Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-394/2024 08.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin İddiaçı cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, AA176/0821 saylı alqı-satqı müqaviləsinə əsasən borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (satıcı) ilə "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC (alıcı) arasında 03 avqust 2021-ci il tarixli AA 176/0821 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin:
- 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı isə ərzaq məhsullarını (bundan sonra "Mal" adlandırılacaq) Satıcıdan razılaşdırılmış qiymətə əsasən alır. - 2.1-ci bəndinə əsasən alınmış Mal(lar)ın qiyməti hesab fakturalarda öz əksini tapacaqdır. - 2.2-ci bəndinə əsasən alınmış Mal(lar)ın dəyəri, Mal(lar) Alıcıya təhvil verildikdən sonra 20 (iyirmi) iş günü ərzində bank köçürmə yolu ilə ödənilir. - 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim Aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar və Alıcıya təhvil verildiyi andan Mala mülkiyyət hüququ Alıcıya keçir. - 5.1.1-ci bəndinə görə alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək satıcının hüququdur. - 5.2.1-ci bəndinə görə malı bu müqavilənin şərtlərinə uyğun alıcıya vermək satıcının vəzifəsidir. - 5.2.5-ci bəndinə görə malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. - 7.9-cu bəndinə əsasən müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinədək qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və alıcının möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı tərəfindən ümumilikdə 65.081,31 manat məbləğində olan malların satılmasına dair o cümlədən 13.728,10 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBF seriyalı 843791 nömrəli, 10.131,76 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 549877 nömrəli, 25.021,85 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBL seriyalı 795330 nömrəli və 16.199,6 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBO seriyalı 909165 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-yə göndərilmişdir.
3. "xxxx" ASC (Nərimanov rayon filialı) tərəfindən verilmiş (İddiaçı aid) hesabdan çıxarışa əsasən, "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən xx.xx.2021-ci il tarixli EBBF seriyalı 843791 nömrəli elektron qaimə üzrə 13.728,10 manat, xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 549877 nömrəli elektron qaimə üzrə10.131,76 manat, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 795330 nömrəli elektron qaimə üzrə 25.021,85 manat olmaqla ümumilikdə 48.881,71 manat ödəniş edilmişdir. 4."xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzinə əsasən İddiaçı tərəfindən (xidmətin adı – Dövlət Vergi Xidməti) əhali ilə pul hesablaşmalarının pozulmasına görə daxilolmalar (təyinatı) üçün 1060 (+1,59 manat komissiya = cəmi 1062 manat) manat məbləğində pul vəsaiti ödənilmişdir.
5. İddiaçı tərəfindən "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-yə pretenziya məktubu göndərilərək ASC-dən alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASCdən 14.199,60 manat məbləğində götürmüş olduqları mallara görə yaratdıqları borcun, götürmüş olduqları malların pullarını vaxtında ödəmədikləri səbəbindən Dövlət Vergi Xidməti idarəsi tərəfindən ona hesablanmış və onun tərəfindən ödənilmiş olduğu 4391 manat vergi borcunun, 150 manat məbləğində ödənmiş dövlət rüsumunun və 210 manat məbləğində ödəmiş olduğu mediasiyaya xidmət pulunun, ümumilikdə 18.950,60 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs olaraq (VÖEN: **********) qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Onunla iş üzrə cavabdeh ünvan 1 ünvanında yerləşən "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli AA 176/0821 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan Qaimə axtarışlarının nəticəsinə əsasən tərəfindən "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-yə xx.xx.2021-ci il tarixli, 843791 saylı Qaiməyə əsasən 13.728,1 manat, xx.xx.2021-ci il tarixli 549877 saylı Qaiməyə əsasən 10.131,76 manat, xx.xx.2021-ci il tarixli 795330 saylı Qaiməyə əsasən 25.021,85 manat və 2023-cü il tarixli, 909165 saylı qaiməyə əsasən 16.199,6 manat ümumilikdə 65.081,31 manat məbləğində müxtəlif çeşidlərdə sifariş olunan malları vermişdir. Cavabdeh ondan götürmüş olduğu 65.081,31 manat dəyərində olan malların pullarından 12 iyul 2023-cü il tarixli bank çıxarışından göründüyü kimi cəmi 50.881,71 manat məbləğində ödəniş etmiş, lakin 14.199,60 manat borclu qalmışdır. Bildirir ki, cavabdeh qeyd etdiyi 14.199,60 manat borc pul məbləğini xx.xx.2021-ci il tarixdən bu günə qədər xeyli müddət ərzində bilərəkdən ödəmir. "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC dəfələrlə ona edilmiş şifahi və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək borcun ödənilməsini təmin etməmiş və borcun qaytarılmasından yayınmışdır. Cavabdehin ona olan borcunu ödəməkdən yayınması səbəbindən dövlət vergi idarəsi onu 4391 manat cərimə etmişdir. Cavabdehin ona olan 14.199,60 manat borc öhdəliyini vaxtında yerinə yetirməməsi və bunun nəticəsində vergi idarəsi tərəfindən ona 4391 manat vergi borcunun hesablanması, ümumilikdə 18.590,60 manat borcun yaranması ona küllü miqdarda zərər vurması ilə nəticələnmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 25-ci maddəsinin 1-ci hissəsinə, 26-cı maddəsinə, 29-cu maddəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
15. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC arasında 03 avqust 2021-ci il tarixli AA 176/0821 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 65.081,31 manat dəyərində müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş (48.881,71 manat ödəniş etmiş), bununla sözügedən müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırda "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-nin qeyd edilən müqavilə üzrə İddiaçı olan borcu 16.199,60 manat təşkil edir.
19. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetimək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni, eləcə də sözügedən müqavilə üzrə daha əvvəlki dövr üçün cavabddehə göndərilmiş elektron qaimələri və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında malların elektron qaimə göndərilməklə təqdim edilməsi ilə bağlı işgüzar adət formalaşmışdır. Odur ki, yuxarıda qeyd edilən sübutlarla iddiaçı tərəfindən sonuncu qaimə üzrə malların təqdim edilməsi faktı da öz təsdiqini tapır.
20. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyəri olan 14.199,60 manat məbləğində borcun ödənilməsini cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-dən tələb etməkdə haqlıdır.
21. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh 65.081,31 manat dəyərində müxtəlif adda mallara görə ümumilikdə 48.881,71 manat ödəniş etməsinə, yəni müqavilə üzrə cavabdehin əsas borcunun 16.199,60 manat(65.081,31-48.881,71) olmasına baxmayaraq, iddiaçı cavabdehdən 14.199,60 manat borcun ödənilməsini tələb etmişdir. Məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 14.199,60 manat məbləğində əsas borc tutulmalıdır.
22. Həmçinin İddiaçı alqı-satqı müqaviləsi üzrə əsas borcla yanaşı cavabdeh tərəfindən malların dəyəri vaxtında ödənilmədiyindən Dövlət Vergi Xidməti tərəfindən ona hesablanmış və onun tərəfindən ödənilmiş 4391 manat vergi borcunun ödənilməsi tələbini də irəli sürmüş və həmin hissədə iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün yalnız onun tərəfindən “əhali ilə pul hesablaşmalarının pozulmasına görə daxilolmalar (təyinatı) üçün” 1060 (+1,59 manat komissiya = cəmi 1062 manat) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzini təqdim etmişdir.
23. Bununla bağlı əvvəla məhkəmə qeyd edir ki, İddiaçı Dövlət Vergi Xidməti tərəfindən hesablanmış 4391 manat vergi borcunun tərəfindən ödənildiyini iddia ets də, məhkəməyə yalnız dövlət büdcəsinə 1060 (+1,59 manat komissiya = cəmi 1062 manat) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qəbz təqdim etmişdir.
24. Digər tərəfdən İddiaçı qəbzə əsasən ödədiyi 1060 manat məbləğində vergi borcunun yaranması ilə "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi arasında səbəbli əlaqənin mövcudluğunu da sübuta yetirə bilməmişdir.
25. Belə olan halda iddia tələbi dəymiş maddi zərərin əvəzi olaraq 4391 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 (200+10 manat poçt xərci) manat məbləğində mediasiya xərcləri ilə yanaşı 150 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 145,77 manat təşkil edir.
28. Mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
29. Digər tərəfdən iddiaçı tərəfindən artıq ödənilmiş 150 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır.
30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 160 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Tikinti İnvestisiya Korporasiyası ASC-dən 14.199,60 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 160 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 150 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qayatrılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva