Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3861/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 20/TV17 nömrəli müqavilə üzrə icra edilməmiş xidmət haqqı qismində cəm i42.480 manat məbləğində vəsaitin, xx.xx.2023-cü il tarixli XTR-VO-05/01/23 nömrəli müqavilə üzrə icra edilməmiş 45.000 manat xidmət haqqı, 4.500 manat cərimə məbləği olmaqla, cəmi 49.500 manat məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 375 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 2.596 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli Müqavilə bağlanmışdır. Bağlanmış Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin sifariş edəcəyi reklamı müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada yayımlamağı, sonuncu isə müqavilədə nəzərdə tutulan xidmət haqqını İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu Müqavilədən irəli gələrək iddiaçı cavabdehin sifarişi əsasında özünə məxsus Xəzər TV kanalında müxtəlif adlı proqramlarda cavabdehin “Predo uşaq bezləri” məhsullarının reklamını yayımlamışdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində XTR- VO-05/01/23 nömrəli digər Müqavilə bağlanmışdır. Bağlanmış Müqavilənin şərtlərinə əsasən Şirkət qismində İddiaçı MMC Sifarişçi qismində Cavabdeh MMC-nin sifarişi əsasında təqdim olunan reklam çarxlarını öz efirlərində yerləşdirməsi ilə bağlı xidmətlərin göstərilməsini, sifarişçi isə reklam xidmətlərinin göstərilməsi üçün müqaviləyə əlavə olunan X1 göstərilən miqdarda ödəniş edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələrək bağlanmış 18 yanvar 2023-cü il tarixli “X2”na əsasən iddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq “Komedixana” verilişində sponsor” adı altında Cavabdeh MMC-nin məhsullarının reklamını yayımlamışdır. Xidmət xx.xx.2023-cü il tarixinədək davam etməklə 30 (otuz) bölüm üzrə iddiaçı tərəfindən icra edilmişdir. Göstərilən xidmətə əsasən iddiaçı tərəfindən 19 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixində xidmətin adı, tarixi, dəyəri və s. xüsusiyyətləri tam göstərilməklə EBDH-272230 saylı elektron qaiməfaktura hazırlanaraq qarşı tərəfə təqdim edilmişdir. Təqdim edilmiş elektron qaiməfakturada 45.000 manat əsas, 8.100 manat ƏDV məbləği olmaqla, cəmi 53.100 manat xidmət haqqı göstərilmişdir. Elektron qaimə-faktura cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində 8.100 manat ƏDV məbləğini avans olaraq ödəmişdir. Hazırda həmin xidmət üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş 45.000 manat xidmət haqqı ödənişi mövcuddur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında mövcud xx.xx.2023-cü il tarixli XTR-VO-05/01/23 nömrəli Müqavilənin 7.3-cü bəndin 2-ci yarımbəndinə əsasən Sifarişçi tam ödənişi gecikdirdiyi hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.1%-i qədər, bir şərtlə ki, maksimal tətbiq ediləcək cərimə ümumi Müqavilə məbləğinin 10%-dən çox olmayaraq cərimə ödəyir. Qeyd olunan tələbdən irəli gələrək cavabdeh ica edilməmiş xidmət haqqından əlavə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə ödəməlidir. Hər iki müqavilə üzrə icra edilməmiş xidməti haqqı ödənişlərinin, eləcə də aparılmış ƏDV məbləği ödənişlərinin dəqiqləşdirilməsi məqsədi ilə 06 iyun 2023-cü il tarixində tərəflər arasında rəsmi qaydada “Üzləşmə aktı” tərtib olunaraq təsdiq edilmişdir. Həmin akta əsasən cavabdeh xx.xx.2020-ci il tarixli 20/TV17 nömrəli Müqavilə üzrə cəmi 42.480 manat, xx.xx.2023-cü il tarixli XTR-VO05/01/23 nömrəli Müqavilə üzrə isə 45.000 manat olmaqla, ümumilikdə 87.480 manat icra edilməmiş xidmət haqqı borcunun olmasını etiraf etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında səhhətiylə əlaqədar iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli və xx.xx.2023-cü il tarixində XTR-VO-05/01/23 nömrəli reklam xidmətlərinin göstərilməsi dair müqavilələr bağlanmışdır.
11. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
12. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə reklam xidmətlərinin göstərilib-göstərilməsidir.
15. Məhkəmə iclasında iddiaçı tərəfə xx.xx.2020-ci il tarixli müqavilənin işə əlavə edilmədiyi bildirilmiş, iddiaçı tərəf də, rəhbərliyin dəyişməsi ilə bağlı qeyd edilən müqaviləni tapa bilmədiklərini, ancaq üzləşmə aktında qeyd edilmiş müqaviləyə istinad olunduğunu bildirdi.
16. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ƏDV xaric 42.480 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ƏDV xaric 45.000 manat borcunun qaldığını etiraf etmişdir.
17. Məhkəmə qeyd edir ki, qeyd olunan hal onu təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq reklam xidmətləri göstərilmiş və cavabdeh tərəf də, üzləşmə aktını təsdiq etməklə qeyd edilmiş müqavilələr üzrə borcunun qaldığını qəbul etmişdir.
18. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 42.480 manat məbləğində pul, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 45.000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
19. Məhkəmə həmçinin hesab edir ki, müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
21. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 45.000 manat əsas borcuna münasibətdə 2.250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
22. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 359,19 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Bundan başqa Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması daha ağlabatandır.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 42.480 (qırx iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 45.000 (qırx beş min) manat, cərimə borcu üzrə 2.250 (iki min iki yüz əlli) manat olmaqla, cəmi 47.250 (qırx yeddi min iki yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 359 (üç yüz əlli doqquz) manat, 19 (on doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov