Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3780/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı kommersiya mübahisəsi Açar sözlər: rabitə xidmətlərinin göstərilməsinə görə pulun tutulması, iddia müddətinin tətbiqi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı 08 fevral 2011-ci il tarixli abunə müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh ASC (abunəçi) arasında 08 fevral 2011-ci il tarixli abunə müqaviləsi ə bağlanmışdır. Həmin müqavilənin:
2. Həmin müqavilənin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlıvaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Müqavilə tərəflərin imzaları və Cavabdeh ASC-nin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh ASC-nin İddiaçı MMC-yə olan borcu 201,48 manat təşkil edir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ƏDV daxil 236 manat məbləğində simli internet xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli HV seriyalı, 663859 nömrəli elektron vergi hesab-fakturası göndərilmişdir.
5. “İddiaçı MMC tərəfindən “Cavabdeh ASC -yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməöyə müraciət edərək Cavabdeh ASC -dən 201,48 xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi bbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC )arasında imzalanmış 08 fevral 2011-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı cavabdehi nömrə ilə təmin edir, açıq rabitə xə,i ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl edərək nömrələr və rabitə xidmətləri ilə cavabdehi təmin etmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliklərə əməl etməmiş, təqdim edilmiş xidmətlərdən istifadə etsə də, xidmət haqlarını ödəməkdən yayınmışdır. Buna görə də cavabdehin iddiaçıya 201,48 manat ödənilməmiş borcu qalmışdır. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.9, 445.2 və 448-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
10. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi cavabdehlə iddiaçı arasında xx.xx.2011-ci il tarixində müqavilə imzalanmışdır. İddiaçı tərəfdən isə cavabdehə rəsmi qaydada xx.xx.2018-ci il tarixində Seriya:EAAN №: 490160 saylı qaimə yazılmışdır. Hesab edirlər ki, hazırki iddia üzrə iddia müddətləri ötürülmüşdür.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında borcun 2018-ci ildə yarandığını əsas göstərərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
19. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
20. MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
22. Belə ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında 08 fevral 2011-ci il tarixli abunə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh ASC -yə rabitə xidmətləri göstərmişdir.
23. Hazırda İddiaçı MMC tərəflər arasında bağlanmış abunə müqaviləsi üzrə Cavabdeh ASC-nin 201,48 manat ödənilməyən xidmət haqqı borcunun qaldığını iddia edir, cavabdeh isə həmin borcun 2018-ci ildə yarandığını və iddiaçının hazırkı iddia qaldırarkən iddia müddətini buraxdığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
24. Məhkəmə qeyd edir ki, İddiaçı MMC hazırkı iddia ilə cavabdehdən tutulmasını tələb etdiyi borcun mövcudluğunu təsdiq etmək üçün cavabdehə göndərilmiş simli internet xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli HV seriyalı, 663859 nömrəli elektron vergi hesab-fakturasını məhkəməyə təqdim etmişdir.
25. Sözügedən elektron vergi hesab-fakturasının xx.xx.2018-ci il tarixdə tərtib edilməsi ona dəlalət edir ki, mübahisəli borc məbləği ən geci 2018-ci ildə göstərilmiş xidmətlərə görə yaranmışdır. Odur ki, iddiaçının hazırkı iddianı xx.xx.2024-cü il tarixdə qaldırmaqla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxması açıq-aşkardır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı 08 fevral 2011-ci il tarixli abunə müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası əsaslı olsa da, iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir.
27. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı 08 fevral 2011-ci il tarixli abunə müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva