göstərilməklə, iş günlərinin (saatların) sayı, aylıq xidmət məbləği və yekun məbləğ göstərilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. KOL-ŞU-152 saylı müqavilə üzrə müvəqqəti ödəniş şəhadətnamələrinə (1-4 nömrəli) və şəhadətnamələrə əlavə olunan sənədlərə (aylıq növbə cədvəli, gündəlik iş təqib cədvəlləri və s.) əsasən həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arası dövrdə 89.900 manat; xx.xx.2022-xx.xx.2022 tarixləri arası dövrdə 73.344 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arası dövrdə 31.307,69 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arası dövrdə 17.076,93 manat, cəmi 211.628,62 manat məbləğində xidmətlər göstərilmişdir. Şəhadətnamələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən KOL-ŞU-152 saylı müqavilə üzrə ümumilikdə (42.821,98 manat ƏDV xaric) 211.628,62 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə, o cümlədən (16.181,98 manat ƏDV xaric) 89.899,90 manat dəyərində EBCD seriyalı, 555748 nömrəli, xx.xx.2022-ci il tarixli, (13.201,92 manat ƏDV xaric) 73.344 manat dəyərində EBCH seriyalı, 115460 nömrəli, xx.xx.2022-ci il tarixli, (5.635,38 manat ƏDV xaric) 31.307,69 manat dəyərində EBCJ seriyalı, 097214 nömrəli, xx.xx.2022-ci il tarixli, (3.073,85 manat ƏDV xaric) 17.076,93 manat dəyərində EBCJ seriyalı, 861292 nömrəli, xx.xx.2022-ci il tarixli və Cavabdehnin Azərbaycan Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı MMC tərəfindən KOL-ŞU-152 saylı müqavilə üzrə (4.728,85 manat ƏDV xaric) 26.271,38 manat dəyərində EBDN seriyalı, 387172 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək Cavabdehnin Azərbaycan Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. KOL-ŞU-168 saylı müqavilə üzrə müvəqqəti ödəniş şəhadətnaməsinə və şəhadətnaməyə əlavə olunan sənədlərə (aylıq növbə cədvəli, gündəlik iş təqib cədvəlləri və s.) əsasən həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arası dövrdə 23.269,66 manat məbləğində xidmətlər göstərilmişdir. Şəhadətnamələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir İddiaçı MMC tərəfindən KOL-ŞU-168 saylı müqavilə üzrə ümumilikdə (4.188,54 manat ƏDV xaric) 23.269,66 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək Cavabdehnin Azərbaycan Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli debit haqqında bildiriş (ödəniş sənədi) ilə təsdiq edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCD seriyalı, 555748 nömrəli, xx.xx.2022-ci il tarixli (Kəlbəcər) e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 89.899,9 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 23 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCH seriyalı, 115460 nömrəli, xx.xx.2022-ci il tarixli (Şuşa) e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 73.344 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 205OCAZ222930006 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli (Şuşa) e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 13.215 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli debit haqqında bildiriş (ödəniş sənədi) ilə təsdiq edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCJ seriyalı, 097214 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 31.307,69 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCJ seriyalı, 861292 nömrəli, xx.xx.2022-ci il tarixli (Şuşa) e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 17.076,93 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCD seriyalı, 555748 nömrəli, xx.xx.2022-ci il tarixli (Kəlbəcər) e-qaimə üzrə) xx.xx.2022-ci il tarixdə 89.899,90 manat, (EBCH seriyalı, 115460 nömrəli, xx.xx.2022-ci il tarixli (Şuşa) e-qaimə üzrə) xx.xx.2022-ci il tarixdə 73.344 manat, (EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli (Şuşa) e-qaimə üzrə) xx.xx.2022-ci il tarixdə 13.215 manat, (EBCJ seriyalı, 097214 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə üzrə) xx.xx.2022-ci il tarixdə 31.307,69 manat, (EBCJ seriyalı, 861292 nömrəli, xx.xx.2022-ci il tarixli (Şuşa) e-qaimə üzrə) xx.xx.2022-ci il tarixdə 17.076,93 manat olmaqla xx.xx.2022-xx.xx.2023-ci illəri əhatə edən dövrdə İddiaçı MMC-nin hesabına cəmi 224.843,52 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli O541718 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdehnin Azərbaycan Nümayəndəliyi tərəfindən (EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 10.054,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Nümayəndəliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsaqsən cavabdehdən borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X10 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı MMC-nin direktoru olmuşdur. Şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, o direktor olduğu müddətdə cavabdeh ilə 152 və 168 saylı müqavilələr bağlamışdı. Kommersiya münasibətləri avadanlıqların icarəyə verilməsi ilə bağlı idi. Cavabdeh 152 saylı müqavilə üzrə 2 dəfə əvvəldən və danışdıqları həcmdə ödəniş etdi, lakin 3-cü dəfə ödəniş etmədilər. Daha sonra avadanlığı icarəyə götürdükləri şirkətin avandalığı geri götürəcəyini bildirdilər və cavabdeh yenidən bir miqdar ödəniş etdi. Şirkət ödəniş edilən gün sayına görə avadanlığı icarəyə verdi. Cavabdeh bir dəfə 31.000 ikinci dəfə isə 17.000 manat məbləğində ödəniş etdi. Məbləğin qalanını ödəmədikləri üçün şirkət avadanlığı geri götürdü. 168 saylı müqavilə üzrə isə cavabdeh 23.000 manat məbləğində, forma 2 sənədi üzrə ödəniş edib. Hakedişlər üzrə ödəniş edilməsi üçün onlar təsdiq edilməlidir. Təsdiq edildikdən sonra hakediş üzrə qaimə verilir. Hakedişlər təsdiq edilməyib. 168 saylı müqavilə üzrə 4 ədəd yerinə 2 ədəd hakediş gəldi. Texnika onu idarə edən sürücü ilə birlikdə icarəyə verilmişdi. Avadanlığı onlara verən şirkətlər onlara qarşı iddia tələbi irəli sürüb. Cavabdeh avadanlığın ehtiyyat hissələrini düşürüb. Kran bir yerdən başqa yerə daşınan vaxt onun ehtiyyat hissələrini düşürüblər. İlk dəymiş zərərin ödəniləcəyi bildirildi, lakin daha sonra ödəniş edilmədi. Yolda armatur təkərə ilişib və yük maşını aşıb. Bunu qəza kimi qeyd ediblər. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Nümayəndəliyi arasında 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 saylı və 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 saylı xidmət müqavilələri bağlanmışdır. 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 saylı müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan bir ədəd LİEBHERR LR1300SXW (300t Crawler Cranes) markalı qaldırıcı kranla müqavilədən irəli gələn xidmətləri icra etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi, 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 saylı müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan Yəhərli Dartıcı və X5 (Dolly), Yəhərli Dartıcı və X5 (Dolly) və Avtoqaldırıcı Səbət adlı texnikalarla müqavilədən irəli gələn xidmətlərini icra etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC cavabdeh tərəfindən hər iki müqavilə üzrə cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, KOL-ŞU-152 saylı müqavilə üzrə 26.271,38 manat (+ƏDV) məbləğində borcun, KOL-ŞU-168 nömrəli müqavilə üzrə isə 95.906,16 manat (+ƏDV) borcunun ödənilmədiyini əsas göstərərək cavabdehdən cəmi 112.177,54 manat məbləğində xidmət haqqı borcunun tutulmasını tələb edir. Cavabdeh sözügedən xidmət müqavilələri üzrə iddiaçı tərəfindən müəyyən xidmətlərin göstərildiyini təsdiq etsə də, göstərilmiş xidmətlərin iddiaçının iddia etdiyi məbləğdə olmadığını, faktiki göstərilmiş xidmətlərə görə borcların tam şəkildə iddiaçıya ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda 08 avqust 2022-ci il tarixli KOL-ŞU-152 nömrəli və 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqavilələr üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin həcmləri və həmin xidmətlərə görə cavabdehin borcunun olub-olamaması işin mübahisəli halını təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, KOL-ŞU-152 saylı müqavilə üzrə xx.xx.2022xx.xx.2022-cü il tarixləri arası dövrdə cəmi ƏDV daxil 211.628,62 manat dəyərində xidmətlərin göstərilməsi faktı tərəflərin təsdiq etdikləri müvəqqəti ödəniş şəhadətnamələri, eləcə də elektron qaimələr ilə öz təsdiqini tapır. Digər tərəfdən həmin işlərə görə ƏDV xaric 211.628,62 manat məbləğində pul vəsaitinin ödənilməsi isə ödəniş tapşırıqları və hesabdan çıxarışa əsasən təsdiq edilir. KOL-ŞU-168 saylı müqaviləyə gəldikdə həmin müqavilə üzrə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arası dövrdə 23.269,66 manat məbləğində xidmətlərin göstərilməsi tərəflərin təsdiq etdikləri müvəqqəti ödəniş şəhadətnamələri və elektron qaimələr, həmin xidmətlərə görə cavabdeh tərəfindən 23.269,66 manat məbləğində ödəniş edilməsi isə ödəniş tapşırıqları və hesabdan çıxarışa əsasən müəyyən edilir. Odur ki, yuxarıda göstərilən xidmətlərə görə cavabdehin iddiaçıya ödənilməmiş borcunun qalması iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçı KOL-ŞU-152 saylı müqavilə üzrə dəyəri ödənilmiş ƏDV daxil 211.628,62 manat dəyərində xidmətlərdən əlavə dəyəri ödənilməmiş ƏDV daxil 26.271,38 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün məhkəməyə yalnız 26.271,38 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı tərtib edilmiş EBDN seriyalı, 387172 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməni təqdim etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 3.7.3-cü bəndinə əsasən elektron qaimə-faktura işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində təqdim edilir. Göründüyü kimi iddiaçı tərəflərindən işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarix 2022-ci ilin noyabr ayı olmasına baxmayaraq işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində deyil təxminən 10 aydan sonra elektron qaimə-faktura təqdim edilmişdir ki, bu da “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın tələblərinin pozulması anlamına gəlir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-ccı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırkı halda məhkəmə iddiaçının KOL-ŞU-152 saylı müqavilə üzrə 26.271,38 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün elektron qaimədən əlavə digər sübutları məhkəməyə təqdim etmədiyini, cavabdehin isə xidmətlərin göstərilməsi faktını inkar etdiyini, eləcə mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsinin ödəniş şəhadətnamələri imzalanmaqla rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşdığını (yəni bütün əvvəlki xidmətlərin göstərilməsi bu formada rəsmiləşdiyini) nəzərə alaraq hesab edir ki, KOL-ŞU-152 saylı müqavilə üzrə 26.271,38 manat məbləğində xidmət göstərilməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, 26.271,38 manat məbləğində borcun tutulması hissəsində iddia tələbi əsassızdır. İddiaçının 01 sentyabr 2022-ci il tarixli KOL-ŞU-168 nömrəli müqavilə üzrə cavabdehdən 95.906,16 manat (+ƏDV) borcunun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə KOL-ŞU-168 saylı müqavilə üzrə yalnız 23.269,66 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı ödəniş şəhadətnaməsi və eyni məbləğə dair EBCH seriyalı, 112152 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim etmişdir ki, həmin elektron qaimə üzrə olan vəsait də cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir (bax. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 205OCAZ222930006 nömrəli ödəniş tapşırığı, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli O541718 nömrəli ödəniş tapşırığı və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarış). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, KOL-ŞU-168 nömrəli müqavilə üzrə borcun tutulması hissəsində iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni dəyəri ödənilmiş 23.269,66 manat məbləğində xidmətdən əlavə 95.906,16 manat (+ƏDV) xidmətin də göstərilməsini faktını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. Şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahidin məhkəmədə verdiyi ifadəsi məhkəmənin iş üzrə iddiaçının iddia tələblərinin əsaslı olması qənaətinə gəlməsi üçün kifayət etmir, başqa sözlə şahid ifadəsi cavabdehin iddiaçıya iddia tələbində göstərilən borc məbləğinin olduğunu müəyyən etmək üçün yetərli sübut deyildir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin dəymiş zərərin əvəzi olaraq 28.000 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1- ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə iddiaçının həmin hissədə iddiasını əsaslandırmaq üçün istinad etdiyi - cavabdeh şirkətdə çalışan Abdulla və Husaməddin adlı şəxslərin kranlara və sürücülərə pul verərək əlavə iş tapşırması, bunun isə qəzaya səbəb olması, qəza zamanı bir Dolly texnikasına 10.000 manat məbləğdə zərər dəyməsi, öz növbəsində Howo markalı çəkiciyə isə 12.000 manat məbləğdə zərər dəyməsi, həmçinin 300 tonluq kranda isə ağırlıqlar daşınarkən ağırlıqların tırdan düşməsi, dəyən zərərin isə İddiaçı MMC-nin üzərinə yüklənməklə bunun nəticəsində dəymiş zərərə görə tərəflərindən "xxxx" MMC-yə 6.000 manat məbləğdə ödəniş etməsi barədə - dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim edilən fotolara münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, birincisi, fotolarda əks olunmuş qəzanın hansı şəraitdə baş verməsi, hadisənin baş vermə səbəbləri, belə olan halda baş vermiş hadisəyə görə kimin məsuliyyət daşımalı olması, eləcə də hadisə nəticəsində dəymiş zərərin məbləği müəyyən edilmir. Digər tərəfdən həmin fotolarda əks olunmuş yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq edən digər sənədlər (inzibati xəta haqqında protokol və s.) məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırkı halda cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir. Belə olan halda isə maddi zərərin əvəzi olaraq pul vəsaitinin tutulmasına dair hissədə iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Nümayəndəliyinə qarşı xx.xx.2022-ci il tarixli, KOL-ŞU-152 saylı, xx.xx.2022-ci il tarixli, KOL-ŞU-168 saylı müqavilələr əsasən pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3726/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3726/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver