Məhkəmə qərarları › İş №e-2-2(113)-3871/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3871/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3871/2024 30.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının cavabdeh X5 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşınma xidməti müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə, İddiaçı "xxxx" Firmasının cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 13,650 manat və ödənilmiş 131 manat dövlət rüsumu pul vəsaiti alınaraq iddiaçı "xxxx" Firmasına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, D0106/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, iddiaçı qum və çınqıl daşınması xidmətlərinin göstərilməsini sifariş verib və cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə əsasən, materiallar (qumçınqıl) Salyan rayonu, Bəhramtəpə kəndində yüklənilirək Neftçala rayonu, Bankə qəsəbəsinə daşınır və bir reysin qiyməti 350 manat təşkil edir. İddiaçı "xxxx" Firması ilə cavabdeh X6 arasında bağlanmış “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0106/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən, 308453 nömrəli, 20 iyul 2023-cü il tarixli qaimə ilə iddiaçı tərəfindən 13,650 manat pul vəsaiti qabaqcadan cavabdehin bank hesabına ödənilmişdir. Lakin pul vəsaiti cavabdehin bank hesabına köçürülsə də, cavabdeh bu günədək heç bir daşınma xidmətini iddiaçıya göstərməmişdir. Bununla da, cavabdeh X4 iddiaçı "xxxx" Firması qarşısında 13,650 manat pul vəsaiti miqdarında borcu yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli Pretenziya məktubu göndərilərək, 13,650 manat məbləğində borc pul vəsaitinin 7 gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan borc pul vəsaitini geri qaytarmamışdır.

3. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək, ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, cavabdehin bir qohumu var idi, Əlləzov. İddiaçı tərəfin işlərini görən şəxs idi. Necə və hansı qaydada işləyiblər cavabdeh bilmir. Bu şəxs cavabdehdən xahiş edib ki, VÖEN aç və Asan imza ver. Bütün işləri Əlləzov görüb. İddiaçı tərəf cavabdehin hesabına pul göndərirdi və sonra Əlləzov həmin pulları hesabdan çıxarıb iddiaçı tərəfə geri təhvil verirdi. Pulun bankdan çıxarılması ilə bağlı cavabdehə deyiblər ki, EXPRESS bankın Xətai filialında hesab açsın. Bəzi hallarda Səbaildə, bəzən isə Xətaidən çıxarılırdı pullar. Daha sonra isə Əlləzova təhvil verirdilər. Cavabdeh ümumiyyətlə tanımır iddiaçı tərəfi. Heç bir müqavilə bağlamayıblar. Təqdim olunan müqavilədə heç imza yoxdur. Bu işin səbəbi odur ki, Əlləzov dünyasını dəyişib. Müqavilə formaldır, indi tələb olunan pul cavabdehin hesabına köçürülüb, bu mübahisə olunmayan haldır. Və həmin pul müqabilində cavabdeh tərəfindən iddiaçıya hər-hansı xidmət göstərilməyib. Lakin, həmin pul iddiaçıya təhvil verilib. Cavabdehin bu mövzudan məlumatı yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. II. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" Firması ilə cavabdeh X6 arasında “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0106/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqavilə tərtib edilmişdir. Qeyd olunan müqaviləyə əsasən, iddiaçı qum və çınqıl daşınması xidmətlərinin göstərilməsini sifariş verib və cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

8. Müqavilənin 7-ci bəndinə əsasən, materiallar (qum-çınqıl) Salyan rayonu, Bəhramtəpə kəndində yüklənilirək Neftçala rayonu, Bankə qəsəbəsinə daşınır və bir reysin qiyməti 350 manat təşkil edir.

9. Müqaviləyə 1 saylı əlavə olan razılaşmaya əsasən göstərilmiş xidmətin dəyəri xx.xx.2023-cü il tarixə 13650 manat müəyyən edilmişdir.

10. Müqavilə və əlavə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır.

11. 20.07.2023-cü il tarixli, EBDK308453 saylı e-qaimə əsasən X6 tərəfindən "xxxx" Firmasına 13650 manat dəyərində qum-çınqıl daşınması xidmətinə görə e-qaimə göndərilmişdir.

12. 20.07.2023-cü il tarixli 619740 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Firması tərəfindən X4 hesabına 13650 manat məlbəğində müqavilə üzrə ödəniş edilmişdir.

13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

21. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

22. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə imzalanmasa da, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilən e-qaimə (qum-çınaıl daşınması, Bəharamtəpə-Neftçala) və iddiaçının da qaimə üzrə ödəniş tapşırığından (xidmət müqaviləsi üzrə) görünür ki, tərəflər arasında daşıma xidmətlərinin göstərilməsinə dair münasibətlər yaranmışdır. Cavabdeh iddiaçı şirkətə e-qaimə göndərərək, həmin xidmətin dəyərini 13650 manat göstərmişdir. İddiaçı isə öz növbəsində, e-qaimənin göndərildiyi tarixdə cavabdehin hesabına 13650 manat ödəniş etmişdir.

24. İş materiallarından, iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarından müəyyən edildi ki, qeyd edilən məbləğin cavabdehin hesabına köçürülməsi və cavabdeh tərəfindən iddiaçıya həmin pul müqabilində hər-hansı xidmətin göstərilməməsi iş üzrə mübahisə edilməyən haldır.

25. Cavabdehin nümayəndəsinin iddiaya dair bildirdiyi - həmin pul məbləğinin bankdan çıxarılaraq iddiaçı şirkətə geri qaytarılması barədə etirazı hər-hansı sübutla öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən əsassız hesab edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin:

27. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının ödənilən pulun geri qaytarılmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 13650 manat tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. X1 13650 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 131 manat tutularaq iddiaçı "xxxx" Firmasına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar