Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-385/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, hesab faktura) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 844/20 müqavilə üzrə 1203,60 manat və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 60 manat xidmət haqqı, ümumilikdə 1263,60 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət olunaraq, ünvan 1 ünvanında inşa olunan 2 ədəd,2 girişli, 20 mərtəbəli yaşayış binalarının və 2 səviyyəli zirzəmi ilə 3 mərtəbəli binalararası qeyri-yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar, cavabdeh ilə S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında 1058/17 nömrəli müqavilə bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 1058/17 nömrəli müqavilə üzrə 46 938,11 manat bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edilmiş 3 ədəd hesab faktura üzrə cavabdeh tərəfindən qismən ödəniş edilmişdir. İddiaçının vergi öhdəliklərinin yaranmaması üçün cavabdehə göstərilən borcla bağlı elektron qaimə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il tarixli hesab fakturada borc ƏDV daxil olmaqla 1416 manat olmalıdır, texniki yanlışlığa yol verilərək, borcun məbləği səhvən 2619,60 manat göstərilmişdir. Həmin qaimə üzrə artıq hissəvi ödəniş edilmiş, hazırda cavabdehin 1203,60 manat borcu qalmışdır.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Bayramov iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında uzun müddətdir ki, əməkdaşlıq var, münasibətlər hazırda da davam edir. Lakin göstərilən fakturalar üzrə cavabdehin iddiaçıya borcu qalmamış, borc tam şəkildə həmin fakturalar üzrə artıq ödənilmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır.
5. Cavabdehin nümayəndəsinə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi məhkəməyə yazılı vəsatət ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifrarişçi) arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli 844/20 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən sifarişçi həvalə edir, icraçı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və X4 küçələrinin kəsişməsində yerləşən 19 (on doqquz) mərtəbəli binanın gücləndirmə işlərində istifadə edilən betonun və armatur nümunələrinin keyfiyyət göstəricilərinin Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən sınaq işlərinin qiyməti hər m3 üçün 1,00 manat razılaşdırılır və bu müqavilənin 2.1-ci bəndi üzrə ümumi qiymət (ƏDV-siz) 1770 manat təşkil edir. ƏDV məbləği 318,60 manat, ümumilikdə 2088,60 manat təşkil edir.
10. Müqavilənin 3.3-cü bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 50 %-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icrası tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvilqəbul aktı ilə qəbul edir.
11. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (50%) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli 1 saylı qiymət razılaşdırma protokolundan görünür ki, tərəflər görüləcək işlərin dəyərini 2088,60 manat (ƏDV daxil) məbləğində razılaşdırmışlar.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli qiymət razılaşdırma protokolundan görünür ki, 844/20 saylı müqavilə üzrə görüləcək işlərin dəyəri 1200 manat, ƏDV 18%-216 manat, cəmi 1416 manat (ƏDV daxil) müəyyən edilmişdir.
14. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11/2-1836/2023 saylı maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixədək həmin müqavilə üzrə (ƏDV-18%) daxil olmaqla xx.xx.2020-ci il tarixdə 885 manat, xx.xx.2023-cü il tarixdə 1416 manat ödəniş olunub. Sifarişçinin (ƏDV-18%) ilə birlikdə 1203,60 manat və 60 manat mediasiya xərci borcu qalıb.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli 750 manat əsas borc, 135 manat ƏDV, xx.xx.2021-ci il tarixli 1020 manat əsas borc, 183,60 manat ƏDV, xx.xx.2021ci il tarixli 2220 manat əsas borc, 399,60 manat ƏDV məbləğində hesab fakturalar təqdim edilmişdir.
16. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya göstərilən hesab fakturalara əsasən 750 manat, 900 manat və 1200 manat məbləğində ödənişlər edilmişdir.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin hazırkı tələbi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 844/20 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
27. Cavabdeh göstərilən borcun ödənildiyini, hazırda iddiaçıya həmin müqavilə üzrə hər hansı borcunun olmadığını bildirsə də, göstərilən borcun ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2020-ci il tarixli, 844/20 nömrəli nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1203,60 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1203,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1203,60 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 1263,60 (bir min iki yüz altmış üç manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova