Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3904/2025 31.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanının hüquqi mühafizəsi, malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 mart 2025-ci il tarixli 3-33- 1100/035Q nömrəli “malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə 150 kq şalvar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 mart 2025-ci il tarixli 3-33-1100/035Q nömrəli “malların buraxılışının dayandırılması haqqında” qərara və “tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” verdiyi 18 mart 2025-ci il tarixli 035Q nömrəli bildirişə əsasən, cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 150 kq şalvar, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 iş günü müddətinə 18 mart 2025-ci il tarixindən 10 aprel 2025-ci il tarixinədək dayandırılmışdır. 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı qərarının tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi iddiaçının etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) cavabdehə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin qərarının təsdiqlənmiş surəti iddiaçının Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 19 mart 2025-ci ildə təqdim olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “PUMA” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 27 mart 2025-ci il tarixli müvafiq akt tərtib edimişdir. 2.3. İddiaçının Azərbaycandakı səlahiyyətli nümayəndəsi X3 cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “PUMA” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün iddiaçının baş ofisinə müraciət etmiş və iddiaçının ekspertləri buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatları yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 18 mart 2025-ci il tarixli 3-33-1100/035Q nömrəli “malların buraxılışının dayandırılması haqqında” qərarın və həmin qərara müvafiq olaraq “tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 18 mart 2025-ci il tarixli 035Q nömrəli bildirişin iddiaçıya, həmçinin bəyannaməçi və cavabdehə vaxtında rəsmən təqdim olunmasına və qərarın “Qeyd” hissəsində cavabdehin qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, bəyannaməçi və ya cavabdeh özlərinin hüquqlarından istifadə etməmiş və inzibati akt olan qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində həm bəyannaməçinin və həm də cavabdehin Bakı Baş Gömrük İdarəsinin qərarları ilə razı olduqlarını və idxal etdikləri “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu və bununla da iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. 2.4. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 mart 2025-ci il tarixli 3-33-1100/035Q saylı “malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən buraxılışı 10 aprel 2025ci il tarixinədək dayandırılmış cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə 150 kq şalvar, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 281/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 mart 2025-ci il tarixli 3-33-1100/035Q nömrəli “malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən buraxılışı 10 aprel 2025-ci il tarixinədək dayandırılmış cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə 150 kq şalvar, **********) üzərinə 09 may 2025-ci il tarixədək həbs qoyulmuşdur. Cavabdeh isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında qərardadını mübahisələndirməyib və həmin qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt da öz növbəsində cavabdehin həm Bakı Baş Gömrük İdarəsinin müvafiq qərarı və Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə razı olduğunu və idxal etdiyi “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu, bununla da iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. 2.5. İddiaçıya məxsus “PUMA” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair iddiaçının müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya məxsus “PUMA” və digər əmtəə nişanları tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük reyestrinə xx.xx.2020-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, əqli mülkiyyət hüquqları obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır və həm də “PUMA” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “PUMA” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə daxili istehlak bazarında haqsız rəqabət mühitinin yaradılmasına, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə səbəb olur. 2.6. Eyni zamanda istehlakçıları aldatmaqla, üzərində “PUMA” markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanun pozutularına yol vermiş şəxslər əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin/tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. İddiaçının üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. Həmin hallara əsasən, “PUMA” əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla cavabdeh iddiaçının əqli mülkiyyət hüquqlarını pozur, iddiaçı, həmçinin iddiaçının Azərbaycandakı rəsmi distribütorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “PUMA” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə onları nüfuzdan salır. Məhkəmə tərəfindən iddiaçının iddiası təmin edilsə, yəni cavabdehin idxal etdiyi “PUMA” əmtəə nişanlı kontrafakt malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilsə, həmin kontrafakt malların tədavülə buraxılmasının, ticarət şəbəkələrinə daxil edilməsinin, digər şəxslərə satılmasının və müxtəlif üsullarla yayılmasının qarşısı alınacaq və nəticə etibarilə bununla iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarının məhdudlaşdırılması və pozulmasının qarşısı alınacaqdır və həmin hüquqları təmin ediləcəkdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 283, 285, 286-cı və s. maddələri, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 25, 26, 32-ci və s. maddələri, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 6, 7-ci və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli qərarı ilə “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”na istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.
11. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrinin baxmaqda səlahiyyətli olub-olmaması məsələsinin şərh edilməsini zəruri hesab edir.
12. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
13. Həmin Məcəllənin 440.1-ci maddəsinə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
14. Qeyd olunan normalardan görünüdüyü kimi xarici şəxslərin pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır və Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malik məhkəmə kimi belə işlərə baxmağa səlahiyyətlidir.
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı ərizəyə baxmağa Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda işlərə baxmağa haqlıdır.
16. İşin müəyyən edilən halına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazisində səlahiyyətli nümayəndələri Nəriman Ramazanov və Vəkildir.
17. Məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 443.0.2-ci maddəsində qeyd olunan xarici şəxslərin nümayəndəliyi kimi ancaq Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqi şəxsin nümayəndəliyi başa düşülməməli, hazırkı halda hüquqi şəxsin Azərbaycan Respublikasında vətəndaşına verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndələri də bu maddədə nəzərdə tutulan mənada nümayəndə kimi qəbul edilməlidir.
18. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxmağa səlahiyyətlidir.
19. İkinci həll edilməli məsələ mübahisəyə tətbiq edilən hüquqla bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisə iddiaçı tərəfindən beynəlxalq qeydiyyata alınmış əmtəə nişanına olan müstəsna hüququnun Azərbaycan Respublikasının ərazisində qorunması ilə bağlıdır. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə, eləcə də Azərbaycan Respublikasının beynəlxalq xüsusi hüquq qanunvericiliyində müvafiq münasibətə tətbiq edilməli olan hüququ müəyyən edən kollizion norma əks edilməsə də, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrində beynəlxalq qeydiyyata alınmış əmtəə nişanları üçün Azərbaycan Respublikasında milli rejim, yəni həmin nişanların Azərbaycan Respublikasında qeydiyyata alınmış nişanlarla eyni qaydada, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mühafizə edilməsi müəyyən edilmişdir.
20. Belə ki, Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının iştirakçısı olduğu “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü maddəsinə əsasən (1) (a) Qeydiyyat tarixindən və ya 3 və 3ter maddələrinin müddəalarına müvafiq qeydlərin daxil edildiyi tarixdən, Razılığa gələn hər maraqlı Tərəfdə nişanın mühafizəsi, həmin nişanın Razılığa gələn bu Tərəfin bilavasitə İdarəsində saxlanıldığı kimi olacaqdır. Əgər Beynəlxalq büroya 5 (1) və (2) maddələrinə müvafiq hər hansı imtina ilə bağlı bildiriş verilməyibsə və ya əgər bu maddəyə uyğun imtina barədə bildiriş verilib və sonradan geri götürülübsə, onda göstərilən tarixdən Razılığa gələn maraqlı Tərəfdə nişanın mühafizəsi Razılığa gələn bu Tərəfin İdarəsində həmin nişanın qeydiyyatı ilə yaranan mühafizə ilə eyni olacaqdır.
21. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.
22. Bundan əlavə o da qeyd edilməlidir ki, beynəlxalq praktikada əmtəə nişanlarının transmilli (xarici elementli) müdafiəsi ilə bağlı mübahisələrə “müdafiə istənilən ölkənin hüququ” tətbiq edilir.
23. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı ona məxsus əmtəə nişanının Azərbaycan Respublikası ərazisində qorunmasını tələb etdiyindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü maddələrinin tələblərinə əsasən mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməlidir.
24. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişlərinə əsasən, 437626 saylı “PUMA” beynəlxalq əmtəə nişanı və ******* saylı təsviri İddiaçı adına qeydiyyata alınmış və müvafiq olaraq xx.xx.2028-ci il və xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Eyni zamanda 480708, 480105,. 1459903,1006569 nömrəli beynəlxalq əmtəə nişanları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq əmtəə nişanlarının reyestrində İddiaçı adına qeydiyyata alınmış, 480708 nömrəli və 480105 nişanlar xx.xx.2033, ******* nömrəli nişan xx.xx.2028, ******* nömrəli nişan xx.xx.2029-cu il tarixədək Azərbaycan Respublikasının ərazisində mühafizə olunacaqdır. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının məcburi dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Puma” əmtəə nişanlı malların – 150 kq şalvarın kontrafakt olması əlamətləri aşkar olunmuş, malların buraxılışı 10 iş günü müddətinə dayandırılmışdır.
25. İddiaçı adıçəkilən malların ticarət dövriyyəsinə daxil edilmədən məhv edilməsii tələb edir.
26. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
27. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
29. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
30. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
33. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa).
34. Həmin Qanunun 26-cı maddəsinə görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
35. Həmin Qanunun 34-cü maddəsinə görə mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
36. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır.
37. Həmin Qanununun 7-ci maddəsinə əsasən, məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
38. Qeyd edilməlidir ki, pozulmuş əmtəə nişanı hüququnun müdafiəsində xüsusi xarakterli müdafiə üsulları tətbiq edilə bilər. Bu üsullar qanunda göstərilmişdir. Xüsusi üsullara aiddir: əmtəə nişanı vurulmuş malların müsadirə olunması; qanunsuz istifadə edilən əmtəə nişanını maldan və ya onun qabından qopartmaq; icazəsiz özgəsinin əmtəə nişanı vurulmuş malların məhv edilməsi. Göstərilən hərəkətlər (müsadirə və s.) məhkəmə məcburetməsi vasitəsilə həyata keçirilir. Bunlardan ötrü məhkəmə qərarının olması tələb edilir. Bu üsullar öz xarakterinə görə hüququ pozan hərəkətlərin dayandırılması (qarşısının alınması) kimi müdafiə üsuluna yaxın olub, onunla bağlıdır. Belə ki, məhkəmə hüququ pozan hərəkətin (qanunsuz istifadənin) dayandırılması barədə iddiaya baxarkən, qanunsuz istifadəyə son qoyulması ilə yanaşı göstərilən hərəkətlərin edilməsi (malların müsadirə edilməsi, onların məhv olunması və s.) barədə qərar qəbul edə bilər.
39. Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, iddiaçının nişan sahibi olaraq İddiaçı əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Cavabdeh əmtəə nişanının sahibi – iddiaçının razılığı olmadan 150 kq İddiaçı əmtəə nişanlı şalvarı Azərbaycan Respublikasına idxal etməklə İddiaçı əmtəə nişanından qanunsuz istifadə etmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması hesab edilir.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilmiş, hüquq pozuntusunun obyekti olan 150 kq İddiaçı əmtəə nişanlı məhsulların müsadirə edilərək məhv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, mübahisəli malların müsadirə edilərək məhv edilməsinin qanuni əsasını təşkil edən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində yalnız kontrafakt malların deyil, əmtəə nişanlarına dair hüquq pozuntusunun obyekti olan istənilən malların məhkəmə qərarına əsasən ticarət dövriyyəsindən çıxarılması və/və ya sonradan məhv edilməsi imkanı nəzərdə tutulmuşdur.
41. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 mart 2025-ci il tarixli 3-33-1100/035Q saylı “malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, kontrafakt olması əlamətləri aşkar olunmuş 150 kq “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə 150 kq şalvar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.4-cü maddəsinə əsasən, müəlliflik mübahisələri üzrə müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır.
44. Belə olan halda əmtəə nişanı hüququndan qaynaqlanan iddia irəli sürən iddiaçı dövlət rüsumu ödəməkdən azaddır.
45. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
46. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
47. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 18 mart 2025-ci il tarixli 3-33-1100/035Q saylı “malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli TX250901 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 54AA229/90AG187 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən **********7114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, kontrafakt olması əlamətləri aşkar olunmuş 150 kq “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə 150 kq şalvar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova