Məhkəmə qərarları › İş №e-2-2(113)-3790/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3790/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3790/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2022-ci il tarixli 10/22 saylı müqavilə üzrə 19529 manat pul məbləğinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərci üçün ödənilmiş vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 07 iyul 2022-ci il tarixli, 10/22 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, “İcraçı” “Sifarişçi”dən aldığı tapşırığı əsasında aviabilet, otel və digər müvafiq turizm xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. 2022-ci ilin sentyabr ayında “Boccia İdman Federasiyası” İB sifarişi əsasında xx.xx.2022-ci il tarixinə İctimai Birliyin 11 üzvünə avia bilet və sığorta şəhadətnamələri yazılmışdır. Həmin 11 nəfər İddiaçı MMC tərəfindən yazılmış avia biletlərdən istifadə etmiş, lakin bü günə qədər avia biletlərin və sığorta şəhadətnamələrinin dəyəri 19529 manat “Boccia İdman Federasiyası” İB tərəfindən ödənilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin “Boccia İdman Federasiyası” İB tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Bundan başqa, tərəflərindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bununla da, mediator tərəfindən MŞB/13/2023-00855 saylı, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Qeyd olunan mediasiya üçün nəzərdə tutulan xərc, yəni 200 manat iddiaçı tərəfindən ödənilmişdir.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, “Boccia İdman Federasiyası” İctimai Birliyi ilə "xxxx" MMC arasında sifarişlər və həmin sifarişlərlə bağlı ödənişlər müqavilənin əlavəsi hesab edilən razılaşma protokollarına əsasən aparılır. Lakin iddiaçı 2022-ci ilin iyul avqust ayları üçün sifariş edilmiş aviabiletlərin 1 saylı razılaşma protokolunu iddia ərizəsinə əlavə edərək 2022-ci ilin sentyabr ayı üçün sifariş edildiyini göstərmişdir. 2022-ci ilin sentyabr ayı üçün aviabiletlərin sifarişi ilə bağlı isə həmin müqavilənin əlavəsi hesab edilməli olan razılaşma protokolu mövcud olmamışdır. “Boccia idman Federasiyası" İctimai Birliyi ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il 1 saylı razılaşma protokolunda adları qeyd edilən 12 nəfər üçün Bakı - İstanbul - Amsterdam - İstanbul - Bakı istiqamətində xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərinə aviabiletlər sifariş edilmiş, aviabiletlərdən istifadə edilmiş və tərəflərindən ödənişlər aparılmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin yazılı etirazına əlavə etdiyi ödəniş sənədi hazırkı müqavilə üzrə olan daha əvvəlki sifarişə aiddir, belə ki, cavabdeh məhkəməni yanıltmaq üçün həmin ödənişi təqdim etmişdir. Hazırkı sifariş üzrə hər hansı ödəniş edilməmişdir. Belə ki, iddiaçı cavabdehin sifarişi ilə aviabiletlər almış, uçuşu planlaşdırılan işçilərin sığortasını həyata keçirmiş, lakin həmin xidmətlərin dəyərini cavabdeh ödəməmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 iyul 2022-ci il tarixli 10/22 nömrəli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən icraçı sifarişçidən aldığı tapşırıq əsasında, aviabilet, otel və digər müvafiq turizm xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürür. Sifarişçi isə öz növbəsində onun tapşırığı əsasında icraçı tərəfindən təqdim edilmiş biletlərin və digər tur xidmətlərin dəyərinin hazırki müqavilənin şərtlərinə müvafiq şəkildə ödənilməsini öz öhdəliyinə götürür.

10. Müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə əlaqədar sifarişçi sifarişi əsasında təqdim olunan biletlərin, turizmlə əlaqədar hər bir sifarişin və xidmətlərin dəyərini təqdim olunmuş hesab-faktura və e-qaimə əsasında 5 iş günü ərzində icraçının hesabına köçürür.

11. Müqaviləyə 01 saylı razılaşma protokolundan görünür ki, xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərinə iddiaçı və cavabdeh 13212 manat məbləğində xidmətin göstərilməsini razılaşdırmışlar.

12. 28.10.2022-ci il tarixli 70/22 nömrəli hesab fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 19529 manat (10 ədəd aviabiletlərin dəyəri 16950 manat, 1 ədəd əlavə biletin dəyəri 1820 manat, sığorta ödənişi 759 manat) məbləğində hesab faktura göndərilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBDG 839555 nömrəli xx.xx.2023-cü il tarixli 19529 manat məbləğində elektron qaimə təqdim edilmişdir.

14. İddiaçı tərəfindən cavabdehə EBBZ 672703 nömrəli xx.xx.2022-ci il tarixli 13212 manat məbləğində elektron qaimə təqdim edilmişdir.

15. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********476C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********476C2 nömrəli, xx.xx.2022-ci il tarixli, **********476C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********476C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********477C1 nömrəli, xx.xx.2022ci il tarixli **********477C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********477C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********477C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********973C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********973C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********973C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********973C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********972C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********972C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********972C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********972C4 nömrəli, xx.xx.2022ci il tarixli **********971C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********971C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********971C3 nömrəli,xx.xx.2022-ci il tarixli **********971C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********975C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********975C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********975C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********975C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********977C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********977C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********977C3 nömrəli, xx.xx.2022ci il tarixli **********977C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********974C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********974C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********974C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********974C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********978C1 nömrəli, xx.xx.2022-ci il tarxli **********978C2 nömrəli, xx.xx.2022-ci il tarixli **********978C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********978C4 nömrəli, xx.xx.2022-ci il tarixli **********979C1 nömrəli, xx.xx.2022-ci il tarixli **********979C2 nömrəli xx.xx.2022ci il tarixli **********979C3 nömrəli, xx.xx.2022-ci il tarixli **********979C4 nömrəli avia biletlər alınmışdır.

16. İddiaçı tərəfindən təqdim edilmiş elektron səyahət sığortası şəhadətnamələrindən görünür ki, cavabdehin əməkdaşları "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər şengen ərazisi üzrə sığorta edilmişlər.

17. xx.xx.2022-ci il tarixli 61/22 nömrəli invoysdan və xx.xx.2022-ci il tarixli 206OPEX221890031 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə EBBZ 672703 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 13212 manat məbləğində pul köçürülmüşdür.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 07 iyul 2022-ci il tarixli 10/22 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

26. Cavabdeh iddiaya dair yazılı etirazında xidmətlərin dəyərinin ödənildiyini bildirsə də, materiallardan görünür ki, yazılı etiraza əlavə edilmiş ödəniş sənədi daha əvvəlki sifarişə aid olmuş, ödəniş hazırkı tələb üzrə deyil, EBBZ 672703 nömrəli xx.xx.2022-ci il tarixli 13212 manat məbləğində olan elektron qaimə üzrə edilmişdir.

27. Bu səbəbdən cavabdehin borcun ödənilməsi ilə bağlı arqumentini məhkəmə əsaslı hesab etmir.

28. Cavabdeh eyni zamanda, etirazda xidmətlərin dəyərinin razılaşdırılmadığını bildirmiş, həmin sifarişə dair ayrıca razılaşma protokolunun olmadığına istinad etmişdir.

29. Məhkəmə hesab edir ki, cavabdehin həmin dəlili də əsassızdır.

30. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi İ.Məhərrəmov cavabdehin əməkdaşlarının xarici ölkədə təşkil edilən yarışda iştirak etdiyini, iddia ərizəsinə əlavə edilmiş avia biletlər üzrə uçuşların həyata keçdiyini təsdiq etmiş, əməkdaşların sığorta edilməsi öhdəliyinin iddiaçının üzərinə düşdüyünü, iddiaçının təqdim etdiyi vatsap yazışmalarında cavabdehin əməkdaşı olan Ruhin Cəfərovun cavabdehin göstərişi əsasında hərəkət etdiyini göstərmişdir.

31. İddiaçının təqdim etdiyi vatsap yazışmalarından görünür ki, iddiaçı cavabdehin sifarişi əsasında aviabiletlərin alınmasına tələb edilən vəsaitin 10 nəfər üçün 1695 manat, bir nəfər üçün isə 1820 manat olmasını bildirmiş, cavabdeh buna etiraz etməmiş, bundan əlavə, cavabdeh iddiaçının göstərdiyi xidmətlərdən istifadə etmiş, həmin xidmətlərlə bağlı hər hansı irad bildirməmişdir.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19529 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Boccia İdman Federasiyası” İctimai Birliyindən 19529 manat məbləğində pul, ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 19729 (on doqquz min yeddi yüz iyirmi doqquz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar