Məhkəmə qərarları › İş №e-2-2(113)-385/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-385/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-385/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Dənizkənarı Bulvar İdarəsi” X2 və Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyət haqqında müqavilə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər “Dənizkənarı Bulvar İdarəsi” X2 və Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin və həmin obyektin 730 kv.metr obyektətrafı ərazinin, ümumi sahəsi 47.14 kv. metr olan anbarı ilə birlikdə İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, gəlir əldə edilməsi məqsədilə Dənizkənarı Bulvar İdarəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin qüvvədə olan tikinti norma və qaydalara uyğun formada inşa edilməsi və həmin obyektin 730 kv. metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi öhdəliyinə dair xx.xx.2022-ci il tarixli, DBİ86-05/22 nömrəli (notarial qaydada xx.xx.2022-ci il tarixli, M-717 nömrəli) müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, obyektin quraşdırılması, təmir-tikintisi və sonradan idarə edilməsi üçün investisiyanın qoyulması, işçi heyəti, texnika və avadanlıqların cəlb edilməsi öhdəlikləri İddiaçı tərəfindən icra edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, müqavilə şərtləri Dənizkənarı Bulvar İdarəsi və Cavabdeh1 MMC tərəfindən pozulmaqla, həmin obyekt Cavabdeh1 MMC-yə icarə verilmiş və hazırda MMC tərəfindən Rast Restoran 2 adı ilə istifadə edilməkdədir. Belə ki, hazırkı məqamda müqavilədən irəli gələn öhdəliklər icra edilmir, müqavilə şərtləri kobud şəkildə pozulmaqla, öz öhdəliklərini tam icra etmiş İddiaçı zərər vurulur. Qeyd edilən hallarla əlaqədar, hüquq və manəfeyinin müdafiəsi məqsədi ilə sözügedən əmlakın onun istifadəsinə təqdim edilməsi tələbi ilə, xx.xx.2024-cü il tarixli, YA0361/2024 nömrəli və 30 iyul 2024-cü il tarixli elektron pretenziya məktubu ilə Cavabdeh1 MMC-yə müraciət edilmiş, öhdəliyin icrası üçün 5 (beş) günlük vaxt müəyyən edilmişdir. Lakin müraciətin cavabsız qalması ilə yanaşı, əmlakın iddiaçının istifadəsinə təqdim edilməsinə dair hər hansı hərəkətlilik müşahidə edilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin və həmin obyektin 730 kv. metr obyektətrafı ərazinin, ümumi sahəsi 47.14 kv. metr olan anbarı ilə birlikdə İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Dənizkənarı Bulvar İdarəsi X1 üzərinə üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6092/2024 nömrəli qərardadı ilə Dənizkənarı Bulvar İdarəsi X5 cavabdeh qismində məhkəmə icraatına cəlb olunmuşdur.

5. Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edib iddianın rədd edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Dənizkənarı Bulvar İdarəsi” X5 ilə xx.xx.2022-ci il tarixində Birgə Fəaliyyət haqqında müqavilə bağlasa da həmin müqavilə deklarativ xarakter daşımış və həmin müqavilə üzrə ikinci tərəf olan iddiaçı tərəfindən saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyri-yaşayış sahəsinə hər hansı pul vəsaitləri qoyulmamış, iddiaçı həmin obyekdə podratçı kimi çalışmış, Dənizkənarı Bulvar İdarəsi X7dən ödənişlər edilməklə, qeyd olunan obyekti tikib, tamamlamışdır. Dənizkənarı Parkda saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyriyaşayış sahəsi Dənizkənarı Bulvar İdarəsinin balansında olduğu üçün Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixində Dənizkənarı Bulvar İdarəsi ilə “Xidmətlərin göstərilməsinə dair” DBİ-K-18-01/24 saylı müqavilə bağlamışdır. Daha sonradan Cavabdeh1 MMC-nin iqtisadi vəziyyəti kəskin pisləşmiş və iflas olmaq üzrə olan bir Cəmiyyətdir. Hazırda Cəmiyyətin müflis elan olunması üçün sənədləşmə prosesinə başlanmışdır. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 sayı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə xitam verilmişdir.

7. Cavabdeh Dənizkənarı Bulvar İdarəsi X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edib iddianın rədd edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərini icra etdiyini, təmir-tikinti işlərini apardığını, investisiya qoyduğunu, texnika və işçi cəlb etdiyini iddiaçı bildirmişdir. Lakin iş materiallarına müqavilə və müqaviləyə əlavədən başqa bir sənəd əlavə edilməmişdir. Müqavilənin iddiaçı tərəfindən icra edilməsi ilə bağlı heç bir sübut yoxdur. Belə ki, həmin müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilməyib, müqavilə icrasız qalıb. AR MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Lakin hazırkı məqamda, hazırkı müqaviləyə dair kazusda hər hansı hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş niyyət mövcud deyil. Müqavilənin bağlanması, hələ onun etibarlı olması və icrasının həyata keçirilməsi anlamına gəlmir Müqavilə bağlandıqdan sonra ona uyğun hüquqi nəticələr yaranmalı, tərəflə birlikdə bu hüquqi nəticənin yaranması üçün səy göstərməlidirlər. Müqavilənin predmeti ondan ibarətdir ki, tərəflər birgə gəlir əldə etmək məqsədi ilə müəyyən edilmiş ərazidə ictimai-iaşə obyektinin tikintisinin başa çatdırılmasını, birgə istifadə və idarə edilməsi öhdəliyini üzərlərinə götürürlər. Adından da göründüyü kimi, bu birgə öhdəlikdir. hər iki tərəfin birgə səyi, birgə hərəkət etməsi vacibdir. Müqavilə üzrə iddiaçı tikinti işlərini görməyi, işçi və texnika cəlb edib obyektin tikintisini başa çatdırmağı öhdəsinə götürsə də, bu hərəkətlərin heç birini etməmişdir. Halbuki, müqavilənin birinci bəndinə əsasən müqavilənin icra edilməsi üçün tərəflər birgə hərəkət etməyi öhdələrinə götürürlər. Hazırkı halda isə iddiaçının müqavilə üzrə hərəkət etdiyi, müqavilənin icrası ilə bağlı hər hansı bir tədbir gördüyü müəyyən edilmir. Bundan əlavə, müqavilə bir neçə prizmadan yanaşılsa hər bir halda etibarsız müqavilədir. Belə ki, müqavilənin tərtib edilməsi və imzalanması zamanı mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin bərabərliyi (MM 6.1-ci maddəsi) prinsipi pozulub. Belə ki, müqavilə birgə fəaliyyət müqaviləsi olsa da sırf iddiaçının hüquqlarını təmin edən, ona imtiyazlar müəyyən edən müqavilədir. Müqavilənin 5-ci bəndində tərəflərin məsuliyyəti hissəsində nədənsə yalnız idarənin məsuliyyəti nəzərdə tutulub, müqavilə üzrə öhdəlikləri icra etmədiyi halda idarədən tikintinin real bazar dəyəri, üstəlik 200000 və 300000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyini idarənin üzərinə qoyulub. İddiaçının isə bu müqavilənin icra edilməməsinə görə heç bir öhdəliyi nəzərdə tutulmayıb. Halbuki, müqavilə birgə fəaliyyət müqaviləsidir, əgər birgə fəaliyyət göstərilib birgə gəlir götürüləcəksə risklər də məsuliyyətlər də birgə bölünməlidir. Hazırkı müqavilənin imzalanması zamanı mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulduğuna görə AR MM-nin 337.1 -ci maddəsinə əsasən birgə fəaliyyət haqqında müqavilə etibarsız müqavilədir. Bütün bu hallar təsdiq edir ki, müqavilə əvvəlcədən müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan imzalanmış, görünüş üçün bağlanmış əqddir. Belə ki, İddiaçı adi sahibkar deyil, idarənin keçmiş əməkdaşıdır. Dənizkənarı Bulvar İdarəsinin xx.xx.2018-ci tarixli əmrindən müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Dənizkənarı Bulvar İdarəsi Aparatının Daxili audit və nəzarət sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021 tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasından da müəyyən edilir ki, bu vəzifədən əvvəl həmin idarədə rəis müşaviri vəzifəsində çalışmışdır. İdarənin keçmiş əməkdaşı sahibkar adı ilə idarənin keçmiş sədri ilə müqavilə imzalamış, müqavilə əslində görünüş üçün bağlanmış, müqavilə üzrə heç bir hərəkət edilməmiş, müqavilənin icrası ilə bağlı hər hansı bir tədbir görülməmişdir. İş materiallarında müqavilənin icrası ilə bağlı hər hansı bir tədbirin görülməsi barədə sübut mövcud deyil. Bu müqavilə sadəcə idarənin keçmiş sədri tərəfindən dövlət əmlakının keçmiş sədrə yaxın olan şəxslərin adına keçirilməsi ilə bağlı görülmüş formal tədbirlərdən biri, həmçinin müqavilədə nəzərdə tutulmuş kompensasiyanın idarədən alınmasının təmin edilməsi barədə razılaşmadır. Heç bir birgə fəaliyyət işləri görülməmişdir. İş materiallarına əlavə edilmiş məlumatlardan müəyyən edilir ki, idarənin sabiq sədri barədə AR CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, cinayət işinin istintaqı davam etdirilir. Bu tip iddialar da məhz keçmiş sədrin həbs olunmasından sonra meydana gəlmiş, məhkəməyə kütləvi analoji işlər üzrə iddialar verilmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 MMC-ni cavabdeh kimi cəlb edib, obyektin onun tərəfindən idarə edilməsini qeyd edir. Halbuki hər iki müqavilədəki obyektlər tamamilə fərqlidir, ölçüləri ziddiyyətlidir, heç bir eyniləşdirici xüsusiyyətləri yoxdur, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

II. Tərəflərin mövqeləri:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə iclasının cavabdehlərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı (ikinci tərəf) ilə Cavabdeh1 MMC (birinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə görə tərəflər gəlir əldə etmək məqsədilə hüquqi şəxs yaratmadan birgə fəaliyyət göstərərək Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv.metr olan qeyri-yaşayış sahəsinin binasının ictimaiiaşə obyektinin qüvvədə olan tikinti norma və qaydalara uyğun formada inşa edilməsi və həmin obyektin 730 kv.metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi öhdəliyini götürürlər.

14. Müqavilənin 2.1-ci bəndinə görə tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilənin predmetini təşkil edən obyektin mövcud qanunvericiliyə uyğun təmir-tikintisi üçün tələb olunan tikintiyə icazə sənədini birinci tərəf təqdim etdiyi vaxtdan 1 (bir) il ərzində ikinci tərəf nəzərdə tutulmuş tikinti işlərini başa çatdıracaq.

15. Müqavilənin 2.2-ci bəndinə görə müqavilə notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir və 10 (on) il müddətinə müəyyən edilir.

16. Müqavilənin 5.1-ci bəndinə görə birinci tərəf hazırkı müqavilə ilə müəyyən edilən öhdəlikləri üzrsüz səbəbdən və/və ya dəfələrlə yerinə yetirməməsi səbəbindən obyektin tikintisi başa çatanadək müqaviləyə vaxtından əvvəl xitam verilərsə, ikinci tərəfin seçimi ilə tikintiyə sərf olunan pul vəsaitinin və ya obyektin müqavilə xitam olunan tarixə bazar dəyərinin geri qaytarılmasını, eləcə də 200000 (iki yüz min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.

17. Müqavilənin 5.2-ci bəndinə görə birinci tərəf obyektin tikintisi başa çatdıqdan sonra ikinci tərəfin obyekti idarə etməsinə, istifadə etməsinə məhdudiyyət qoyduqda, yaxud ikinci tərəfin obyekti idarə etməsinə ilk 5 (beş) il ərzində birinci tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə ikinci tərəfin seçimi ilə tikintiyə sərf olunan pul vəsaitinin və ya obyektin müqavilə xitam olunan tarixə bazar dəyərinin geri qaytarılmasını, eləcə də 300000 (üç yüz min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.

18. Birgə fəaliyyətə dair müqavilə xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq edilmişdir.

19. Dənizkənarı Bulvar İdarəsi X5 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə görə birinci tərəf ikinci tərəfin istifadəsində olan “Rast” kafesinin Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 28 kv.m obyektətrafı əraziyə yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində birinci tərəfə bu müqavilənin 3-cü bəndində göstərilən qaydada hər ay 2360 (iki min üç yüz altmış) manat (ƏDV daxil) vəsait ödəyir.

20. Dənizkənarı Bulvar İdarəsi X5 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh X7 arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyətə dair müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə cavabdeh X3 daimi istifadəsində olan qeyri-yaşayış sahəsinin inşa etdirilib başa çatdırılmasını öz öhdəsinə götürmüşdür.

27. Cavabdeh X7 yazılı etirazında göstərmişdir ki, iddiaçı ərizəsində birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərini icra etdiyini, təmir-tikinti işlərini apardığını, investisiya qoyduğunu, texnika və işçi cəlb etdiyini bildirmiş, lakin iş materiallarına müqavilə və müqaviləyə əlavədən başqa bir sənəd əlavə edilməmişdir. Müqavilənin iddiaçı tərəfindən icra edilməsi ilə bağlı heç bir sübut yoxdur. Belə ki, həmin müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilməyib, müqavilə icrasız qalıb.

28. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

29. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.

30. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Buna görə də tələbinin əsası kimi istinad etdiyi bu halı, birgə fəaliyyətə dair müqavilə üzrə öz öhdəliklərini icra etdiyini iddiaçı sübut etməlidir.

32. İddiaçı birgə fəaliyyətə dair müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, tikintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən hər hansı sübut, sənəd təqdim edə bilməmişdir.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh X4 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyətə dair müqavilə üzrə öz öhdəliklərini icra etdiyini sübut edə bilmədiyindən hazırkı iddiası cavabdeh X6 aid hissədə təmin edilə bilməz.

34. Məhkəmə iddianı cavabdeh MMC-yə aid hissədə də əsassız hesab edir.

35. Belə ki, cavabdeh MMC yazılı etirazında Dənizkənarı Parkda saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyri-yaşayış sahəsi Dənizkənarı Bulvar İdarəsinin balansında olduğu üçün MMC-nin xx.xx.2024-cü il tarixində Dənizkənarı Bulvar İdarəsi ilə “Xidmətlərin göstərilməsinə dair” DBİ-K-18-01/24 saylı müqavilə bağladığını, daha sonradan MMC-nin iqtisadi vəziyyəti kəskin pisləşdiyi üçün tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 sayı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə xitam verildiyini və iddia ərizəsində göstərilən əmlakın hazırda onda olmadığını, əmlakın digər cavabdehə geri təhvil verildiyini göstərmişdir.

36. Belə ki, cavabdeh MMC tərəfindən təqdim edilmiş Dənizkənarı Bulvar İdarəsi X5 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə görə birinci tərəf ikinci tərəfin istifadəsində olan “Rast” kafesinin Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 28 kv.m obyektətrafı əraziyə yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində birinci tərəfə bu müqavilənin 3-cü bəndində göstərilən qaydada hər ay 2360 (iki min üç yüz altmış) manat (ƏDV daxil) vəsait ödəyir.

37. Dənizkənarı Bulvar İdarəsi X5 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

38. İddiaçı mübahisəli əmlakın hazırda cavabdeh MMC-nin sahiblik və istifadəsində olmasını sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh MMC-yə aid olan hissədə də əsassızdır və təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı cavabdehlər “Dənizkənarı Bulvar İdarəsi” X2 və Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar