Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-394/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Met-Ak” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: bank hesabında qalmış pul vəsaitinin qaytarılması) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümyəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Digər cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi məhkəməyə ilə müraciət edərək, İddiaçı MMC ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni İddiaçı MMC-nin ləğv prosesində olan Cavabdeh2 ASC-də olan müvafiq olaraq AZ25GUNA******************** və AZ43GUNA**********70 00999000 nömrəli bank hesablarında qalmış 47.767,5 USD və 10.125.360,3 rus rublu məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə verilməsini cavabdeh Azərbaycan RespublikasıƏmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC müştəri qismində bank xidmətlərinin göstərilməsi üçün müəyyən olunmuş məbləğdə haqq ödəməyi, Cavabdeh2 ASC isə müştəriyə bank hesabları açmağı və həmin hesablar üzrə əməliyyatların həyata keçirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh2 ASCnin fəaliyyətinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 3(103)-42/2023 nömrəli qərarı ilə müflis elan edilmiş və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Hazırkı iddia tələbi cavabdeh qismində çıxış etməli olan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməyi məqsədəmüvafiq hesab edir. Qeyd olunan halla bağlı cavabdeh orqana 07 sentyabr 2023-cü il tarixində məktubla müraciət olunmuş, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21 sentyabr 2023- cü il tarixlicavab məktubu ilə bildirilmişdir ki, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. İddiaçı MMC sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh2 ASC-də olan bank hesabları üzərindən xarici kontragentlərlə bir sıra köçürmə əməliyyatları həyata keçirmişdir. Belə ki, yuxarıda adıçəkilən bank hesabı müqaviləsinə əsasən açılmış AZ25GUNA******************** nömrəli hesab üzərindən İddiaçı MMC ilə “NEWTECH Film ve X5 Gida İnş. İth. Ve İhr. Ltd Şti” şirkəti (Türkiyə Respublikası) arasında bağlanmış xx.xx.2023-cü il tarixli T-075/23 nömrəli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində həmin şirkətə 47.767,5 USD (qırx yeddi min yeddi yüz altmış yeddi dollar, 50) köçürülmüş, lakin köçürmə baş tutmadığından qarşı bank tərəfdən geri qaytarılmışdır. Bank hesabından çıxarışa müvafiq olaraq sözügedən məbləğ xx.xx.2023cü il tarixində, köçürməni təsdiq edən SWİFT sənədinə əsasən isə 17 may 2023-cü il tarixində İddiaçı MMC-nin qeyd olunan bank hesabına qaytarılmışdır. Bundan əlavə, 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsinə əsasən bank tərəfindən açılmış AZ43GUNA******************** nömrəli hesab üzərindən aşağıdakı əməliyyatlar həyata keçirilmiş, lakin bank tərəfindən icra olunmadığından müxbir bankdan geri qaytarılmışdır: 1) İddiaçı MMC ilə OAO MAQNİTOQORSKİY METALLURQİÇESKİY KOMBİNAT şirkəti (Rusiya Federasiyası) arasında bağlanmış B237517 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində həmin şirkətə 6.526.120,3 RUB (altımilyon beş yüziyirmialtımin yüziyirmi rubl, 30) məbləğində pul vəsaiti köçürülmüş, bank hesabından çıxarışa müvafiq olaraq sözügedən məbləğ 19 may 2023-cü il tarixində, SWİFT sənədinə müvafiq olaraq isə 16 may 2023-cü il tarixində İddiaçı MMC-nin qeyd olunan bank hesabına qaytarılmışdır; 2) OOO ABİNSKİY ELEKTROMETALLURQİÇESKİY ZAVOD şirkəti ilə bağlanmış 2023-3.1-625 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində həmin şirkətə 3.599.240 RUB (üç milyon beş yüz doxsan doqquz min iki yüz qırx rubl) məbləğində pul vəsaiti köçürülmüş, bank hesabından çıxarışa müvafiq olaraq xx.xx.2023-cü il tarixində, SWİFT sənədinə müvafiq olaraq isə xx.xx.2023cü il tarixində İddiaçı MMC-nin qeyd olunan bank hesabına qaytarılmışdır. Qeyd olunan məbləğlər İddiaçı MMC-nin mülkiyyətində olsa da, hazırda iddiaçı öz mülkiyyəti üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İddiaçı MMC cavabdeh quruma 04 iyul 2023-cü il tarixində №000818 nömrəli məktub ünvanlayaraq, İddiaçı MMC-nin mülkiyyətində olan pul vəsaitlərini Cavabdeh2 ASC-də olan bank hesabından çıxarılaraq qaytarılmasını xahiş etmiş, lakin cavabdeh qurum tərəfindən həmin məktub cavablandırılmamışdır. 18 dekabr 2023-cü il tarixində İddiaçı MMC tərəfindən ona məxsus pul vəsaitlərinin qaytarılması tələbi ilə №001122 nömrəli pretenziya məktubu ünvanlanmış, həmin məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki məktuba bir cavab alınmışdır. Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsinin 3.1.2-ci maddəsinə müvafiq olaraq, bank öhdəliyi əməliyyatları müştərinin tapşırıqlarına əsasən qüvvədə olan qanunvericiliyə uyğun aparmaqdır. Həmin müqavilənin 3.1.3-cü maddəsinə əsasən, bank əməliyyatları vaxtında və düzgün aparılmasını təmin edir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6200/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı bank hesablarında qalmış pul vəsaitlərin verilməsi tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-1000/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6200/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 avqust 2024-cü il tarixli qərardadı ləğv edilmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni İddiaçı MMC-nin ləğv prosesində olan Cavabdeh2 ASC-də olan müvafiq olaraq AZ25GUNA******************** və AZ43GUNA******************** nömrəli bank hesablarında qalmış 47.767,5 USD (qırx yeddi min yeddi yüz altmış yeddi dollar, 50) və 10.125.360,3 rus rublu (on milyon yüz iyirmi beş min üç yüz altmış rubl, 30) məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 (beş yüz altmış altı) AZN məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə verilməsini müştərək qaydada cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-nə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Baki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMCnin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iş üzrə cavabdeh ləğv prosessində olan "xxxx" ASC-yə qarşı hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.
Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia ərizəsinin tam təmin edilməsini məhkəmədən xahiş edi.
8. Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X3 bildirdi ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunur və bütün vəzifə və öhdəliklər Fonda keçir. Belə olan halda "xxxx" artıq heç bir əməliyyat həyata keçirə bilmir. Bütün hesablar və vəsaitlər Mərkəzi Bank tərəfindən bloklaşdırılır. Buna görə də ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. İddiaçının kreditor tələbi Banklar haqqında qanuna əsasən qeydə alınıb və Banklar haqqında qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödəniləcəkdir. İddia tələbinin təmin edilməməsini xahiş edir.
9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 bildirmişdir ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Belə ki, bankların ləğvetmə prosesi spesifik bir sahədir. Banklar müflis olunduğu təqdirdə fond tərəfindən kompensasiya olunmayan məbləğlər kreditor tələbi kimi qeydə alınır və Banklar haqqında qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödənilir. Bankın fəaliyyətinə aid olan məsələlərlə bağlı nəzarəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleqiyası həyata keçirir. GünayBank hazırda Fondun reqres tələbini ödəyir. İddiaçının tələbi təminatsız kreditor tələbi kimi 7-ci növbədə ödəniləcəkdir. Bu tələb ümumiyyətlə Fonda qarşı irəli sürülə bilməz, çünki Fond fiziki şəxslərə məxsus əmanətləri kompensasiya edir. İddiaçının kreditor tələbi Fond tərəfindən qeydə alınıb.
10. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
11. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının adına müxtəlif valyulatlarda bank hesabları açılmışdır.
14. İddiaçı MMC-yə məxsus olan və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövrləri əhatə edən hesabdan çıxarışa əsasən MMC-nin hesabına xx.xx.2023-cü il tarixində 47.767,50 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixində 6.526.120,3 RUB məbləğində və eyni tarixdə xx.xx.2023-cü il tarixində həmin şirkətə 3.599.240 RUB məbləğində pul vəsaitləri köçürülmüşdür.
15. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
16. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, MET-AK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 ASC arasında 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə İddiaçı MMC müştəri qismində bank xidmətlərinin göstərilməsi üçün müəyyən olunmuş məbləğdə haqq ödəməyi, Cavabdeh2 ASC isə müştəriyə bank hesabları açmağı və həmin hesablar üzrə əməliyyatların həyata keçirilməsini öhdəsinə götürmüşdür. Yəni, öhdəlik hüquq münasibətləri iddiaçı ilə məhz Cavabdeh2 ASC arasında yaranmışdır. Cavabdeh2 ASC-nin fəaliyyətinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-42/2023 nömrəli qərarı ilə müflis elan edilmiş və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Hal-hazırda iddiaçı ona məxsus olmuş bank hesablarına müxtəlif vaxtlarda köçürülmüş pul məbləğlərinin ona qaytarılmasını məhkəmədə mübahisələndirir.
17. Tələbin məzmunundan da görünür ki, İddiaçı MMC-nin bank hesabı "xxxx" ASC-də olmuş, pul vəsaiti həmin hesaba köçürülmüşdür və hazırkı tələb də faktiki olaraq iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında yaranmış öhdəlik-hüquq münasibətlərindən irəli gəlir. Lakin "xxxx" ASC müflis elan olduğuna görə (və Baki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iş üzrə icraata (bir hissədə) xitam verilmişdir) tələb Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir.
18. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir.
19. Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılmış, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi Bankın əsas funksiyaları kimi müəyyən edilmişdir.
20. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər.
21. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, tələb məhz “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində müəyyən olunmuş qaydada irəli sürülmədiyindən hazırkı vəziyyətdə iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin oluna bilməz.
22. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından rədd edilməlidir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu sadəcə ləğv prosesində olan Bankın ləğvedicisi qismində çıxış edir, Bank ilə iddiaçı-MMC arasında vaxtı ilə yaranan müqavilə münasibətlərinə görə cavabdehlik daşıya bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
27. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova