Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3931/2025 17.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh Şirkətinə qarşı “müstəsna satış hüququnun verilməsi” barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: satış hüququnun verilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Bənəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Şirkətinə qarşı “müstəsna satış hüquqnun verilməsi” barədə iddia ərizəsinə dair üzrə kommersiya işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında əvvəllər aqrokimyəvi maddələrin (gübrə) satışının təşkil edilməsi ilə bağlı əvvəllər bir neçə dəfə müqavilə bağlanmışdır.
2. Sonuncu dəfə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 006/2 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1. 1-ci bəndinə görə Alıcı (iddiaçı) hazırkı müqavilənin və əlavələrin şərtlərinə uyğun olaraq aşağıda göstərilən Malları qəbul etməyi və ödəməyi, Satıcı (cavabdeh) isə təhvil verməyi öhdəsinə götürür; 2.2. 2-ci bəndinə görə Satıcının sifariş təsdiqi şərtilə Alıcıya satacağı Mallar, hazırkı müqavilənin müxtəlif əlavələrindəki Məhsul siyahısında və spesifikasiyalarda müəyyən edilmişdir. Siyahı tərəflərin ümumi razılığı ilə əlavə edilə və yenilənə bilər; 2.3. 12-ci bəndinə görə bu müqaviləni hər iki tərəf imzalandığı andan qüvvəyə minir. Müqavilə 2024-cü ilin dekabr ayının 31-ci gününə qədər qüvvədədir, lakin Tərəflərin öhdəlikləri tam yerinə yetirilənə qədər ödənişlərin ödənilməlidir. Bu müqavilə Tərəflərdən hər hansı biri tərəfindən ləğv tarixindən 60 gün əvvəl yazılı bildiriş göndərməklə ləğv edilə bilər. Bu müqavilənin ləğvi Tərəflərin əvvəllər əldə etdiyi hüquq və öhdəliklərə təsir göstərmir. Müqavilə hər iki tərəfin bu müqaviləyə əlavə razılaşma ilə uzadıla bilər.
3. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021 və 2022-ci illərdə pestisidlərin, bioloji pereparatların və aqrokimyəvi maddələrinin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciətlər olunmuş, bununla bağlı pestisidlərin, bioloji pereparatların və aqrokimyəvi maddələrinin dövlət qeydiyyatına alınması barədə Ağentlik tərəfindən cavabdehin adına 41 ədəd şəhadətnamələr verilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ İDDİA ƏRİZƏSİNƏ ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı Azərbaycan Respublikasının ərazisində gübrə məhsullarının müstəsna (ekskluziv) satış hüququnun cavabdeh tərəfindən ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında gübrə məhsullarının satışının təşkili istiqamətində uzunmüddətli əməkdaşlıq münasibətləri mövcud olmuş və çoxsaylı müqavilələr imzalanmışdır. Ən son xx.xx.2022-ci il tarixində tərəflər arasında gübrə məhsullarının alqı-satqısına dair №006/2 saylı müqavilə bağlanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən edilmişdir. Cavabdeh şirkətin məhsullarının Azərbaycan Respublikası ərazisində yayılması və satışının təşkili istiqamətində iddiaçı tərəfindən böyük həcmli işlər görülmüşdür. Eyni zamanda, bu məqsədlə çoxlu sayda aqrokimyəvi maddələrin (mineral gübrə) dövlət qeydiyyatına alınması və Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılması təşkil edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə iddiaçı tərəfindən çoxsaylı müraciətlər edilmiş və onlarca dövlət qeydiyyatı haqqında şəhadətnamələr əldə edilmişdir. İddiaçı cavabdehin məhsullarının Azərbaycan bazarında irihəcmli satışını, reklam və tanıdılmasını təşkil etmişdir. Bu istiqamətdə xeyli xərclər çəkilmiş, məhsullar daxili bazarda yayılması üçün gəlir əldə etmədən bir çox yerli şirkətlərə təqdim olunmuşdur. Lakin qeyd olunanlara baxmayaraq hazırki mərhələdə cavabdeh məhsullarının iddiaçının vasitəsilə satışının həyata keçirilməsindən imtina edir. Bununla da iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Halbuki, cavabdehin məhsullarının Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılması və dövlət qeydiyyatına alınmasının yerinə yetirilməsi, məhsulların uzun illər reklamı, tanıdılması və irihəcmli satışının təşkili iddiaçı tərəfindən həyata keçirildiyindən Azərbaycan Respublikasıərazisində həmin məhsullarla bağlı müstəsna satış hüququ məhz iddiaçıya verilməlidir. Belə ki, tərəflər arasında münasibətlər satınalma müqavilələri formasında rəsmiləşdirilməsinə baxmayaraq tərəflərin faktiki bağladığı kommersiya konsessiyası müqavilələri olmuşdur. Bu mənada tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) vermişdir. Bu baxımdan gübrə məhsullarının satışının təşkili ilə bağlı tərəflər arasındakı uzunmüddətli əməkdaşlıq və çoxsaylı müqavilələrinin icrasından irəli gələrək Azərbaycan Respublikası ərazisində qeyd edilən məhsullara müstəsna satış hüququ cavabdeh tərəfindən iddiaçıya verilməlidir. Eyni zamanda, cavabdeh tərəfindən gübrə məhsullarının daxili bazarda yayılması üçün gəlir əldə etmədən və ya dəyərindən aşağı qiymətə yerli şirkətlərə təqdim edilməsi səbəbindən iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi də təmin edilməlidir. İddiaçı tərəfindən cavabdehə yuxarıda qeyd olunan tələblərlə bağlı xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır. Məktuba da hər hansı münasibət bildirilməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
6. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasınd nümayəndəsinin iştirakını təmin etməmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 6. Mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1.), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.), mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi (6.1.3.), müqavilələr azadlığı (6.1.5.) mülki qanunvericliyin prinsipləridir.
10. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
11. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.
20. İddiaçı, tərəflər arasında əvvəllər bağlanmış müqavilələr əsasında yaranmış hüquq münasibətlərinə əsaslanaraq həmin müqavilələrin predmeti olan gübrə satışının Azərbaycan Respublikasının ərazisində müstəsna (ekskluziv) satış hüququnun həyata keçirilməsi ilə bağlı onunla müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmsını tələb edir.
21. Mülki Məcəllənin 386.1-ci maddəsinin mənasından da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə - əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), yaxud özgə işlərini tapşırıqsız aparılma nəticəsində, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
22. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Bütün fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Müqavilə azadlığı, eyni zamanda mülki hüququn təməl prinsiplərini - Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığını (6.1.5.), habelə müqavilə tərəfini seçmək hüququnu özündə ehtiva edir.
23. Müqavilə tərəfini seçmək hüququ (azadlığı) şəxsin sərbəst, istisadi maraqlarına cavab verən, kənar müdaxilə və məcbur etmə olmadan seçdiyi (istədiyi) şəxslə müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlərinə daxil olmaq imkanıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 390.3-cü maddəsində müqavilə bağlamaq vəzifəsinin qanundan və ya könüllü götürülmüş öhdəlikdən irəli gəldiyi hallardan başqa, digər hallarda heç kəsin müqavilə bağlamağa məcbur edilməsi nəzərdə tutulmuşdur.
24. Odur ki, məhkəmə hesab edir ki, mülki dövriyyə iştirakçılarının bu hüquqlarına ziddi olaraq onların üzərinə hər hansı müqavilə bağlamaq öhdəliyinin qoyulması qeyd edilən təməl hüquq və azadlıqlara birbaşa ziddir.
25. İş materiallarından görünür ki, tərəflər arasında sonuncu müqavilə xx.xx.2022-ci ildə bağlanmış və 2024-cü ilin dekabr ayının 31-ci gününə qədər qüvvədə olmuşdur. İddiaçı müqavilə üzrə satılması nəzərdə tutlan gübrələrin Azərbaycan Respublikasında satışının həyata keçirilməsi üçün cavabdehin adına xüsusi şəhadətnamələrin alınmasını təşkil etsə də, sonradan cavabdeh öz seçim hüqundan istifadə edərək iddiaçı ilə müqavilə münasibətlərini davam etdimək istəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə müqavilə münasibətlərini davam etdiməyərək müqavilə bağlamaq istəməməsi cavabdehin müqavilə azadlığının sərbəst həyata keçirilməsi imkanından irəli gəlir. Odur ki, iddia təmin oluna bilməz.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı