Məhkəmə qərarları › İş №e-2-2(113)-392/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-392/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-392/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 13117,86 manat məbləğində pul vəsaitinin, 2973,21 manat ƏDV məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1202 (on yeddi min iki yüz əlli doqquz manat iyirmi beş qəpik) manat, ümumilikdə 17293 (on yeddi min iki yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 142 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən özünə məxsus texnika vasitəsi ilə torpaq işləri yerinə yetirmişdir. Müqaviləyə 28 dekabr 2021-ci il tarixdə bağlanmış 1 saylı Əlavəyə əsasən xidmət haqqı aylıq ƏDV daxil 12980 manat, 01 iyul 2022-ci il tarixdə bağlanmış 2 saylı Əlavəyə əsasən aylıq ƏDV daxil 14750 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə 04 fevral 2022-ci il tarixdə, 02 mart 2022-ci il tarixdə, 05 aprel 2022-ci il tarixdə, 02 avqust 2022-ci il tarixdə və 15 sentyabr 2022-ci il tarixdə 5 ədəd elektron qaimə fakturalar göndərilmişdir. Həmin elektron qaimələr üzrə əsas məbləğ 41976,10 manat, ƏDV məbləği isə 7555,69 manat təşkil etmişdir. İddiaçının bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 27858,24 manat ödəniş edilmişdir. KapitalBankdakı hesaba isə 1000 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 13117,86 manat əsas borcu qalmışdır. Eyni zamanda ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh iddiaçıya cəmi 4582,48 manat ƏDV məbləği ödəmiş və hal-hazırda 2973,21 manat ƏDV borcu qalmışdır. Göründüyü kimi, sonuncu ödəniş tarixindən, yəni 04 noyabr 2022-ci il tarixindən 1 il 10 ay keçməsinə və cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilməsinə baxmayaraq, yaranmış borc bu günə qədər ödənilməmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirik ki, cavabdehdən 13117,86 manat əsas məbləğ və 2973,21 manat ƏDV tutularaq, iddiaçıya ödənilməlidir. Digər tərəfdən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və 1 il 10 ay müddətində pul məbləğinin ödənilməsini gecikdirmişdir. Belə olan halda cavabdehdən 13117,86 manat məbləğində pul vəsaitini 1 il 10 ay müddətində qaytarmamasına görə illik 5% olmaqla, 1202 manat pul tutulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2, 445.7-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Globa” Transaction” MMC ilə bağlanılmış xx.xx.2021-ci il tarixli SHB/İ-37 nömrəli müqavilə bir il müddətinə bağlanılmışdır. Müqavilənin 1.2-ci bəndindən göründüyü kimi, göstərilən xidmətlərin aylıq dəyəri tərtib olunmuş aktlar əsasında təsbit olunur. Belə ki, müqaviləyə əlavənin 2-ci bəndində göstərilmişdir ki, həmin aktlar icraçı tərəfindən göstərilmiş xidmət günlərinə uyğun olmalıdır. Müqavilə dövrü ərzində göstərilmiş xidmətlərə qoyulmuş 34681,74 manat (cavabdeh tərəfindən qəbul edilməyən 15750 manat xaric olmaqla) elektron qaimələrə görə 336620,21 manat pul vəsaiti iddiaçının hesabına ödənilmiş, 1000 manat nağd olaraq şəxsi kartına ödənilmişdir. 2022-ci ilin iyul ayının 22-də Zəngilan rayonun ərazisində dəmir yolunun tikintisi işlərinə start verilmişdir. Müvafiq olaraq ay sonunda işçilərin istirahət vaxtı olduğu üçün evlərinə getmişdilər. Bu zaman iddiaçıya aid olan mexanizmin operatoru xəstəliyi ilə əlaqədar olaraq işləyə bilməyəcəyini bildirərək, Bərdə rayonuna geri qayıtmışdır. Avqust ayının əvvəlində tikinti ərazisində olduqda sifarişçi tərəfindən cavabdehə dövlət orqanları tərəfindən layihə smeta sənədləri yenidən hazırlandığı üçün işlərin müəyyən bir müddətə dayandırıldığı bildirilmişdir. Bu zaman ərazidə xidmət göstərən bütün hüquqi və fiziki şəxslərə, o cümlədən İddiaçı MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Ona görə də mexanizmə operatorun göndərilməsi tələb olunan xüsusi icazə alınması məqsədilə yeni operatorun şəxsiyyət vəsiqəsini göndərməmək barədə məlumat verilmişdir. Daha sonra bu tikinti sahəsindəki işlər 2023-cü ilin əvvəllərinə qədər tam dayandırılmışdır. İddiaçının tələb etdiyi həmin pul vəsaiti 26/27 iş günləri üçün nəzərdə tutulmuşdur. Lakin həmin mexanizm avqust ayı ərzində 26 dəqiqə belə işləməmişdir. Bunu mexanizmin operatorunun (sürücüsünün və açarlarının) olmaması təsdiq edir. Bunların nəticəsində müqavilənin 3-cü maddəsinin 3.9 və 3.10-cu bəndlərini və 6-cı maddəsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış məlumatda (ərizədə) bildirilmişdir ki, iddia ərizəsinə etirazda 2022-ci ilin iyul ayının 22-də işlərin dayandığı bildirilsə də, təqdim edilmiş email yazışmasından görünür ki, cavabdehin direktoru Qanuni nümayəndə öz emailindən müqaviləyə 2 saylı əlavəni 29 iyul 2022-ci ildə iddiaçının emailinə ünvanlamışdır. Qanuni nümayəndə hətta çəkinmədən həmin müqaviləyə əlavənin iddiaçı tərəfindən saxtalaşdırıldığını bildirmişdir. İşlərin dayandırıldığı barədə iddiaçıya məlumat verildiyi bildirilsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında elektron qaimələrin hamısının cavabdehin özü tərəfindən təsdiq edildiyi və yalnız sonuncu elektron qaimənin cavabdehin mühasibinin səhhəti ilə bağlı (gözündə əməliyyat keçirməsi) sistem tərəfindən təsdiq edildiyi bildirilmişdir. Halbuki, təqdim edilən çıxarışdan görünür ki, yalnız ilk qaimə cavabdeh tərəfindən təsdiq edilib, digər qaimələrin hamısı (bunların arasında ödənilmiş qimələr də mövcuddur) sistem tərəfindən təsdiq edilmişdir. Müqavilənin 4.2-ci bəndinə görə icraçı tərəfindən yerinə yetirilmiş xidmətlərin haqqı hər xidmət ayı üzrə tərəflər arasında tərtib olunan akta uyğun olaraq növbəti ay ərzində icraçı tərəfindən təqdim olunacaq hesab faktura sənədi əsasında ödəniləcəkdir. Xidmətlərin haqqı faktiki olaraq göstərildiyi ay üçün hesablanacaqdır. Cavabdehin direktoru Qanuni nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəf hər ay üçün ona aktlar tərtib edərək göndərmişdir, lakin o həmin aktları imzalamamış və iddiaçıya geri qaytarmamışdır. Buna baxmayaraq iş materiallarından görünür ki, 5 ədəd elektro qaimə fakturada əks edilən məbləğlərdən 3 ədədi tam, 1 ədədi isə qismən ödənilmişdir. Bu hal müqavilə şərtlərində aktın mövcudluğunun göstərilməsinə baxmayaraq, tərəflər arasında işgüzar adət olaraq akt imzalanmamış ödənişlərin edildiyinə birbaşa dəlalət edir. Cavabdeh tərəfindən bir podratçı olaraq bu günə qədər hər hansı bir irad bildirilməmiş və yerinə yetirilmiş işlər faktiki olaraq qəbul edilmişdir. Bütün bu halları nəzərə alaraq, iddianın təmin edilməsi xahiş edilmişdir.

6. Cavabdeh tərəfindən təqdim olunmuş mülahizədə qeyd olunmuşdur ki, məhkəmə hazırlıq iclası zamanı bizim haqlı tələbimizə uyğun olaraq iddaçı avqust ayı zamanı xidmət göstərdiyi komatsu markalı greyderin operatorunu bir sonrakı məhkəmə iclasına şahid qismində dəvət etməli, məhkəmə iclasında şahid qismində iştirak edən həmin operatorun "xxxx" QSC-i tərəfindən müraciəti əsasında Daxili İşlər Nazirliyi tərəfindən xüsusi buraxılış icazəsini və həmin texnikanın GPS vasitəsilə işləmə yeri və saatlarını təqdim etməli idi. Lakin iddiaçı tərəf nə operatoru şahid qismində etmiş, nə də GPS məlumatlarını təqdim etmişdir. İddiaçı tərəfin təqdim etdiyi Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xüsusi içazə sənədində göstərilən operator bizim tikinti sahəsində olmamışdır. Bütün bu göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil Aftandil oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbini axırıncı qaimə üzrə qəbul etmədiklərini bildirdi və həmin hissədə rədd edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SHB/İ-37 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı müqavilənin imzalandığı tarixdən etibarən xx.xx.2022-ci il tarixinədək sifarişçinin müəyyən etdiyi ərazilərdə özünə məxsus texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsi və sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. Sifarişçi isə öz növbəsində xidmətləri akt əsasında qəbul etməyi və müqavilənin 4cü maddəsinə uyğun olaraq xidmətlərin haqqını icraçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən xidmətlər sifarişçinin müəyyən etdiyi ərazidə göstərilir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən xidmətlər hər ay üzrə növbəti ayın əvvəlində tərəflər arasında imzalanan akt əsasında sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən təhvil alınacaqdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı müqavilə üzrə xidmətlərin göstərilməsi üçün lazım olan texnikanın, sürücülərin təmin edilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.7-ci maddəsinə əsasən sifarişçi xidmətlərin haqqını müqavilənin 4-cü maddəsində nəzərdə tutulanlara əsasən ödəyir. Həmin müqavilənin 3.9-cu maddəsinə əsasən sifarişçi xidmətlərin göstərilmədiyi günlərin sayına uyğun olaraq aylıq xidmət haqqını azaltmaq hüququnu özündə saxlayır. Həmin müqavilənin 3.10-cu maddəsinə əsasən hər təqvim ayı üzrə icraçının 2/3 təqvim günü ərzində xidmətlərin göstərilməsindən möhlət hüququ vardır. Həmin müqavilənin 3.11-ci maddəsinə əsasən xidmətlərin göstərilməsi icraçının qüsuru ucbatından 2/3 təqvim günündən dayanarsa, icraçıya ödəniləcək xidmət haqqı 2/3 gündən sonrakı hər gün üçün dayanma günlərinin sayına uyğun hesablanmış məbləğdə azaldılacaqdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə üzrə icraçıya ödənilən xidmət haqqının məbləği müvafiq akta əsasən müəyyən edilir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş xidmətlərin haqqı hər xidmət ayı üzrə tərəflər arasında hesab-faktura sənədi əsasında ödəniləcəkdir. Xidmətlərin haqqı faktiki olaraq göstərildiyi ay üçün hesablanacaqdır.

10. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli, SHB/İ-37 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavədən məlum olur ki, 1 ədəd Ekskovator-XCMG XE 370-ə görə müəyyənləşdirilmiş xidmət haqqı 11000 manat, ƏDV 1980 manat təşkil edir. Əlavənin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndində qeyd olunan xidmət haqqına bütün əlaqəli vergilər və məcburi ödənişlər daxildir. Xidmətlərin haqqı xidmətlərin faktiki olaraq göstərildiyi ay (və ya gün(lər)) üçün hesablanacaqdır.Əlavə tərəflərin möhürü və imzası ilə təsdiqlənmişdir.

11. SHB/İ 37 nömrəli 28 dekabr 2021-ci il tarixli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, icraçı tərəfindən müqavilənin 1.1-ci bəndində qeyd olunan Xidmətlərin açıqlanması və müqavilənin 4.1-ci bəndində qeyd olunan xidmət haqqı Grayder Komatsu 705-ə görə 12500 manat, ƏDV isə 2250 manat təşkil edir. Əlavənin 5-ci bəndinə əsasən əlavənin 1-ci bəndində qeyd olunan xidmət haqqına bütün əlaqəli vergilər və məcburi ödənişlər daxildir. Xidmətlərin haqqı xidmətlərin faktiki olaraq göstərildiyi ay (və ya gün(lər)) üçün hesablanacaqdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir.

12. İddiaçı tərəfindən İcarəçi qismində İddiaçı MMC ilə, icarəyə verən qismində "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04-21/9 nömrəli texnikanın icarə müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, təhvil-təslim aktları təqdim edilmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 28 dekabr 2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 12061,94 manat, xx.xx.2022-ci il tarixində 5000 manat, xx.xx.2022-ci il tarixində 5296,3 manat, xx.xx.2022ci il tarixində 2500 manat olmaqla, ümumilikdə 27858,24 manat köçürülmüşdür.

14. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1000 manat köçürülmüşdür.

15. ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixində 540 manat, xx.xx.2022-ci il tarixində 2171,15 manat, xx.xx.2022-ci il tarixində 1871,33 manat ödənilmişdir. Yalnız xx.xx.2022-ci il tarixində edilən ödəniş üzrə ödənişin təyinatı qismində EBBQ725358 qeydi edilmişdir.

16. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 725358 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13443,67 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 235648 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10347,42 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 956459 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6249,63 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 133657 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4741,07 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 883427 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14750 manat (ƏDV daxil) təşkil edir.

21. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, borclara görə hesablanmış 13117,86 manat əsas borc və 2973,21 manat ƏDV borcunun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixli, SHB/İ-37 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı müqavilənin sifarişçinin müəyyən etdiyi ərazilərdə özünə məxsus texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsi və sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürmüş, sifarişçi isə öz növbəsində xidmətləri akt əsasında qəbul etməyi və müqavilənin 4-cü bəndinə uyğun olaraq xidmətlərin haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə icraçıya ödənilən xidmət haqqının məbləği müvafiq akta əsasən müəyyən edilir. 4.2-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş xidmətlərin haqqı hər xidmət ayı üzrə tərəflər arasında hesab-faktura sənədi əsasında ödəniləcəkdir. Xidmətlərin haqqı faktiki olaraq göstərildiyi ay üçün hesablanacaqdır.

25. Tərəflər arasında müqavilənin, ona əlavələrin bağlanması, elektron qaimələrin göndərilməsi, göstərilmiş xidmətlərə görə ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir.

26. Hazırda iddiaçı göstərilmiş xidmətlərin haqqının tam ödənilmədiyini bildirərək, SHB İnşaat” MMC-dən 13117,86 manat məbləğində əsas borc, 2973,21 manat ƏDV məbləğinin tutulmasını xahiş etmişdir (iddia tələbinin bir hissəsi).

27. Qeyd olunmalıdır ki, mübahisəli hal 2022-ci ilin avqust ayı üzrə göstərilən xidmətlərlə bağlı olmuşdur. Belə ki, iddiaçı həmin ay üzrə də müvafiq xidmətin göstərilməsini iddia edərək, o cümlədən həmin ay üzrə də xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmişdir (digər qalıq məbləğlərlə birgə). Həmin ayda xidmət göstərilməsini təsdiq edən sübut qismində məhkəməyə xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 883427 nömrəli elektron qaimə (məbləğ ƏDV daxil 14750 manat təşkil edir) təqdim olunmuşdur.

28. Cavabdeh digər aylarda xidmətlərin göstərilməsini qəbul etsə də, 2022-ci ilin avqust ayında hər hansı xidmətin göstərilmədiyini bildirərək, etiraz etmişdir (əsaslar yuxarıda qeyd olunmuşdur).

29. Müqavilə şərtlərindən və müqaviləyə əlavələrdən göründüyü kimi, xidmətlərin haqqı faktiki olaraq göstərildiyi ay üçün hesablanmalı, müqavilə üzrə icraçıya ödənilən xidmət haqqının məbləği müvafiq akta əsasən müəyyən edilməli idi.

30. Digər aylar üzrə xidmətin göstərilməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, 2022-ci ilin avqust ayı üzrə xidmətlərin göstərilməsi ilə bağlı mübahisəyə münasibətdə aşağıdakıları qeyd etmək olar.

31. Məhkəmənin qənaətinə əsasən hazırkı halda, elektron qaimənin göndərilməsi özlüyündə xidmətin göstərilməsini təsdiq edən sübut qismində qəbul oluna bilməz. Əvvəlki aylar üzrə ödənişlər göndərilən qaimələr əsasında həyata keçirilmişdir. Lakin cavabdeh qeyd olunan avqust ayı ərzində xidmətin göstərilməsini mübahisələndirdiyindən həmin ayda xidmətin göstərilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, cavabdeh işlərin avqust ayında müəyyən bir müddətə dayandırıldığı bildirilmiş, iddiaçının tələb etdiyi pul vəsaitinin 26/27 iş günləri üçün nəzərdə tutulduğunu, lakin avqust ayı ərzində 26 dəqiqə belə xidmətin göstərilməməsini bildirmiş, greyderin operatorunun şahid qismində dəvət edilməsini, operatorun Daxili İşlər Nazirliyi tərəfindən xüsusi buraxılış icazəsini və həmin texnika ilə bağlı GPS məlumatlarının təqdim edilməsini təklif etsə də, həmin yaxud digər sübutlar məhkəməyə təqdim olunmamışdır.

32. Məhkəmə təqdim olunmuş sübutları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən İddiaçı MMC-yə 617,86 manat (altı yüz on yeddi manat səksən altı qəpik) əsas borc, 723,21 manat (yeddi yüz iyirmi üç manat iyirmi bir qəpik) ƏDV məbləği ödənilməli, qalan hissədə isə təmin edilməməlidir.

33. Belə ki, xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 883427 nömrəli elektron qaimə istisna olmaqla, digər qaimələr üzrə əsas borc üzrə ümumi məbləğ 29476,1 manat (8769+4017,86+5296,3+11392,94=29476,1), cavabdeh tərəfindən əsas borc üzrə edilmiş ödənişlərin ümumi məbləği 27858,24 manat (3000+12061,94+5000+5296,3+2500+1000=28858,24) təşkil edir. Beləliklə, əsas borc üzrə qalıq məbləğ 617,86 manat (29476,1-28858,24=617,86) təşkil edir. Qeyd olunan qaimələr üzrə ümumi ƏDV məbləği 5305,69 manat (1578,42+723,21+953,33+2050,73=5305,69), edilmiş ödənişlərin məbləği 4582,48 manat (540+2171,15+1871,33=4582,48) olmuşdur, beləliklə, qalıq ƏDV məbləği 723,21 manat (5305,69-4582,48=723,21) təşkil edir.

34. İddia tələbinin digər hissəsini gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1202 (on yeddi min iki yüz əlli doqquz manat iyirmi beş qəpik) manatın cavabdehdən tutulması təşkil edir. İddiaçı icranın gecikdirilmə müddətini 22 ay götürərək, əsas borc məbləğinə münasibətdə hesablama apararaq həmin məbləğin tutulmasını xahiş etmişdir.

35. Hazırda əsas qalıq borcun məbləğinin 617,86 manat olduğu müəyyən edildiyindən həmin hissəyə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin olunmalı və Cavabdeh MMC-dən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 56,60 manat (617,86x5:100:12x22=56,6) tutularaq İddiaçınə ödənilməli, qalan hissədə təmin edilməməlidir.

36. Eləcə də, iddiaçı ödənilmiş 142 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

37. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 11,50 manat (on bir manat əlli qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 617,86 manat (altı yüz on yeddi manat səksən altı qəpik) əsas borc, 723,21 manat (yeddi yüz iyirmi üç manat iyirmi bir qəpik) ƏDV məbləği, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 56,60 manat (əlli altı manat altmış qəpik), ödənilmiş dövlət rüsumununa görə 11,50 manat (on bir manat əlli qəpik) olmaqla, ümumilikdə 1409,17 manat (min dörd yüz doqquz manat on yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar