Məhkəmə qərarları › İş №e-2-2(113)-3854/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3854/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3854/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8400 manat məbləğində əsas borcun, cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə illik beş faiz əsasında 28 aprel 2025-ci il tarixinədək hesablanmış 444,98 manat məbləğində faiz borcunun, 28 aprel 2025-ci il tarixindən başlayaraq cavabdeh tərəfindən 8400 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun, ödənilmiş 110 manat dövlət rüsumunun ümumilikdə cəminin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə iddia ərizəsi “28 aprel 2025-ci il tarixindən başlayaraq cavabdeh tərəfindən 8400 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun tutulması” hissəsində baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, hakim ərizəni baxılmamış saxlayır. 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Hazırkı iddia tələbinin “28 aprel 2025-ci il tarixindən başlayaraq cavabdeh tərəfindən 8400 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun tutulması” hissəsindən göründüyü kimi, göstərilən hissədə cavabdehdən nə qədər məbləğdə pulun tutulması konkretləşdirilməmişdir. Məhkəmə icraatının gedişində iddiaçıya iddia tələbinin göstərilən hissədə dəqiqləşdirilməsi təklif edilsə də, tələb dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi hissəvi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi “28 aprel 2025-ci il tarixindən başlayaraq cavabdeh tərəfindən 8400 manat məbləğində əsas borcun iddiaçıya ödənildiyi günədək Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuş gecikdirilmiş məbləğə gecikdirilmiş vaxt üçün illik beş faiz əsasında hesablanmış faiz borcunun tutulması” hissəsində baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin hissəvi baxılmamış saxlanılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar