Məhkəmə qərarları › İş №e-2-2(113)-3748/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3748/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3748/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması”tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “yemək təminatı xidmətinin göstərilməsinə dair müqavilə”yə əsasən 7296 (yeddi min iki yüz doxsan altı) manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 92,96 (doxsan iki manat 96 qəpik) manat dövlət rüsumunun və vəkil xidməti üçün 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “Yemək təminatı xidmətinin göstərilməsinə dair müqavilə”yə əsasən iddiaçı (icraçı) tərəfindən cavabdehin (sifarişçi) sifarişi əsasında gündəlik olaraq cavabdehə yemək təminatı (iaşə) xidmətləri göstərilmişdir. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən, icraçı öz işçi qüvvəsi və öz xərcləri hesabına bu Müqavilənin şərt və müddəalarına əməl etməklə sifarişçi ilə əvvəlcədən razılaşdırılmış tarixlərdə sifarişçinin bu müqavilənin 1.2-ci hissəsində göstərilən ünvanlarına öncədən hazırlanmış yeyinti məhsullarının gətirilməsini təmin edir və istehlakçıya çatdırır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin dəyəri əvvəlcədən müəyyən olunur. Yeyinti məhsullarının qiyməti tərəflərin öz aralarında razılaşdırdığı və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlində dəqiqliklə qeyd olunur. Qiymət cədvəlində baş vermiş istənilən dəyişiklik barədə sifarişçiyə qabaqcadan məlumat verilməli və dəyişiklik razılaşdırılmalıdır. Tərəflər arasında bağlanılmış müqaviləyə 1 saylı əlavə iddia ərizəsinə əlavə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən yuxarıda qeyd olunmuş siyahıdakı ilk beş qaimə üzrə, yəni ümumilikdə 4914 (dörd min doqquz yüz on dörd) manat ödəniş edilmişdir. Buna baxmayaraq, cavabdeh digər ödənişləri həyata keçirməmiş, yalnız çoxsaylı xəbərdarlıqlardan sonra iddiaçının kart hesabına vəsait mədaxil etmişdir. İddia ərizəsinə əlavə edilmiş mobil tətbiqdən çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına xx.xx.2025-ci il tarixdə 2000 (iki min) manat, xx.xx.2025-ci il tarixdə isə 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 2250 (iki min iki yüz əlli) manat ödəniş edilmişdir. Beləliklə, hazırda cavabdehin borcu 14460 – 4914 – 2250 = 7296 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehin İnternet Vergi İdarəsindəki elektron kabinetinə xx.xx.2025-ci il tarixli pretenziya bildirişi göndərilmişdir. Eləcə də eyni məzmunlu pretenziya bildirişi cavabdehin ünvanına poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir (poçt qəbzi və internet vergi idarəsindən çıxarış əlavə olunur).

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “yemək təminatı xidmətinin göstərilməsinə dair müqavilə”yə əsasən icraçı sifarişçinin sifarişi əsasında gündəlik olaraq cavabdehə yemək təminatı (iaşə) xidmətləri göstərir.

8. Müqavilənin 1.3-cü bəndinə əsasən, icraçı öz işçi qüvvəsi və öz xərcləri hesabına bu müqavilənin şərt və müddəalarına əməl etməklə sifarişçi ilə əvvəlcədən razılaşdırılmış tarixlərdə sifarişçinin bu müqavilənin 1.2-ci hissəsində göstərilən ünvanlarına öncədən hazırlanmış yeyinti məhsullarının gətirilməsini təmin edir və istehlakçıya çatdırır.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin dəyəri əvvəlcədən müəyyən olunur. Yeyinti məhsullarının qiyməti tərəflərin öz aralarında razılaşdırdığı və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlində dəqiqliklə qeyd olunur. Qiymət cədvəlində baş vermiş istənilən dəyişiklik barədə sifarişçiyə qabaqcadan məlumat verilməli və dəyişiklik razılaşdırılmalıdır.

10. Müqavilənin 1 saylı Əlavəsində qidalar (yemək), onların dəyəri razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2405 10620203 nömrəli 318 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10291443 nömrəli 1122 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10061986 nömrəli 840 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 12070824 nömrəli 1176 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10044408 1458 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 12026956 nömrəli 1494 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 12075507 nömrəli 1932 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 10019273 nömrəli 1566 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10042937 nömrəli 1752 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10042937 nömrəli 1998 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2502 11089920 nömrəli 804 manat məbləğində elektron qaiməfakturlar təqdim olunmuşdur.

12. İş materiallarında olan ödəniş sənədlərinə və iddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 4914 manat vəsait ödənilmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən ona xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 250 manat məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir.

14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 14460 manat olan işi cavabdehə təhvil vermiş, cavabdeh bunun müqabilində 7164 manat ödəniş etməklə qalıq 7296 manat borcu ödəməmişdir.

24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7296 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 7296 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 92,96 manat manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7296 manat məbləğində pul, 92,96 manat dövlət rüsumu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 7888,96 (yeddi min səkkiz yüz səksən səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar