Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3789/2023 17.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən X2 aktlar əsasında hesablanmış 65503,90 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə və mediasiya xərcinə görə ödənilmiş 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1i ünvanda yerləşən, iddiaçıya məxsus qeyri yaşayış sahəsi (istixana) xx.xx.2019-cu il tarixli, AMX6100/19 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2020ci ilin fevral ayına qədər tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilmişdir. 2020-ci ildə isə cavabdehlə mübahisə yaranmış və bugünədək davam edir. Belə ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilat tərəfindən 933 saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 31424,80 manat, 2022-ci ilin sentyabr ayında təqdim edilməmiş akta əsasən 11548,90 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 22530,20 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi üç akt əsasında iddiaçıya ümumilikdə 65503,90 manat məbləğində borc hesablanmışdır. Sözügedən ilk iki aktla bağlı tərəfimizdən cavabdeh təşkilata müraciət edildikdə bizə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda istifadəmizdə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək bizim qaz hesabımıza işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcu tərəfimizdən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəfimizdən bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduğumuz üçün məcbur qalıb hesablanmış borcun ödənilməsi üçün razılaşma imzaladıq. Cavabdeh təşkilatın nümayəndələri bildirirdilər ki, narahat olma sən iltizama qol çək, əlavə borcu ödəməsəndə olar biz araşdırıb artıq hesablanmış borcu siləcəyik. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcu iddiaçıya ödətdirməyə çalışırdı. Cavabdeh təşkilat tərəfindən iki il müddətində hər hansı araşdırmanın aparılmadığı və bizim aldadıldığımız bizə aydın oldu. Belə ki, ilk iki akt azmış kimi bizə üçüncü akt əsasında 22530,20 manat məbləğində əlavə borc hesabladılar. İlk iki akt aktla guya qaz sayğacının işləmədiyi üçün üçüncü akt isə guya təbii qazdan qanunsuz istifadə edildiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi və ya təbii qazdan sayğacdan kənar istifadə edilsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçı kənd təsərrüfatı mallarının yetişdirilməsi ilə məşğuldur. Cavabdeh təşkilatın əməkdaşları iddiaçının qaz təchizatı sahəsində kifayət qədər biliyə malik olmamasından istifadə edərək iddiaçıya ayrı ayrı sənədlərə sadə baxış adı ilə imzalatdırırdılar. Sayğac göstəriciləri qeyd etməsəydi bu hal mütəmadi davam edərdi və ya sayğac yenisi ilə əvəz edilərdi. Digər tərəfdən qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir və sayğacda hər hansı qüsur aşkar edilməmişdir. Belə olan halda cavabdehin iddiaçıya əlavə borcun hesablaması absurtdur və heç bir hüquqi məntiqə sığmır. Sayğac tam saz vəziyyətdə olmuş və göstəricilərinə əsasən sərf edilən qazın həcmi müəyyən edilmişdir. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onunəsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh İB tərəfindən barəmizdə tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 933 nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, ünvan 1ində yerləşən X2 məxsus “Tahir- Aqro” KTMİ-nin Elster G-1000 markalı ********** nömrəli elektron qaz sayğacı xx.xx.2020-ci il tarixdən keçən qazın sərfini qeyd etmir. xx.xx.2020-ci il tarixdə sayğaca yerində xidmət olundu və işlək vəziyyətə gətirildi. xx.xx.2020-ci il tarixdə sayğacın göstəriciləri oxunaraq 1 günlük sərfiyyat 7142 m3 çıxarıldı. Qeyd olunan müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək sayacğın orta günlük qaz sərfinə uyğun olaraq 157124 m3(31424,80 manat) müəyyən olundu. Hesabatın müəyyən olunmuş qaz sərfi ilə aparılmasına müəssisə tərəfindən etiraz olunmur və ödənişinə zəmanət verilir. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, X2 məxsus istixanaya sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış çıxarışa əsasən (KY 2********) baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacı giriş və çıxış siyirtmələrinin arasında olan hissədən çıxarılaraq yerinə ötürülmüş, boru quraşdırılmaqla təbii qazdan qeyri-qanuni istifadə edir. Video görüntülərlə öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış çıxarışa əsasən qeyd alınmışdır. Yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2023-xx.xx.2023-dür. X1 abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2020-ci ilin fevral ayı üçün 31424,80 manat, 2022-ci ilin sentyabr ayı üçün 11548,90 manat, 2023-cü ilin fevral ayı üçün isə 22530,20 manat, ümumilikdə 65503,90 manat məbləğində cərimə hesablanmışdır xx.xx.2023-cü il tarixli MŞB/2-2290/2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X3 400 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.4-ci bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.18-ci bəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması). Həmin Əsasnamənin 3.1.19-cu bəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə hesab edir ki, iddia təmin edilməlidir, belə ki, ilk öncə iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 31424,80 manat və iş materiallarına əlavə edilməmiş, lakin abonentin abonent saldosunda qalıq və aktlar qrafasında göstərilmiş 2022-ci il sentyabr ayı üçün yazılan 11548,90 manat məbləğində cərimə barədə məhkəmə qeyd edir ki, sözügedən aktların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçməsi ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 22530,20 manat cərimə tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır, lakin iş materiallarına əlavə edilmiş çıxarışda (çıxarışın çap tarixi xx.xx.2023) sözügedən yoxlamaların aparılması müddəti kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri göstərilmişdir. Göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçirilməsi nəzərdə tutulsa da, yoxlama bir gün öncə xx.xx.2023-cü il tarixdə keçirilmiş və akt əsasında X2 22530,20 manat məbləğində cərimə hesablanmış, yəni həmin tarixə yoxlamala vahid məlumat reyestrindən qeydiyyatdan keçməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları reyestrə təqdim edilməsi qeyd edilsə də, yəni yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmış olsa da belə, Cavabdeh yoxlamaların nəticələrini barədə məlumatları reyestrə təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən **********00000 abonent kodu olan iddiaçı X2 xx.xx.2020-ci il tarixli 933 nömrəli aktla hesablanmış 31424,80 manat, 2022-ci ilin sentyabr ayı üçün hesablanmış 11548,90 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı aktla hesablanmış 22530,20 manat, ümumilikdə hesablanmış 65503,90 manat məbləğində cərimə silinməli, həmçinin mediasiya xərcinə görə ödənilmiş 400 manat məbləğində vəsait Cavabdehndən tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00000 abonent kodu olan iddiaçı X2 xx.xx.2020-ci il tarixli 933 nömrəli aktla hesablanmış 31424,80 manat, 2022-ci ilin sentyabr ayı üçün hesablanmış 11548,90 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı aktla hesablanmış 22530,20 manat, ümumilikdə hesablanmış 65503,90 manat məbləğində cərimə silinsin. Mediasiya xərcinə görə ödənilmiş 400 manat məbləğində vəsait Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3789/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3789/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver