Məhkəmə qərarları › İş №e-2-2(113)-3834/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3834/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3834/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 16.320 manat əsas borcun, 4.694,60 manat manat dəbbə pulunun, 158 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş rüsumun və hüquqi yardıma görə ödənilmiş 1.525 manat məbləğində pulun Cavabdeh ASC-dən alınıb "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 03 aprel 2024-cü il tarixli 05D-24 nömrəli xidmət müqaviləsi və Müqaviləyə 25 aprel 2024-cü il tarixli Əlavə Razılaşma No1bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada Sifarişçinin sifarişinə əsasən İcraçı dezinseksiya və deratizasiya işləri görmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi xidmətlərin əvəzini İcraçının hesabına köcürməli idi. Müqavilənin 2.2-ci bəndinə əsasən görülmüş xidmətlərin haqqı müqavilədə göstərilən xidmətlərlə əlaqədar elektron qaimə və imzalı işlərin aparılması tərtib edilən aktın təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində Sifarişçi tərəfindən İcraçının bank hesabına köçürmə yolu ilə ödənilməli idi. Göstərilən müddət ərzində xidmət haqql ödənilməzsə Müqavilənin 2.7-ci bəndinə əsasən hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0.1% nisbətində dəbbə pulu hesablanır. İcraçı tərəfindən görülmüş işlərin əvəzi Sifarişçi tərəfindən əvvəllər ödənilsə də, sonradan görülmüş işlər üzrə ödənişlər edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında 05D-24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır.

11. Müqavilənin 1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən göstərilən Abşeron rayonu ərazisində fəaliyyət göstərən Səba ASC Abşeron Quşçuluq fabriki müəssisəsində xidmətin başlanıldığı tarixdən etibarən hər ay, ayda bir dəfə deratizasiya, dezinseksiya xidmətlərini sifarişçiyə göstərir, sifarişçi ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş aylıq ödənişi icraçının hesabına keçirir.

12. Müqavilənin 2.1-ci bəndində əsasən Abşeron rayonu ərazisində fəaliyyət göstərən Səba ASC Abşeron quşçuluq fabriki müəssisəsində icraçı tərəfindən hər dəfə göstərilən deratizasiya xidmətinə görə “Sifarişçi” tərəfindən ödənilən xidmət haqqı 980 (doqquz yüz səksən manat) AZN məbləğində müəyyən edilir.

13. Müqavilənin 2.2-ci bəndində əsasən ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilə təqdim edilən elektron qaimə və işlərin aparılması zamanı tərtib edilən aktdır.

14. Daha sonra tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 05D-24 nömrəli “Müqaviləyə” xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə Razılaşmanın 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin hər dəfə üçün qiyməti 3.100 manat təşkil edir.

15. Müqavilə və Əlavə Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

17. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

18. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

19. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

20. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

23. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1013 saylı, xx.xx.2024-cü il tarixli, 1089 saylı, xx.xx.2024-cü il tarixli 999 saylı, xx.xx.2024-cü il tarixli 1012 saylı, xx.xx.2024-cü il tarixli, 952 saylı, xx.xx.2024-cü il tarixli 1018 saylı, xx.xx.2024-cü il tarixli, 953 saylı, xx.xx.2024-cü il tarixli 1093 saylı aktla 05D-24 nömrəli müqaviləyə əsasən tibbi profilaktika işlərinin aparılmasını tərəflər öz imza və möhürləri ilə təsdiq etmişlər.

24. İddiaçı hazırda cavabdehə göndərilmiş MT2406 seriyalı 11465213 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 3.100 manat, MT2407 seriyalı 11881651 nömrəli xx.xx.2024cü il tarixli dəyəri 980 manat, EBEE seriyalı, 056158 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 980 manat, MT2406 seriyalı, 11464597 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 3.100 manat, EBED seriyalı, 525940 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 980 manat, MT2406 seriyalı, 11606835 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 980 manat, MT2405 seriyalı, 11474708 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.100 manat və MT2407 seriyalı 11868348 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 3.100 manat olan elektron qaimələr üzrə borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.

25. Yuxarıda qeyd olunan qaimələr üzrə ümumi məbləğ sadə riyazi hesablama ilə 16.320 manat təşkil edir.

26. Həmçinin iddiaçı tərəf cavabdehin ödənilməmiş 16.320 manat borcunun qaldığını bildirir.

27. Məhkəmənin yalnız bir hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə müqavilə münasibətlərinin olduğunu, xidmətlər göstərildiyini qəbul etmiş, yalnız borc məbləğinin miqdarı ilə razı olmadığını bildirsə də, borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

28. Tərəflər arasında müqavilənin 2.2-ci bəndi, elektron qaimələrlə bağlı cavabdeh tərəfindən hər hansı bir etirazın verilmədiyi, qaimələr əsasında ödənişlər edilməsi nəzərə alındığında, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

30. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 16.320 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.

31. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

32. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

33. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 800 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

34. Məhkəmə hesab edir ki, iddianın 1.525 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir.

35. Belə ki, Azerbaijan Sanitary Services Center” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı “LCG” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.

36. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş sənədindən görünür ki, hüquqi yardım göstərilməsi üçün “LCG” Vəkil Bürosunun hesabına 1.525 manat məbləğində ödəniş edilmişdir.

37. Lakin məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsinə dair xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha ağlabatan və ədalətlidir.

38. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141,36 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16.320 (on altı min üç iyirmi) manat əsas borc, 800 (səkkiz yüz) manat faiz borcu olmaqla, ümumilikdə 17.120 (on yeddi min yüz iyirmi) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat 36 (otuz altı) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar