Məhkəmə qərarları › İş №e-2-2(113)-375/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-375/2025

08.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-375/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Novruz oğluna qarşı əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmlakın açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin bölünməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil4, iddiaçının digər nümayəndəsi X1, Cavabdeh Novruz oğlunun, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsi tələbi, İddiaçı Cavabdeh Novruz oğluna qarşı əmlak tələbinə dair birləşdirilmiş işlər üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Novruz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən onun və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla, paylı mülkiyyətdə olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2825.5 kv.m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin – “Əzizə” şadlıq sarayının) açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (paylara mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası (Əmlak kompleksi kimi müəssisə) tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuş, həmin kompleks şadlıq sarayı, çörək sexi, mağaza, çay evi, mətbəx kimi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmiş və onun fəaliyyəti iddiaçı tərəfindən həyata keçirmişdir. Qeyd edilir ki, həmin şadlıq sarayı iddiaçı və qardaşlarının, eləcə də cavabdehin şəxsi vəsaiti hesabına tikilməklə tam istifadəyə verilmiş, gələn gəlirin kompleksin tikilməsində əsas pay sahibi olan böyük qardaş Tİddiaçı ilə Cavabdeh arasında bölünməsi barədə qarşılıqlı razılığa gəlinmişdir. Şadlıq sarayı 2013-cü ilin mart ayında fəaliyyətə başlamış və 2022-ci ilin mart ayının axırına kimi əldə edilmiş qazancı payçılar arasında bölünmüşdür. Sonradan, yəni 2022-ci ilin mart ayında Cavabdeh təklif etmişdir ki, “Əzizə” şadlıq sarayı onların adına qeydiyyata alınsın, yəni şadlıq sarayı üzərində hər ikisinin payı olsun. Bu səbəbdən də cavabdehin təklifi və böyük qardaş Telmanın razılığı ilə həmin kompleksin ½ hissəsinin iddiaçı, digər ½ hissəsinin isə Cavabdeh adına sənədləşdirilməsi barədə razılığa gəlinmiş və bundan sonra 23 fevral 2022-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlanmışdır. Həmin kompleksin ½ hissəsini qardaşı, hazırkı iş üzrə Cavabdeh bağışladıqdan və müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 35-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli və **********89-12301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış Cavabdeh veriləndən və cavabdehin həmin kompleksə mülkiyyət hüququ yarandığı gündən mülkiyyətçi kimi mülkiyyətindən sərbəst şəkildə istifadə etməyinə maneçilik törətməklə imkan vermir. Belə ki, iş üzrə cavabdeh olan Cavabdeh həmin şadlıq sarayını yalnız özü istifadə etməklə, toy və digər şənliklərin keçirilməsi üçün icarəyə verib gəlir əldə etmiş və həmin gəlirin aralarında bərabər şəkildə bölünməsi barədə razılığa gəlinsə də, cavabdeh buna əməl etməmiş və iddiaçıya obyektin gəlirindən heç bir məbləğ ödəməmişdir. Bir sözlə, artıq vəziyyət o yerə çatmışdır ki, iddiaçının Cavabdehla ½ hissə olmaqla, paylı mülkiyyətində olan “Əzizə” şadlıq sarayını birlikdə işlətmələri və həmin obyektin fəaliyyətindən gəlir əldə etmələri qeyri-mümkündür. Bildirilmişdir ki, iddiaçı Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçı və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla, paylı mülkiyyətində olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (Əmlak kompleksi kimi müəssisnin – “Əzizə” şadlıq sarayının) ½ hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(049)-51/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində paylı mülkiyyətdə olan obyektin naturada bölünməsinin mümkünsüzlüyü barədə ekspert rəyini nəzərə alaraq, iddianın rədd edilməsinə (təmin edilməməsinə) dair xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir. Hesab edilir ki, Cavabdehla ½ hissə olmaqla paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsini hazırda və bundan sonra birlikdə işlədərək, onun fəaliyyətindən gəlir əldə edilməsi qeyri-mümkündür. Bu səbəbdən də hazırkı vəziyyətdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçı və cavabdeh X2 ½ hissə olmaqla, əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (½ hissə olmaqla) bölünməsi barədə qətnamənin qəbul edilməsi üçün qanuni əsaslar vardır. İddiaçı tərəfindən 19 iyul 2024-cü il tarixində Cavabdeh Novruz oğluna “Paylı mülkiyyətdə olan sahibkarlıq obyektindəki payın dəyərinin ödənilməsinə dair” təklif-pretenziya məktubu ilə yazılı qaydada müraciət edərək, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən, paylı mülkiyyətdə olan əmlak kompleksinin ½ hissəsi müqabilində iddiaçıya Cavabdeh tərəfindən ******* (iki milyon beş yüz min) manat məbləğində kompensiya ödənilməklə, həmin kompleksdə olan ½ hissəyə dair payını ona keçirəcəyini təklif etmiş, təklif etdiyi kompensasiya məbləği ilə razılaşmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsini rəhbər tuturaq, əmlak kompleksinin (kommmersiya obyekti olan “Əzizə” şadlıq sarayının) açıq hərracdan satılması və həmin satışdan əldə edilən pul vəsaitinin aralarında paylara mütənasib şəkildə bölünməsi tələbi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin bugünədək Cavabdeh Novruz oğlu tərəfindən 19 iyul 2024-cü il tarixli təklifə hər hansı cavab verilməyibdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraicət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825.5 m2 olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin - “X8”nın), həmin qeyri-yaşayış sahəsində yerləşən, qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş və ümumi bazar dəyəri 737000 (yeddi yüz otuz yeddi min) manat təşkil edən daşınar əşyalarla (mebel və avadanlıqlarla) birlikdə açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər şəkildə (yəni, paylarına mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 213.2, 215.1, 220.3, 220.6-cı maddələrinə istinad edilmişdir.

5. Həmçinin İddiaçı Cavabdeh Novruz oğluna qarşı “Daşınar əşyaların cavabdehdən natura şəklində alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh də işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil4, iddiaçının digər nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər, həmçinin bildirdilər ki, məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəində verilən mütəxəssis rəyi əsas götürülməlidir, belə ki, həmin rəy əmlakın real qiymətini əks etdirir, cavabdehin daha yüksək qiymət təklif etməsi isə əmlakın satılmasına mane olmaq üçündür, belə ki, həmin qiymətlə həmin əmlakın satılması mümkün deyil.

7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi həmçinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əgər iddia təmin olunarsa, məhkəmə tərəflər üçün daha əlverişli olan 1-ci mütəxəssis rəyini əsas götürməlidir. Daşınmaz əmlakın qiymətləri ölkədə yüksəkdir. Birinci rəydə əmlakla bağlı əmlakın bir kvadrat metr 1900 manat təşkil edir, lakin sonrakı rəydə bu məbləğ 1300 manat təşkil edir. Tərəflər özləri də əmlakın yüksək qiymətə satılmasında maraqlıdırlar. Tərəflər əmlakın əmələ gəlməsi üçün yarı-yarı pul qoyublarsa, bu halda əmlak yüksək qiymətə satılarsa, daha yaxşı olar.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan müəyyən olunur ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yerləşən əmalk kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeydiyyat tarixi: xx.xx.2013. Qeydiyyat nömrəsi: **********.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan müəyyən olunur ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yerləşən əmlak kompleksinə dair xüsusi mülkiyyət hüququ əsasında hüquq sahibləri ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh Novruz oğludur.

10. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-166/2023 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, 982563,57 manat məbləğində pul vəsaiti və 1272,56 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh (Cavabdeh Novruz oğluna) ödənilməsi, 49575 manat məbləğində pul vəsaitinin Cavabdeh (Cavabdeh Novruz oğlundan) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-72/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh (Cavabdeh Novruz oğlu) ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2-2(121)- 166/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-226/2024 nömrəli qərarından müəyyən olunur ki, iddiaçı Cavabdeh Novruz oğlunun cavabdeh İddiaçı qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənfəətin bölüşdürülməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(106)-72/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

13. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-57/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və Cavabdeh Novruz oğlunun hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, “X8” kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə tələbinə dair iddiası rədd edilmişdir.

14. İddiaçı tərəfindən Cavabdeh Novruz oğluna göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, daşınmaz əmlakın ½ hissəsinin əvəzi olan kompensasiyanın 5 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. "xxxx" MMC tərəfindən tərtib edilmiş edilmiş xx.xx.2024-cü il tarixli, ƏEM/D 31- 769/24 nömrəli daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın məzmunundan müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 2825.5 kv.m olan qeyriyaşayış sahəsinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri ******* manat təşkil edir (torpaq sahəsi üzrə-1120000 manat, tikililər üzrə-5813000 manat, mebel və avadanlıqlar üzrə- 761000 manat).

16. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 39-197/25 nömrəli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, aparılmış hesablamalar və təhlillərə əsasən Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2825.5 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2025-ci il tarixinə mebel və avadanlıqlarla birlikdə bazar dəyəri ******* manat (mebel və avadanlıqların bazar dəyəri 737000 manat) təşkil edir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

19. İşin faktiki hallarından göründüyü kimi, xüsusi mülkiyyət hüququ əsasında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yerləşən əmlak kompleksinə dair hüquq sahibləri ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh Novruz oğludur. Paylı mülkiyyətçilər olan tərəflər arasında əmlakla, əmlakın fəaliyyəti ilə bağlı mübahisələr yarandığından iddiaçı Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli əmlakın ½ hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-51/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Belə ki, keçirilmiş ekspertiza nəticəsində paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinin mümkünsüzlüyü barədə ekspert rəyi nəzərə alınaraq həmin qərara gəlinmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh X2 ½ hissə olmaqla, əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Qeyd olunduğu kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, lakin payın naturada ayrılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bundan sonra iddiaçı öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsinə dair müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Ona görə də iddiaçının MM-nin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

21. İddia tələbini Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825.5 m2 olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin - “X8”nın), həmin qeyri-yaşayış sahəsində yerləşən, qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş və ümumi bazar dəyəri 737000 (yeddi yüz otuz yeddi min) manat təşkil edən daşınar əşyalarla (mebel və avadanlıqlarla) birlikdə açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər şəkildə (yəni, paylarına mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, iddiaçının əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla, paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825,5 m2 olan qeyri-yaşayış sahəsi olan əmlak kompleksi kimi müəssisə, həmin qeyri-yaşayış sahəsində yerləşən, daşınar əşyalarla (qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş və ümumi bazar dəyəri 737000 manat təşkil edən mebel və avadanlıqlarla) birlikdə açıq hərraca çıxarılaraq satılmalı və satışdan əldə olunan pul vəsaiti tərəflər arasında bərabər şəkildə (paylarına mütənasib şəkildə ½ hissə olmaqla) bölünməlidir. Nəzərə alınmışdır ki, cavabdehin nümayəndəsi də məhkəmə iclaslarında iddia təmin olunacağı təqdirdə əmlakın həmin qeyri-yaşayış sahəsində yerləşən daşınar əşyalarla birlikdə açıq hərraca çıxarılaraq satılmalı olduğunu bildirmişdir.

23. Mübahisə predmeti olan əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən ekspertiza müəyyənləşdirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 39-197/25 nömrəli mütəxəssis rəyindən (sübut qismində həmin rəy əsas götürülmüşdür, nəzərə alınır ki, cavabdeh tərəfindən təqdim olunan rəy çəkişmə prinsipinə əməl olunmadan verilmiş, birtərəfli olmuşdur ) müəyyən olunur ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2825.5 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2025-ci il tarixinə mebel və avadanlıqlarla birlikdə bazar dəyəri ******* manat, mebel və avadanlıqsız bazar dəyəri ******* manat, həmçinin qeyri-yaşayış sahəsinin tərkib hissəsi hesab edilən mebel və avadanlıqların ümumi dəyəri 737000 manat təşkil edir.

24. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 39-197/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2825,5 m2 olan qeyri-yaşayış sahəsi olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti ******* (beş milyon üç yüz yetmiş yeddi min) manat (həmin qeyri-yaşayış sahəsində yerləşən, mütəxəssis rəyində göstərilmiş mebel və avadanlıqlarla birlikdə) müəyyən edilməlidir.

25. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 800 manat pulun 400 manat hissəsi Cavabdeh Novruz oğlundan, 400 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Novruz oğluna qarşı əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsi tələbinə dair iddiası təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı və Cavabdeh Novruz oğlunun ½ hissə olmaqla, paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825,5 m2 olan qeyri-yaşayış sahəsi olan əmlak kompleksi kimi müəssisə, həmin qeyri-yaşayış sahəsində yerləşən, daşınar əşyalarla (qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş və ümumi bazar dəyəri 737000 manat təşkil edən mebel və avadanlıqlarla) birlikdə açıq hərraca çıxarılaraq satılsın və satışdan əldə olunan pul vəsaiti tərəflər arasında bərabər şəkildə (paylarına mütənasib şəkildə ½ hissə olmaqla) bölünsün. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2825,5 m2 olan qeyri-yaşayış sahəsi olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti ******* (beş milyon üç yüz yetmiş yeddi min) manat (həmin qeyri-yaşayış sahəsində yerləşən, mütəxəssis rəyində göstərilmiş mebel və avadanlıqlarla birlikdə) müəyyən edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 800 manat pulun 400 manat hissəsi Cavabdeh Novruz oğlundan, 400 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar