Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3853/2025 25.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə və Şəmkir rayon İcra və Probarsiya Şöbəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilənin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə və Şəmkir rayon İcra və Probarsiya Şöbəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, "xxxx" MMC-e və Cavabdeh1ndən müştərək qaydada olaraq 31120 manat pulun, əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 7.25% olmaqla 22 (iyirmi iki) ay üçün 31120x7.25:100=2256.2x22ay=4136 (dörd min bir yüz otuzaltı) manat pul vəsaitinin, ödənilmiş 196 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-939/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən borclu və hazırkı iş üzrə Cavabdeh3 10850 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün borclu və hazırkı iş üzrə Cavabdeh3n qeydiyyatı üzrə Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 isə icra sənədinin icra olunması üçün Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına yönəldilmiş və ilkin satıq qiyməti 60.000 manat dəyərində müəyyən edilərək icra sənədi üzrə hərracın keçirilməsi Cavabdeh1 tərəfindən digər cavabdeh olan Cavabdeh2 MMC -yə göndərmişdir. Bildirir ki, icra şöbəsində və hərracın elan etdiyi hərrac satışında cavabdeh olan borclu və Şəmkir rayon İcra şöbəsinin icra məmuru tərəfindən satılan obyektin şəkilləri göstərilmiş və yerində obyektə baxış keçirilimişdir. Tələbkar tərəfindən baxış keçiriləndən sonra tələbkar obyekti almaq və qalan ödənişi etməklə razılaşaraq hərraca qoşulmuşdur. Hərracın nəticəsi olaraq hərracı udan tərəf icra sənədi üzrə tələbkar olan iş üzrə İddiaçı MMC-e olmuşdur. Hərrac əmlakının da tələbkara təklif olunan qiymət 42.000 manat olmuşdur və həmin qiymətlədə harrac bitərək tələbkara təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı Protokol tərtib edilərək imzalanmışdır. Nəzərinizə çatdırım ki, Hərrac bitəndən sonra hərrac nəticəsində əldə edilən və hərracın təşkilizamanı göstərilən obyekti hərrac qiymətini ödədikdən sonra artıq iddiaçı öz adına rəsmləşdirmək isdəyən zaman Əmlak komitəsinin nümayəndəsi müəyyən etdi və bildirdi ki, hərracda qeyd edilən və göstərilən əmlakla bizə satılan qeyri-yaşayış obyekti fərqli obyektlərdi. Sonradan müəyyən olundu və borclu olan Cavabdeh3 həqiqətəndə çıxarışı olan obyektin bizə göstərdiyi obyektin sənədi olmamış və başqa şəxsin yəni oğlunun istifadəsində olan obyektin olduğunu bildirdi. Sonradan isə borclu olan cavabdeh bizə göstərilən və şəkillərlə hərrac mərkəzinə təqdim edilən qeyri-yaşayış sahəsinində onlara məxsus olduğunu bildirərək aldadaraq satmaq istədiyi obyektin yerinə bizim adımıza rəsmləşdirməyi öhdəsinə götürdü. Lakin bugünə kimi də sənədləşməni yerinə yetirmədi. Hətta cavabdeh olan borclu icra şöbəsinə ərizə yazaraq həqiqətən də hərrac nəticəsində satılan qeyri-yaşayış sahəsinin iddiaçıya göstərilən qeyri-yaşayış sahəsi olmadığını və hərrac nəticəsi olaraq qalan pulu aldığını bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, cavabdehlər olan borclu, siafrişçi olan icra şöbəsi və hətta hərrac mərkəzi belə satılan qeyriyaşayış sahəsinin sənədinin şəkillərdə göstərilən qeyri-yaşayış sahəsi ilə uyğun olmadığını müəyyənləşdirmədən əlbir olaraq iddiaçını aldadaraq ona satmaq qərarına gəlmişdir ki, bunada nail olmuşlar. Bütün bu səbəblərdən də Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 939/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyriyaşayış binasının açıq hərracda satılmasına dair Cavabdeh1 xx.xx.2023-cü il tarixli 275117/2021-12 saylı sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı Protokolun etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı Kommersiyasında iddia ərizəsi vermişdik. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli,e-2-2(113)-2409/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş,Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyriyaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında imzalanmış 145/23 saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, eləcə də dövlət rüsumunun əvəzi olaraq Cavabdeh2 MMC-dən tutulan 100 manat məbləğində vəsaitin, həmçinin 50 manat hazırkı apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun digər cavabdehlərdən tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-1193/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsində da iddia ərizəsi vermişdik. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2409/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1193/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi qanuni qüvvəsini almış və 25 fevral 2025-ci il tarixdə sənədlərlə birlikdə Bakı Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Mülki Məcəllə nəzərdə tutur ki,əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Eyni zamanda da hərracın keçirilərək ödənilmiş pul vəsaitinin köçürülməsindən 22 (iyirmi iki) ay müddət keçmişdir ki, cavabdehlərin əməli nəticəsində kifayət qədər gəlir itirmişlər. Çünki iddiaçı hüquqi şəxsdir və avtomobil mühərrik yağları satışı ilə məşğuldur. Əgər həmin pul məbləği iddiaçının özündə olsaydı dövriyyəyə buraxıb pul qazanardı. Bu səbəbdən də hesab edirik ki, 22 aya münasibətdə əldən çıxmış faydaya görə illik 7.25% faiz olmaqla 31120x7.25:100=2256.2x22ay=4136 (dörd min bir yüz otuzaltı) manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. 20.05.2025-ci il tarixində Cavabdeh2 MMC-nin etiraz ərizəsi onunla əsasaslandırılmışdır ki, belə ki, “icra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, rayon icra Şöbələrinin sifarişi əsasmda hərrac təşkilatı qanuna müvafiq hərrac keçirir və yekun protokolu Məhkəmə qərarını icra etmək üçün rayon İcra Şöbəsinə göndərir və bununla da hərrac təşkilatının qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac hərəkətləri dayamr. Qanunvericilikdə Hərrac təşkilatlarına hərracın keçirilməsindən kənar başqa səlahiyyətlər verilmir. Hərrac-alıcıların müsabiqəsi əsasmda malların müəyyən vaxtda və müəyyən edilmiş yerdə növbə ilə satışıdır. Qanuni qüvvəyə minmiş Məhkəmə qərarlarının tam axıra kimi icrası ilə məşğul olmaq qanunvericilikdə Ədliyyə Nazirliyinin İcra Şöbələrinin səlahiyyətləri daxilindədir. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsinin 2-2-(103)-1193 saylı, xx.xx.2024-cü iltarixli Qətnaməsində qeyd olunur ki, işə əlavə olunmuş Cavabdeh1 tərəfindən göndərilmiş icra işinin materiallarında olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, hərraca çıxarılan əmlakın başqa əmlak olduğunu bildirmiş və göstərilmiş əmlakın isə sənədləşmə işi aparıldıqdan sonra "Nazim-1001” MMC ilə razılıq əsasında alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir. Birmənalı şəkildə apelyasiya məhkəməsinin qətnaməsində göstərilən xüsusat bir daha sübut edir ki, iddiaçının əqdin predmeti barəsində ciddi yanılma halının baş verməsində "Əmlak Hərrac Mərkəzi” MMC-nin hər hansı iştirakı, rolu olmayıb. Həmçinin apelyasiya Məhkəməsinin qətnaməsində qeyd olunan xüsusatlarda göstərilir ki, hərrac təşkilatının vəzifəsi mülki qanunvericiliyin tələblərinə riayət etməklə hərracın təşkil edilməsidir. Biz apelyasiya Məhkəməsinin mövqeyi ilə tamamilə razıyıq, belə ki, sifarişçi İcra Şöbəsi tərəfindən bizə sifariş olunan əmlakın satışmı həyata keçirmişik. İş üzrə tələbkar "xxxx"MMC-nə 145/23 saylı, xx.xx.2023-cü il tarixli protokolla bizə sifarişdə göstərilən satılmalı olan əmlaka dair yekun sənəd verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 275117/2021-12 saylı, Cavabdeh2 MMC-yə ünvanlanmış sifariş məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin İcra sənədinə əsasən borclu Cavabdeh3 10850 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Tələb Cavabdeh3 məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilmişdir. “X2” Cavabdeh2 MMC-nin 12 iyun 2023-cü il tarixli Açıq hərracın yekunları barədə 145/23 N°-li Protokolundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin yuxarıda qeyd edilən icra sənədinə əsasən və Şəmkir rayon icra və probasiya şəbəsinin sifarişi əsasında məhz Cavabdeh3 məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satılmışdır. Sonradan həmin obyektin dəyişdirilib-dəyişdirilməmısinin, hər haysı bir yanlışlığa yol verilməsinin Cavabdeh2 MMC-nə heç bir aidiyyəti yoxdur. İddiaçıya başqa əmlak göstərən, onun yanılmasına səbəb olan şəxs və ya şəxslərin qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması halı da istisna deyil. İşin gedişatı göstərir ki, borclu və tələbkarın məqsədi qabaqcadan düşünülmüş şəkildə Ədliyyə Nazirliyinin İcra Şöbəsindən və Hərrac Mərkəzindən pul almaqdır. Çünki əmlakın dəyərini ödəyən tələbkar İddiaçı MMC, əmlakın dəyərini alan isə borclu Cavabdeh3, eləcə də əmlakın ünvanını səhv göstərən borclu, əmlaka baxan isə tələbkar olub. Azərbaycan Pespublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Digər tərəfdən hazırkı iş üzrə satılan əmlakın dəyəri olaraq ödənilməli olan 31120 manat məbləğində (alış dəyərindən borc məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ yəni, 42000-10880=31120 manat) vəsaitin kimə ödənildiyi məsələsinə də məhkəmə qaydasında baxılmasını, hara ödənildiyini, həmçinin bizə ödənilməyən vəsaitin nəyə görə müştərək qayda da bizdən tutulması məsələsinə baxılmasını, eləcə də İcra Şöbəsinə və ya borcluya ödənilmiş olan 31120 manat vəsaitin məhz ondan, yəni vəsaitin ödənildiyi şəxsdən tutulması məsələsinə baxılmasını, həmçinin hazırkı iddia tələbi üzrə yerdə qalan ziyanın iş üzrə həqiqətən cavabdeh olan şəxslərdən tutulmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi:
8. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən göndərilmiş icra işinin materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-939/2021 saylı xx.xx.2021ci il tarixli Qətnaməsinə əsasən iş üzrə Cavabdeh3 10.850 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün borclu Cavabdeh3n qeydiyyatı üzrə Şəmkir rayon İcravə Probasiya Şöbəsinə göndərilmişdir.
9. 19 aprel 2023-cü il tarixində Cavabdeh1 İddiaçı MMC-yə təkliklə müraciət edərək, bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2 2(115) 939/2021 saylı 2209.2021-ci il tarixli icra sənədinə əsasən 10850 manat məbləğındə borc və 30 manat dövlət rusumu borclu Cavabdeh3 ‘İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bununla əlaqədar başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-465/2021 nömrəli 08.12 2021-ci il tarixli qərarı ilə borclu Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir. Tələbin əmlaka yönəldilməsi ilə əlaqədar sözügedən borclu Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası icra məmuru tərəfindən dəvət olunmuş qiymətləndirici tərəfindən 60000 (altmış min) manat dəyərində qiymətləndirilmişdir. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2-cı maddəsinə əsasən sözügedən əmlakın hərrac yolu ilə satışının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixində Cavabdeh2 MMC-yə müraciət edilmiş, lakin hərrac baş tutmamışdır. Ona görə də, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Göstərilənlərə əsasən borclu Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası borcun əvəzi olaraq təklif olunub.
10. 08 iyun 2023-cü il tarixli Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış məktubdan görünür ki, tələbkar xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının əldə olunması üçün edilən təklifi 42.000 manat müqabilində qəbul etdiyini bildirmişdir. Borclu Cavabdeh3 oğlunun mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasının Nazim-1001" MMC-nin adına rəsmiləşdirilməsi üçün hərrac protokolu tərtib edilməsi xahiş olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 145/23 saylı protokoldan görünür ki, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış binasının dəyəri 42.000 manat olmaqla hərrac keçirilmiş və hərracın qalıbi İddiaçı MMC olmuşdur.
12. 26.04.2023-cü il tarixli ödəniş tapşığına əsasən İddiaçı MMC tərəfindən 31150 manat məbləğində vəsait Şəmkir rayon İcravə Probasiya Şöbəsinin hesabına köçürülmüşdür.
13. 21 saylı Regional Xəzinədarlıq idarəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli çıxarışa əsasən 30388,40 manat məbləğ borclu Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 hesabına köçürülmüşdür.
14. Cavabdeh1 tərəfindən göndərilmiş icra işinin materiallarında olan Cavabdeh3 Allhverən oğlunun etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, hərraca çıxarılan əmlakın başqa əmlak olduğunu bildirmiş və göstərilmiş əmlakın isə sənədləşmə işi aparıldıqdan sonra İddiaçı MMC ilə razılıq əsasında alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il e-2-2(113)-2409/2024 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh3 və Cavabdeh1) qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddia təmin edilmiş, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekünları barədə Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında imzalanmış 145/23 saylı protokolun etibarsız hesab edilməsi, dövlət rüsumunun əvəzi olaraq 100 manatın Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1193/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
V. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
19. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
20. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:
21. 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;
22. 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;
23. 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
24. 347.3-ci maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
25. 347.4-cü maddəsinə əsasən Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.
26. 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.
27. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
31. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
34. 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır.
35. 79.1-ci maddəsinə əsasən İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilir.
36. 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürülür və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndərilir.
37. 81.1-1-ci maddəsinə əsasən elektron hərracın keçirilməsi ilə bağlı xərclər hərracın qalibi tərəfindən, əmlak bu Qanunun 62.20-ci maddəsinə uyğun olaraq tələbkar tərəfindən əldə edildikdə isə tələbkar tərəfindən ödənilir. Elektron hərracın baş tutmadığı digər hallarda onun keçirilməsi ilə bağlı xərclər elektron hərracda iştirak haqları hesabına kompensasiya edilir.
VI. Məhkəmənin mövqeyi:
38. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
40. İş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)- 939/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən iş üzrə Cavabdeh3 10.850 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün borclu Cavabdeh3n qeydiyyatı üzrə Şəmkir rayon İcravə Probasiya Şöbəsinə göndərilmişdir. Daha sonra borc könüllü ödənilmədiyi üçün, borclu Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilmişdir. Əmlak hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün İddiaçı MMC-yə təklif edilmişdir. Tələbkar təklifi qəbul etdiyi üçün hərracın yekünları barədə xx.xx.2023-cü il tarixli 145/23 saylı protokol imzalanmışdır. Və iddiaçı tərəfindən həmin əmlakın dəyəri olan 42.000 manatdan Cavabdeh3 10850 manat çıxılaraq 31150 manat məbləğində pul vəsaiti Şəmkir İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Bundan sonra həmin məbləğ borclu Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin hesabına köçürülmüşdür.
41. Daha sonra İddiaçı MMC həmin əmlaka dair mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədiyi dövrdə müəyyən etmişdir ki, hərrac protokolu imzalanmaqla əldə edilən əmlakla, onlara göstərilən əmlaklar bir birindən fərqli əmlakdır. Belə olan halda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekünları barədə №145/23 saylı Protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il e-2-2(113)-2409/2024 saylı qətnaməsinə əsasən əqdin predmeti barəsində vacib əhəmiyyətli yanılma halı baş verdiyinə görə iddia təmin edilmiş, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında imzalanmış 145/23 saylı protokol etibarsız hesab edilmişdir, lakin həmin qətnamə ilə MM-nin 337.5-ci maddəsi tətbiq edilməmişdir.
42. Beləliklə, məhkəmə hesab edir ki, hərrac protokolu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsiz hesab edildiyi üçün onun yaratdığı nəticələr də etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. İmzalanmış hərrac protokolu/müqaviləsi nəticəsində iddiaçı tərəfindən ödənilən pul nəticə etibarı ilə borcluya verilmişdir. Ona görə də iddia tələbi üzrə 31.120 manat (baxmayaraq ki, iddiaçı tərəfindən 31150 manat ödənilmişdir, lakin iddiaçı cəmi 31120 manat pulun tutulmasını xahiş edir) pulun qaytarılması müştərək qaydada göstərilən bütün cavabdehlərə münasibətdə deyil, yalnız Cavabdeh3 (baxmayaraq ki, 31150 manat puldan İcra Şöbəsi tərəfindən onun hesabına cəmi 30388,40 manat köçürülmüşdür, lakin Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 78, 81-ci maddələri nəzərə almaqla) münasibətdə təmin edilməlidir, həmin pul məbləği yalnız Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
43. İddia tələbinin digər hissəsini – “əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 7.25% olmaqla 22 (iyirmi iki) ay üçün 31120x7.25:100=2256.2x22ay=4136 (dörd min bir yüz otuzaltı) manat pul vəsaitinin cavabdehlərdən tutulması” məhkəmə əsasssız hesab edərək, rədd etmək qənayətinə gəlir.
44. Belə ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən (21, 443-cü maddələri) müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
45. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı “hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
46. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 196 manat dövlət rüsumu ödənilmişdir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
48. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 184 manat Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh3 31120 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 184 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova