Məhkəmə qərarları › İş №e-2-2(113)-3880/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3880/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3880/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə Cavabdeh İB tərəfindən ona hesablanmış (abonent kodu: **********10200) 24050 manat (109320 m3) məbləğində borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh İB arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki istixananın qazla təmin edilməsi üçün təbii qazın alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Elster tipli G-25 markalı, 75158344 nömrəli qaz sayğacı (abonent kodu: **********10200) quraşdırılmışdır. 2022-ci ilin mart ayınadək iddiaçı həmin qaz sayğacının göstəricilərinə uyğun olaraq hesablanmış borc məbləğini hər ay mütəmadi olaraq ödəmişdir. 2022-ci ilin mart ayında Cavabdeh İBnin əməkdaşları qaz sayğacına baxış keçirərkən, sayğacda nasazlığın olduğunu və bu səbəbdən də dövlət yoxlamasından keçirilməsi üçün həmin sayğacın çıxarılmalı olduğunu bildirmişlər. Bundan sonra qaz sayğacı çıxarılmış, yerinə yeni sayğac quraşdırılmış və qazın verilməsi dayandırılmamışdır. Cavabdeh İB tərəfindən sayğacda aparılan yoxlamalar əsasında tərtib olunmuş 29 aprel 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən iddiaçıya 24050 manat (109320 m3) borc hesablanmışdır. Daha sonra həmin borc məbləği iddiaçının abonent saldosuna daxil edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. Halbuki, cavabdehin təqdim etdiyi 27 may 2022-ci il tairxli abonent saldosundan görünür ki əvvəlki aylarda və illərdə iddiaçının qaz sərfiyyatı bu həcmdə olmamışdır. Akt üzrə hesablanmış borc iddiaçıya əvvəlki aylar üzrə hesablanmış borc məbləğindən dəfələrlə çoxdur. İşin hallarından göründüyü kimi İddiaçı fiziki şəxs olduğu üçün qaz sayğacını işlək vəziyyətdə saxlamağa görə cavabdehlik daşımır. Həmçinin sayğac iddiaçının fəaliyyət göstərdiyim ərazidən 1 km uzaqlıqda qaz paylayıcısına məxsus qapalı ərazidə yerləşdiyindən sayğacın qorunması və ya ona müdaxilə edilməsi iddiaçının iradəsi xaricindədir. Həmin əraziyə vətəndaşların giriş-çıxışna icazə verilmir. Eyni zamanda, hər ay iddiaçı ona təqdim olunan bildirişlər üzrə borcumu zamanında tam ödəmişdir. Belə olan halda qaz paylayıcısı tərəfindən iddiaçıya əlavə borcun hesablanması və tələb edilməsi qanunsuzdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İşin hallarından göründüyü kimi iddiaçı fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddia ərizəsinə əlavə olunmuş 03 iyun 2022-ci il tarixli yoxlama.gov.az saytından çıxarışdan görünür ki, yoxlama qanunvericiliyin tələbinə uyğun qaydada dövlət qeydiyyatına alınmadan aparılmışdır. Bu cür yoxlama heç bir hüquqi nəticə doğura bilməz. İddiaçı həmin borcun silinməsi ilə bağlı Cavabdeh İB-nin rəhbərliyinə dəfələrlə rəsmi qaydada müraciət etmiş, lakin onun müraciətlərinə cavab verilməmişdir. Buna görə də iddiaçıya qanunsuz hesablanmış həmin borc məbləği məhkəmə qaydasında silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh qurumun əməkdaşları tərəfindən yoxlama keçirilərkən, qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə ki, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Odur ki, həmin akt əsasında hesablanmış borc silinməlidir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh İB tərəfindən sayğacda aparılan yoxlamalar əsasında müəyyən olunmuşdur ki, elektron korrektorda problemlər var və bununla bağlı tərtib olunmuş 29 aprel 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən iddiaçıya 24050 manat (109320 m3) borc hesablanmışdır. Həmin məbləğ sərf olunmuş qazın həcminə əsasən hesablanmışdır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, SS 29/1640-00703 saylı akta əsasən xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış G25 markalı 75158344 nömrəli rotor tipli “Elister” qaz sayğacı 05 aprel 2022-ci il tarixdə Metologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində minimal sərfiyyatda sayğacın hesabat aparmaması, batareya və impuls ötürücüsünun tələb olunduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən İddiaçı məxsus istixanada olan G-25 makalı 75158344 saylı sayğacda impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 72903 m3 az olması və itirilmiş qaz həcminin 109320 kub metr hesablanması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ******* saylı akt ilə SS 29/1640-00703 saylı rəyə sasən sayğacın elektron göstəriciləri ilə mexaniki göstəriciləri arasında 72903 m3 fərq var. abonent saldosundan göründüyü kimi İddiaçı cəmi qaz sərfiyyatı borcu 24150,08 manat qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli 186 nömrəli hesab-fakturaya əsasən İddiaçı (VÖEN **********) 22251,88 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Cavabdeh İB tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq əlavə borc hesablanmamışdır. Hesablanmış borc mexaniki göstəriciyə əsasən istifadə olunmuş, lakin elektron göstəricinin qeydə almadığı məbləğdir. Borc məbləğinin hesablanmasını əks etdirək tələbnamə də “Dəymiş ziyanın hesablanması haqqında tələbnamə” deyil, “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə”dir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfindən məhkəməyə hesablanmış borcun mexaniki göstəriciyə əsasən istifadə olunmuş məbləğ olmadığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddianın əsaslarından birini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, yəni, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmaması təşkil edir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınin müdafiəsi haqqinda" Qanunun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iddiaçıya məxsus istixanada yoxlama aparılmış və xx.xx.2022-ci il tarixli ******* saylı akt ilə 29/1640-00703 saylı rəyə sasən sayğacın elektron göstəriciləri V mexaniki göstəricidən 72903 m3 azdır və dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuşdur. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən yalnız sayğaca müdaxilə və qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan qanunsuz qoşulma hallarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdə tutur. Lakin işin hallarından görünür ki, bu halların heç biri mövcud deyildir və hesablanmış borc mexaniki göstəriciyə əsasən istifadə olunmuş, lakin elektron göstəricinin qeydə almadığı məbləğdir. Buna görə də cavabdehin hərəkətləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsirinə düşmür. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar